Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-988/2024 04.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 11 : 20 - də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci mədən, nömrəsiz fərdi evdə yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq külli miqdarda təmiz çəkisi- 5,008 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 05 iyun 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 12-ci polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində saxladığı külli miqdarda təmiz çəkisi-5,008 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırda xatırlamadığı tarixdə Sabunçu xəstəxanasının yanında yerləşən söküntü işləri aparılan binada taxta parçalarını yığdığı zaman 4 nəfər mülki geyimli polis əməkdaşı içəriyə daxil olmuşlar. Bu zaman həmin binadan sığınacaq kimi istifadə edən şəxslər də onun yanında olmuşdur. Polis əməkdaşları onu və ondan başqa 4 nəfər şəxsi saxlayaraq, 12-ci Polis Şöbəsinə aparmışlar. 3-4 saat şöbədə qaldıqdan sonra polislər onun cibinə narkotik vasitəni qoyaraq videoçəkiliş zamanı həmin narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirməsini tələb etmişlər. O, narkotik vasitələrin istifadəçisi olsa da, saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Onun barəsində qətimkan tədbiri ilə bağlı məsələyə baxılan zaman hakim onun əməlinin sübuta yetirilmədiyini görərək, onu məhkəmə iclas zalından həbsdən azad etmişdir. Daha sonra bir dəfə işi ilə əlaqədar müstəntiqin çağırışına gedə bilmədiyi üçün barəsində axtarış verilmişdir. Narkotik vasitə istifadəçisi olmuşdur, Lakin, saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Polislərin təqdim etdiyi narkotik vasitənin isə onun fikrincə çəkisi 5 qramdan daha az olmuşdur. Onu saxlayan əməliyyatçılardan birinin adının Bəxtiyar olmasını bilmişdir. Polis əməkdaşları ona qarşı təzyiq göstərmişlər. Xəsarət alsa da, həkimə müraciət etməmiş və bu barədə hər hansı orqana şikayət ünvanlamamışdır. Həmin vaxt həqiqətləri demək ağlına gəlməmişdir. Polis əməkdaşlarının onu döyəcəklərindən qorxaraq sənədlərə imza etmişdir. O, müxtəlif növ narkotik vasitələrdən istifadə etmiş, lakin, uzun müddətdir ki, narkotik vasitə istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayında saat təxminən 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, nömrəsiz fərdi evin qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə dəvət etmişlər. Həmin şəxsin üzərinə polis şöbəsində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş, həmin protokol imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı hər hansı müqavimət göstərməmiş, eləcə də, ona qarşı hər hansı təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hazırda Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin Kibercinayətkarlığa qarşı mübarizə üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edən zaman 05 iyun 2023-cü il tarixdə saat 18 radələrində Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, nömrəsiz fərdi evin qarşısı ilə bir nəfər tanımadıqları şəxsin piyada hərəkət etdiyini, özünü şübhəli apardığını və onları görüb uzaqlaşmaq istədiyini görmüşlər. Belə ki, həmin şəxs onları gördükdən sonra yerişini dəyişərək tez-tez getməyə başlamış və şəxsin onları görən kimi sürətini artırması onlarda şübhə yaratmışdır. Çox güman ki, həmin şəxs onları üzdən tanıyaraq əməliyyatçı olduqlarını anladığı üçün yerişini dəyişmişdir. Həmin şəxs özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etməklə polis əməkdaşları olduğuqlarını deyərək, ondan şəxsiyyətini təsdiq edən sənədini təqdim etməsini xahiş etmişlər. Lakin həmin şəxs üzərində heç bir sənədinin olmamasını bildirmiş və bir qədər söhbət etdikdən sonra onun narkotik vasitənin təsiri altında olması şübhə yaratdığından həmin şəxsi 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin şəxsin üzərinə polis şöbəsində təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə aşkar olunmuşdur. Narkotik vasitə zərfdə qablaşdırılaraq bu barədə protokol tərtib edilərək ekspertizaya göndərilmiş, həmin protokol imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək hərəkət etmişdir. Ətrafda ola bilsin ki, başqa şəxslər olmuşdur, çünki, həmin küçədə insanlar daimi hərəkət edirlər. Zaurdan başqa orada heç kimi şübhəli şəxs kimi saxlamamışlar. İş materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/3184 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №159” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,008qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in (Siyahı İ) daxildir. (iş vərəqə 37-40) İş materiallarında olan Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5820 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 126-127) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və şəxsi axtarış-götürmə zamanı çəkilmiş video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə polis şöbəsindəki xidməti otağa daxil olur, əvvəlcə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin təhqiqatçısı, polis mayoru Əvəz Məmmədov özünü təqdim edir, sonra Sabunçu RPİ-nin 12-ci polis şöbəsinin əməkdaşları və Təqsirləndirilən şəxs özlərini təqdim edirlər. Bundan sonra təhqiqatçı Əvəz Məmmədov, Təqsirləndirilən şəxs qanunla dövriyyəsi əldə edilməsi, üzərində saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nin 12ci polis şöbəsinin əməkdaşları tərəfindən 05 iyun 2023-cü il tarixdə saxlanıldığını və 12-ci polis şöbəsinə gətirildiyini deyərək, hüquq və vəzifələrini izah edir, daha sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs də etiraz etmir. Bundan sonra təhqiqatçı Əvəz Məmmədov, Təqsirləndirilən şəxs üzərində qanunla əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi büküm təhqiqatçı Əvəz Məmmədov tərəfindən açıldıqda içərisindən maddə aşkar olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindən aşkar olunmuş maddənin kakos olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 45 manata şəxsi istifadəsi üçün aldığını, 8 aydır istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində maddə olan büküm təhqiqatçı Əvəz Məmmədov tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. (iş vərəqə 27-29) Beləliklə, məhkəmə tərkibi məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi, özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Məhkəmə-kimyəvi ekspertizasının 06 iyun 2023-cü il tarixli, 6/3184 nömrəli rəyi, Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5820 nömrəli rəyi, xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə aparılması haqqında protokol, şəxsi axtarış-götürmə zamanı çəkilmiş video görüntülər, eləcə də, digər mötəbər sübutlarla tam təkzib olunmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 aya yaxındır ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən falqada çəkmə yolu istifadə edir, istifadə etdiyi narkotik vasitəni Bakı şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 05 iyun 2023-cü il tarixdə təxminən saat 16 radələrində “kakos” kimi tanıdığı narkotik vasitə heroin almaq məqəsdilə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsinə getmişdir. Balaxanı qəsəbəsi ərazisində üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən 45 manata istifadəsi üçün bir ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroin almış və həmin bükümü də əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq saxlamışdır ki, axşam istifadə etsin. Həmin gün təxminən saat 18 radələrində şəxsi işi ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsinə getmiş, Sabunçu qəsəbəsi Xəstəxanayam küçəsi ilə piyada gedərkən, nömrəsiz fərdi evin qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu RPl-nin 12-ci polis şöbəsinin əməkdaşları olduqlarını bildirərək adım, soyadmı soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər, həmin vaxt üzərində heç bir sənəd olmadığından, cibində narkotik vasitə heroin olduğundan tez bir zamanda oradan yayınmaq istəsə də, lakin polis əməkdaşları buna imkan verməmişlər, həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşları onun üzərində narkotik vasitə heroinin olmasından məlumatları var, buna baxmayaraq o, özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etməyə başlamışlar, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu RPİ-nin 12-ci polis şöbəsinə getməsini təklif etmişlər. O, da səs küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Yolda gedərkən üzərindəki içərisində narkotik vasitə heroin olan bükümü tullamaq istəmiş, lakin polis əməkdaşları buna imkan verməmişlər və onu polis şöbəsinə gətirib təhvil vermişlər. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi əldə edilməsi, saxlanılması, daşınması qadağan olunmuş şübhəli bilinən əşya və predmetlərİn saxlanmasında və gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu RPİ-nİn 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığını və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət etmiş, vəkilin iştirakı ilə ona hüquq və vəzifələrini İzah etmiş və video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bu barədə ərizə vermişdir, çünki üzərində narkotik vasitə heroin olduğundan istəməmişdir ki, müdafiəçi bunu özü gözü ilə görsün və gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Bundan sonra video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində qanunla saxlanılması, daşınması, istifadəsi qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olan bir ədəd sellofan bükümünü çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin büküm polis əməkdaşı tərəfindən açıldıqda içərisindən istifadəsi üçün aldığı “kakos” aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümdən aşkar olunmuş maddənin nə olduğunu soruşanda o, səmimi olaraq bükümün içərisindən aşkar edilən maddənin “kakos” olduğunu deyərək, Balaxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 45 manata şəxsi istifadəsi üçün aldığını, 8 aydır istifadə etdiyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş içərisində narkotik vasitə heroin olan büküm qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. (iş vərəqə 60-64) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 5,008 qram təşkil edən narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (iş vərəqə 99) Məhkəmə tərkibi Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 6) İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-455/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. (iş vərəqə 76-80) İş materiallarında olan 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 81- 82) İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, icraat dayandırılmışdır. (iş vərəqə 104; 107) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barəsində” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Sabunçu RPİ-nin MSY-ə yerləşdirilmişdir. (iş vərəqə 110) İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdən azad edilərək, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmışdır. (iş vərəqə 118-121) Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs cinayət işi məhkəmənin icraatında olduğu dövrdə məhkəmə iclaslarına gəlməməklə qətimkan tədbirinin şərtlərini pozduğundan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin məktubundan və “Axtarışda olan şəxsin tutulması barəsində” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış və məhkəmənin “həbs” qətimkan tədbirinin seçilməsinə dair qərarı icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulması zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək, 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 gün ona təyin edilmiş cəzadan çıxılmalı, onun cəzaçəkmə müddətinin əvvəli “həbs” qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan, yəni, 24 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X3 Ambulator X1 xx.xx.2023-cü il tarixli, 5820 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə AR CPM-in 132-ci maddəsinə əsasən maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda təmiz çəkisi 5,008 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,908 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 iyun 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək, 06 sentyabr 2023-cü il tarixdən 08 sentyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 04 gün ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 02 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarının icra edildiyi andan, yəni, 24 dekabr 2023cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 01 (bir) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-988/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-988/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver