Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-988/2022 06.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 22 yanvar 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, lakin üzərində məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 29, mənzil 6/21-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, habelə külli miqdarda narkotik vasitə heroini satmışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə sonuncu ilə razılaşdıqdan sonra, 03.01.2022-ci ildə adını bilmədiyi və üzdən tanımadığı İran İslam Respublikasının vətəndaşının tapşırığına əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Şuşa” restoranının yaxınlığında gizlədilmiş yerdən ümumi təmiz çəkisi 1065 qram olan külli miqdarda narkotik vasitə heroini satmaq məqsədilə qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. 03.01.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq həmin Polis şöbəsinə aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlində olan qara rəngli dəri çantanın içərisindən 1 (bir) ədəd sellofan torbaya bükülmüş bükümdə külli miqdarda, yəni 1065 qram çəkidə narkotik vasitə heroin və həmin narkotik vasitələrin çəkilərək hissələrə bölünüb satışını təşkil edilməsi üçün 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2007-ci ildən etibarən narkotik vasitələrdən istifadə edir. Onun bədənində ağrılar olduğundan mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. Son zamanlar o, narkotik vasitələri sosial şəbəkələr vasitəsilə tanış olduğu, lakin şəxsən tanımadığı İran İslam Respublikasının vətəndaşından almışdır. O, tutulmamışdan əvvəl iki aya yaxın olardı ki, İran vətəndaşından özünə lazım olan narkotik vasitələri almışdır. O, istifadə etdiyi mobil nömrə vasitəsi ilə “Votsap” proqramı vasitəsi ilə İran vətəndaşının istifadə etdiyi mobil nömrəsinə mesaj yazaraq sonuncudan pul müqabilində narkotik vasitələr almışdır. O, həmin iranlı şəxsi tanımamışdır. O, həmin şəxsdən aldığı narkotik vasitələrin pulunu iranlı şəxsin ona göndərdiyi bank hesabına göndərmiş, həmin şəxs də ona yerləşdirdiyi narkotik vasitələrin yerlərinin şəkillərini “Votsap” proqramı vasitəsi ilə göndərmişdir. O da gedib həmin yerlərdən narkotik vasitələri götürmüşdür. Sonuncu dəfə iranlı şəxs ona 30 qram çəkidə narkotik vasitə satmışdır. Lakin ittiham aktında göstərilmişdir ki, guya o, tutularkən üzərindən 1 (bir) kiloqramdan bir qədər çox çəkidə narkotik vasitə aşkar edilmişdir. O, ittiham aktında qeyd edilən narkotik vasitənin miqdarı ilə razı deyil, çünki tutulduğu zaman onun üzərində təxminən 30 qram çəkidə narkotik vasitə heroin, təxminən 0,1 və ya 0,2 qrama yaxın da psixotrop maddə metamfetamin olmuişdur. Daha dəqiq desə o, 03.01.2022-ci il tarixdə tutulmuşdur. Həmin gün gecə təxminən saat 02:00 radələrində o, iranlı şəxsin ona satdığı narkotik vasitəni götürməyə getmişdir. İranlı şəxsin göndərdiyi narkotik vasitənin çəkisi 30 qram olmalı imiş. O, 30 qram narkotik vasitəyə görə iranlı şəxsin bank hesabına 400 manat pul göndərmişdir. O, narkotik vasitəni götürdükdən sonra tutulduğu ərazidən keçmişdir. Bu vaxt ona polis əməkdaşları yaxınlaşaraq ondan şübhələndiklərini bildirib üzərinə baxış keçirəcəklərini bildirmişlər. O da polislərə etiraz etməmişdir. Həmin vaxt onun üzərində öz şəxsi istifadəsi üçün saxladığı 0,1-0,2 qrama yaxın psixotrop maddə metamfetamin olmuşdur. Polislər onun cibindən həmin metamfetamini aşkar etmişlər. Bundan sonra polislər onu polis maşınına əyləşdirmişlər və əlindən mobil telefonunu almışlar. Polislər onun mobil telefonuna baxış keçirmişlər və onun telefonunda olan “Votsap” proqramını açaraq orada onun iranlı şəxslə narkotik vasitələr barədə danışıqlarını, narkotik vasitələrin şəkillərini, səsli mesajları aşkar etmişlər. Bundan sonra polislər bilmişlər ki, o, iranlı şəxsdən narkotik vasitələr almış və 30 qram çəkidə narkotik vasitə heroini götürməyə gedir. Buna görə də onu məcbur etmişlər ki, həmin yerə getsin və narkotik vasitəni oradan götürsün. O da polislərin dediyi kimi edərək iranlı şəxsin ona bildirdiyi yerə getmiş və oradan narkotik vasitə heroini götürmüşdür. Bunu polislər kamera vasitəsilə də lentə almışlar. Bundan sonra polis əməkdaşları onu 18-ci Polis şöbəsinə aparmışlar. O, 18-ci Polis şöbəsinə çatdıqda artıq orada hər şey hazır olmuş, yəni onun qarşısına 1 (bir) kiloqramdan bir qədər artıq narkotik vasitə heroin qoyulmuş və ona demişlər ki, “bu 1 (bir) kiloqramdan artıq olan narkotik vasitə heroin sənindir, qəbul etməlisən”. Onun həmin vaxt bədənində ağrılar olmuşdur. Onun bədənində ağrılar olduğundan və polislər tərəfindən döyülməyindən qorxduğundan o, qarşısına qoyulmuş 1 (bir) kiloqramdan artıq narkotik vasitə heroinin ona məxsus olduğunu qəbul etmişdir. Beləcə iranlı şəxsin ona göndərdiyi 30 qram narkotik vasitə heroin 1 (bir) kiloqramdan bir qədər artıq miqdarda olan narkotik vasitə heorinə dönmüşdür. Sonra ona videoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi bildirmişdir. O da videoçəkiliş zamanı guya könüllü olaraq əlində olan qara rəngli çantanın içərisindən bağlamanı çıxararaq polislərə təqdim etmişdir. Halbuki o, tutulan zaman üzərində cəmi 0,1-0,2 qrama yaxın psixotrop maddə metamfetamin olmuşdur. O, iranlıya 400 manat pul göndərmişdir. 400 manata da təxminən 25-30 qram narkotik vasitə düşür. Onun 1 (bir) kiloqram narkotik vasitə heroin almaq üçün pulu heç vaxt olmamışdır. O, kasıb adamdır, onun 1 (bir) kiloqramdan çox narkotik vasitə almağa imkanı çatmamışdır. Onun üzərinə baxış keçirilən zaman onun üzərindən tərəzi də çıxmışdır. O, tərəzi vasitəsi ilə narkotik vasitənin miqdarını ölçmüşdür ki, istifadə etdiyi zaman doza çox olmasın. İttiham aktında göstərilmiş 1 (bir) kiloqramdan artıq narkotik vasitə heorinə onun heç bir aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Nərimanov RPİ-nin 18-ci Polis şöbəsində Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili işləyir. O, 03.01.2022-ci il tarixdə, saat 02:00 radələrində inzibati ərazidə, yəni Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsində iş yoldaşları olan əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşdür. Həmin şəxs qəribə bir şəkildə və ətrafa baxa-baxa yerimişdir. Onlar həmin şəxsin davranışından şübhələnərək sonuncuya yaxınlaşıb polis olduqlarını bildirmişlər. Onlar həmin şəxsdən özünü təqdim etməsini xahiş etdikdə sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin vaxt özünü şübhəli aparan şəxsin əlində qara rəngli çanta olmuşdur. Lakin həmin şəxs onların suallarına tam və dolğun cavab verə bilməmiş, gözləri axmış, sanki özündə olmamışdır. Ən əsas məsələ isə həmin şəxs onların verdikləri suallardan yayınmağa və hadisə yerindən qaçmağa çalışmışdır. Onlar biraz Təqsirləndirilən şəxs ilə danışdıqdan sonra başa düşmüşlər ki, həmin şəxs narkotik vasitənin təsiri altında olmuşdur. Onlar Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olmasına tam əmin olduqdan sonra sonuncunu 18-ci Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvəti ilə birlikdə 18-ci Polis şöbəsinə getmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs 22.01.1988-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Ona görə də bu barədə raport tərtib olunmuşdur. Polis şöbəsində baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli çantanın içərisindən 1 (bir) ədəd sellofan torbaya bükülmüş bağlama, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd ödəniş qəbzi, 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, içərisində 17 ABŞ dolları və 163 manat olan pulqabı aşkarlanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə heroini adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Sonra aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Bütün iştirakçılar da həmin protokolu imzalamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verməklə Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.01.2022-ci il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, 03.01.2022-ci il tarixdə, saat 02:00 radələrində ünvan 1 ünvanının qarşısında özünü şübhəli aparmış Təqsirləndirilən şəxs saxlanılaraq 18-ci Polis şöbəsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.01.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 21) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.01.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 25-26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.01.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 27-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan qara rəngli dəri çantanın içərisindən 1 (bir) ədəd sellofan torbaya bükülmüş büküm, 1 (bir) ədəd elektron tərəzi, 1 (bir) ədəd alışqan, 1 (bir) ədəd ödəniş qəbzi, 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefon, özünə məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsi, BB000103 seriyalı sürücülük vəsiqəsi, digər qəbzlər, 17 ABŞ dolları və 163 manat olan pulqabı, əynində olan qara rəngli gödəkçənin sol cibindən 2 (iki) ədəd üzərində “Prima” yazısı olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, həmin qara rəngli gödəkçənin sağ cibindən qara rəngli olan papaq aşkar edilərək götürülmüşdür. Həmin büküm açılıb baxıldıqda, içərisində 1 (bir) bükümün içərisində spesifik iyə malik, qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.01.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/11 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 41-45) görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN «zərflər üçün № 224» möhür əksi, «Şübhəli şəxs ...K.Allahverdiyev...» və s. yazılar, imzalar olan zərfdəki bağlama ümumi təmiz çəkisi 1065 qram (1 kq 65qr) qəhvəyi rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Narkotik vasitə heroinin ümumi təmiz çəkisi – 1065 qram (1 kiloqram 65 qram) təşkil etmiş, tədqiqata sərf edilmişdir - 0,2 qram, tədqiqatdan sonra narkotik vasitə heroinin qalıq çəkisi 1064,8 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04.01.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 61-62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04.01.2022-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1/2022 saylı qərarından (cild 1, iş vərəqə 80-82) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03.01.2022-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12.01.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 104-105) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunsa da, hazırki cinayət işi üzrə cinayət hadisəsi baş verən zaman onun üzərində ödənilməmiş məhkumluğu olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08.02.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 114-115) görünür ki, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışı özündə əks etdirən 1 (bir) ədəd disk maddi sübut kimi tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11.02.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 116-117) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 1065 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1064,8 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13.02.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPİ-nin 18-ci Polis şöbəsinin cavab məktubundan (cild 1, iş vərəqə 203) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini satış məqsədilə əldə edib saxlamışdır. Lakin əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23.02.2022-ci il tarixli telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 1, iş vərəqə 127-162) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonda quraşdırılmış “Votsap” proqramına baxış keçirilərkən müəyyən edilmişdir ki, müxtəlif şəxslər narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı barədə ona mesajlar göndərmişlər, həmin mesajlar əsasında mesaj yazan şəxslər “jarqon” dildə Təqsirləndirilən şəxs müraciət edərəl müxtəlif növdə narkotik vasitə və psixotrop maddələr almaq istəmişlər. Cnayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25.02.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 192-193) görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02.03.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 201-202) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd “Samsung Galaxy A10” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Nərimanov Rayon Polis İdarəsinin saxlanc otağına təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.03.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 538 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 231-232) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki xəstəlik, psixi fəaliyyətinin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətinə malik olmuş, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsir altına düşmür, hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə cəmiyyət üçün təhlükə kəsb etmir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.02.2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 1072 nömrəli rəyindən (cild 1, iş vərəqə 234-235) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.04.2022-ci il tarixli qəbzdən (cild 1, iş vərəqə 242) görünür ki, Təqsirləndirilən şəxs 100 manat pulu təhvil almışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.04.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 243-253) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2, 206.3.2, 234.4.2-ci maddələrinin tərkib əlamətləri olmadığından həmin hissədə cinayət təqibinə xitam verilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işindən ayrıca Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09.04.2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərardan (cild 1, iş vərəqə 256-257) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yeni ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Məhkəmə iclaslarında təqsirləndirilən şəxsin müdafiə hüququ tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclaslarında onun əleyhinə əldə olunmuş sübutları, habelə ona qarşı irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, 03.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq həmin Polis şöbəsinə aparılmış, orada onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman onun əlində olan qara rəngli dəri çantanın içərisindən 1 (bir) ədəd bağlamada külli miqdarda, yəni 1065 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Bundan başqa, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə heroini satmaq məqsədi ilə müxtəlif şəxslərlə danışıq aparması, müxtəlif şəxslərin ona narkotik vasitə və psixotrop maddələrin “alqı-satqısı” barədə mesajlar yazması, eyni zamanda müxtəlif jarqon sözlərdən istifadə olunmaqla xeyli sayda danışıq aparması ona məxsus mobil telefonda aşkarlanmış sübutlar əsasında təsdiq edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən külli miqdarda, yəni 1 (bir) kiloqramdan çox narkotik vasitə heroinin və elektron tərəzinin aşkar edilməsini, aşkarlanmış narkotik vasitənin ümumi çəkisinin narkomaniya xəstəliyindən əziyyət çəkən şəxsin istifadə dozasından həddən artıq çox olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamış, habelə satmışdır. Təqsirləndirilən şəxs bu əməlləri isə özü-özlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozitiv şərtləri ilə əhatə olunduğundan, məhkəmə belə qənaətə gəlir ki, onun əməllərində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin bütün zəruri tərkib əlamətləri vardır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun hər bir əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan və ali təhsilli olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ələlxüsus da onun qadın olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiyaya əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03.01.2022ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Nərimanov rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1064,8 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiirlməsini əks etdirən 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 114 (yüz on dörd) manat manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 03 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Nərimanov rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1064,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-988/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-988/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver