Məhkəmə qərarları › İş №1(101)-986/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-986/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-986/2025 27.02.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 və X3 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı Şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 8,328 qram psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. xx.xx.2024-cü ildə saat 20:25-də ünvan 2 ünvanının qarşısında olarkən özünü şübhəli apardığından Sabunçu RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PŞ-nə gətirilmişdir. Orada üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən 05 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,663 qram, 1,674 qram, 1,660 qram, 1,700 qram, 1,631 qram, ümumi təmiz çəkisi 8,328 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 3 il müddətdir ki, narkotik vasitə olan marixuana və son bir il müddətdir ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. Narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini Rza adlı İİR-ın vətəndaşından əldə etmiş və sonuncu ilə whatsapp tətbiqi vasitəsilə əlaqə saxlamışdır. O, Rzanın bildirdiyi kart hesabına pulu göndərdikdən sonra sonuncu narkotik vasitələri müxtəlif yerlərə qoyaraq həmin ünvanların şəklini çəkib ona göndərmiş və o da həmin ünvanlardan narkotik vasitələri götürüb istifadə etmişdir. Təxminən 7-8 ay əvvəl whatsapp tətbiqində bir nəfər özünü İİR-ın vətəndaşı kimi təqdim edən Leyla adlı şəxslə tanış olmuş və həmin şəxsdən bir neçə dəfə narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin əldə etmişdir. O, ödənişi Leylanın kart hesabına göndərdikdən sonra sonuncu psixotrop maddələri yerləşdirdiyi ünvanların şəkillərini ona göndərmiş və o da həmin ünvanlardan psixotrop maddələləri götürərək istifadə etmişdir. xx.xx.2024-cü ildə saat təxminən 15:00 radələrində Leyla ilə whatsapp tətbiqində mesajlaşlaşarkən sonuncudan 10 qram psixotrop maddə olan metamfetamin istəmişdir. Sonuncu buna görə ondan 430 manat məbləğində pul istəmiş və o da 430 manat məbləğində pulu M10 tətbiqi vasitəsilə Leylanın kart hesabına göndərmişdir. xx.xx.2024-cü ildə saat təxminən 16:30 radələrində sonuncu ona mesaj yazaraq psixotrop maddə olan metamfetamini ünvan 4 ünvanın şəklini onun telefonuna göndərmişdir. Saat 20:00 radələrində psixotrop maddə olan metamfetamini götürmək üçün Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi ünvanına getmiş və oradan götürərək şalvarının cibinə qoymuş və dərhal mobil telefonunda olan fotoşəkili silmişdir. Oradan bir qədər uzaqlaşdığı vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ondan anket məlumatlarını soruşmuşlar. Bu zaman o, polis əməkdaşlarından yayınaraq qaçmaq istəmiş, lakin polis əməkdaşları ondan şübhələnib saxlayaraq 13-cü PŞ-nə dəvət etmişlər. Şöbədə olarkən ona narkotik vasitə və ya psixotrop maddələri üzərində gəzdirməkdə şübhəli olduğu bildirilmiş, dövlət hesabına müdafiəçi təyin edilmiş və hüquq vəzifələri izah edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl müdafiəçinin iştirakı olmadan keçirilməsi barədə ərizə təqdim etmiş və vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan edilmiş əşyaları təqdim etmək təklif edildikdən sonra əynindəki şalvarın cibindən içərisində psixotrop maddə metamfetamin olan 05 ədəd sellofan bükümü, bir ədəd Redmi markalı mobil telefonu və bir ədəd alışqanı çıxardıb masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümlərin içərisindəki psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün İİR-ın vətəndaşından Bakıxanov qəsəbəsindən aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 05 ədəd sellofan büküm ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, hər bir iştirakçı tərəfindən üzəri imzalanmış, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanıldığı gündən, yəni xx.xx.2024-cü ildən bugünədək psixotrop maddə olan metamfetamin istifadə etməmişdir. Həmçinin əməlindən peşmandır. Daha sonra əməlindən səmimi peşman olmasını və himayəsində xəstə anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan videogörüntülər və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə saat 20:25də Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ünvan 5 ünvanının qarşısından keçərkən hərəkətdə olan bir nəfər şəxs özünü şübhəli apardığından həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək Sabunçu RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. Həmin şəxs onlardan uzaqlaşmağa çalışmış, onlar isə həmin şəxsə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanı saxlamasından şübhələndiklərini, PŞ-də üzərinə axtarış keçiriləcəyini bildirərək bu səbəbdən onu Sabunçu RPİ-nin 13-cü PŞ-nə dəvət etmişlər. Şöbənin inzibati binasında həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş, sonuncunun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, hüquq və vəzifələri ona izah edilmiş həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Bundan sonra sonuncu ərizə ilə müraciət edərək vəkilinin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini xahiş etmişdir. 13-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə onun və Şahid2 iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa həmin əşyaları təqdim etməsi təklif edilmiş və sonuncu əynindəki şalvarın cibindən içərisində psixotrop maddə metamfetamin olan 05 ədəd sellofan büküm, bir ədəd Redmi markalı mobil telefon və bir ədəd alışqanı çıxardıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu soruşulduqda bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu, şəxsi istifadəsi üçün İİR-sı vətəndaşından Bakıxanov qəsəbəsindən aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Sonuncunu üzərindən aşkar edilmiş bükümlərin hər biri açılmış, içərisində ağ rəngli kristal şəkilli maddə, yəni psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 05 ədəd büküm ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, hər bir iştirakçı tərəfindən üzəri imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əməliyyat məlumatı daxil olmamış sadəcə onlar inzibati ərazidə xidmətdə olarkən sonuncu özünü şübhəli apardığı üçün şöbəyə dəvət edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş də Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən içərisində psixotrop maddə metamfetamin olan 05 ədəd sellofan büküm, bir ədəd Redmi markalı mobil telefon və bir ədəd alışqanı təqdim edərək bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni şəxsi istifadəsi üçün İİR-sı vətəndaşından Bakıxanov qəsəbəsindən əldə etdiyini bildirmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 64-65-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 141-142-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 34-38-ci vərəqələrində olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4664 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazıları olan zərfin içərisində 05 (beş) ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,663 qram, 1,674 qram, 1,660 qram, 1,700 qram və 1,631 qram ümumi təmiz çəkiləri 8,238 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi - 8,328 qram, cəmi tədqiqata sərf edildi - 0,15 qram, qalıq- 8,178 qramdır. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən edilmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxs Ambulator X2 komissiyasının xx.xx.2024-cü il tarixli, 6617 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 72-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış 8,178 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü ildə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videogörüntü xx.xx.2024-cü ildə, saat 22:20-dan 22:40-dək Sabunçu RPİnin 13-cü PŞdə qeydə alınmışdır. X1 iştirakçıları və özünü təqdim edib şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir. Sonuncunun üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşyalar varsa könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli kristal formada maddə olan 05 ədəd şəffaf sellofanı, əynində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 01 ədəd Redmi markalı mobil telefon aparatını və 01 ədəd alışqan çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd şəffaf sellofana bükülmüş maddələrin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni İİR-ın vətəndaşından şəxsi istifadəsi üçün xx.xx.2024cü ildə 430 manat məbləğində pul ödəməklə Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsindən əldə etdiyini bildirir. Aşkar olunmuş 05 (beş) ədəd şəffaf sellofan bükümlər qablaşdırılaraq AR DİN-in “Zərflər üçün 160” saylı möhürü ilə möhürlənərək götürülür və hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət-Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikasının Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikasının CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddədir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetamin kütləsi 0,15 qram təşkil etdikdə - xeyli miqdarından artıq miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunur. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etiraf edici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarışı özündə əks etdirən DVD diskdə olan videogörüntülər, ekspert rəyləri və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayəti törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Sonuncunun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə – üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs gənc və himayəsində xəstə anasının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun ibtidai araşdırma zamanı şübhəli şəxs qismində saxlanıldığı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək, yəni 02 gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli və hökmün icrası Xidmətin Konvoy Toboruna həvalə edilməlidir. Təqsirləndirilən şəxsnın azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx.xx.2025-ci ildən, saat 15:30-dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının CPM-in 158.2-ci maddəsinə əsasən həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6617 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır (i/v 94-95). Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Bundan əlavə Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək, yəni 02 (iki) gün müddət çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 fevral 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,178 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar