Məhkəmə qərarları › İş №1(101)-984/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-984/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-984/2023 25.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), X3 və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Sirius” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri külli miqdarda əldə edib saxlayaraq daşımış, həmçinin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 2,620 qram olan narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 0,620 qram olan psixotrop maddə MDMA tərkibli metilendioksimetamfetamini (ekstazi), təmiz çəkisi 11,1 qram olan külli miqdarda narkotik vasitə heroini, təmiz çəkisi 138,56 qram olan külli miqdarda psixotrop maddə metafetamini, təmiz çəkisi 0,600 qram olan narkotik vasitə kokaini, həmçinin güclü təsiredici maddəsinin ümumi miqdarı 21 qram təşkil edən üzərilərində “PADEN-300” əmtəə göstəriciləri olan narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə külli miqdarda preqabalin tərkibli 5 konvalyutda 70 ədəd dərman preparatını əldə edib üzərində saxlayaraq kirayə yaşadığı ünvan 2 ünvanına qədər daşımış, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində həmin ünvandakı mənzilin sahibinin kirayə götürmüş şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə etdiyi müraciəti əsasında Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13cü PB-nin əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilərkən təmiz çəkisi 2,620 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 bükümdə təmiz çəkisi 0,620 qram olan kustar üsulla hazırlanmış tozşəkilli psixotrop maddə MDMA tərkibli metilendioksimetamfetamin (ekstazi), külli miqdarda 2 bükümdə, hər bükümdə təmiz çəkiləri 6,390 qram və 4,710 qram, ümumi təmiz çəkisi 11,1 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, külli miqdarda 2 bükümdə, hər bükümdə təmiz çəkiləri 9,760 qram və 128,8 qram, ümumi təmiz çəkisi 138,56 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 bükümdə təmiz çəkisi 0,600 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə kokain, tərkibində külli miqdarda, ümumilikdə təmiz çəkisi 21 qram güclü təsir edən preqabalin maddəsi olan üzərilərində “PADEN-300” göstəriciləri qeyd edilən 5 konvalyutda cəmi 70 ədəd dərman preparatını, habelə üzərində narkotik vasitə heroin və psixotrop maddə metafetamin izləri olan 2 ədəd elektron tərəzi, üzərində Təqsirləndirilən şəxs əl-barmaq izləri və narkotik vasitə heroin izləri olan 1 ədəd butulka aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şuşanın, Füzulinin və Xocavəndin azad olunmasında iştirak etdiyinə görə Ali Baş Komandanın imzası ilə medallar almış, könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüşdür. Milləti zəhərləyənlərdən olsaydı, döyüşə getməzdi. Millət yolunda canından keçməyə hazır olduğu halda bu millətə narkotik sata bilməzdi. Narkotiki də müharibədə döyüşdükdən sonra gərgin olduğundan istifadə etməyə başlamışdır. Xaçmaz rayonu, Müşkür kəndində qeydiyyatda olsa da, Bakı şəhərində anadan olmuşdur, Xırdalan şəhərində yerləşən evlərində anası ilə birgə yaşamış, atası 2015-ci ildə dünyasını dəyişmişdir. 2020-ci ildən etibarən narkotikdən istifadə etməyə başlamış, həmin ildə Səbail rayonu, Nizami küçəsində kafe işlətməyə başlamışdır. Pandemiyaya görə kafe və restoranlar işləmədiyindən “onlayn” şəkildə xidmət göstərərək hər ay 10.000 manatadək gəlir əldə etmiş, 2020-ci ildən başlayaraq narkotik tərkibli maddələrin istifadəsini artırıb bütün narkotik tərkibli maddələrdən istifadə etmiş, həmişə ehtiyatında təmiz və keyfiyyətli bütün növ narkotiklər olmuş, hətta dövriyyədə olmayan kokaindən də istifadə etmişdir. Narkotikləri evində gizlədə bilmədiyindən Sabunçu rayonu ərazisində özünə kirayə ev tutmuş və həmin evdə narkotik vasitələrdən istifadə etmişdir. Lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, evdən aşkar olunmuş bütün narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etmiş, evdə olan narkotik vasitələr ona məxsus olmuş, lakin ittiham aktında 150 qram metafetamin yazılsa da, onda 20 qram metafetamin olmuşdur. “2-ci Qarabağ” müharibəsindən sonra narkotik vasitədən istifadə etməyə başlamış, tanışları vasitəsilə narkotik vasitə əldə etmişdir. “Torqovı” adlanan ərazidə restoran işlətmiş, narkotik vasitələrdən rahat istifadə etmək üçün kirayə ev tutmuşdur. Dostu vasitəsilə Anar adlı şəxslə tanış olmuşdur. Kirayə yaşadığı evin sahibini görməmiş, kirayə yaşadığı evi vasitəçi şəxsdən təhvil almışdır. Kirayə yaşadığı evə gələndə polislərin onu axtardığını bilmiş, yaşadığı evdən narkotik vasitələr aşkar edildikdən 3 ay sonra saxlanılmış, ancaq üzərindən narkotik vasitə aşkar olunmamışdır. Narkotik vasitələrin satışı ilə bağlı heç kimlə mesajlaşmamış, evində aşkar olunmuş narkotik vasitələrin hər birindən istifadə etmiş və həmin maddələrdən istifadə etməsi ekspertiza rəyi ilə də təsdiq olunmuşdur. Dostları ilə birlikdə narkotik vasitələrdən istifadə etmişdir. Bir gün ərzində 7-8 qram narkotik vasitədən istifadə etmiş və heç kimə narkotik vasitə satmamışdır. Qətibə kirayə yaşadığı evin sahibi olmuş, o, evdə axtarış aparılmasında iştirak etməmiş, kirayə yaşadığı evdə narkotik vasitələr olmuş, lakin metafetamin 20 qram olduğu halda çəkisini artırıb 150 qram yazmışlar. Döyüşlər zamanı kantuziya almış, heroin, metadon, kokain, ekstazi və digər narkotik vasitələrdən istifadə etmişdir. Şuşanın, Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif edilmişdir. Evlidir, 6 aylıq uşağı vardır. Bir neçə dəfə Anar adlı şəxsdən narkotik vasitə almış, sonuncu dəfə narkotik vasitə alanda 1000 manat pul vermişdir. 150 qram metafetamin sifariş verməmiş, ibtidai istinaq zamanı adını bilmədiyi polis əməkdaşları ona xəsarət yetirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, narkotikləri evində gizlədə bilmədiyindən, işdə isə narkotikin saxlanılması və istifadəsi üçün şərait olmadığından, hər an tutulmaq təhlükəsi olduğundan iş yerinin yaxınlığında rahat dincəlməsi üçün ev kirayə etmiş, narkotikdən həmin evdə istifadə etmişdir. 2022-ci ilin mart ayında övladının olacağını bilib qərara gəlmişdir ki, Xırdalan şəhərindəki evini satıb Bakı şəhərində mərkəz yerdən ev alsın. Bu niyyətlə Xırdalan şəhərindəki evlərini sataraq ev axtarmış, müvəqqəti olaraq qohumuna məxsus, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nikolay Baybakov küçəsi 374 nömrəli həyət evində anası X5 və həyat yoldaşı X6 ilə birgə yaşamışdır. 2022-ci ilin may ayının əvvəllərində kafenin sahibi onun narkoman olduğunu bilib kafeni ondan alaraq işlətməsi üçün başqasına vermişdir. O da həmin gündən icarəyə kafe axtarmağa başlamış, kafe işlətmək işini yaxşı bacardığından iş tapa biləcəyini düşünmüşdür. Arvadı dünyaya uşaq gətirmək ərəfəsində olduğundan qərara gəlmişdir ki, müvəqqəti yaşadığı Sabunçu rayonu ərazisinə yaxın yerdən kirayə ev götürsün. xx.xx.2022-ci il tarixdə 500 manata Sabunçu rayonu, ünvan 4 ünvanında 19 mərtəbəli binanın 19-cu mərtəbəsində sosial şəbəkədən tapdığı Şahid1 2 otaqlı mənzilini dincəlməsi üçün kirayə etmişdir. 2022-ci ilin iyun ayının ortalarından “WhatsApp” vasitəsi ilə danışdığı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən, iran ləhcəsi ilə danışan, ÜR-ə aid nömrədən istifadə edən Vaqif adlı şəxsin xatırlamadığı bank nömrəsinə 1.000 manat köçürərək 5 qram marixuana, 80 ədəd Lirika adlanan “PADEN” dərmanı, 10 tabletka “EKİ” adlanan “Ekstazi” (MDMA-metilendioksimetamfetamin) dərmanı, 10 qram heroin, həmçinin adını demək istəmədiyi dostunun ona hədiyyə etdiyi 1 qram kokaini kirayə qaldığı evə qoymuş və həmin evdə istifadə etməyə başlamışdır. Təxminən xx.xx.2022-ci il tarixdə “WhatsApp” vasitəsi ilə Anarla tanış olmuş, Anarın üzünü görməmiş, Anar azərbaycanlı ləhcəsi ilə danışmışdır. Metafetamini qurtardığından “Anar” adlı şəxsdən metafetaminlə maraqlanmış, Anar 1 kiloqramını 5.000 manata təklif etmişdir. O, 150 qram metamfetamin istəmiş, Anar 150 qramın pulu 750 manat təşkil etdiyini bildirmişdir. Anarın ona verdiyi, hazırda xatırlamadığı hesab nömrəsinə xatırlamadığı bankomatdan 750 manat pul köçürmüşdür. Həmin tarixdə saat 23 radələrində “Anar” adlı şəxs ona konum atmış və zəng vurub bildirmişdir ki, həmin yer Pirşağı yolundadır, oradan götürə bilər. O, konum atılan yerdən 2 bükümdə 150 qram metafetamin götürmüş, həmin gün kirayə etdiyi Sabunçu rayonu, ünvan 4 ünvanına gələrkən metafetamini həmin ünvana qoymuş və ötən müddət ərzində metafetamindən də istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə kirayə etdiyi həyətə gələrkən həyətdəki qonşulardan eşitmişdir ki, kirayə qaldığı evə polis əməkdaşları ev sahibi Şahid1 ilə birgə gələrək evdə axtarış aparmışlar. O əmin olmuşdur ki, evdən ona aid 2-3 qram marixuana, 60-70 ədəd Lirika adlanan “PADEN” dərmanı, əzilmiş halda olan “EKİ” adlanan “Ekstazi” dərmanı, 10 qrama yaxın heroin, 0,5 qrama yaxın kokain və 140 qrama yaxın metafetamin aşkar olunaraq götürülüb. Növbəti gün eşitmişdir ki, polis əməkdaşları onu axtarır və barəsində axtarış elan olunub. Odur ki, həmin evə və ya öz evinə getməmiş, belə ki, hər an onun müvəqqəti yaşadığı evə gələ biləcək polis əməkdaşları onu tuta bilərdilər. Odur ki, ötən müddət ərzində yaxınlarının və tanışlarının evində yaşamışdır. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, ifadəsi yerində yoxlanılmış, ailəsi ilə birgə müvəqqəti yaşadığı evdə axtarış aparılmış, lakin evdən narkotik tərkibli maddə aşkar edilməmişdir. Ona təqdim olunan 3 ədəd dəftər vərəqindəki yazı onun tərəfindən yazılmış, kirayə etdiyi evdən aşkar olunmuş dəftərdəki yazını özü yazmış, dəftərdən göründüyü kimi özündə olan narkotiklər barədə qeyd yazmışdır. Qeyd aparması narkotik tərkibli maddələri satması demək deyil. Evdən aşkar olunmuş plastmas butulka ona məxsusdur, həmin butulkada narkotik tərkibli maddələri çəkirmiş, belə ki, toz halında olan narkotiki butulkaya tökərək butulkanı çalxaladıqdan sonra yan tərəfindən açdığı dəliyə kağız dürmələyib salaraq həmin dəlikdən çıxan tozu iyləyəndə yaxşı effekt verirmiş. Elektron tərəzinin dəyəri 5 manat olduğundan hər bir kəsin evində elektron tərəzi var, bundan başqa geniş narkotik istifadəçilərinin hər birində elektron tərəzi olur, belə ki, narkotik alanda aldığı narkotikin çəkisini bilməsi üçün, istifadə edəndə isə qədərini bilməsi üçün istifadə etmişdir (cild 1, iş vərəqə 176-179). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə Şahid1 ərizə ilə Sabunçu RPİ-nin 13-cü PB-nə müraciət edərək 11 iyul 2022-ci il tarixdən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əbiyev küçəsi, ev 7, mənzil 216 ünvanında yerləşən evini Təqsirləndirilən şəxs yaşaması üçün kirayə verdiyini, həmin evə müxtəlif şəxslər gəldiyindən evdə narkotik ticarətinin aparılmasından şübhələndiyini bildirmişdir. Həmin ərizə qeyd olunan tarixdə müvafiq qaydada qeydiyyata alınaraq icrası PB-nin təhqiqatçısına həvalə edilmişdir. 20 iyul 2022-ci il tarixdə təhqiqatçı tərəfindən onun, Sabunçu RPİ-nin ekspert kriminalistinin, 13-cü PB-nin əməliyyat müvəkkili Şahid3 və Şahid1 iştirakı ilə sonuncuya məxsus Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzildə axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılmazdan əvvəl mənzilin sahibi Şahid1 mənzilini Təqsirləndirilən şəxs kirayəyə vediyini və mənzildə axtarış aparılmasına etiraz etmədiyini bildirmişdir. Şahid1 təqdim etdiyi mənzilə daxil olaraq sol tərəfdəki dolaba və sol tərəfdəki sanitar qovşağına baxış keçirərkən oradan qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra yataq otağına baxış keçirilərkən paltar dolabının üst hissəsindən 5 ədəd blisterdə hər blisterdə 14 ədəd, cəmi 70 ədəd üzərinə “Paden-300” yazılmış həblər, 1 ədəd qara rəngli elektron tərəzi, 1 ədəd şəffaf sellofanda yaşıl rəngli ot kütləsi, 1 ədəd şəffaf sellofanda qəhvəyi rəngli maddə, 1 ədəd şəffaf sellofanda ağ rəngli kristal formada maddə, paltar dolabının alt hissəsindən 1 ədəd kiçik ölçülü elektron tərəzi, 1 ədəd çəhrayı rəngli boşqabın içərisindən ağ rəngli kristal formada olan maddə, 1 ədəd şəffaf sellofanda açıq-göy rəngli maddə, 1 ədəd şəffaf sellofanda tünd qəhvəyi rəngli maddə və 1 ədəd şəffaf sellofanda ağ rəngli kristalşəkilli maddə aşkar olunmuş, boşqabdakı maddə şəffaf sellofana boşaldılaraq selofan bağlanılmışdır. Həmin maddələr 4 ədəd zərfdə qablaşdırılmış, zərf möhürlənmiş və bütün iştirakçılar zərfi imzalamışdır. Dəhlizdə olan digər paltar dolabına baxış zamanı dolabın boş olduğu müəyyən olunmuş, mənzilin qonaq otağında 1 ədəd, cəmi 3 vərəqində yazı olan dəftər və 1 ədəd narkotik istifadə etmək üçün plastik butulka aşkar olunaraq götürülmüşdür. X11 tərəfindən həmin butulkanın üzərindən əl-barmaq izləri də aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Bakıxanov qəsəbəsi, Y.Əbiyev küçəsində 1 nəfər şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, həmin şəxsin anket məlumatları ona məlum olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əbiyev küçəsi, ev 7, mənzil 216 ünvanında yerləşən 2 otaqlı mənzil ona məxsusdur, həmin mənzildə qeydiyyatdadır, lakin həmin binada yerləşən digər mənzildə yaşayır. Səhhəti ilə əlaqədar işdən çıxdığı üçün ona məxsus olan evi 500 manata kirayəyə vermiş və əlavə gəlir əldə etmək üçün özü həmin binada aylıq kirayəsi 300 manat olan evdə yaşamağa başlamışdır. Evini kirayə vermək üçün sosial şəbəkədə elan vermiş, bundan sonra Təqsirləndirilən şəxs zəng edərək evi bəyəndiyini və ailəsi ilə birlikdə yaşamaq istədiyini bildirmişdir. 11 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs gəlib evə baxmış, aylıq kirayə qiymətini 500 manata razılaşmışlar. Həmin tarixdən evin açarını Təqsirləndirilən şəxs vermişdir. 20 iyul 2022-ci il tarixdə qonşulardan eşitmişdir ki, Təqsirləndirilən şəxs mənzilə yad qadınlar gətirir və dəhlizdən narkotik iyi gəlir. Sonra bu məsələni aydınlaşdırmaq üçün kirayə verdiyi mənzilin qapısını bir neçə dəfə döysə də, qapını açmamışlar. O da bu barədə Sabunçu RPİ-nin 13-cü PB-nə ərizə ilə məlumat verərək evdə axtarış aparılmasını xahiş etmişdir. Bundan sonra 20 iyul 2022-ci il tarixdə saat 20 radələrində polis əməkdaşlarının iştirakı ilə Sabunçu rayonu, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzilində axtarış aparılmışdır. Axtarış videoçəkilişlə aparılmış, o da etiraz etməmiş, polis əməkdaşları ilə birgə mənzilin onda olan ehtiyat açarı ilə mənzilin qapısını açıb mənzilə daxil olmuşlar. Polis əməkdaşları mənzilə daxil olduqdan sonra o, mənzilə daxil olmuş, mənzildə olan əşyalar dağınıq şəkildə olmuş və mənzildən üfunət iyi gəlmişdir. Mənzilə daxil olarkən sol tərəfdəki dolaba və sol tərəfdəki sanitar qovşağına baxış keçirilərkən oradan qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra yataq otağına baxış keçirilərkən paltar dolabının üst hissəsindən 5 ədəd blisterdə hər blisterdə 14 ədəd, cəmi 70 ədəd üzərinə “Paden-300” yazılmış həblər, 1 ədəd qara rəngli elektron tərəzi, 1 ədəd şəffaf sellofanda yaşıl rəngli ot kütləsi, 1 ədəd şəffaf sellofanda qəhvəyi rəngli maddə, 1 ədəd şəffaf sellofanda ağ rəngli kristal formada maddə, paltar dolabının alt hissəsində 1 ədəd kiçik ölçülü elektron tərəzi, 1 ədəd çəhrayı rəngli boşqabın içərisində ağ rəngli kristal formada olan maddə, 1 ədəd şəffaf sellofanda açıq-göy rəngli maddə, 1 ədəd şəffaf sellofanda tünd qəhvəyi rəngli maddə və 1 ədəd şəffaf sellofanda ağ rəngli kristalşəkilli maddə aşkar olunmuşdur. Polis əməkdaşları mənzilə daxil olduqdan çox az müddət sonra o, mənzilə daxil olmuşdur. Mənzilini kirayəyə verdiyi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onda məlumat olmamış, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan “axtarış və götürmə aparılması haqqında” 20 iyul 2022-ci il tarixli və “CD diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” 13 sentyabr 2022-ci il tarixli protokollardan görünür ki, videoçəkiliş zamanı Bakı şəhəri Sabunçu RPİ 13-cü PB-nin baş təhqiqatçısı Fərhəng Hüseynov, RPİ-nin baş inspektor kriminalisti Rəşad Səlimov, 13-cü PB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və həmin mənzilin sahibi Şahid1 özlərini təqdim edirlər. Sonuncu bildirir ki, mənzili kirayəyə Təqsirləndirilən şəxs vermişdir, mənzildə axtarış aparılmasına etiraz etmir. Polis əməkdaşları Şahid1 təqdim etdiyi mənzilə daxil olurlar, mənzilə daxil olduqdan sonra sol tərəfdəki dolaba və sol tərəfdəki sanitar qovşağına baxış keçirilərkən qanunsuz əşya aşkar edilmir. Bundan sonra yataq otağına baxış zamanı paltar dolabının üst hissəsindən 5 ədəd üzərində “Paden-300” yazılmış həblər, 1 ədəd qara rəngli elektron tərəzi, 1 ədəd şəffaf sellofanda yaşıl rəngli ot kütləsi, 1 ədəd şəffaf sellofanda qəhvəyi rəngli maddə, 1 ədəd şəffaf sellofanda ağ rənglli kristal formada olan maddə, paltar dolabının alt hissəsində 1 ədəd kiçik ölçülü elektron tərəzi, 1 ədəd çəhrayı rəngli boşqabın içərisində ağ rəngli kristal formada olan maddə, 1 ədəd şəffaf sellofanda açıqgöy rəngli maddə, 1 ədəd şəffaf sellofanda tünd qəhvəyi rəngli maddə, 1 ədəd şəffaf sellofanda ağ rəngli kristalşəkilli maddə aşkar olunur, boşqabdakı maddə şəffaf sellofana boşaldılaraq sellofan bağlanılır, həmin maddələr 4 ədəd zərfdə qablaşdırılır, zərf möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Həmin otağa baxış zamanı sübut əhəmiyyətinə malik başqa heç bir əşya və sənəd aşkar edilmir. Dəhlizdə olan digər paltar dolabına baxış zamanı dolabın boş olduğu müəyyən olunur, mənzilin qonaq otağında 1 ədəd içərisində yazı olan dəftər və 1 ədəd narkotik istifadə etmək üçün plastmast butulka aşkar olunaraq götürülür, ekspert tərəfindən həmin butulkanın üzərindən əl-barmaq izləri götürülür (cild 1, iş vərəqə 4-5 və 74-75). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2022-ci il tarixli 7/799 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 evindən aşkar olunmuş büküm...” yazı və imzalar olan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 2,620 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1 evindən aşkar edilmiş 2 ədəd tərəzi...” yazı və imza olan zərfdə 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur (marixuananın ümumi təmiz çəkisi 2,620 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,570 qram, cild 1, iş vərəqə 10-13). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3964 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİNin Zərflər üçün N°160” dairəvi möhür əksi və “Şahid1 evindən aşkar edilmiş 2 ədəd qəhvəyi rəngli maddə..iştirak etdilər-dörd imza; qablaşdırdı: F.Hüseynov-imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdəki 2 ədəd bükümlərdəki təmiz çəkiləri 6,390 qram, 4,710 qram, ümumi təmiz çəkisi 11,1 olan qəhvəyi rəngli tozşəkilli maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N°96” dairəvi möhür əksi və “Şahid1 yaşadığı evindən aşkar olunmuş bu maddələr...iştirak etdilər-dörd imza; qablaşdırdı: F.Hüseynov-imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 2 ədəd bükümlərdəki təmiz çəkiləri 9,760 qram, 128,8 qram, ümumi təmiz çəkisi 138,56 qram olan ağ rəngli kristallardan ibarət maddə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir, 1 ədəd bükümdəki təmiz çəkisi 0,600 qram ağ rəngli tozşəkilli spesifik iyli maddə kustar üsulla hazırlanmış narkotik vasitə kokaindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N°96” dairəvi möhür əksi və “Şahid1 yaşadığı evindən aşkar edilmiş 2 ədəd tərəzi, 5 ədəd dərman, 1 ədəd maddə...iştirak etdilər-dörd imza; qablaşdırdı: F.Hüseynov-imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 2 ədəd elektron tərəzilərin üzərində heroinin və metafetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metafetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metafetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 5 ədəd konvalyutda üzərində “PADEN-300” əmtəə göstəricisi, hər konvalyutda 14 ədəd, ümumilikdə 70 ədəd qəhvəyi ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 70 ədəd kapsulda preqabalin təsiredici maddəsinin ümumi miqdarı 21 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla), 1 ədəd bükümdəki 0,620 qram tozşəkilli maddə kustar üsulla hazırlanmış metilendioksimetamfetamin (MDMA) tərkiblidir, (“ekstazi”) Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N°96” dairəvi möhür əksi və “Şahid1 məxsus Sabunçu rayonu, ünvan 6 ünvanında qonaq otağının döşəməsində aşkar olunaraq götürülmüş 1 ədəd üzərinə 1 manatlıq əskinaz sancılmış plasmas butulka...b.i.krimalist: imza; qablaşdırdı: F.Hüseynov-imza...” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdəki 1 ədəd içərisində 1 manatlıq (AZN) pul əskinazı olan plastik butulkada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər maddələrlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin və kokain 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ), metafetamin və MDMA “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”-in İ siyahısına daxildir. Preqabalin 18 mart 2016-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildir (heroinin ümumi təmiz çəkisi 11,1 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 11 qram, metafetaminin ümumi təmiz çəkisi 138,56 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 138,46 qram, kokainin ümumi təmiz çəkisi 0,6 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,55 qram, MDMA-nın ümumi təmiz çəkisi 0,62 qram, tədqiqata sərf edildi 0,03 qram, qalıq 0,59 qram, preqabalin ümumi 70 ədəd, tədqiqata sərf edildi 5 ədəd, qalıq 65 ədəd, cild 1, iş vərəqə 16-19). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli 3/1433 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əlbarmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır, toxunma nəticəsində qalmış, fərdi əlamətlər (çapıq, yarıq, kəsik və s.) əl-barmaq izində əks olunmamışdır. Tədqiq edilmiş 2 saylı daktilolentin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin baş barmağından qalmışdır (cild 2, iş vərəqə 65-72). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 28 sentyabr 2022-ci il tarixli 5579 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 2, iş vərəqə 18-19). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan 23 iyul 2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Şahid1 məxsus evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 11 qram olan narkotik vasitə heroin, 138,46 qram olan psixotrop maddə olan metafetamin, 0,55 qram olan kokain, 0,59 qram olan psixotrop maddə (MDMA) və 65 ədəd kapsul güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatı, 2 ədəd elektron tərəzi və 1 ədəd plastmas butulka maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 25-27). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 141- 142). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 2, iş vərəqə 140). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısıdır və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavədin azad olunmasına görə” medallarla təltif edilmişdir (cild 2, iş vərəqə 138). Məhkəmə Təqsirləndirilən şəxs “Vətən Müharibəsi” iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamları ilə “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavədin azad olunmasına görə” medallarla təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 59-60). Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 122-124). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələblərinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 341,11 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 11 qram olan narkotik vasitə heroin, 138,46 qram olan psixotrop maddə metafetamin, 0,55 qram olan narkotik vasitə kokain, 0,59 qram olan psixotrop maddə (MDMA) və 65 ədəd kapsul güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatı, 2 ədəd elektron tərəzi və 1 ədəd plastmas butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 341,11 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 11 qram olan narkotik vasitə heroin, 138,46 qram olan psixotrop maddə metafetamin, 0,55 qram olan narkotik vasitə kokain, 0,59 qram olan psixotrop maddə (MDMA) və 65 ədəd kapsul güclü təsir edən maddə preqabalin tərkibli dərman preparatı, 2 ədəd elektron tərəzi və 1 ədəd plastmas butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar