Məhkəmə qərarları › İş №1(101)-987/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-987/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-987/2020 01.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Qəribov Fikrət Atlıxan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 2-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətəməlini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə, saat 22:00 radələrində əmisi Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, dalan 3, 8 saylı fərdi yaşayış evinin həyətinin giriş qapısının qarşısına gələrək əmisi Zərərçəkmiş şəxs adına olan, lakin onlara məxsus torpaq sahəsini satmaq istəməsini bildirmişdir. Zərərçəkmiş şəxs torpaq sahəsinin satılmasına razılıq vermədiyindən,onların arasında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə əmisi Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir zərbə endirib sonuncuya sol tərəfli hemornevmatoraks, diafraqmanın və böyük piyliyin yaralanması və X qabırğanın kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının plevra və qarın boşluqlarına nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarət yetirərək Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan sağlamlığına ağırzərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əmisidir. Əvvəllər onun əmisi ilə münasibəti çox yaxşı olmuşdur. Onların arasında heç vaxt ədavət olmamışdır. Təxminən 1 (bir) il əvvəl təhsili ilə əlaqədar o, İran İslam Respublikasına getmiş və Təbriz şəhərində dini təhsil almışdır. O, təhsilini başa vurduqdan sonra Bakı şəhərinə geri qayıtmışdır. O, geri qayıtdıqdan sonra yaşadığı evin 12 sot həyətyanı torpaq sahəsindən 6 sot torpaq sahəsini satıb evi təmir etdirmək və evlənmək istəmişdir. Bu barədə o, əmisi Zərərçəkmiş şəxs bildirdikdə, əmisi onunla razılaşmamışdır. Əmisi həmin torpaq sahəsini satıb onun atasının müalicəsi üçün xərcləyəcəyini bildirmişdir. O, nə qədər çalışsa da, torpaq sahəsini satmaqda əmisini razı sala bilməmişdir. xx xxx 2020-ci il tarixdə təxminən saat 22:00 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən dükana daxil olaraq oradan mətbəx bıçağı almışdır. Onun bıçağı almaqda məqsədi həmin bıçağı əmisinə göstərib torpaq sahəsini satmağa icazə verməsi üçün əmisini qorxutmaq olmuşdur. O, bıçağı aldıqdan sonra əmisinin yaşadığı ünvan 1 ünvanına getmişdir. O, əmisi Sərdarı evdən çölə çağırmışdır. Əmisi Sərdar giriş qapısının qarşısına çıxdıqdan sonra o, yenə əmisindən torpaq sahəsinin 6 sotunu satmağa icazə verməsini xahiş etmişdir. Əmisi isə torpaq sahəsini satmağa icazə verməyəcəyini ona bildirmişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Həmin vaxt o, əmisini qorxutmaq üçün üzərində olan bıçağı çıxarıb əlində saxlamışdır. Lakin əmisi onun əlində bıçağın olmasına əhəmiyyət verməmişdir. O da əmisinin reaksiya vermədiyini görüb daha da əsəbiləşmiş və əmisinin qarın nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. O, əmisinin qarın nahiyəsindən qanın axdığını görüb qorxmuş və yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, əmisi ilə barışmaq üçün dəfələrlə cəhd etməsinə baxmayaraq, əmisinin onunla barışmaq istəmədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onun qardaşının yaşadığı ünvan 2 ünvanında yerləşən həyət evinin 12 sot həyətyanı torpaq sahəsinin 6 sotu onun, qalan 6 sotu isə qardaşı Yaşarın adına olmuşdur. Onun qardaşı oğlu İsrail təxminən 1 il ərzində təhsili ilə əlaqədar İran İslam Respublikasında yaşamışdır. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına qayıtmışdır. 2020-ci ilin mart ayında qardaşı Yaşar xəstə olduğundan müalicə olunması üçün həmin torpaq sahəsini 7500 manata satmaq və həmin pulla müalicə olunmaq istədiyini ona demişdir. O da qardaşı Yaşar ilə razılaşmışdır. Lakin bir neçə gündən sonra Yaşarın səhhəti qəflətən pisləşdiyindən onlar Yaşarı xəstəxanaya yerləşdirmişlər və ona görə də torpağı sata bilməmişlər. İsrail isə torpaq sahəsini satıb yaşadığı evi təmir etmək istədiyini ona bildirmişdir. O isə İsrail ilə razılaşmamış və torpaq sahəsinin yalnız qardaşı Yaşarın müalicəsi üçün satılmağına icazə verəcəyini İsrailə bildirmişdir. xx xxx 2020-ci il tarixdə, saat 22:00 radələrində o, yaşadığı evdə olan zaman həyətdə itin hürdüyünü eşitmiş və ona görə də küçəyə çıxmışdır. O, həyətin giriş qapısını açdıqda, qardaşı oğlu İsrailin qapının qarşısında olduğunu görmüşdür. Bu vaxt İsrail torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. O, İsrailə icazə verməyəcəyini demiş və onların arasında mübahisə yaranmışdır. Bu zaman İsrail ona 1 (bir) dəfə bıçaqla zərbə endirmişdir. İsrail ona zərbə endirdikdən sonra qaçıb getmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını bildirərək ona qanunla müəyyən edilmiş həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qaynı Yaşarın oğludur. Onun qaynı Yaşar və sonuncunun ailə üzvləri ilə münasibətləri həmişə normal olmuşdur. Onların arasında heç bir narazıçılıq olmamışdır. Yaşarın ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən evin 12 sot həyətyanı torpaq sahəsinin 6 sotu onun həyat yoldaşı Zərərçəkmiş şəxs adına olmuşdur. Həmin torpaq sahəsi Yaşara məxsus olsa da, 6 sotu Sərdarın adına sənədləşdirilmişdir. İsrail təxminən 1 il təhsili ilə əlaqədar İran İslam Respublikasında yaşamışdır. 2020-ci ilin mart ayında Yaşar xəstələndiyindən özünə məxsus torpaq sahəsinin Sərdarın adına olan 6 sotunu satmaq istədiyini Sərdara bildirmişdir. Yaşar və Sərdar arasında əldə edilmiş razılığa əsasən Yaşar torpaq sahəsini satmalı imiş və əldə olunacaq pulun bir hissəsi Yaşarın özünə, bir hissəsi isə Sərdara çatmalı imiş. Sərdar həmin pulla Yaşarı müalicə etdirib xəstəxana xərclərini ödəməli imiş. Lakin bir neçə gün sonra Yaşarın səhhəti qəflətən pisləşdiyindən sonuncu xəstəxanaya yerləşdirilmişdir. Bu səbəbdən də Yaşar torpağı sata bilməmişdir. xx xxx 2020-ci il tarixdə, saat 22:00 radələrində onların yaşadıqları ünvan 1 ünvanında olduqları zaman Sərdar həyətdə olan itin hürdüyünü eşitmiş və küçəyə çıxmışdır. Bir qədər keçdikdən sonra o, Sərdarın evə gəldiyini və qarnından qanın axdığını görmüşdür. O, Sərdardan qanın axdığını gördükdə sonuncudan nəyin baş verdiyini soruşmuşdur. Sərdar qapıya gələn şəxsin İsrail olduğunu, aralarında torpaq sahəsinə görə mübahisənin yarandığını və İsrailin bıçaqla Sərdarı vurduğunu ona demişdir. Sərdar bunu ona dedikdən sonra ondan təcili tibbi yardım çağırmasını istəmişdir. Çox keçmədən onun çağırdığı təcili tibbi yardım avtomobili onların yaşadıqları ünvana gəlmiş və Sərdarı Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aparmışdır. Xəstəxanada Sərdar əməliyyat olunmuş və müalicə olunduqdan sonra evə buraxılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli raportdan (cild İ, iş vərəqə 4) görünür ki, X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək atası Zərərçəkmiş şəxs əmisi oğlu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli könüllü təqdim etmə barədə protokoldan (cild İ, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs qırmızı, mavi, ağ rənglərdə dəstəyi olan 1 (bir) ədəd mətbəx bıçağını könüllü olaraq ibtidai istintaq orqanına təqdim etmiş və həmin bıçaqla əmisi Zərərçəkmiş şəxs bıçaqladığını etiraf etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild İ, iş vərəqə 17-18) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsində şübhələr olduğuna görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild İ, iş vərəqə 20-21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild İ, iş vərəqə 35-36) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-137/2020 saylı qərarından (cild İ, iş vərəqə 54-58) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2020-ci il tarixligötürmə haqqında protokoldan (cild İ, iş vərəqə 60-61) görünür ki, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka qablaşdırılmış və maddi sübut kimi götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tələbnaməsindən (cild İ, iş vərəqə 62-63) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 719 nömrəli ekspert rəyindən (cild İ, iş vərəqə 89-91) görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sol tərəfli hemornevmatoraks, diafraqmanın və böyük piyliyin yaralanması və X qabırğanın kəsilməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının plevra və qarın boşluqlarına nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (ola bilsin bıçağın) təsirindən törənmişdir. Törənmə müddəti Zərərçəkmiş şəxs 3 saylı Kliniki Şəhər Xəstəxanasına müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx xxx 2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/737 nömrəli məhkəmə-ballistik ekspertizası rəyindən (cild İ, iş vərəqə 94) görünür ki,tədqiqata təqdim edilmiş 1 (bir)ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində onun təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli arayışdan (cild İ, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs Türkan qəsəbəsi, Gənclər küçəsi, döngə 1, ev 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və onun ailə üzvləri – atası X6, anası Quliyeva Xoşqədəmdən, bacısı X4 ibarətdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli xasiyyətnamədən (cild İ, iş vərəqə 104) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 108-109) görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə mübahisə etdiyi və bıçaqla xəsarət aldığı yeri cinayət hadəsisənin baş verdiyi yerdə, yəni Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, dalan 3, 8 saylı fərdi yaşayış evinin giriş qapısının qarşısında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və Tədris Birliyinin 346-MTKŞ/2020 nömrəli maddi sübutların ekspertizası rəyindən (cild İ, iş vərəqə 121-123) görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynəyin və 1 (bir) ədəd maykanın ön hissəsinin sol-yan nahiyəsində 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmiş və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətin təsirindən törənmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın ön hissəsinin sol-yan nahiyəsində aşkar edilmiş 1 (bir) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sol yarısında olan eyni xarakterli xəsarətlə nisbi olaraq üst-üstə düşür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 538/2020-MTBŞ nömrəli maddi sübutların ekspertizası rəyindən (cild İ, iş vərəqə 125-128) görünür ki,Zərərçəkmiş şəxs təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqəsinin keserosurətinə əsasən onun qan qrupu - O(l), Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu - A (ll)-dir.Ekspertizaya təqdim olunmuş1 (bir)ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus və cinayət hadisəsi baş verən zaman onun əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka üzərində insan qanı aşkar olunmuşdur. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərinə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda «H» antigeni, əksər ləkələrdə, həmçinin alfa, beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri O alfa, beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild İ, iş vərəqə 140-141) görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri, eləcə də törətdiyi cinayətin mexanizmini və üsulunu hadisə yeri olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, dalan 3, 8 saylı fərdi yaşayış evinin giriş qapısının qarşısında əyani şəkildə göstərmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild İ, iş vərəqə 142-146) görünür ki, Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 126.2.4, 221 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 1 (bir) ədəd bıçağın və həmin hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynəyin və 1 (bir) ədəd maykanın maddi sübut kimi tanınması və saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanc kamerasına verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild İ, iş vərəqə 149-150) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi üzrə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X12 Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirməmişlər, irəli sürülmüş ittihamı, ittiham tərəfinin əldə etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş sübutları mübahisələndirməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda, həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsindən ibarətdir. Bu səbəbdən də məhkəmə ittihama daxil olan cinayət əməlinin təhlil edilməsini zəruri hesab edir. Cinayət hüququ nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulmuş cinayət yalnız qəsdən törədilə bilər. Həmin cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına zərər vurulur. Bu cinayətin obyektiv tərəfi bir şəxs tərəfindən başqa şəxsin sağlamlığına ağır zərərin vurulmasından ibarətdir. Obyektiv tərəfə daxil olan əməllər təqsirkarın xarici aləmin mexaniki, fiziki, kimyəvi, bioloji amillərdən istifadə etməklə təsir göstərməsində və ya psixi təsir göstərməsində ifadə oluna bilər. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin dispozisiyası sağlamlığa vurulan ağır zərərin iki növünü nəzərdə tutmuşdur: həyat üçün təhlükəli olan zərər və həyat üçün təhlükəli olmayan, lakin öz nəticəsinə görə ağır hesab edilən zərər. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qohumluq münasibətlərindədirlər (Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əmisidir). Cinayət hadisəsi baş verənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 12 sot həyətyanı torpaq sahəsinin 6 sot torpaq sahəsi ilə əlaqədar onların arasında bir neçə dəfə narazılıq yaranmışdır. Narazılığa səbəb Təqsirləndirilən şəxs həmin 6 sot torpaq sahəsini satmaq istəməsi, Zərərçəkmiş şəxs isə həmin torpaq sahəsini satmaq istəməməsi olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ailə qurmaq məqsədi ilə həmin 6 sot torpaq sahəsini satdırmaq və satışdan hasil olunan pul vəsaiti hesabına yaşadıqları evi təmir etdirmək istəmişdir. Zərərçəkmiş şəxs isə qardaşı Yaşar Quliyevin (Təqsirləndirilən şəxs atası) xəstə olması səbəbindən 6 sot torpaq sahəsinin satışından hasil olunacaq pul vəsaiti hesabına qardaşı Yaşarın müalicəsinə xərcləmək istəmişdir. Torpaq sahəsinin satışından hasil olunacaq pul vəsaitinin kimə çatacağı və nəyə xərclənəcəyi barədə onların arasında razılıq əldə edilmədiyindən, Zərərçəkmiş şəxs 6 sot torpaq sahəsinin satılmasına razılıq verməmişdir. İsral Quliyev bir neçə dəfə əmisi Zərərçəkmiş şəxs müraciət edərək 6 sot torpaq sahəsinin satılmasına dair sonuncunun razılıq verməsini istəsə də, Zərərçəkmiş şəxs torpaq sahəsinin satılmasına razılıq verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs razılığını almaq məqsədi ilə soyuq silah hesab edilməyən mətbəx bıçağı əldə etmək və həmin bıçaqla əmisini qorxudaraq sonuncudan torpaq sahəsinin satılmasına dair razılıq almaq qərarına gəlmişdir. Bu məqsədlə o, mətbəx bıçağı əldə etmişdir. Bundan sonra, yəni xx xxx 2020-ci il tarixdə, saat 22:00 radələrində Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi, dalan 3, 8 saylı fərdi yaşayış evinin həyətinin giriş qapısının qarşısına gələrək əmisi Zərərçəkmiş şəxs adına olan, lakin onlara məxsus torpaq sahəsini satmaq istəməsini tələb etmişdir. Zərərçəkmiş şəxs həmin gün torpaq sahəsinin satılmasına razılıq vermədiyindən,onların arasında şəxsi münasibətlərin pozulması zəminində yenidən mübahisə baş vermişdir. Baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əvvəlcədən əldə etdiyi və üzərində gəzdirdiyi soyuq silah hesab edilməyənmətbəx bıçağı ilə əmisi Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir zərbə endirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla bir zərbə endirdikdən sonra törətdiyi əməldən qorxaraq hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs vurduğu bıçaq zərbəsi nəticəsində sonuncuya insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini qəsdən sağlamlığa ağır zərər vurma cinayəti üzrə tövsif edir və hesab edir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını, törətdiyi cinayət əməlinə görə peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslə barışmağa dəfələrlə cəhd etməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Qeyd edilənləri və Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin məhz zorakı cinayət növünə aid olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərkən qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olubBakı şəhəri Xəzər rayon Polisİdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd mayka məhv edilməlidir. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 64 (altmış dörd) manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən məhkəmə məsrəfi kimi ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Bakı şəhəri Xəzər rayon Polisİdarəsində saxlanılan və cinayətin aləti qismində çıxış edən 1 (bir) ədəd mətbəx bıçağı, cinayət hadisəsi zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 (bir) ədəd köynək və 1 (bir) ədəd maykaməhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar