Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-985/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, "Mərkəz" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "X4" MMC-də insan resusları üzrə menecer vəzifəsində işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 10 dekabr 2019-cu il tarixdə tutulmuş, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixdə həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmiş və həbsdən azad olunmuş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 dekabr 2019-cu il tarixdə saat 08 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən birgə yaşadıqları evdə qardaşı Zərərçəkmiş şəxs uca səslə danışdığı üçün irad bildirdikdə, sonuncu, tutulan haqlı iradı qəbul etməyərək onun boşanıb qayıtmasını, ona görə də evdə söz sahibi olmamasını deməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ bazunun, döş qəfəsinin, sağ mil-bilək oynağının, sağ əlin sıyrıqları, sağ bazu və sağ diz oynağının qançırları kimi müşaiyət edilən sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən qardaşından onu vurmaqla qisas almaq niyyəti ilə mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 17,5 sm, dəstəyinin uzunluğu 12,5 sm olmaqla ümumi uzunluğu 30 sm olan məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə qəsdən yaşadıqları mənzilin yataq otağında olan paltar dolabının qarşısında Zərərçəkmiş şəxs qarın nahiyəsindən bir dəfə vuraraq ona qaraciyərin və mədənin yaralanmasına səbəb olan, qarının ön divarının qarın boşluğuna nüfuz edən insan həıyatı üçün təhlükəli olan bir ədəd dəşilmiş-kesilmiş yara kimi ağır dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ərindən boşandığı üçün qardaşı İsa ilə münasibətləri yaxşı olmamışdır. Belə ki, ata evinə qayıtdıqdan sonra qardaşı ilə boşandığına və evə geri qayıtmağına görə mübahisələri yaranmış, İsa dəfələrlə onun şərəfini alçaltdığı və şərəfinə xələl gətirdiyini deyərək onun barəsində təhqiramiz ifadələr işlətmişdır. O, həmin müddətdə bir təhər qardaşının təhqirlərinə dözmüşdür. Lakin 10 dekabr 2019-cu il tarixdə təxminən saat 07:30 radələrində yaşadıqları mənzildə olarkən qardaşı İsa evdə uca səslə danışdığı və ona yatmağa imkan vermədiyi üçün irad bildirmişdir. Həmin vaxt İsa ona bu evdə danışmağa haqqı olmadığını, onun başını aşağı elədiyini demiş, o da, bacısına belə sözlər deməyə haqqı olmadığını qardaşına söyləmişdir. Bundan sonra İsa onun üstünə hücum çəkmiş, stulu onun üzərinə atmış, bu vaxt kənara çəkilmiş və buna görə stul ona dəyməmişdir. Bundan sonra o, mətbəxdən bıçaq götürərək öz otağına qayıtmış, həmin bıçaqla özünə xəsarət yetirməyi və bu yolla İsanın sakitləşə biləcəyini fikirləşmişdir. Qapını örtərək öz otağına keçdikdən sonra isə döyülməkdən qorxub Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Təxminən 20 dəqiqə sonra yenidən İsa otağına girib onu döymək istəmiş, lakin atası buna imkan verməmişdir. Təxminən 10 dəqiqə İsa qəfildən otağının qapısını açaraq onun üzərinə hücum çəkmiş, həmin vaxt otağında olan paltar dolabının qarşısında yerə oturmuş, əlində isə mətbəxdən götürdüyü bıçaq olmuşdur. İsa içəri girən zaman ayağa qalxmış, həmin vaxt atası Rövşən də evdə olmuş və İsanı sakitləşdirərək otaqdan çıxarmaq istəmişdir. İsa atasını itələyərək otağa girmiş və ona təpikyumruq zərbələri ilə başının və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. İsa onun əlində olan bıçağı özünə xəsarət yetirə bilməməsi üçün almaq istəmiş, bu zaman ehtiyatsızlıqdan bıçaq İsanın qarnına dəymişdir. İbtidai istintaq orqanına verdiyi ilkin ifadəsində isə Təqsirləndirilən şəxs İsa tərəfindən döyüldüyü vaxt mətbəxdən götürdüyü bıçağın yerə düşdüyünü, həmin vaxt döyüldüyü üçün əlini yerdə olan bıçağa atıb onu götürdüyünü, İsanın ondan uzaqlaşması üçün həmin bıçağı qardaşının qarın boşluğuna 1 dəfə vurduğunu, sonra həmin bıçağı əlindən yerə atdığını, sonra atası Rövşən İsanın qarın nahiyəsindən qan axdığını görüb təcili olaraq evdən çıxartdığını və həkimə apardığını, bundan sonra polis əməkdaşlarının gələrək onu 27-ci Polis Bölməsinə apardıqlarını bildirmişdir (cild 1, iş vərəqi 21-24, 45-48). Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun doğma bacısıdır. 10 dekabr 2019-cu il tarixdə səhər saat 06 radələrində işdən evə gəlmiş, bu zaman valideynləri oyaq olmuşlar. O, mətbəxdə yemək yedikdən sonra atası və anasının otağına getmiş, orada onlarla uca səslə söhbət edən zaman bacısı Fidan gəlib ona, atasına və anasına nalayiq ifadələrlə söyüb təhqir edərək uca səslə danışdığını, ona yatmağa imkan vermədiklərini bildirmişdir. Sonra anası evdən çıxaraq işə getmiş, evdə atası Rövşən, bacısı Fidan və özü qalmışdır. Atası ilə söhbət edən zaman Fidan yenidən gəlib onu və atasını təhqir etmiş, Fidanın atasını söyüb təhqir etməsinə dözə bilməyib otaqda olan stulu bacısına atmış, lakin stul ona dəyməmişdir. Həmin vaxt Fidan onun üstünə cummuş, o isə, Fidanın sifət nahiyəsindən sillə ilə vurmuş, atası Rövşən onları ayırmışdır. Bundan sonra onlar yenə də sözlə mübahisə etmişlər. Təxminən saat 08 radələrində evin dəhlizində Fidan mətbəxə gedərək oradan bıçaq götürüb onun üstünə gəlmişdir. O, bacısının onu vura biləcəyini gözləməmiş, lakin Fidan sağ əlində olan mətbəx bıçağı ilə onun qarın nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt atası Rövşən də orada olmuş və Fidanın onu necə vurduğunu görmüşdür. Sonra atası ona köməklik edərək xəstəxanaya aparmışdır. Hadisənin baş vermə səbəbi evə gəldikdən sonra atası və anası ilə uca səslə danışması və Fidanın buna irad bildirməsi olmuşdur. Fidanın boşanması səbəbilə hadisədən əvvəl də aralarında mübahisə olmuş, lakin hadisə günü hadisənin baş vermə səbəbi onun evdə uca səslə danışması və Fidanın yatmasına mane olması, Fidanın ona irad bildirməsi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, qızı Fidan, arvadı Xədicə və oğlu İsa ilə birlikdə yaşayır. Fidan İlham adlı şəxslə ailə həyatı qurmuş, lakin yola getmədiklərinə görə bir neçə aydan sonra ayrılmışlar. Fidan boşandığı üçün oğlu İsa ilə münasibətləri yaxşı olmamış, Fidan evə qayıtdıqdan sonra oğlu onun boşandığına və evə geri qayıtmağına görə mübahisələri yaranmışdır. İsa dəfələrlə onun şərəfini alçaltdığı və başını aşağı saldığını deyərək Fidanla mübahisə etmişdir. 10 dekabr 2019-cu il tarixdə təxminən saat 07:30 radələrində yaşadıqları mənzildə olarkən İsa evdə uca səslə danışdığı üçün Fidan ona irad bildirmiş, həmin vaxt İsa Fidana bu evdə danışmaq haqqı olmadığını, onun başını aşağı elədiyini söyləmişdir. Mübahisə qızışdığına görə İsa Fidanın üstünə hücum çəkmiş, stulu onun üzərinə atmış, Fidan kənara çəkildiyinə görə stul ona dəyməmişdir. Bundan sonra Fidan öz otağına getmiş və onlar sakitləşmişlər. Fidan qapını örtərək öz otağına keçdikdən sonra bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Aradan təxminən 20 dəqiqə sonra İsa Fidanın otağına girib onu döymək istəmiş, lakin o, buna imkan verməmişdir. Təxminən 10 dəqiqə keçdikdən sonra İsa qəfildən Fidanın otağının qapısını açaraq qızının üstünə hücum çəkmiş, həmin vaxt Fidan otağında olan paltar dolabının qarşısında yerdə oturmuşdur. O, içəri girən zaman Fidan ayağa qalxmış, həmin vaxt İsanı sakitləşdirmək və otaqdan çıxarmaq istəmişdir. İsa isə onu geri itələyərək otağa girmiş və Fidanla dalaşmağa başlamış, o, yenidən onları ayıran zaman İsa ona bıçaq zərbəsi vurulduğunu bildirmişdir. Bundan sonra İsanın qarın nahiyəsinə baxmış və qan axdığını görmüşdür. Həmin vaxt Fidan nə etdiyini bilmədiyini demiş və İsanın yarasına əski basmışlar. Həmin vaxt o, yerdə mətbəx bıçağını görmüş, bıçağın üstü qan olmuşdur. Sonra İsanı götürüb X6 aparmış, orada məlum olmuşdur ki, bıçaq İsanın qarın boşluğuna girərək qara ciyərini zədələmişdir. İsanı əməliyyat etmişlər, sonra isə ona məlum olmuşdur ki, Fidanı 27-ci Polis Bölməsindən gələn polis əməkdaşları özləri ilə aparmışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş ifadənin yerində yoxlanılması protokoluna əsasən, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs iştirakı ilə həmin istintaq hərəkəti aparılmış, bu zaman Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini hadisə yerində ətraflı şəkildə etiraf edərək təsdiq etmişdir (cild 1, iş vərəqi 25-30). İbtidai istintaq zamanı Şahid tutacağı taxtadan olan 1 ədəd bıçağı təqdim edərək, həmin bıçaqla 10 dekabr 2019-cu il tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 559/560-cı məhəllə, mənzil 80-də qızı Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü həmin bıçaqla onun qarın nahiyəsinə bir dəfə vurduğunu bildirmişdir. Təqdim edilən bıçağa baxış keçrilən zaman müəyyən edildi ki, həmin bıçaq tutacağı taxta olmaqla ümumi uzunluğu 30 sm-dir, tutacağının uzunluğu 12 sm, tiyəsinin uzunluğu 18 sm-dir, tiyəsinin bir tərəfi iti, digər tərəfi kordur, ucu bizdir (cild 1, iş vərəqi 56- 57). İbtidai istintaq zamanı cinayət işi üzrə şahid qismində dindirilən Şahid istintaqa təqdim etdiyi 1 ədəd bıçaq tanınmaq üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, Təqsirləndirilən şəxs atası Şahid istintaqa təqdim etdiyi 1 ədəd tutacağı taxta olmaqla ümumi uzunluğu 30 sm-dir, tutacağının uzunluğu 12 sm, tiyəsinin uzunluğu 18 sm, tiyəsinin bir tərəfi iti, digər tərəfi kor, ucu biz olan bıçağı tanıyaraq bildirmişdir ki, həmin bıçaqla 10 dekabr 2019-cu il tarixdə saat 08 radələrində yaşadığı mənzildə qardaşı Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirdiyi bıçaqdır (cild 1, iş vərəqi 74). Cinayət işinə əlavə olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs istintaq orqanına müraciət edərək, Təqsirləndirilən şəxs onun bacısı olduğunu, ailədə cəmi bir bacı, bir qardaş olduqlarını, ondan şikayətçi olmadığını, hazırda barışdıqlarını bildirərək, bacısına köməklik edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 117). Məhkəmə iclasında Zərərçəkmiş şəxs eyni məzmunlu ərizəsini təqdim edərək bacısı Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı iddia tələbi və şikayətinin olmadığını bildirdi. Məhkəmə-tibbi ekspertizasının 11 dekabr 2019-cu il tarixli 1045 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aldığı xəsarətlər- sağ bazunun, döş qəfəsinin, sağ mil-bilək oynağının, sağ əlin sıyrıqları, sağ bazunun sağ diz oynağının qançırları küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 10.12.2019-cu ildə törənməsi mümkündür, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 1, iş vərəqi 118-119). Ambulator məhkəmə psixiatrik ekspertizasının 29.01.2020-ci il tarixli 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir, psixi xəstəlikdən müalicə olunmamışdır. Hal-hazırda onda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur. Onun hərəkətləri Azərbaycan Respu 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hazırda anlaqlı hesab edilməlidir (cild 1, iş vərəqi 162-163). Məhkəmə trasoloji və kriminalistik ekspertizasının 18 fevral 2020-ci il tarixli 40/2020- MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində bir ədəd, maykanın ön səthində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənə bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthində, maykanın ön səthində olan bir ədəd deşilmiş-kəsilmiş zədə, onun bədənin qarnının ön divarında olan bir ədəd xəsarətlə nisbi olaraq uyğun gəlir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverdə, maykada aşkar olunmuş deşilmiş-kəsilmiş zədələr və Zərərçəkmiş şəxs bədənin qarnının ön divarında olan bir ədəd xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində onun təyinatını dəyişdirən hər hansı bir əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 166-169). Məhkəmə tibbi ekspertizasının 04 mart 2020-ci il tarixli 78 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qaraciyərin və mədənin yaralanmasına səbəb olan qarının ön divarının qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarət deşici-kəsici alətin təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, qərarda göstərilən 10.12.2019-cu il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (cild 1, iş vərəqi 171-173). Məhkəmə psixoloji ekspertizasının 14 iyul 2020-ci il tarixli 11/133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əqli (intellektual) inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (insanın psixi fəaliyyətinin xarici aləminə yönəlməsi) daha yaxındır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində ünsiyyətcillik, həssaslıq, küsəyənlik və optimistlik kimi əlamətlər üzə çıxır, fərdi-psixi xüsusiyyətlərində aqressivlik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə və münaqişələrlə əlaqədar olaraq davranış aktlarına təsir göstərə biləcək səviyyədə olan sinir-psixi gərginlik halı keçirmişdir. Həmin halın yaranma səbəbləri rəyin tədqiqat prosesinin təsviri hissəsində (səh.5-6) göstərilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti) halında olmamışdır (cild 1, iş vərəqi 183-189). Cinayət işinə əlavə olunmuş 19.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsində Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 176). Yuxarıda qeyd olunan sübutlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, həmçinin qadın olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlindən peşman olması Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 10 dekabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutularaq 12 dekabr 2019-cu ilədək 2 (iki) gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələbinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun həbsdə saxlanıldığı həmin 2 (iki) gün təyin olunacaq cəza müddətinə daxil edilməklə çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyytinə cəlb olunmasını, əməlindən peşman olmasını, qadın olmasını, zərərçəkmiş şəxsin onun doğma qardaşı olmasını, sonuncunun təqsirləndirilən şəxsə qarşı iddia tələbi və şikayətinin olmamasını və barışıq əldə edilməsini nəzərə alaraq onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onun şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı Təqsirləndirilən şəxs üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onun üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Yasamal RPİ-nin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd pulover və 1 ədəd mayka, eləcə də Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi 1 ədəd bıçaq məhv edilməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı 60 (altmış) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması, təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üçün əsaslar olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 10 dekabr 2019-cu il tarixdən onun şübhəli şəxs qismində tutularaq 12 dekabr 2019-cu il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün təyin olunmuş cəza müddətinə daxil edilməklə çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlınılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Sınaq müddəti ərzində hökmün icrasını həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökmün icrasına nəzarət qeydiyyatda olduğu ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Yasamal rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - Yasamal RPİ-nin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd pulover və 1 ədəd mayka, eləcə də Təqsirləndirilən şəxs cinayət törədərkən istifadə etdiyi 1 ədəd bıçaq məhv edilsin. Məhkəmə məsrəfləri hesab edilən 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə mülki iddia verilməməsi və əmlak üzərinə həbs qoyulmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-985/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-985/2020
15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver