Məhkəmə qərarları › İş №1(101)-983/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-983/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-983/2024 04.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X11, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X13 və Dövlət ittihamçısı, müdafiəçi- Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 15:35-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ki, o, 17 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən məscidin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 4,944 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, həmin tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində o, saat 20:30 dəqiqədə ünvan 1 ünvanın qarşısında saxlanılıb ünvan 3olis Bölməsinin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 4,944 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, cinayət işinin materiallarında saxlanıldığı yer kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 4 ünvanda saxlanılmamışdır. Orada çoxsaylı müşahidə kameraları olsa da, bunu təsdiq edən heç bir videogörüntü iş materiallarında yoxdur. O, Bakıxanov küçəsində yox, Gülməmməd Ramazanov küçəsində saxlanılmışdır. Həmin küçədə olarkən polis əməkdaşları ona yaxınlaşıb Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə getməli olduğunu dedikdə, razılaşaraq getmiş, polis bölməsində ona zorakılıq edilərək təqdim olunan sənədləri imzalamalı olduğunu, əks halda inzibati binanın qarşısında olan qardaşını da ittiham edəcəklərini bildirdiklərinə görə, razılaşıb imzalamışdır. O, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmiş, həmişə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmışdır. O, edilmiş zorakılıqlar nəticəsində məcbur qalıb 4 qramdan bir qədər çox narkotik maddənin, yəni metamfetaminin ona məxsus olması barədə yazılmış sənədə imza atmışdır. O, dini təhsil almışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddə istifadə etmədiyini deməsinə baxmayaraq barəsində həbs qətimkan tədbirinin seçildiyini, saxlanıldığı zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, psixi zorakılığa görə məcbur qalıb üzərinə videoçəkilişlə baxış keçirilən zaman imza atdığı sənədlərin məzmununa uyğun danışdığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, həbs edilməzdən 10-15 gün əvvəl istifadə etməyə başladığı “patı” kimi tanıdığı psixotrop maddəni tanımadığı şəxslərdən pulla əldə edib doldurma yolu ilə istifadə etmişdir. O, 17 iyul 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan məscidin yaxınlığına gəlib orada üzdən tanıdığı, narkotik maddələr istifadə etməsini bildiyi şəxsi görüb “patı” əldə etmək istədiyini dedikdə sonuncu 15 manat pul istədiyinə görə həmin məbləğdə pulu vermiş, həmin şəxs ona bir ədəd şəffaf sellofan büküm verib içərisində psixotrop maddə metamfetamin olduğunu demiş, o, psixotrop maddəni cibinə qoyub yaşadığı evə gəlmişdir. Həmin gün saat 20:30 dəqiqədə yaşadığı evdən küçəyə çıxıb gəzişməyə başlamış, yaşadığı evin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Binəqədi Rayon Polis İdarəsinin 43cü Polis Bölməsinin əməkdaşları olduqlarını demiş, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib şəxsiyyəti barədə sorğu-sual etdikdən sonra 43-cü Polis Bölməsinə dəvət etdikdə etiraz etməyib getmişdir. Polis bölməsində xidməti otaqların birində polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü, sol yan cibindən isə bir ədəd “Nokia 8800” markalı mobil telefonunu çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdə “patı” kimi tanıdığı psixotrop maddənin olduğunu, həmin maddəni əldə etmə şəraitini demişdir. Onun üzərindən başqa qanunsuz əşya aşkar edilməmiş, aşkarlanmış həmin psixotrop maddə zərfə qoyularaq qablaşdırıldıqdan sonra möhürlənmişdir. O, üzərindən aşkar olunmuş 4,944 qram psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən başqa heç yerdə narkotik vasitə və psixotrop maddə saxlamamış, üzərində psixotrop maddə metamfetaminin olmasından heç kimin məlumatı olmamışdır. Psixotrop maddəni aldığı şəxs haqqında heç bir məlumata sahib deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, hazırda Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Əvvəlki vəzifəsində, yəni Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edərkən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri qanunsuz daşıması, istifadə etməsi və satması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun rəhbərliyi altında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 iyul 2023-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Bakıxanov küçəsində yerləşən məscidin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb şübhəli olduğu barədə məlumat verildikdən sonra sonuncu Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə dəvət olunmuş, həmin polis bölməsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış aparılarkən Təqsirləndirilən şəxs 1 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddəni könüllü şəkildə təqdim etmiş, həmin büküm qablaşdırılıb ekspertizaya göndərilmişdir. Habelə, 1 ədəd mobil telefon da aşkarlanmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs saxlanıldığı zaman tək olduğunu, həmin vaxt hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən hər hansı fiziki və ya psixi zorakılıq edilmədiyini, aşkarlanmış psixotrop maddəni 15 manat müqabilində əldə etdiyini söylədiyini, sonradan aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasının aşkarlanmadığını, könüllü şəkildə təqdim etdiyi psixotrop maddənin özünə məxsus olduğunu etiraf etdiyini, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün psixotrop maddənin təqdim olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 məhkəmədə verdiyi ifadəyə oxşar məzmunda ifadə verdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə edib saxlaması barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 20; 21-22) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş bükümü və sol yan cibindən işləməyən “Nokia” markalı mobil telefonu təqdim etdikdən sonra həmin bükümün içərisində “patı” deyilən psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi “Məscid”-in yanında tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilən 1 ədəd büküm kağız zərfdə qablaşdırılıb Zərflər üçün “243” nömrəli möhürlə möhürlənmişdir. (Cild 1, iş vərəqə 31; 35-37; 58-59) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3866 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,944 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 4,944 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 4,894 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 45-46) xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonda iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 60) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 61-62) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-762/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 84-88) xx.xx.2023-cü il tarixli “Axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən evində aparılmış axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 93- 99) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət xarakterli hər hansı məlumat yoxdur. (Cild 1, iş vərəqə 118) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 4748 nömrəli məktubundan görünür ki, həmin müəssisədə Təqsirləndirilən şəxs qeydiyyatda deyil. (Cild 1, iş vərəqə 127) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli, 10695 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. (Cild 1, iş vərəqə 138) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, xx/xx-9786 nömrəli məktubundan görünür ki, həmin müəssisədə Təqsirləndirilən şəxs qeydiyyatda deyil. (Cild 1, iş vərəqə 139) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 5224 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 144-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 2147 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işinin materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 147-148) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 456/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmuş, lakin onun psixotrop maddəni satdığı şəxsləri müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 149) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi qiymətləndirilmiş, Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,894 qram psixotrop maddə metamfetamin və cinayət işində olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını özündə əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Nokıa” markalı mobil telefonun maddi sübüt kimi tanınmamaqla, sonuncunun ailə üzvlərinə qaytarılması qərara alınmışdır. (Cild 1, iş vərəqə 150-161) xx.xx.2023-cü il tarixli “Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən ayrıca cinayət işi icraata ayrılmışdır. (Cild 1, iş vərəqə 163-164) Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 1663-xid nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-8024/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilən zaman bədənində xəsarət aşkar edilməmişdir. Həmin məktuba əlavə edilmiş 7889/2023 nömrəli tibb kitabçasının kserosurətindən görünür ki, həmin kitabçanın “Həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar” adlı 12-ci qrafasında “Xəsarət almadığını bildirir” yazısı, “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” adlı 13-cü qrafasında “xəsarət izi aşkar edilmədi” yazısı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-1521/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinədən keçirilərkən bədəni üzərində xəsarət aşkarlanmamış, tibbi müayinənin nəticəsi kimi “Xroniki virus hepatiti C. Mədə xorası. Sol gözün tam korluğu. Keçirilmiş ağciyər vərəminin qalıq əlamətləri. İsterik tipli qıcolmalar” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 haqqında xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlilliyi vardır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 “Bakı Baş Səhiyyə Mərkəzi” X14 1 nömrəli Vərəm əleyhinə dispanserin xx.xx.2024-cü il tarixli, 32 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək həmin dispanserdə “Sağ ağciyərin infitrativ vərəmi dağılma mərhələsi. TDM (+) Qanhayxırma” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Cinayət işində olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il təvəllüdlü 1 azyaşlı uşağı vardır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesindəədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona edilmiş psixi zorakılıqla bağlı məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında şikayət etmədiyini bildirmişdir. Habelə, Bakı şəhəri Binəqədi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 1663-xid nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs işgəncə və qeyri-insani rəftara məruz qalması ilə bağlı rayon prokurorluğunda hər hansı araşdırma aparılmamışdır. Bundan başqa, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olub-olmadığını müəyyən etmək üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, həmin təcridxananın xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-8024/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı psixi zorakılıq edilməsi şahid ifadələri, eləcə də digər sənədlərlə öz təsdiqini tapmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, əsaslı şübhə mövcud deyil. O, öz fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, videoçəkiliş zamanı söylədiyi etirafedici ifadəsini ona psixi zorakılığın tətbiq edilməsi nəticəsində verməsi ilə əlaqələndirməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə baxışı zamanı Şahid1, Şahid2 və ya digər polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə fiziki və ya psixi zorakılıq edilməsi müəyyən edilmədiyindən, həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirib ünvan 1 ünvanının qarşısında yox, Gülməmməd Ramazanov küçəsində saxlanıldığını, saxlanıldığı zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, ümumiyyətlə narkotik tərkibli maddələrdən istifadə etmədiyini, ona videoçəkilişlə həmin istintaq hərəkəti həyata keçirilərkən nümayiş etdirməsi üçün psixotrop maddə olan metamfetaminin təqdim edildiyini, psixi zorakılıq nəticəsində məcbur qalıb razılaşdığını bildirsə də, şahidlər Şahid1 və Şahid2 ifadələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlanıldığını, üzərindən aşkar edilmiş 1 bükümdə olan psixotrop maddə-metamfetamini Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyini, sonuncuya nümayiş etdirməsi üçün hər hansı çəkidə psixotrop maddə təqdim edilmədiyini söyləmişlər. Cinayət işinin materiallarının 8-ci vərəqində olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da ünvan 1 ünvanının yaxınlığında saxlanılmışdır. Habelə, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” və xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokollardan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlindəki bükümü istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan maddə kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokoldan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 243 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3866 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası DİN Zərflər üçün №243” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin tamlığının pozulması ilə bağlı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkəti zamanı təqdim etdiyi bükümün içərisində 4,944 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetaminin olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixli ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 4,944 qram təşkil edir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olsa da, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, şahid ifadələri və cinayət işinin materialları ilə, habelə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023cü il tarixli, 5224 nömrəli ekspert rəyinə görə Təqsirləndirilən şəxs psixostimulyatorlardan epizodik istifadə etmə halları olmuşdur. Bu, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinə, yəni tutulmazdan 10-15 gün əvvəl psixotrop maddə istifadəyə başlamasını deməsinə uyğun gəlir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, 2-ci qrup əlilliyini, səhhətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001)-762/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,894 qram psixotrop maddə metamfetamin məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 15 avqust 2023-cü il tarixli, 5224 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsinə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 17 iyul 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,894 qram psixotrop maddə metamfetamin məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar