Məhkəmə qərarları › İş №1(101)-986/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-986/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-986/2024 25.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11 : 00 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Digah kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən mənbədən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 2.406 qram, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı əsasında 29 iyul 2023-cü il tarixdə saat 00:10-da Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi dairəsi yaxınlığında saxlanılıb Baki şəhəri, ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofon bükümdə, külli miqdarda, təmiz çəkisi 2.406 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, tikintidə fəhlə işləmiş, “Dvatsata” deyilən ərazidə yaşamış və NZS qəsəbəsində, Pivə zavodunun yaxınlığında işləmişdir. Ona bir dəfə zəng gəlmiş və əvvəl işlədiyi iş yerində qalan pulunu gəlib götürməyini bildirmişlər. Həmin iş yeri Zığ şosesində, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında yerləşmişdir. O, 27 iyul 2023-cü il tarixdə Hövsan qəsəbəsinə gedən taksilərin birinə əyləşmişdir. Yolda taksi sürücüsü maşının xarab olduğunu bildirərək maşını yol kənarında saxlamış və maşının nasazlığını təmir etməyə başlamışdır. O, daha sonra ona maşını təmir etmək üçün tanış avtomobil ustasını tövsiyə edə biləcəyini də bildirmişdir. O, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaxınlığında yerləşən döngədə artıq maşından düşməli olmuş, lakin taksi sürücüsü döngəni ötüb keçmiş, o isə ona səhv yolla getdiyini bildirmişdir. Elə bu anda 5-6 nəfər mülki formalı tanımadığı şəxslər maşına daxil olub “hanı? hanı?” deməyə başlamışlar. O, həmin şəxsləri başa düşməyərək “nə haradadır?” demişdir. Həmin şəxslər onu maşından düşürüb polis bölməsinə gətirmiş, orada da ona eyni sualları verməyə davam etmişlər. O, narkotik maddələr ilə heç bir zaman əlaqəsi olmadığını bildirsə də, onlar ona əhəmiyyət verməmişlər. Daha sonra döyülmüş və həmin gecə müvəqqəti saxlama kamerasında qalmışdır. Səhəri gün onu 2-ci mərtəbəyə aparmışlar, onu tez bir zamanda buraxacaqlarını bildirsələr də, buraxmamışlar. Daha sonra polis əməkdaşları ona videoçəkiliş aparılacağını bildirmiş və onların dedikləri formada danışmasını tapşırmışlar. Videoçəkilişdə onun yanına 2 nəfər polis əməkdaşı yerləşdirilmiş, həmçinin mülki formalı bir şəxs gəlmiş və onun müdafiəçisi olduğu bildirilmişdir. Videoçəkilişdən sonra onu müvəqqəti saxlama təcridxanasına aparmışlar. Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərdi ki, 27 iyul 2023-cü ildə, axşam saatlarında saxlanılmışdır. Onu saxlayan polis əməkdaşlarını tanımamışdır. Onu 27 iyul 2023cü ildə, axşam saatlarında saxlamışlar. Səhəri günü, yəni 28 iyul 2023-cü ildə, günorta saatlarında onu müvəqqəti saxlama yerinə aparmışlar. Bir gün yarım orada qalmış, 30 iyul 2023-cü ildə qətimkan tədbiri təyin etmək üçün onu məhkəməyə aparmışlar. Məhkəmədə ona heç bir sual verilməmişdir. Polis əməkdaşları onu döyən zaman döyülməyinə yerində etiraz etməmişdir. Polislər onun ayağına təpiklə vurmuşlar. Onu istintaq təcridxanasına gətirdikdə bədənində xəsarət olmamışdır. O, tibb məntəqəsində olarkən ayağındakı problemi görmüşdür. Ona bildirmişlər ki, nə deyirlərsə, ifadəsində onu desin. O, ibtidai istintaq zamanı sənədlərə imza etməmişdir. O, videoçəkilişdə nə tapşırılmışdırsa, o formada danışmışdır. O, videoçəkilişdə narkotik maddəni tanımadığı şəxsdən aldığını və narkotik maddənin şalvarının sol cibində olduğunu bildirmişdir. Polis əməkdaşları onu saxladıqda özlərini təqdim etməmişlər. Onu saxlayan polis əməkdaşları onu idarəyə təhvil verib getmişlər. Saxlanılan zaman polis əməkdaşları onun üzərinə baxış keçirməmişlər. Onu polis idarəsinə əvvəlcədən mindiyi taksidə də aparmışlar. İdarəyə çatdıqdan sonra taksi sürücüsünü yola salmışlar. Saxlanılan zaman üzərində “Samsung” markalı, “A13” modelli telefon olmuşdur. Həmin telefonun üzərində “**********” mobil nömrəsini istifadə etmişdir. Saxlanılan zaman mobil telefon və mobil nömrə üzərində olmuşdur. Polis əməkdaşları onu saxlayan kimi telefonunu özləri götürmüşlər. Ona yolda iş yoldaşı zəng etmiş, onunla danışmaq üçün polislər telefonunu qaytarmış, danışıb qurtardıqdan sonra yenidən telefonunu əlindən almışlar. Polis idarəsində onu vurmuşlar. Xeyr, videoçəkilişi aparanlar və onu döyənlər ayrı-ayrı polis əməkdaşları olmuşdur. Onun ayağı zərbələrdən şişmişdir. O, müdafiəçisini ilk dəfə videoçəkiliş aparılan zaman, daha sonra müvəqqəti saxlanma yerində görmüşdür. Saxlanılan zaman müdafiəçini görməmiş, ümumiyyətlə müdafiəçi ona hüquqi yardım göstərməmişdir. O, qətimkan tədbiri ilə bağlı məhkəmədən əvvəl nə müstəntiqi, nə də müdafiəçini görməmişdir. Məhkəmədə müdafiəçi iştirak etmişdir. Onun məhkəməsi bazar günü baş tutmuş və hakimin mülki işlərə baxan bir hakim olduğunu bildirmişlər. Hakim sadəcə işə baxıldığını elan edib, müşavirəyə getmiş və qısa müddətdə ona 3 ay həbs qətimkan tədbirinin tətbiq edildiyini elan edərək iclası başa vurmuşdur. Onu 30 iyul 2023-cü ildə Bakı İstintaq Təcridxanasına aparmışlar. O, cinayət işi materiallarına imza etməmişdir. Çünki, üzərindən heç bir narkotik maddə tapılmamışdır. O, latın qrafikası ilə yazıb-oxuya bilmədiyi üçün cinayət işi materialları ilə tanış olmamışdır. O, narkomaniya xəstəliyindən əziyyət çəkmir. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 iyul 2023-cü ildə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu barədə bölmə rəisinə məlumat vermiş, Şahid2 və ondan ibarət tərkibdə əməliyyat qrupu təşkil olunmuşdur. Onlar Təqsirləndirilən şəxs Xətai rayonu, Zığ şosesi dairəsi ətrafında saxlayaraq 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onlar şübhəli şəxsi əvvəlcə baş təhqiqatçıya təhvil vermiş, ona hüquq və vəzifələri izah olunmuş, daha sonra müdafiəçi ilə təmin olunaraq onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya yaxud predmet varsa, onu təqdim etməsini bildirmişlər. O, bu zaman üzərindən bir bükümdə, çəkisi 2,66 qram olan narkotik maddə “heroin”i onlara təqdim etmişdir. Aşkar olunan narkotik maddə qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş, protokollaşdırılmış və tədqiq olunması üçün ekspertizaya göndərilmişdir. Onlar Nəsibin yerini əməliyyat məlumatı əsasında müəyyən etmişlər. Onlar Nəsibi saxlayarkən yaxınlıqda başqa bir şəxs də olmuş, həmin şəxs də saxlanılmış, lakin həmin şəxsi saxlayan başqa əməliyyat qrupu olduğundan şəxsin anket məlumatları və sonrakı aqibəti ona məlum olmamışdır. Digər şübhəli şəxsin sonradan tutulub-tutulmadığını bilməmişdir. Onlar Təqsirləndirilən şəxs zahiri əlamətlərinə əsasən axtardıqları şəxs olduğu qənaətinə gəlmişlər. Təqsirləndirilən şəxs və digər şübhəli şəxs bir-birindən aralıda dayanan, bir-biri ilə əlaqəsi olmayan şəxslər olmuşdur. Nəsib onu saxlayan zaman yol kənarında dayanmışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkətlərində iştirak etmişdir. Onu istintaq hərəkətində iştirak etməyə baş təhqiqatçı İlahi Heydərov dəvət etmişdir. O, şəxsi axtarışda şahid qismində iştirak etmişdir. Videoçəkilişi aparan şəxs idarənin kriminalisti olmuş, lakin onun kim olduğunu hadisənin üzərindən kifayət qədər uzun vaxt keçdiyi üçün xatırlamamışdır. Onun həmin zaman ***-***-**-** nömrəli mobil telefon istifadəsində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, yay aylarında Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat müvəkkili Şahid1 ilə birlikdə bir gün sonra əməliyyat tədbiri həyata keçirmişlər. 29 iyul tarixində zahiri əlamətlərinə əsasən Təqsirləndirilən şəxs Zığ şosesi dairəsi ətrafında saxlayaraq 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı İlahi Heydərovun iştirakı ilə onun üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Bu zaman onun üzərindən, şalvarının sol cibindən bir bükümdə, çəkisi 2,66 qram olan narkotik maddə “heroin” aşkar olunmuşdur. Aşkar olunan narkotik maddə qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənmiş, protokollaşdırılmış və tədqiq olunması üçün ekspertizaya göndərilmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuşdur. Əməliyyatda yalnız ikisi iştirak etmişdir. Təxminən gecə saat 12-1 radələrində Nəsib saxlanılmışdır. Onlar yaxınlaşdıqda Nəsib yolun kənarında, piyada dayanmışdır. Onu şəxsi axtarışda iştirak etmək üçün təhqiqatçı dəvət etmişdir. İstintaq hərəkətində şahid qismində iştirak etmişdir. Videoçəkiliş aparan Xətai rayon 35-ci polis bölməsinin kriminalisti olmuşdur. Lakin tam olaraq kim olduğunu hazırda xatırlamır. Əməliyyat zamanı üzərində mobil telefon olmamış, ***-***-**-** mobil nömrəsini istifadə edir. İstifadəsində başqa mobil nömrə olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin növbətçi-köməkçisi Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə daha əvvəllər hər hansı tanışlığı olmamışdır. Onu 35-ci Polis Bölməsində videoçəkiliş zamanı tanımışdır. Hadisə barədə digər xüsusatlar ilə əlaqədar hər hansı məlumatı yoxdur. Videoçəkiliş 35-ci Polis bölməsində aparılmışdır. 35-ci Polis bölməsi General Şıxlinski küçəsi, 49 ünvanında yerləşir. Videoçəkilişin nə zaman keçirildiyini hazırda xatırlamır. Videoçəkiliş mobil telefon vasitəsilə aparılmışdır. Telefon ona məxsus olmamış, əməkdaşlardan birinin telefonu olmuşdur. Telefonun hansı polis əməkdaşına məxsus olduğunu xatırlamır. Videoçəkiliş bitdikdən sonra öz işinə geri qayıtmışdır. Videoçəkilişin aparılması barədə protokola imza etmişdir. Təxminən 3-4 sənədi imzalamışdır. Videoçəkiliş bitdikdən sonra telefonu təhqiqatçıya vermişdir. Videoçəkilişdən dərhal sonra telefonu qaytarmışdır. Günün hansı vaxtı çəkiliş aparıldığını xatırlamır. Həmin vaxt işdə olmuşdur. Videoçəkiliş aparılan zaman mobil telefonu üzərində olmuşdur. ***-***-**-** nömrəsindən istifadə etmişdir. Şahid2 və Şahid1 tanıyır. Lakin, həmin zaman Şahid2 və Şahid1 orada olubolmadıqlarını xatırlamır. Təhqiqatçı isə İlahi Heydərov olmuşdur. Videoçəkiliş yalnız onun tərəfindən aparılmış, o, kriminalist deyil. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2023-cü tarixli 3-16- 16/2-6/4072 saylı rəyindən görünür ki; Tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 154»-li dairəvi möhür əksi «Təqsirləndirilən şəxs üzərindən aşkar olunan..» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 2,406 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. (iş vərəqə: 41-45) İş materiallarında olan ambulator X1 09 sentyabr 2023-cü il tarixli, 5804 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 114-115) İş materiallarında olan 29 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bağlanmış bükümü könüllü olaraq çıxarıb təqdim edərək həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını və həmin bükümü 28 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Babək prospektində yerləşən «Aysun» şadlıq sarayının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 25 manat məbləğində pula aldığını bildirmişdir. (iş vərəqə: 31-33) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanası X6 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. (iş vərəqə 102) Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmişdir. Həmçinin, həbsdə olduğu müddətdə xx.xx.2023-cü il tarixdə istintaqın gedişinə etiraz edərək, hər iki saidin ön səthini bir neçə yerdən kəsərək özünə xəsarət yetirmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi xüsusatı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC-dən daxil olmuş anten dairəsi məlumatlarından görünür ki, ********** nömrəsinin anten dairəsi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə, saat 23:16:51 radələrində Bakı şəhəri, Nobel prospekti 56 ünvanında qeydə alınmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan, ona əlavə edilmiş “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” və “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı”nın çıxarışlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 00:29-da 35-ci Polis Bölməsinə gətirilmişdir. Həmçinin, polis orqanına könüllü gələn şəxslərin qeydiyyatı aparılmadığından vəkil X2 giriş-çıxış saatları barədə məlumatın verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2023-cü tarixli 3-16- 16/2-6/4072 saylı rəyi, ambulator X1 09 sentyabr 2023-cü il tarixli, 5804 saylı rəyi, «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2023-cü il tarixli protokol, eləcə də, digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cinayət işinin materialları tanış olan zaman özünü təqsirli bilmədiyini qeyd etsə də, xx.xx.2023-cü il tarixli şübhəli şəxs qismində, xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, 28 iyul 2023-cü il tarixdə narkotik vasitə heroin almaq üçün Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Aysun” şadlıq sarayının yaxınlığında tək olan zaman üzdən tanıdığı, lakin anket məlumatlarını və istifadə etdiyi mobil nömrəni bilmədiyi şəxsdən 25 manata öz istifadəsi üçün bir ədəd sellofan kəsiyində olan bükümdə narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitə heroini əynində olan qara rəngli idman şalvarının sol yan cibinə qoymuşdur ki, lazım olanda istifadə etsin. 29 iyul 2023-cü il tarixdə saat 00:00 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Naxçıvanski” adlanan yerin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra ona əllərini ciblərinə salmağa imkan verməyərək Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil təqdim edilmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarışdan öncə isə polis əməkdaşı tərəfindən ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və maddələr olduğu halda onları təqdim etmək təklif olunmuşdur. O da əynində olan qara rəngli idman şalvarının sol yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bir ədəd sellofan kəsiyində olan bükümü cibindən çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümü açıb içərisinə baxmışdır. Sorğu zamanı polis əməkdaşına həmin bükümün içərisində olan kütlənin narkotik vasitə adlanan “kakos”, yəni heroin olduğunu bildirmişdir. Sonra polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin üzərindən heç nə aşkar olunmamışdır. O, həmin narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, Babək prospektində üzdən tanıdığı, “Cinbala” ləqəbli şəxsdən öz istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Polis əməkdaşı bir ədəd bükümü elektron tərəzidə çəkdikdən sonra onu bir ədəd zərfdə qablaşdırmış, o və digər iştirakçılar da zərfin üzərinə imza etmişlər. Sonra üzərinə şəxsi axtarış və götürmə keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar protokola imza etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli izahatında narkotik vasitəni xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində Babək prospektində “Aysun” şadlıq sarayının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən almışdır. "xxxx" MMC-dən daxil olmuş anten dairəsi məlumatlarına əsasən, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinin anten dairəsinin də xx.xx.2023-cü il tarixdə saat 21:21:50 radələrindən saat 22:32:44 radələrinədək məhz Babək prospekti istiqamətində qeydə alınması, izahatda qeyd edilmiş xüsusatı təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 2,406 qram təşkil edən narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 96) Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3 olmaqla bir azyaşlı uşağı vardır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşirən hal kimi nəzərə alır, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 20; 76-79) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X8 Ambulator X1 09 sentyabr 2023-cü il tarixli, 5804 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda təmiz çəkisi 2,406 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,356 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş Müdafiəçi1 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 29 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,356 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş, sonradan təqsirləndirilən şəxsin digər müdafiəçi ilə müqavilə bağlaması səbəbindən cinayət prosesində iştirakına xitam verilmiş Müdafiəçi1 təqsirləndirilən şəxsə göstərilmiş 5 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 30 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar