Məhkəmə qərarları › İş №1(101)-989/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-989/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-989/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: müdafiəçi “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid3 vasitəsilə işə düzəlməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət etmiş Şahid1 2020-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən gündə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” parkındakı çay evində görüşləri zamanı özbaşına özünü Azərbaycan Rpspublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər vəzifəli şəxs kimi təqdim edərək, tabeliyində əməkdaşlarının olduğunu, habelə yaxın münasibətdə oldüğu həmin Xidmətin səlahiyyətli rəhbər vəzifəli şəxsinin təhlükəsizlik orqanlarında kiçik rəis heyətinə xidmətə qəbul etmək səlahiyyətlərinin olmasını yalandan bildirərək, vəzifəli şəxs qismində sonuncuya xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni 6 ay müddətində müsbət həll edəcəyini, yəni Şahid1 müvafiq qaydalarla müəyyən edilmiş müsabiqədən kənar təhlükəsizlik orqanlarında kiçik rəis heyətinə xidmətə qəbul etdirəcəyinə yalandan vəd edərək, görüntü yaratmaq, həqiqi niyyəti barədə aldatmaq və etibar qazanmaq üçün ondan zəruri sənədlərinin əsillərini, (tərcümeyi-halını və fotoşəkillərini almaqla, tələb etdiyi 20.000 manat pul vəsaitinin əvvəlcə 10.000 manatını, işə qəbul edilməsinə dair əmr verildikdən sonra 5.000 manatını, məzuniyyət haqqı ödənildikdən sonra isə 5.000 manatını verməli olduğunu bildirib, görəcəyi işlərdə özünə inam yaratmış, bununla da alınacaq pulun müqabilində həmin məsələlərin həll ediləcəyini yalandan deyib yaranmış etibardan suiistifadə edib aldadaraq onunla sövdələşib 26 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” parkının yaxınlığında Şahid1 cinayətdən xəbərsiz olan atası Şahid2 idarə etdiyi “Toyota” markalı, “Prius” modelli, **-UP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə görüşləri zamanı tələb etdiyi sənədləri və 10.000 manat pulu Şahid1 alıb, eyni niyyətlə, 03 sentyabr 2020-ci il tarixdə “Whatsapp” ani mesajlaşma və internet telefonuya mobil tətbiqi vasitəsilə öz istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, yaxın münasibətdə olduğu Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli rəhbər vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 manat məbləğdə pul vəsaitini rüşvət kimi verməklə onun həmin Xidmətə işə qəbulu prosesini 3 ay tezləşdirməyin mümkün olduğunu yalandan bildirərək, aldadıb, Şahid1la razılaşmaqla sövdələşərək, 07 sentyabr 2020-ci il tarixdə həmin adla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” parkının yaxınlığında Şahid1la görüşərək ondan 5.000 manat pul vəsaitini alıb, əldə etdiyi həmin pul vəsaitlərini özünün şəxsi ehtiyaclarına sərf edərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ələ keçirib ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin hərəkətləri ilə xüsusi xidmət orqanı qismində Dövlət Təhlükəsizliyi Xidmətini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə, vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu vahid niyyətlə təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid1 münasibətdə özünü vəzifəli şəxs kimi təqdim etməklə dələduzluk etdiyinə görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilir. Lakin hər hansı bir vəzifəli şəxsin adını çəkərək, Şahid1 aldığı 15.000 manat məbləğində pulu rüşvət kimi verəcəyini demədiyindən 32.4, 312.2-ci maddələri ilə isə özünü təqsirli bilmir. 2004-2018-ci illər aralığında Dövlət Təhlükəsizlik Xidmətində (DTX) işləmişdir. Şahid1 15.000 manat məbləğində pulu kiməsə rüşvət verəcəyi vədi ilə almamışdır, həmin pulu Şahid1 həmin xidmətdə işə qəbul üçün onu proqram üzrə 3-6 ay ərzində hazırlaşdırmaq məqsədilə almışdır. 2020-ci ilin avqust ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Mədəniyyət sarayının həyətindəki çay evində yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin sakini kimi tanıdığı Şahid3 ilə çay içən zaman onun mobil telefon vasitəsilə hansısa tanışı ilə danışarkən, həmin tanışının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işə düzəlmək istədiyini, lakin işinin alınmadığını bildi. Daha sonra Muraddan işin alınmamasının səbəbini soruşduqda o, tanışının yaş həddi ilə əlaqədar işə düzələ bilmədiyi bildirdi və o Muradı aldadaraq guya ki, onun həmin tanışını DTX-nə işə qəbul etdirməyə köməklik edəcəyini dedi. Buna səbəb atası xəstə olduğu üçün maddi cəhətdən vəziyyətinin ağır olması olmuşdur. Bundan sonra, Murad qeyd edilən işə düzəlmək istəyən şəxsə zəng edərək, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Kristal” şadlıq sarayının yanında, Mədəniyyət sarayının həyətindəki çay evində görüş təyin etdi. Çay evində Murad onu Emin və onun atası Şahid2 ilə tanış etdi və Şahid1 işə düzəlmək istədiyini bildirdi. Şahid1 onu DTX-də gizir hərbi rütbəsi ilə işə qəbul üçün hazırlaşdıra biləcəyini, 1.600 manat məbləğdə əmək haqqı alacağını, bunun müqabilində ona 20.000 manat məbləğdə pul vəsaiti verməli olduğunu bildirdi. Həmin günün axşamı yenidən Şahid3 və Şahid1 ilə birlikdə Bakıxanov qəsəbəsində yuxarıda qeyd etdiyi çay evində görüşdülər, Şahid1 müvafiq blankı təqdim edərək, məlumatları doldurmağını, tərcümeyi-halını yazmağını və 2 ədəd qırmızı fonda olan fotoşəklini gətirməsini bildirdi, eyni zamanda, Respublikada gedən müharibə şəraiti, işğal olunmuş torpaqların ərazisi və işğal tarixləri, Respublikanın sərhədləri, ulu öndər Heydər Əliyev və sair barədə məlumatlar oxuyaraq maariflənməsi barədə tapşırıq verdi. Həmin blankı hazırda xatırlamadığı qəzet köşkündən almışdı, qeyd edilən blankların DTX-yə heç bir aidiyyəti olmamışdır. Təxminən, həmin görüşdən 2-3 gün sonra yəni, avqust ayının sonlarında yenidən ilk görüşdükləri parkın yaxınlığında görüşdülər və Şahid1 atasına məxsus nəqliyyat vasitəsində yuxarıda qeyd etdiyi anket, tərcümeyi hal, fotoşəkilləri və ilkin olaraq 10.000 manat pul vəsaitini onlardan aldı. Qalan 10.000 manat vəsaiti isə onlar ona Şahid1 işə qəbul olunduqdan sonra verəcəkdilər. Təxminən, həmin görüşdən 1 həftə sonra sentyabr ayının əvvəllərində Şahid1 “Whatsapp” mobil tətbiqi vasitəsi ilə zəng edərək, tez hazırlaşmaq istəyirsə, daha çox görüşməkləri üçün 5.000 manat pul verməli olduğunu bildirdi. Təxminən, 3-4 gündən sonra Şahid1la Bakıxanov qəsəbəsində ilk tanış olduqları parkın yaxınlığında görüşərək, həmin vəsaiti ondan aldı. Danışıq zamanı yalandan 2020-ci ilin dekabr ayının əvvəlində ondan tələb etdiyi yaxın qohumlarının şəxsiyyət vəsiqələrini, ölmüş yaxın qohumlarının isə ölüm haqqında şəhadətnamələrinin sürətini aldı. 15.000 manat pulu Şahid1 DTX-nə qəbul olunmağa onu hazırlaşdırmaq üçün almışdır. Eminə onun işə qəbul olmasını kiminsə vasitəsilə həll edəcəyini deməmişdir, DTXyə işə qəbulun imtahanla həyata keçirilmədiyini bilir, sadəcə Emini müsahibə üçün suallara digər kurslar vasitəsilə yox, məhz özü hazırlaşdırırdı. Törətdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, oğlu Emin işsiz olduğundan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə işə qəbul olunmaq istəyirdi. Bu səbəbdən təxminən 2020-ci ilin may ayının əvvəllərində o Penitensiar Xidmətin əməkdaşı olan qohumu X2 məsləhət almaq üçün işlədiyi 11 saylı cəzaçəkmə müəssisəsinə gedərək, onunla görüşdü. Həmin vaxt A.Süleymanov yanında olan Şahid3la da tanış oldu. A.Süleymanov ona Penitensiar Xidmətə qəbul olmaq üçün oğlunun həmin qurumun Baş İdarəsinə ərizə ilə müraciət etməli olduğunu bildirdi və ərizənin tərtibatında köməklik etdi. Oğlu tam qanuni qaydada işə qəbul olmaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etsə də, 30 yaşı tamam olduğundan onu işə qəbul etməkdən imtina etdilər. 2020-ci ilin avqust ayında Şahid3 zəng edərək, oğlu Şahid1 işə qəbul olunması ilə əlaqədar köməklik edəcək tanışının olduğunu bildirərək, Bakıxanov qəsəbəsindəki “Bakıxanov” parkında yerləşən çay evində görüş təyin etdi, Eminlə birlikdə həmin çay evinə gedərək, orada Şahid3 və Təqsirləndirilən şəxs ilə tanış oldular. Təqsirləndirilən şəxsla tanışlıq zamanı o, qırmızı rəngli vəsiqəsini göstərərək, DTXdə yüksək vəzifədə işlədiyini və tabeliyində 25 əməkdaş olduğunu, eyni zamanda həmin xidmətin yüksək vəzifəli şəxsləri ilə yaxından əlaqələrinin olduğunu, oğlunu 20.000 manat müqabilində DTX-ə gizir rütbəsi ilə işə qəbul olunmasına köməklik göstərəcəyini və aylıq 1.600 manat əmək haqqı alacağını bildirdi. Onun danışıqları inandırıcı olduğundan verdiyi vədlərə inanaraq razılaşdılar. Təqsirləndirilən şəxs bundan sonra oğluna yalnızca “whatsapp” mobil tətbiq vasitəsi ilə əlaqə saxlamasını bildirdi və anket məlumatlarının doldurulması üçün ona müvafiq blank verməkdən ötrü həmin günün axşamı görüş təyin etdi. Həmin günün axşamı oğlu Emin özü Murad və Suleyman ilə birlikdə Bakıxanov qəsəbəsində yuxarıda qeyd etdiyi çay evində görüşdülər, orada Təqsirləndirilən şəxs oğluna müvafiq blankı təqdim edərək, məlumatları doldurmağı, tərcümeyi- halını yazmağı və 2 ədəd qırmızı fonda olan şəklini gətirməsini, eyni zamanda Respublikada olan müharibə şəraiti, işğal olunmuş torpaqların ərazisi və işğal tarixləri, Respublikanın sərhədləri, ulu öndər Heydər Əliyev və sair barədə oxuyaraq maariflənməsini tapşırdı. 26 avqust 2020-ci il tarixdə oğluyla birlikdə yenidən Təqsirləndirilən şəxsla ilk görüşdükləri parkın yaxınlığında görüşdülər və idarə etdiyim “Toyota Prius” markalı, **-UP-*** nömrəli nəqliyyat vasitəsində oğlu Təqsirləndirilən şəxs tələb etdiyi sənədləri və ilkin olaraq 10.000 manat pul vəsaitini verdi. Qalan 10.000 vəsaiti isə Şahid1 Təqsirləndirilən şəxs işə qəbul olunandan sonra verəcəkdi. Daha sonra oğlu dəfələrlə işinin uzanmasının səbəbini soruşduqda Təqsirləndirilən şəxs mövcud vəziyyətlə bağlı, yəni Respublikada olan müharibə şəraiti ilə əlaqədar işçilərin işdə olmadığını əsas gətirərək tələsməməsini, 2021-ci ilin fevral-mart aylarında əmrinin çıxacağını bildirmişdi. 2021-ci ilin fevral ayının 23-ü axşam saatlarında oğlu yaşadığı evə getdikdə Təqsirləndirilən şəxs onu aldatdığını, DTX əməkdaşı olmadığını, 07 sentyabr 2020-ci il tarixdə işə qəbul prosesini tezləşdirmək adı ilə Təqsirləndirilən şəxs ondan əlavə olaraq 5.000 manat pul aldığını, daha sonra Şahid3 ona Təqsirləndirilən şəxs yalan danışdığını və onun barəsində onun şikayəti əsasında Təqsirləndirilən şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu bildirdi. A.Sultanov oğlunun işə qəbul məsələsi ilə əlaqədar Şahid3 vasitəsilə tanıdıqları Təqsirləndirilən şəxs 15.000 manat pul verməsindən xəbərsiz idi, o özü A.Sultanova Təqsirləndirilən şəxs həbs edildikdən sonra bu barədə məlumat vermişdir. Süleyman 34 yaşa qədər DTX-də işə qəbul olmağın mümkün olduğunu və ümumi olaraq 20.000 manat məbləğində pulla köməklik edəcəyini bildirdi, həmin pulu Süleyman Kadrlar İdarəsinə verəcəkdi. Hazırda Süleyman verdikləri pulu qaytarmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 3 il əvvəl qonşuluq münasibəti ilə üzdən tanıdığı və tanışlıqları zamanı özünü DTXnin əməkdaşı kimi təqdim edən Süleymanla, ötən ilin iyul ayında yaşadıqları yerin yaxınlığında yerləşən kafedə olarkən iş yoldaşı A.Sultanov telefon zəngi edərək qohumu Şahid1 30 yaş həddini keçməsi səbəbindən Ədliyyə orqanlarına işə qəbul edilə bilmədiyini dedi. Bu zaman, Təqsirləndirilən şəxs aparılan telefon danışığına müdaxilə edərək, Şahid1 DTX-ə işə qəbul edilməsinə təşkilatçılıq edə biləcəyini dedi və onunla görüşməyi təklif etdi. 2020-ci ilin avqust ayında yaşadığı yerin yaxınlığında olan kafedə Şahid1, onun atası Şahid2, Təqsirləndirilən şəxs və onun iştirakı ilə görüşdülər. Görüş zamanı Təqsirləndirilən şəxs özünü DTX-nin əməkdaşı kimi təqdim edərək, Şahid1 həmin orqanda işə düzəlməsinə təşkilatçılıq edə biləcəyini dedi və bunun müqabilində 20.000 manat pul tələb etdi. Daha sonra Təqsirləndirilən şəxs qarşı tərəfə düşünərək, qərar verməsini və nəticəsi barədə ona məlumat verməsini deyərək öz telefon nömrəsini Şahid1 və atası Şahid2 təqdim etdi. Qeyd edilən danışıqdan bir neçə gün sonra, Təqsirləndirilən şəxsla Şahid1 görüşdüyünü, Şahid1 tərəfindən 15.000 manat pul vəsaitinin Təqsirləndirilən şəxs verildiyini eşitdi. Tərəflər arasında keçirilmiş görüşdə, eləcə də, Şahid1 Təqsirləndirilən şəxs pul verməsində o iştirak etməmişdir. Şahid1la söhbət zamanı o, ona bildirdi ki, Təqsirləndirilən şəxs 6 ay müddətinə onu DTX-ə işə qəbul etdirəcəyinə söz verib. Ondan sonra o yenidən Təqsirləndirilən şəxs zəng edib onunla söhbət etdi və işə düzəlib düzəldə bilməyəcəyini ondan soruşdm. Təqsirləndirilən şəxs ona əminliklə bildirdi ki, heç bir narahatçılıq yoxdur və Şahid1 DTX-ə işə qəbul məsələsini həll edəcəkdir. Bir müddət sonra o Təqsirləndirilən şəxs gündə bir bəhanə ilə işi uzatdığını görüb özü Şahid1 DTX-nə müraciət etməyini məsləhət bildi. 2020-ci ilin dekabr ayında Şahid1 DTX-ə rəsmi olaraq müraciət etdi və Təqsirləndirilən şəxs özünü DTX əməkdaşı kimi təqdim edərək ondan pul almasını bildirdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 23 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan “xxxx" MMC və “xxxx” MMC-dən daxil olmuş iki ədəd kompakt diskə baxış keçirilməsi haqqında 04 mart 2021-ci il tarixli və 16 mart 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Şahid3 və Şahid1 “Whatsapp” ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə əlaqə saxlamışdır. Təqdim edilmiş antenn məlumatlarının təhlili zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 (70) 230-50-G7, Şahid1 istifadəsində olmuş +994 (55) 250-19-73, Şahid3 istifadəsində olmuş +994 (70) ***-**-** və Şahid2 istifadəsində olmuş +994 (55) ***-**-** mobil telefon nömrələri 21.08.2020-ci il tarixdə saat 14 radələrində görüşləri baş tutmuş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən və Yavər Əliyev, Səməd bəy Mehmandarov və Nazim İsmayılov küçələri ilə əhatə olunmuş “Bakıxanov” parkının yaxınlığındakı “Bakikhanov-2/"Bakı şəhəri, S.Mehmandarov 4"/Sabunchu” kimi adlandırılmış antennə qoşulmuşdur, kağız məlumat daşıyıcılarında Şahid1la Təqsirləndirilən şəxs “Whatsapp” ani mesajlaşma və internet telefoniya mobil tətbiqi vasitəsilə 22 avqust 2020-ci il tarixdən 13 fevral 2021-ci il tarixədə olan dövrü əhatə edən yazışmaları əks olunmuşdur. Qeyd edilən yazışmalarda Şahid1 Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəlməsi ilə əlaqədar ümumi söhbətlər aparılmışdır. 04 sentyabr 2020-ci il tarixdə saat 15:59-da Şahid1 Təqsirləndirilən şəxs “Bu gün getdim. Hər şey qaydasındadır. Mümkündür götürmək amma ölçən zərgar yoxdur. 1-ci gen gələcək. 1-ci günə gec olmaz yəqin?” məzmunlu mətn göndərmiş və Təqsirləndirilən şəxs saat 16:02-də razılığını ifadə edən “OK” məzmunlu və 16:03-də rəhbər şəxslərə işarə edərək “Mən onda tərpədirəm bunları’ məzmunlu cavab mətnləri göndərmişdir. 04 sentyabr 2020-ci il tarixi həftənin cümə günü olmuşdur. Həftənin birinci, yəni bazarertəsi günü, 07 sentyabr 2020-ci il tarixdə saat 14:08-də Şahid1 Təqsirləndirilən şəxs “Hər şey qaydasındadır. Vaxtı və yeri yazarsız zəhmət olmasa” məzmunlu mətn göndərmiş və sonuncu cavab olaraq “18:30 həmin yerdə” məzmunlu mənt göndərmişdir. Cinayət işində olan məhkəmə fonoskopik ekspertizasının 17 mart 2021-ci il tarixli, 4/246 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd işlək olmayan üzü ağ rəngli CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqlarda iştirak edən K1 və K2 diktorlarının danışıq materialı eyniləşdirici tədqiqat üçün yararlıdır və mübahisəli videofonoqramljardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarjə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - Təqsirləndirilən şəxs, «K2» kirni işarə olunmuş diktorun səsi və nitqi eyni bir şəxsə - Şahid1 oğluna məxsusdur. Cinayət işində olan Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli, 009 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından 10.07.2015-ci il təvəllüdlü Leyla və 05.11.2012ci il təvəllüdlü Mahmud adlı övladları var. Cinayət işində olan İ-390 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikas Prezidentinin 353 nömrəli, 27 mart 2014-cü il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Həmin vəsiqə zoğalı rəngli cildlənmiş və üzərində “Azərbaycan Respublikası Medalının Vəsiqəsi" sözləri qızılı hərflərlə həkk edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmıyan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan 04 ədəd kompakt disk, 4, Şahid1 04.03.2021-ci il tarixli ərizəsinə əlavə etdiyi 48 vərəqədən ibarət kağız məlumat daşıyıcıları, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə könüllü təqdim etdiyi İ-390 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ekspertiza xərci təşkil edən 300 (üç yüz) manat Təqsirləndirilən şəxs qaydada alınaraq dövlət büdcəsinə keçirillməlidir. Məhkəmə törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinin tətbiqini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 310 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 23 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan 04 ədəd kompakt disk, Şahid1 04.03.2021-ci il tarixli ərizəsinə əlavə etdiyi 48 vərəqədən ibarət kağız məlumat daşıyıcıları, Təqsirləndirilən şəxs 23 fevral 2021-ci il tarixdə könüllü təqdim etdiyi İ-390 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsi cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci təşkil edən 300 (üç yüz) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Eldar İsmayılov Cavid Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar