Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-985/2021 26.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X1, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi1, 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs Nümayəndə1, zərərçəkmiş şəxs Nümayəndə1 nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 iştirakları ilə, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə1 və onun nümayəndəsi vəkil Nümayəndə2 vəsatətinə baxaraq, m ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham daxilində məhkəmə kollegiyası tərəfindən baxılır. Cinayət işinin başlanmasına əsas və səbəb Zərərçəkmiş şəxs MMC-nin təsisçisi Nümayəndə1 ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarında oğurluq faktı müəyyən edilməsi barədə 09 iyul 2020-ci il tarixli ərizəsi və araşdırma materialı olmuşdur. 11 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi tərəfindən material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, 30 mart 2021-ci il tarixdə Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru X6 3 nəfər şəxs barəsində: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair iş üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokuroruna göndərmişdir. Bakı şəhəri, Səbail rayon prokuroru tərəfindən 01 aprel 2021-ci il tarixdə ittiham aktı təsdiq olunaraq cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə, bir qrup şəxs halında 2019-cu ilin may ayının əvvəlindən həmin ilin noyabr ayının əvvəlinə, daha sonra 2020-ci ilin may ayının ortalarından həmin ilin may ayının axırına qədər olan müddət ərzində fəhlə işlədiyi ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarına vahid niyyətlə davamlı olaraq saxlanc yerinə qanunsuz daxil olaraq özgənin, yəni, Zərərçəkmiş şəxs MMC-nə məxsus ümumilikdə 66.840 manat 61 qəpik məbləğində əmlakını gizli olaraq oğurlayıb, zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə vahid niyyətlə davamlı olaraq ilk dəfə 10 iyun 2020-ci il tarixdə gecə saatlarında tanışİ Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən və saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs MMC-nin anbarına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq oradan 17044 manat 38 qəpik məbləğində əmlakını gizli olaraq oğurlayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 istintaq orqanı tərəfindən təqsirli bilinmişdir ondan ötrü ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 iyun 2020-ci il tarixdə saat 04 radələrində tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən və saxlanc yeri hesab olunan Zərərçəkmiş şəxs MMC-nin anbarına pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq 7.488 manat 15 qəpik məbləğində əmlakını gizli olaraq oğurlayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə kollegiyası məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlayaraq, 15 aprel 2021-ci il tarixdə təqsirləndirilən şəxsləri məhkəməyə vermiş və məhkəmə baxışını təyin etmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 və onun nümayəndəsi vəkil Nümayəndə2 vəsatət verərək, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və digərlərinin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğunu, yəni onların əməlində həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, təqsirləndirilən şəxslərin qanunsuz əməlləri nəticəsində Zərərçəkmiş şəxs MMC-yə 66.840 manat yox, 270.793 manat maddi ziyan deyməsi, cinayət hadisəsinin digər şəxslərin iştirakı ilə törədilməsini göstərmişdir. Bu xüsusatlarla onların əməlinə yenidən hüquqi qiymət verilməsi, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş Nümayəndə1 həmin vəsatəti müdafiə etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs1 14 fevral 2020-ci il tarixdən ünvan 1 ünvanda yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus anbarında anbardar vəzifəsində işləyərkən, digərləri ilə qabaqcadan əlbir olaraq ona etibar edilmiş özgə, yəni, cəmiyyətə məxsus 270.793 manat 96 qəpik əmlakı mənimsəmə yolu ilə talamışdır. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsi və onun nümayəndəsini, şahidləri dinləyərək, yoxlama audit aktını, ekspert rəyini, işin digər materiallarını araşdıraraq və vəsatəti müzakirə edərək hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 22-ci vərəqəsində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin 14 fevral 2020-ci il tarixli 005 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsininin “F” bəndinə əsasən 14 fevral 2020-ci il tarixdən 15 fevral 2021-ci il tarixə kimi olan 1 (bir) il müddətinə Cəmiyyətə “anbardar” vəzifəsinə işə qəbul olunur. Cinayət işinin 2-ci cild 23-cü vərəqəsində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin 19 may 2020-ci il tarixli 022 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Cəmiyyətə fəhlə vəzifəsinə keçirilmişdir. Cinayət işinin 2-ci cild 24-cü vərəqəsində olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Zərərçəkmiş şəxs MMC-nin 25 iyun 2020-ci il tarixli 034 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyul ayında Zərərçəkmiş şəxs MMC-nə məxsus ünvan 1 ünvanda yerləşən anbara Şahid6 vasitəsi və köməyi ilə fəhlə kimi işə qəbul olunmuşdur. 2019-cu ilin maynoyabr aylarında anbardan hissə-hissə müxtəlif növ malları və avadanlıqları Şahid6 təhdidi ilə gizli olaraq çıxarıb sonuncunun idarə etdiyi avtomobilə yükləmiş, müxtəlif növ avadanlıqları və malları Şahid6 idarə etdiyi avtomobillə anbardan gizli çıxarıb aparmışdır. O, 2020-ci ilin fevral ayının ortalarından 2020-ci ilin may ayının 20-nə kimi həmin anbarda anbardar kimi çalışmışdır. Onunla anbarda olan malların təhvil-təslim işləri aparılmamışdır. O, 2020-ci ilin mart ayı ərzində hissə-hissə 31 bağlama «doqquzluq» örtük işlədiyi anbardan tək oğurlamışdır. 2020-ci ilin may ayının ortalarında yenidən anbardan müxtəlif avadanlıqları və malları gizli çıxarıb Şahid6 avtomobilinə yükləmiş və sonuncu həmin malları öz avtomobili ilə anbardan çıxarıb aparmışdır. Şahid6 göstərişi əsasında malları oğurlayıb sonuncuya vermişdir. Anbardan qeyd olunan əşyaları oğurlayan zaman Şahid6 anbarın həyətində quraşdırılmış kameraları daimi olaraq söndürmüşdür. 2020-ci ilin fevral ayının əvvəli anbardan müxtəlif materialları hissə-hissə oğurlayıb özündə saxlamışdır. Sonradan, yəni, 2020-ci ilin may ayının əvvəli Şahid3 adlı şəxslə tanış olub həmin malları iki dəfəyə sonuncuya satmışdır. Belə ki, 2020-ci ilin may ayının əvvəli saat təqribən 12:30 radələrində Şahid3 ilə A.Abbaszadə küçəsində yerləşən işlədiyi anbarın qarşısında görüşmüş və anbardan Zahidin sifariş etdiyi malları, yəni, 29 qutu hər birinin içərisində 100 metr olan «flanş»i, 500 metrdən artıq «yapışan izolasiyanı» və 11 qutu hər birinin içərisində 10 metr olan «152 fleks»i çıxararaq Fəridin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yükləyib Zahidə təhvil vermişdir. Bunun müqabilində Zahid ona ümumilikdə 2.500 manat pul ödəmişdir. İkinci dəfə isə 19 may 2020-ci il tarixdə Şahid3 sifariş etdiyi malları, yəni 30 qutu hər birinin içərisində 10 metr olan «152 fleks»i, 1500 metr olan «flanş»i və 15 ədəd «qalvanez list»i anbardan çıxaraq idarə etdiyi “Pajero io” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobillə apararaq Şahid3 təhvil vermişdir. Zahid ona 1.400 manat pul ödəmişdir. Həmin avadanlıqları özünün tərtib etdiyi saxta Zərərçəkmiş şəxs MMC-nin qaiməsi əsasında satmışdır. 18 may 2020-ci il tarixdə Şahid3 aldığı mallara görə ona yenə 2.500 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs MMC-nin qaimələrini isə o, anbarın ərazisində olan iş otağından götürmüşdür. Həmçinin, anbardar vəzifəsindən azad olunduqdan sonra Sənan və Fəridin iştirakları ilə o, bir neçə dəfə, yəni, 10 iyun, 14 iyun, 21 iyun, 26 iyun və 28 iyun 2020-ci il tarixlərdə həmin anbardan halhazırda adlarını və çeşidini xatırlamadığı müxtəlif mallar oğurlayaraq satmışdır. Məhkəməyədək icraat zamanı dindirilərək Təqsirləndirilən şəxs1 eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında zərərçəkmiş- hüquqi şəxsin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə1 göstərmişdir ki, X2 Zərərçəkmiş şəxs MMC-ni təsis etmişdir. 06.02.2018-ci il tarixdə həmin Cəmiyyət alqı-satqı vasitəsi ilə onun tərəfindən alınmışdır. Cəmiyyətin Ziya Bünyvdov küçəsi 28 saylı ünvanda yerləşən binanın zirzəmisində digər bir anbarı olmuş və 2019-cu ilin sentyabr ayında həmin ünvanda yerləşən anbarda olan avadanlıqlar və mal-materiallar Səbail rayonu, A.Abbaszadə küçəsi 73 B saylı ünvanda yerləşən anbara daşınmışdır. Zərərçəkmiş şəxs MMC-nin Səbail rayonu A.Abbaszadə küçəsində yerləşən anbarında əsasən havalandırma sistemlərinə aid olan ləvazimatlar və digər santexnik, təmir malları vardır. Anbarda Təqsirləndirilən şəxs1 qabaq Şahid5, Şahid8 işləmişlər. Onun qohumu Şahid6 vasitəçiliyi ilə əvvəl fəhlə kimi, 14 fevral 2020-ci il tarixdən isə Təqsirləndirilən şəxs1 anbardar vəzifəsinə təyin etmişlər. Təqsirləndirilən şəxs1la 14 fevral 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, əmək haqqı məvacibi 300 manat təyin edilmişdir. Anbarın açarları Təqsirləndirilən şəxs1 təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 onun qohumu Şahid6la yaxınlıq etdiyinə görə və sonuncu Yusifin təmiz adam olduğunu bildirdiyinə görə, Təqsirləndirilən şəxs1la anbarda olan malların təhvil-təslimini etməmişdir. 19 may 2020-ci il tarixdə isə Cəmiyyətin əmrinə əsasən Yusif tutduğu vəzifədən azad edilərək, yenə fəhlə kimi işə götürülmüşdür. Həmin anbarın yaxınlığında hündürmərtəbəli bina tikilir, o, tikilinin gözətçisi Təqsirləndirilən şəxs3 hər ay 100 manat məvacib verilmişdir ki, sonuncu anbara da nəzarət etsin. Təsisçisi olduğu şirkətdə daxili qaimələrə heç bir möhür vurulmur. Həmin daxili qaimələr şirkətin anbarından çıxarılan malların hansı istiqamətdə, yəni şirkət daxilində hansı tikinti obyektinə aparılması məqsədi ilə yazılıb hazırlanır. Sonradan həmin daxili qaimələr əsasında baş ofisdə mühasibatlıq işçiləri hesabat aparıb anbarda olan, çıxarılan və qalan malların qeydiyyatını aparır. Təqribən 2020-ci ilin əvvələri anbardar Teymur ona zəng edib bildirmişdir ki, anbardan havalandırmanın quraşdırılması üçün istifadə olunan sıxıcı vint və künclük oğurlanmışdır. O, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən anbara gedəndə görmüşdür ki, anbarda saxladıqları sıxıcı vint, künclük və digər mallar çatışmır. Teymurun dediyinə görə anbarın giriş qapısı bağlı olmuş, heç bir sındırma izləri olmamışdır. Buna görə də o, bu barədə Zərərçəkmiş şəxs MMC-nin icracı direktoru Şahid7 bildirmiş, sonuncu da həmin anbara gəlmiş, sonra qərara almışlar ki, çatışmazlıq barədə polisə məlumat versinlər və o, 09 iyul 2020-ci il tarixdə ərizə ilə Səbail Rayon Polis İdarəsinə müraciət etmişdir. Sonra 01 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru X3 rəhbərliyi ilə Zərərçəkmiş şəxs MMC-də auditor təftişi təşkil olunmuş və təftiş nəticəsində müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işlədiyi zaman ona 851.398,13 AZN məbləğində mal mədaxil edilmiş, ondan 351.033,89 manat məbləğində mal anbardan müxtəlif obyektlərə və ya satışa məxaric edilmişdir. Anbarda mal qalığı 201.106,18 AZN olmuş, çatışmayan mal material 299.258,06 AZN məbləğində müəyyən edilmişdir. Cəmiyyətə catışmayan mallardan bir dəfə 3.959,8 manat məbləğində və sonra 24.504,3 manat məbləğində mal qaytarılmışdır. Ümumən Təqsirləndirilən şəxs1 işlədiyi dövr ərzində, yəni, 14 fevral 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək olan müddət ərzində anbarda çatışmayan malların dəyəri 270.793 manat 96 qəpik təşkil etməsi müəyyən edilmişdir. Lakin, istintaq orqanı nədənsə həmin məbləği azaldaraq 66.840 manat göstərmişdir. Qeyd etmək istəyir ki, o, Cəmiyyəti əldə etməmişdən qabaq Müşviq İmanquliyev 19.12.2017-ci il tarixdə 51 saylı notariat kontorunda Şahid6 etibarnamə vermiş, həmin etibarnaməyə əsasən Şahid6 Zərərçəkmiş şəxs MMC-nin bütün idarə və təşkilatlarda, dövlət və qeyri dövlət orqanlarında təmsil etməyi, bütün sənədləşmə işlərini, vergi əməliyyatlarını aparmağı, lazım olan sənədləri təqdim etməyi, MMC-yə çatası sənədləri, lisenziyaları, arayışları almağı, müqavilələr bağlamağı, müqaviləyə xitam verməyi, ərizə ilə müraciət etməyi, imza etməyi və bu tapşırıqlarla əlaqədar bütün hərəkətləri etməyi etibar edilmişdir. Həmin etibarnamə əsasında Şahid6 Zərərçəkmiş şəxs MMC-nin möhürünü hazırlatmışdır. Zərərçəkmiş şəxs MMC-nə aid olan möhür bir müddət Şahid6 qalmışdır. Məhz Şahid6 xahişinə əsasən o, Təqsirləndirilən şəxs1 işə qəbul etmişdir. O, ehtimal edir ki, Şahid6 Təqsirləndirilən şəxs1la əlbir olaraq ünvan 1 ünvanda yerləşən anbarın inzibati ərazisində mövcud olan ofis otağına yığılmış daxili qaimələrə Zərərçəkmiş şəxs MMC-nin möhürünü vurub şəxsi işləri üçün istifadə etmiş və orada olan malları onlar birlikdə talamışlar. Onda olan məlumata əsasən Şahid6 yuxarıda qeyd olunan ünvanda yerləşən anbarın açarlarını anbara işə yeni götürülmüş anbardarlardan tələb edib aldıqdan sonra oradan gizli şəkildə uzun müddət ərzində oğurluqlar etmişdir. Bunu, yəni Şahid6 tərəfindən onlardan anbarın açarlarının bir nüsxəsini verilməsi barədə anbarda işləmiş anbardarlar sonradan ona bildirmişlər. Lakin, nədənsə Şahid6 istintaq orqanı məsuliyyətə cəlb etməmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs MMC-yə dəymiş 270.793 manat məbləğində maddi ziyanı Təqsirləndirilən şəxs1, Şahid6 və digər şəxslərdən tələb edir. Xahiş edir ki, təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna gaytarılsın. Cinayət işinin 2-ci cild 65-78-ci vərəqələndə olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış 01 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru X3 Zərərçəkmiş şəxs MMC-də keçirdiyi müstəqil auditor hesabatından görünür ki, audit yoxlaması Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləmiş Təqsirləndirilən şəxs1 öhdəsində olan pul vəsaitlərində və mallarda ümumi kənarlaşma və çatışmayan malların dəyəri 270.793 manat 96 qəpik təşkil edir. Cinayət işinin 3-ci cild 67-72-ci vərəqələndə olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2021-ci il tarixli 9/5603 saylı mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işlədiyi zaman ona 851.398,13 AZN məbləğində mal mədaxil edilmiş, ondan 351.033,89 manat məbləğində mal anbardan müxtəlif obyektlərə və ya satışa məxaric edilmişdir. Anbarda mal qalığı 201.106,18 AZN təşkil edir. Anbarda çatışmayan mal-material 299.258,06 AZN məbləğindədir. Cəmiyyətə catışmayan mallardan bir dəfə 3.959,8 manat məbləğində və sonra 24.504,3 manat məbləğində mal qaytarılmışdır. Belə olan halda anbarda çatışmayan malların dəyəri 270.793,96 manat təşkil edilsə də, lakin ekspert mərkəzinin vəsatəti əsasında mühasibatlıq uçotunu təşkil edən sənədlər təqdim olunmadığı üçün çatışmazlıq 66.840, 61 manat (?) məbləğində müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 9-10-cu vərəqələndə olan və məhkəmədə tədqiq olunaraq araşdırılmış Təqsirləndirilən şəxs1 anbardar işədiyi müddətdə tərtib etdiyi 18 may 2020-ci il tarixli 6944 nömrəli qaimə və 19 may 2020-ci il tarixli 6166 nömrəli qaimələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Zahid adlı alıcıya 2865 və 5202 manat məbləğində mallar sataraq, qaimənin «Təhvil verdim» qrafasında öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhdləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası iş üzrə istintaq orqanının qəbul etdiyi qərara istinadən belə nəticəyə gəlir ki, istintaqçı cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, təhlil olunmaqla bir-biri ilə müqayisə etməmiş və qanuna müvafiq qaydada qiymətləndirməmişdir. Təqsirləndirilən şəxs1, zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsi Nümayəndə1, auditor hesabatını, məhkəmə mühasibatlıq ekspertizasının rəyini və digər sübutları ittihamda göstərilən oğurluğu təşkil edən hallar və həmin cinayətləri xarakterizə edən obyektiv və subyektiv əlamətlər, təqsirləndirilən şəxsin təqsili bilindiyi CM-nin 177.3.2-ci maddəsinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktiki hallarının sözügedən tək oğurluq cinayətinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Təqsirləndirilən şəxs1 və onunla əlbir olan digər şəxslərin mənimsəmə və israf etmə cinayətində hərəkətlərinə qiymət verilməmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluqda tövsif edilməsi məsələsini həll edərkən, təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində Mülkiyyət Əleyhinə olan cinayətlər 23-cü fəsildə təsbit olunmuşdur. Mülkiyyət əlehinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgənin əmlakını tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsi başa düşülür. Mülkiyyət əlehinə olan cinayətlərin bir növü kimi mənimsəmə və ya israf etmədə təqsirkar talanan əmlak barəsində mülkiyyət hüququnun bəzi elementlərinə (sahiblik, həm də sərancam və istifadə hüququna) malik olur. Həmin hüquqlar əmlakın mülkiyyətçisinin verdiyi səlahiyyətlər çərçivəsində olur və müvəqqəti xarakter daşıyır. Mənimsəmə özgənin etibar edilmiş əmlakını təqsirkar tərəfindən onun ələ keçirildiyi andan başa çatmış cinayət hesab edilir, israf etmə isə həmin əmlaka qanunsuz sərancam verildiyi, yəni əmlakın bu və ya digər formada istehlak edildiyi, sərf edildiyi, satıldığı və ya başqa üsulla özgəninkiləşdirildiyi andan başa çatmış hesab edilir. Cinayət işində qeyd olunan materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 14 fevral 2020-ci il tarixdən 19 may 2020-ci il tarixədək olan müddət ərzində, Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləyərkən ona inanılıb tapşırılmış özgənin maddi qiymətli mallarını üzərində qanunsuz sahibliyi tamah məqsədilə hüquqazidd və əvəzsiz olaraq əmlakın mülkiyyətçisinə ziyan vurmaqla götürmüş, özünün və başqa şəxslərin xeyrinə keçirmiş və yalnız anbardar vəzifəsindən azad olunduqdan sonra: 10 iyun, 14 iyun, 21 iyun, 26 iyun və 28 iyun 2020-ci il tarixlərdə bir qrup şəxs halında “Zərərçəkmiş şəxs» MMC-nin ambarına gizli olaraq daxil olaraq özgə əmlakını talamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs1 əməllərində digər cinayətin (mənimsəmə və ya israf etmə) əlamətlərinin mövcudluğu ilə bağlı ona başqa ittihamın irəli sürülməsinə, bununla bağlı xüsusatlar üzrə hüquqi qiymət verilməsinə dair vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2-1 maddəsində qeyd edilmişdir ki, bu məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı: Zərərçəkmiş-hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 və onun nümayəndəsi vəkil Nümayəndə2 vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs1 və digərlərinə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs1 və digərlərinə qarşı başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Səbail rayon prokuroruna göndərilsin. xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Səbail rayonu, Buruq küçəsi, ev Ö/T 34B-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 30 (otuz) gün uzadılsın.
Məhkəmə qərarları › İş №1(101)-985/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-985/2021
26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver