Məhkəmə qərarları › İş №1(101)-986/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-986/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-986/2021 21.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olan, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 2010 və 2011-ci il təvəllüdlü iki uşağı olan, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Soltanov küçəsi, ev 7 də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşyanı tətbiq etməklə, hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın edib quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 22 yanvar 2021-ci il tarixdə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Saipa” markalı “Saina EX Minik” modelli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin kimi əyləşərək saat 05:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 45 nömrəli binanın qarşısına çatdıqda orada üzərində gəzdirdiyi, kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağını silah qismində istifadə edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edib avtomobilinin ön panelində olan əlcək bölməsindən (bardaçokdan) sonuncuya məxsus 58 manat nağd pulu götürüb ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Sadəcə o, ayıq sürücü kimi işlədiyi üçün gecələr şəhərdə olmaqla müştəri zəngini gözləyir. 21 yanvar 2021-ci il tarixdə “Ruslan” marketdə özünə ərzaq malları alıb, aldığı ərzağın bir sellofan sumkasını orada unutmuşdur. Odur ki, 22 yanvar 2021-ci il tarixdə gecə vaxtı sat 3-4 radələrində tanışı Rəvana bu barədə demiş və onunla birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., “Lotos” Ticarət Mərkəzinin qarşısında Zərərçəkmiş şəxs idarə etdiyi “Saipa” markalı taksi avtomobilinə oturaraq sürücüyə onları “Ruslan” marketin qarşısına aparmağı demişlər. “Ruslan” marketin yanında maşından düşərək yaddan çıxardığı ərzaq sumkasını marketdən götürüb maşina qayıdaraq Zərərçəkmiş şəxs onları “Oskar” şadlıq sarayının yanına aparmağı xahiş etmişdir. Maşında o, sürücünün yanında, Rəvan isə arxa oturacaqda oturmuşdur. Ora çatdıqda, Rəvanın tanımadığı dostu da gəlib avtomobilin arxa oturacağına oturmuş, bundan sonra o, Elşəndən xahiş etmişdir ki, onları yaxınlıqdakı “Kapitalbankın” binasının yanına aparsın. Orada maşından çıxıb Rəvanın dostu pul terminaldan 20 manat pul çıxarıb Rəvana verib çıxıb getmiş, Rəvanla o isə yenə taksiyə minib Elşəndən Q.Qarayev istiqamətinə getməyi xahiş etmişlər. Orada yolda dayanıb o, sürücüdən 20 qəpik alıb gedib küçə telefonu ilə danışmış, qayıdıb yenə “Oskar” tərəfə getməli olduğunu sürücüyə bildirmişdir. Elşən onları Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 45 nömrəli binanın qarşısına gətirmiş, orada hər ikisi maşından çıxmış, sonra Rəvan həmin binada zirzəmidə yaşadığı evə getmişdir. Artıq saat 05:10 radələri olardı, bundan sonra o, taksiyə oturmamış, taksiyə ödəmək üçün pulu olmadığından oradan uzaqlaşmışdır. Yəqin ki, bu səbəbə görə Zərərçəkmiş şəxs polisə şikayət edərək yalandan onun bıçaq tətbiq etməklə bardaçokdan 58 manat pul götürdüyünü bildirmişdir. Halbuki, o, Elşənə ödəniş məbləği olaraq cəmi 4 manat pul verməli idi. Səhv iş görmüşdür, gərək Elşənə öz telefon nömrəsini verib pulunu sonra ödəyəcəyini deyərdi. Özünü buna görə günahkar sayır, başqa hərəkət etməmişdir. Təxminən 2 gün sonra onu və Rəvanı Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları saxlayıb şöbəyə aparmışlar, orada onun üzərindən qatlanan bıçaq aşkar edilərək götürülmüş, həmçinin şöbəyə gələn taksi sürücüsü Zərərçəkmiş şəxs onları görüb tanımış və demişdir ki, o, bıçaqla ona quldurluq basqını edib onun 58 manat pulunu ələ keçirmişdir. O isə həmin zaman bunu etmədiyini demişdir. Onun günahı yalnız ondan ibarətdir ki, taksinin pulunu ödəmədən oradan çıxıb getmişdir. Üzərində olan Nizami RPİ-nin 24-cü PŞ-də könüllü təqdim etdiyi qatlanan bıçaq ona məxsusdur və onu məişətdə istifadə etmək üçün üstündə saxlamış, həmin bıçağın hadisəyə heç bir aidiyyatı yoxdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, məhkəmədə verdiyi ifadəsinin həqiqi ifadə kimi qəbul etməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, icarəyə götürdüyü “Saipa” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, 22 yanvar 2021-ci il tarixdə saat 04:05 radələrində o, Nizami rayonu, Q.Qarayev pr., “Lotos” Ticarət Mərkəzinin qarşısında maşınla duran vaxt hal-hazırda məhkəmə zalında gördüyü Təqsirləndirilən şəxs bir nəfər şəxslə avtomobilə oturaraq “Ruslan” marketin qarşısına aparmağı demişlər. “Ruslan” marketin yanında saxlamış, Vüqarın yanındakı oğlan düşərək marketə getmiş və oradan əlində paketlə qayıdıb maşina minmiş, bundan sonra Vüqar onları “Oskar” şadlıq sarayının yanına aparmağı demişdir. Orada Vüqarın daha bir tanışı maşına minmişdir. Bundan sonra həmin şəxslər onu yaxınlıqdakı “Kapitalbankın” binasına tərəf sürdürmüşlər, orada Vüqargil çıxıb terminala yaxınlaşmışlar, sonra axırda minmiş şəxs orada qalmış, Vüqarla əvvəldən birlikdə maşina minmiş şəxs isə maşina minmişlər. Vüqar qabaq oturacaqda, onun tanışı isə arxa oturacaqda əyləşmişlər. Artıq istintaq zamanı bilmişdir ki, Vüqarın tanışını adı Rəvan idi. Bu dəfə o, onları Bakı şəhəri, ünvan 1 ünvana gətirmiş, orada Rəvan sağollaşıb çıxıb evinə getmişdir. Maşında qalan Vüqar gözləmədiyi halda əlində olan nazik tiyəsi olan, orta ölçülü qatlanan tipli bıçaqla onu hədələyərək demişdir ki, “üstündə nəyin varsa, ver”. O, Vüqara demişdir ki, taksi sürücüsündə nə ola bilər ki, heç nəyi yoxdur. Bu zaman Vüqar ona demişdir ki, “tərpənmə, bıçağı soxaram sənə”. O, qorxaraq hərəkət etməmiş, Vüqar isə özbaşına avtomobilin bardaçokundan ona məxsus 58 manat pulunu götürərək avtomobildən çıxıb getmişdir. Bundan təxminən 10 dəqiqə sonra o, özünə gəldikdən sonra DİN-nin “102 Xidmətinə” zəng edib hadisə barədə məlumat vermişdir. Vüqarla olan digər şəxslər də taksi pulunu verməmişlər. Halbuki o, xeyli vaxt onların xidmətində olmuşdur. Vüqara qarşı heç bir tələbi yoxdur, onu iki uşağına görə bağışlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş və təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 22 yanvar 2021-ci il tarixdə taksi sürücüsü Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinə” məlumat verərək və Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə yazaraq bildirmişdir ki, həmin tarixdə taksi fəaliyyəti ilə məşğul olarkən naməlum şəxs sərnişin kimi onun idarə etdiyi “Saipa” markalı “Saina EX Minik” modelli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək saat 05:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 45 nömrəli binanın qarşısına çatandan sonra orada bıçağı silah qismində istifadə edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın tətbiq edəcəyi hədəsi ilə bağlı ona basqın edərək avtomobilinin panelində olan əlcək bölməsindən (bardaçokdan) sonuncunun 58 manat pulunu ələ keçirib quldurluq edərək hadisə yerindən qaçmışdır. Həmin cinayətin açılması məqsədi ilə Elşənin axırıncı sərnişini düşürdüyü Çobanzadə küçəsi, 45 nömrəli binanın sakinləri ilə sorğu- sual edərək tüfeyli həyat tərzi keçirən Şahid4 müəyyən etmişlər. Sonuncu həmin ərazidəki binaların zirzəmilərində gecələyirmiş. Rəvanın vasitəsi ilə isə Təqsirləndirilən şəxs yerini müəyyən edib saxlayaraq istintaqa təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş və təqsirləndirilən şəxsləri hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 22 yanvar 2021-ci il tarixdə taksi sürücüsü Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin “102 Xidmətinə” məlumat verərək və Nizami RPİ-nin 24-cü PŞ-nə ərizə yazaraq bildirmişdir ki, həmin tarixdə taksi fəaliyyəti ilə məşğul olarkən naməlum şəxs sərnişin kimi onun idarə etdiyi “Saipa” markalı “Saina EX Minik” modelli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək saat 05:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 45 nömrəli binanın qarşısına çatandan sonra orada bıçağı silah qismində istifadə edərək onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılığın tətbiq edəcəyi hədəsi ilə bağlı ona basqın edərək avtomobilinin bardaçokundan sonuncunun 58 manat pulunu ələ keçirib quldurluq edərək hadisə yerindən qaçmışdır. Həmin cinayətin açılması məqsədi ilə həmkarı Şahid2la birlikdə araşdırma apararaq Elşənin axırıncı sərnişini düşürdüyü Çobanzadə küçəsi, 45 nömrəli binanın sakinləri ilə sorğu- sual edərək tüfeyli həyat tərzi keçirən Şahid4 müəyyən etmişlər. Sonuncu həmin ərazidəki binaların zirzəmilərində gecələyirmiş. Rəvanın vasitəsi ilə isə Təqsirləndirilən şəxs yerini müəyyən edib saxlayaraq istintaqa təhvil vermişlər. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Bakıda təsadüf yerlərdə qalır, mobil telefondan istifadə etmir, Təqsirləndirilən şəxs onun tanışıdır və onunla yaxşı münasibəti vardır. 22 yanvar 2021ci il tarixdə gecə vaxtı onlar birlikdə olarkən Təqsirləndirilən şəxs ona demişdir ki, 21 yanvar 2021-ci il tarixdə “Ruslan” marketdə özünə ərzaq malları alıb və onun bir qismini orada unutmuşdur, gedib onu oradan götürmək olar, çünki ərzağı saxlama kamerasında saxlayıb. Vüqar bunu yalnız 22 yanvar 2021-ci il tarixdə gecə vaxtı xatırlamış və həmin vaxt ona demişdir. O, da Vüqara demişdir ki, gedib onları götürsünlər, “Ruslan” market 24 saat işləyir. 22 yanvar 2021-ci il tarixdə saat 04:05 radələrində onlar Nizami rayonu, Q.Qarayev pr., “Lotos” Ticarət Mərkəzinin qarşısında dayanmış, istintaq zamanı ona anket məlumatları məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi “Saipa” markalı “Saina EX Minik” modelli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturmuşlar və sürücüdən onları “Ruslan” marketin qarşısına aparmağı xahiş etmişlər. Həqiqətən “Ruslan” market gecə işləyirdi, Vüqar avtomobildən düşərək marketə getmişdir və sonra əlindəki paketdə yemək məhsulları gətirərək “Oskar” şadlıq sarayının yanına getməyi sürücüyə demişdir. Çünki orada onu Tural adlı tanışı gözləyirmişdir ki, ona borcu olan 20 manat pulunu versin. Oraya çatdıqda, onun Tural adlı tanışı da gəlib avtomobilin arxa oturacağına oturmuşdur. Tural onun təsadüf tanışı olduğundan onun anket məlumatlarını və mobil telefonunu bilmir. Vüqar avtomobildə qabaq oturacaqda oturmuşdur. Bundan sonra Tural demişdir ki, pulu bankdan çıxartmalıdır və odur ki, onlar yaxınlıqdakı “Kapitalbankın” binasına tərəf getmişlər, orada çıxıb terminala yaxınlaşdıq, Tural terminaldan 20 manat çıxarıb ona vermiş və həmin yerdə qalmışdır, Vüqar isə qabaq oturacağda oturmuş, o, isə arxada oturmuş, sürücüdən Q.Qarayev istiqamətinə getməyi xahiş etmişlər, orada yolda avtomobili saxlatdırıb Vüqar sürücüdən 20 qəpik alıb gedib küçə telefonu ilə danışmışdır, qayıdıb yenə “Oskar” tərəfə getməli olduqlarını sürücüyə bildirmişdir. Onlar taksini Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 45 nömrəli binanın qarşısına sürdürmüşlər. Saat 05:10 radələri olardı. Orada onlar Vüqarla ikisi də taksidən düşüb söhbət etmişlər, Vüqarın marketdən götürdüyü ərzaqı bölüşdürmüşlər, sonra o, sağollaşıb çıxıb qaldığı yerə, yəni həmin binanın zirzəmisində gecələyəcəyi yerə tərəf getmişdir. Vüqar isə avtomobilin yanında qalmışdır. Bundan sonra o, binaya yaxınlaşanda dönüb baxdı ki, Vüqar haraya gedib, görmüşdür ki, o, taksinin qabaq oturacağına oturur. Sonra o, binanın zirzəmisinə getmişdir və baş vermiş hadisədən xəbəri olmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır və 2020-ci ilin yazından “Saipa” markalı “Sannu” modelli **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobili lizinqlə öz adına alaraq birlikdə növbə üzrə bu avtomobillə taksi fəaliyyəti ilə məşğul olurlar. 22 yanvar 2021-ci il tarixdə gecə Elşən həmin avtomobili idarə etmişdir. Həmin gün səhər Elşən ona zəng edib bildirmişdir ki, ona quldurluq basqını edilmiş və taksidə olan 58 manat pulu ələ keçirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi qulduruluq əməlində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs Bakı şəhəri Nizami RPİnin 24-cü PB-nin rəisinə ünvanladığı 22.01.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 22 yanvar 2021-ci il tarixdə saat 05:10 radələrində taksi maşınına sərnişin qismində minmiş şəxs onu bıçaqla hədələyərək avtomobilin saxlanc yerində olan 58 manat pulunu götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 22 yanvar 2021-ci il tarixli protokolla müəyyən olunur ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 45 nömrəli binanın qarşısında baş vermiş, baxışda iştirak etmişZərərçəkmiş şəxs ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdim edilmiş əşyaların götürülməsi haqqında” 25 yanvar 2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs könüllü olaraq bir ədəd qatlanan tipli, uzunluğu 175 mm, tiyəsinin uzunluğu 80 mm və eni 08 mm, dəstəyinin uzunluğu 95 mm və eni 9,5 olan bıçaq, qara rəngli dəri materialından olan, içərisində cibləri olan pul kisəsi, onun içində olmuş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi, nəqliyyatda istifadə edilən “Bakı Kartı” və 4x3 sm ölçülü özünün fotoşəkilini təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 25.01.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş üç ədəd bıçaqların sırasından Təqsirləndirilən şəxs ona qarşı törətdiyi basqın zamanı istifadə etdiyi bıçağı tanımışdır. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 25.01.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.5-ci maddəsi ilə cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Nizami rayon məhkəməsinin 27.01.2021-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25.01.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “ifadənin yerində yoxlanılması haqqında” 02.02.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Zərərçəkmiş şəxs 22 yanvar 2021-ci il tarixdə saat 05:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 45 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs tərəfindən üzərində gəzdirdiyi bıçaqdan istifadə edərək ona basqını etdiyi yeri əyani şəkildə göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış “tibbi müayinənin keçirilməsi haqqında” 26 yanvar 2021-ci il tarixli, 523 saylı aktdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisidir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 fevral 2021-ci il tarixli, 315 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləti aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ballistik, trasololji, odlu silah və döyüş sürsatlarının, qaz, pnevmatik və soyuq silahların tədqiqi sahəsində ekspertizasının 01 mart 2021-ci il tarixli, 3/281 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlini törədərkən istifadə edilmiş bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin 1197 saylı, 16.02.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış X3 19/51-3078 saylı, 16.03.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmamış və qeydiyyatda yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 25.03.2021-ci il tarixli qərardan müəyyən olunur ki, işi üzrə maddi sübut kimi tanınmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağı saxlanılması üçün Nizami RPİ-nin MSK-na təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhdətnamələrin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs ğlunun himayəsində 2010 və 2011-ci il təvəllüdlü iki uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara, işin obyektiv hallarına qiymət verməklə və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi bıçaqla hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməsinə görə ibtidai araşdırma orqanı onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə düzgün olaraq tövsif etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 7-ci bəndinə əsasən quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından başa çatmış sayılır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin silah qismində istifadə etdiyi bıçağı tətbiq edib zərərçəkmiş şəxsdən pulu tələb etdiyi andan quldurluq cinayəti başa çatmışdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2010 və 2011-ci il təvəllüdlü uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini onun tutulduğu 25.01.2021-ci il tarixdən hesablamalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin MSK-na təhvil verilmiş bıçaq məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhər 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 354, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli “25” yanvar 2021-ci il tarixdən hesab edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama kamerasına təhvil verilmiş bıçaq məhv edilsin. İş üzrə ekspertiza xərcləri olan 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankındakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, M/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının hesabına 240 AZN (iki yüz qırx manat) məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar