Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-991/2021 14.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1985-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi, ev 15-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi, ev 132-də kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, başqa şəxsləri aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla iki şəxs barəsində təkrarən insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 2016-ci ilin iyun ayının sonlarında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsi, ev 132-də olan zaman Türkiyə Respublikasının Diyarbakır vilayətinin Çermik rayonunda olan restoranda xidmətçi işləməklə yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək sonuncunu 22 iyul 2016-cı il tarixdə, saat 06:18-də Azərbaycan Respublikasının dövlət sərhədinin “Sədərək” nəzarətburaxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Diyarbakır vilayətinin Çermik rayonuna aparıb orada kirayəyə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 23 iyul 2016-cı il tarixdən 14 avqust 2016-cı il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə insan alveri cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 2017-ci ilin avqust ayında yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ümid Əkbərov küçəsində yerləşən 132 nömrəli evə dəvət edərək Türkiyə Respublikasının Konya vilayətinin Akşehir rayonunda restoranda xidmətçi işləməklə yüksək maaşlı işə düzəldəcəyi adı ilə aldadıb cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək sonuncunu 07 sentyabr 2017-ci il tarixdə, saat 03:22-də Azərbaycan Respublikasının dövlət sərhədinin “Sədərək” nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Konya vilayətinin Akşehir rayonuna aparıb orada kirayəyə götürdüyü mənzildə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 08 sentyabr 2017-ci il tarixdən 25 oktyabr 2017-ci il tarixədək olan müddət ərzində həmin rayonda istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 uzun müddətdir ki, tanıyır. 2016-cı ildə o, Gülnarə ilə birlikdə Türkiyə Respublikasına işləmək üçün getmişdir. Onlar birlikdə Diyarbakır vilayətinin Çermik rayonunda fəaliyyət göstərən kazinoların birində işləmişlər. Onların işi həmin kazinoya gələn kişi müştərilərinin masasına əyləşərək mümkün qədər çoxlu spirtli içki sifariş edərək həmin müştəriləri daha çox xərcə salmaqdan ibarət olmuşdur. Kazino sahibi də günün sonunda onların verdikləri sifarişə görə maaş vermişdir. Zərərçəkmiş şəxs2 əvvəllər Türkiyə Respublikasında dəfələrlə olduğundan Çermik rayonunu yaxşı tanımışdır. Zərərçəkmiş şəxs2 kazinodaki işdən başqa, hərdən kazinoya gələn kişi müştəriləri ilə pul qarşılığında cinsi əlaqədə olmuşdur. Lakin o, Türkiyə Respublikasında heç vaxt fahişəliklə məşğul olmamışdır. O, Zərərçəkmiş şəxs2 heç vaxt cinsi istismar etməmişdir. Əksinə Zərərçəkmiş şəxs2 onu cinsi istismar etmək istəmişdir. O da bununla razılaşmamış və 3-4 gün Gülnarə ilə birlikdə Çermik rayonunda yerləşən kazinoda işlədikdən sonra sonuncudan ayrılaraq işləmək üçün başqa şəhərə getmişdir. Zərərçəkmiş şəxs1 isə Gülnarənin bacısı qızıdır. Onlar əvvəllər qonşu olduqlarından o, Kəmaləni uşaqlıqdan tanımışdır. 2017-ci ildə Kəmalə anası Aygünlə birlikdə onun yaşadığı evə gəlmiş və onlar söhbət edən zaman Kəmalənin yaxın günlərdə Türkiyə Respublikasının Konya vilayətinin Akşehir rayonunda yaşayan Həlimə adlı qohumunun yanına gedəcəyi ona məlum olmuşdur. O da Kəmalə ilə birlikdə Həlimənin yanına gedərək orada işləmək qərarına gəlmişdir. Bundna sonra o, Kəmalə ilə birlikdə Türkiyədə yaşayan Həlimənin yanına getmişdir. Həlimə Akşehir rayonunda cavan qızları kişi müştərilərlə görüşdürərək pul qazanmışdır. Onlar Akşehir rayonuna çatdıqdan sonra Həlimənin yaşadığı evə yerləşmişlər. Kəmalə Həlimənin rəhbərliyi altında orada fahişəliklə məşğul olmuşdur. Lakin o, fahişə olmadığından orada kişi müştərilərlə pul müqabilində görüşməkdən imtina etmişdir. O, Akşehir rayonunda fəaliyyət göstərən kazinoların birində iş tapmışdır. Onun işi kişi müştərilərlə masada əyləşərək çoxlu spirtli içki sifariş edərək həmin müştəriləri xərcə salmaqdan ibarət olmuşdur. O, cəmi bir həftə kazinoda işlədikdən sonra Həlimənin yanından ayrılaraq Azərbaycan Respublikasına qayıtmışdır. Kəmalə orada fahişəliklə məşğul olsa da, o, heç vaxt fahişəliklə məşğul olmamışdır. O, Gülnarəni və Kəmaləni heç vaxt cinsi istismar etməmişdir. Əksinə Gülnarə və Kəmalə, hətta Kəmalənin anası Aygün və digər qohumları dəfələrlə Türkiyə Respublikasına gedərək orada fahişəliklə məşğul olmuşlar. Ona qarşı irəli sürülmüş ittiham əsassız və qanunsuzdur. O, özü Gülnarə və Kəmalə tərəfindən cinsi istismara məruz qalmışdır. O, ibtidai istintaq dövründə İnsan Alverinə qarşı Baş Mübarizə İdarəsinin əməkdaşlarının təzyiqinə məruz qaldığından prosessual sənədləri oxumadan imzalamışdır. O, heç bir cinayət əməlini törətməmişdir. O, Gülnarə və Kəmaləni heç vaxt cinsi istismar etməmişdir. Əgər o, Gülnarə və Kəmaləni cinsi istismar etmiş olsaydı sonuncular məhkəmə istintaqı zamanı onunla heç vaxt barışmazdılar. Belə ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onunla barışmaları, ona qarşı heç bir şikayət və tələblərinin olmadığı barədə məhkəməyə ərizə ilə müraciət etmişlər. Təqsirləndirilən şəxs qeyd etdiyi halların nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qəbul edərək qiymətləndirir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqında qeyd edilən hissədə verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə zərərçəkmiş şəxslərin və şahidin məhkəmə istintaqında verdikləri ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tam və obyektiv tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4 maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısı qızıdır. O, Təqsirləndirilən şəxs bacısı Aygün vasitəsilə tanımışdır. Aygün və Vüsalə Yasamal rayonunda qonşu olmuşlar. Aygünlə Vüsalənin münasibətləri yaxın olduğundan sonuncuların daimi olaraq bir-birilərinin evinə gediş-gəlişi olmuşdur. Buna görə də onun Vüsalə ilə münasibətləri yaranmışdır. O, Vüsalə ilə münasibət saxladığı zaman bilmişdir ki, sonuncu tez-tez Türkiyə Respublikasına gedib gəlir. Onunla Vüsalə arasında olan danışıq zamanı Vüsalə ona Türkiyədə restoranda işlədiyini və yaxşı qazanc əldə etdiyini demişdir. Həmin ərəfədə onun maddi vəziyyəti yaxşı olmamışdır. Bir dəfə Vüsalə Türkiyə Respublikasından gəldiyi zaman, təxminən 2016-cı ilin yay aylarında o, Vüsalənin yanına getmiş və söhbət edərək sonuncuya maddi vəziyyətinin aşağı olduğunu bildirmişdir. Bu vaxt Vüsalə ona birlikdə Türkiyə Respublikasının Diyarbakır bölgəsinə gedib restoranda işləyib yaxşı qazanc əldə etməyi təklif etmişdir. O, aylıq nə qədər pul qazanacağını və hansı işdə işləyəcəyini Vüsalədən soruşduqda, sonuncu ona orada restoranda xidmətçi işləyib aylıq 700-800 manat pul qazana biləcəyini demişdir. Vüsalənin bu təklifindən sonra o, evə gedib həyat yoldaşından icazə almış və Vüsalə ilə əlaqə saxlayıb təklifini qəbul etdiyini bildirmişdir. Həmçinin o, həmin vaxt Vüsaləyə getmək üçün yol pulunun olmadığını demişdir. Vüsalə ona narahat olmamağı, bileti özü alacağını ona demişdir. Sonra Vüsalə ona bilet almış və 21 iyul 2016-cı il tarixdə onlar birlikdə hava limanından Naxçıvan Muxtar Respublikasına, oradan da Türkiyə Respublikasının İğdır bölgəsinə, oradan da avtobusla Diyarbakır vilayətinin Çermik rayonuna getmişlər. Növbəti gün onlar işləmək üçün restorana getmişlər. Daha sonra onlar həmin restoranın yaxınlığında olan hotelə gedib otaqların birinə yerləşmişlər. Bu vaxt Vüsalə ona işinin orada restorandan tapdığı müştərilərlə cinsi əlaqədə olmaqdan ibarət olduğunu demişdir. Vüsalə bunu ona dedikdə o, Vüsaləyə etiraz edərək belə danışmadıqlarını, restoranda xidmətçi kimi işləmək üçün gəldiyini Vüsaləyə demişdir. Vüsalə isə onun dediklərinə məhəl qoymayaraq özünün dediklərini etməli olduğunu, əks halda onu ailəsinin içində rüsvay edəcəyini demişdir. O, əlacsız qalaraq tanımadığı yerə gəldiyi üçün nə edəcəyini bilməmiş və buna görə də Vüsalənin dediklərini etmək məcburiyyətində qalmışdır. Vüsalə ona Türkiyə Respublikasına gəlməsi üçün xərc çəkdiyini və həmin borcu qaytarmalı olduğunu demişdir. Bundan sonra Vüsalə hər gün onu restorana apararaq orada onu öz müştərilərinə pul müqabilində təqdim etmişdir. Vüsalə, həmçinin müştərilərin bəyənməsi üçün ondan açıq-saçıq geyinməsini tələb etmişdir. Vüsalə hər dəfə onun müştəri ilə cinsi əlaqədə olmasının qarşılığında ona 50-70 türk lirəsi vermişdir. Bu hadisə təxminən 20 gün müddətində davam etmişdir. Onlar hotelə yerləşdikdən 3-4 gün sonra Vüsalə onun Türkiyədə qeydiyyata düşməsi üçün pasportunu istəmişdir. O, pasportunu Vüsaləyə vermək istəməsə də, Vüsalə onu məcbur etmiş və o da məcbur olub öz pasportunu Vüsaləyə vermişdir. Bir neçə gündən sonra o, Vüsalənin pasportu qaytarmaq istmədiyini görüb sonuncudan öz pasportunu tələb etmişdir. Vüsalə ona müxtəlif bəhanələr gətirərək onun pasportunu qaytarmamışdır. Təxminən 10 gündən sonra o, Vüsalədən təkidlə yenidən pasportunu tələb edərək sonuncu ilə sərt şəkildə mübahisə etmiş və bundan sonra Vüsalə ona pasportunu qaytarmışdır. Sonra Vüsalə məcbur olub onun qayıtmasına icazə vermiş və onlar birlikdə Azərbaycan Respublikasına qayıtmaq üçün bilet almışlar. Onlar birlikdə 15 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikasına qayıtmışlar. Yolda olan zaman Vüsalə ona tez-tez hədə-qorxu gəlmişdir ki, əgər o, olanlar barəsində kiməsə məlumat versə, onu ailəsi və qohumları arasında rüsvay edəcək. Vüsalə, həmçinin ona bildirmişdir ki, əri kriminal həyat tərzi sürür və Bakı şəhərində onun başına oyun aça bilər. Ona görə də o, Vüsalənin hədələrindən çəkinərək heç kimə heç nə deməmişdir. Təxminən 2017-ci ilin oktyabr ayının ortalarında o, bacısı Aygünün yaşadığı evə gedərkən ona məlum olmuşdur ki, Kəmalə Vüsalə ilə birlikdə Türkiyə Respublikasına getmişdir. Aygün ona bildirmişdir ki, Vüsalə Kəmalənin pasportunu əlindən almış və məcburi şəkildə Kəmaləni müştərilərlə cinsi əlaqədə olmaq üçün görüşdürmüşdür. O, Aygünə narazılığını bildirərək nə üçün ondan xəbərsiz Kəmalənin getməsinə icazə verməsi barədə Aygünə irad bildirmişdir. Daha sonra o, Kəmalə ilə əlaqə saxlayaraq sonuncudan harada olduğunu soruşmuşdur. Kəmalə də ona Vüsalə tərəfindən Konya vilayətinin Akşehir bölgəsinə aparıldığını, orada pasportunun əlindən alındığını və Vüsalənin tapdığı müştərilərlə cinsi əlaqədə olmağa məcbur edildiyini ona bildirmişdir. Kəmalə yalvararaq ondan kömək istəmişdir. O da bilet alaraq Türkiyə Respublikasının Akşehir bölgəsinə getmişdir. O, Kəmalənin olduğu yeri taparaq sonuncu ilə görüşmüşdür. Bir müddət sonra Vüsalə də ora gəldikdə o, Vüsalə ilə sərt şəkildə mübahisə edərək nə üçün Kəmalənin başına bu oyunu açdığını soruşmuşdur. Daha sonra o, Vüsalədən Kəmalənin pasportunu qaytarmasını tələb etsə də, Vüsalə pasportu qaytarmaqdan imtina etmişdir. Həmin vaxt Kəmalə hosteldə qalmışdır. Vüsalə Kəmalənin pasportunu qaytarmadığı üçün o da hosteldə qalmağa başlamışdır. Vüsalə isə orada qalmamış və hərdən ora gəlib getmişdir. O, Kəmalənin yanına getdikdən sonra Vüsalə Kəmaləni müştərilərlə görüşdürə bilməmişdir. 04 noyabr 2017-ci il tarixdə Kəmalə Vüsalədən öz pasportunu almış və onlar dərhal Azərbaycan Respublikasına geri qayıtmışlar. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun xalasıdır. O, Təqsirləndirilən şəxs uşaqlıqdan, təxminən 2003-cü ildən tanıyır. O, əvvəllər Vüsalə ilə qonşuluqda yaşamışdır. Təxminən 2016-cı ildə o, anası Aygünlə birlikdə Vüsalənin Bakı şəhəri, Yasamal rayonunda yaşadığı evə qonaq getdikləri zaman Vüsalə Türkiyə Respublikasına gedib gəldiyini, orada restoranlarda işləyib yaxşı qazanc əldə etdiyini onlara bildirmişdir. Vüsalə onun da Türkiyəyə gedəcəyi təqdirdə yaxşı qazanc əldə edə biləcəyini demişdir. Həmin vaxt onun maddi vəziyyəti aşağı olduğundan və anası Aygün Vüsaləyə etibar etdiyindən anası Aygün onun Vüsalə ilə birlikdə Türkiyə Respublikasına getməsinə etiraz etməmişdir. Vüsalə ona bilet alacağını demişdir. Bundan sonra o, Vüsalə ilə birlikdə 06 sentyabr 2017ci il tarixdə axşam saatlarında Bakı Beynəlxalq Hava Limanına getmiş və oradan da onlar Naxçıvan Muxtar Respublikasına uçmuşlar. 07 sentyabr 2017-ci il tarixdə onlar Naxçıvan Muxtar Respublikasından Türkiyə Respublikasının Konya vilayətinin Akşehir rayonuna getmişlər. Onlar Akşehir rayonuna çatdıqdan sonra bir evə getmişlər. Həmin vaxt evdə onlardan başqa türk qızları da olmuşdur. Vüsalə orada həmin evin onun işləyəcəyi restoran sahibinin evi olduğunu və onların həmin evdə yaşayacaqlarını demişdir. Növbəti gün o, restorana getdikdə, Vüsalənin onu Türkiyəyə işləməyə deyil, başqa məqsədlə gətirdiyini anlamışdır. Vüsalə onun işinin kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmaqdan ibarət olduğunu ona demişdir. O, Vüsaləyə aralarında belə danışığın olmadığını və restoranda xidmətçi kimi işləyəcəyini bildirsə də, Vüsalə ona dediklərini etməzsə onu rüsvay edəcəyini bildirmişdir. O da ilk dəfə xarici ölkədə olduğundan nə edəcəyini və kimdən kömək istəyəcəyini bilməmişdir. Vüsalə, həmçinin orada çoxlu tanışlarının olduğunu, əgər Vüsalənin dediklərini etməzsə onun başına oyun açacağını demişdir. Sonra Vüsalə onu qeydiyyata salmaq adı ilə pasportunu istədikdə, o, Vüsaləyə inanıb öz pasportunu vermişdir. O, Vüsalənin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. 08 sentyabr 2017-ci il tarixdən etibarən Vüsalə onu restorana apararaq orada müştəri tapdıqdan sonra həmin müştəridən pul alıb onu hotelə yola salmışdır. Vüsalə ona hər görüşə görə 100 türk lirəsi məbləğində pul vermişdir. Bundan sonra Vüsalə onu hər gün 3- 4 müştəri ilə görüşdürüb cinsi ələqədə olmağa məcbur etmişdir. Təxminən 15-20 gündən sonra Vüsalə ilə restoran sahibi arasında mübahisə düşmüş və bundan sonra Vüsalə həmin evdən çıxmışdır. Sonra Vüsalə rəfiqəsinin evində qalacağını ona demişdir. Vüsalə evdən çıxsa da, onun pasportunu özündə saxlamışdır. Vüsalə axşamlar restorana gələrək yenə də onu müştərilərlə görüşdürmüşdür. O, artıq Vüsalənin etdiyi zülmə dözə bilməyərək onunla eyni evdə qalan tanımadığı türk vətəndaşı olan qadının telefonu ilə anasına zəng edərək başına gələnləri anasına danışmışdır. Anası da bu barədə onun xalası Gülnarəyə xəbər vermişdir. Xalası Gülnarə onunla əlaqə saxladıqda o, xalasına olduğu yeri demişdir. Təxminən 25 oktyabr 2017-ci il tarixdə xalası Gülnarə onun yanına gələrək daha Vüsalənin onu cinsi istismar etməyinə icazə verməyəcəyini Vüsaləyə deyərək sonuncu ilə mübahisə etmişdir. Mübahisə zamanı o, bilmişdir ki, Vüsalə onun başına açdığı oyunları xalası Gülnarənin də başına açmışdır. Vüsalə ona heç nə edə bilməyəcəyini görüb məcbur olub onun pasportunu geri qaytarmışdır. Bundan sonra onlar 04 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışlar. Zərərçəkmiş şəxs ifadəsində, həmçinin təqsirləndirilən şəxslə barışdığını, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 qeyd etdiklərinin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər onunla qonşuluqda yaşadığından onların arasında yaxın münasibət yaranmışdır. Vüsalənin başqa yerə köçüb yaşamasına baxmayaraq, onlar birbirilərinin evinə gedib gəlmişlər. Təxminən 2017-ci ilin avqust ayında o, qızı Kəmalə ilə birlikdə Vüsalənin kirayədə yaşadığı evə qonaq getmişdir. Söhbət zamanı Vüsalə Türkiyə Respublikasına gedib gəldiyini, orada restoranlarda işləyib yaxşı qazanc əldə etdiyini onlara bildirmişdir. Onların maddi vəziyyəti aşağı olduğundan Vüsalə ona demişdir ki, qızı Kəmalə Türkiyəyə getsə yaxşı qazanc əldə edə bilər. O, Vüsaləyə etibar etdiyi üçün qızı Kəmalənin Vüsalə ilə birlikdə Türkiyə Respublikasına getməsinə razılıq vermişdir. Bundan sonra o, Vüsaləyə bilet almaq üçün pullarının olmadığını bildirmişdir. Vüsalə isə bileti özü alacağını bildirmişdir. Bundan sonra Kəmalə və Vüsalə birlikdə Türkiyəyə getmək üçün bilet almışlar və sonra Türkiyə Respublikasına getmişlər. Kəmalə getdiyi vaxtdan təxminən bir ay müddətində onunla əlaqə saxlamamışdır. Təxminən bir aydan sonra Kəmalə onunla əlaqə saxlayaraq Türkiyədə vəziyyətinin pis olduğunu, Vüsalə tərəfindən aldadılaraq Türkiyəyə aparıldığını, orada pul qarşılığında Vüsalə tərəfindən kişilərə təqdim edildiyini, hətta pasportunun da əlindən alındığını, heç bir yerə buraxılmadığını bildirib ondan kömək istəmişdir. Bundan sonra o, bacısı Gülnarənin əvvəllər Türkiyəyə getdiyini bildiyi üçün sonuncu ilə əlaqə saxlayıb, baş verənləri Gülnarəyə bildirmişdir. Bu vaxt Gülnarə ona əsəbiləşərək nə üçün xəbər vermədən Kəmaləni Türkiyəyə göndərdiyini ona demişdir. Bundan sonra bacısı Gülnarə 25 oktyabr 2017-ci il tarixdə Kəmaləni gətirmək üçün Türkiyəyə getmişdir. O, Gülnarə ilə əlaqə saxladığı zaman sonuncu ona bildirmişdir ki, Vüsalə Gülnarəni də özü ilə birlikdə əvvəllər Türkiyəyə aparıb orada cinsi istismar etmişdir. Lakin onun bu barədə heç bir məlumatı olmamışdır. Gülnarə Türkiyəyə getdikdən təxminən 10-15 gün sonra Kəmaləni özü ilə bilrikdə Azərbaycan Respublikasına gətirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri) ilə yanaşı, məhkəmə istintaqında tədqiq edilmiş və cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2020ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə Zərərçəkmiş şəxs2 insan alveri məqsədi ilə Türkiyə Respublikasının Diyarbakır şəhərinə aparılması barədə məlumat daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 dekabr 2020-ci il tarixli raportdan (cild 1, iş vərəqə 6) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə Zərərçəkmiş şəxs1 insan alveri məqsədi ilə Türkiyə Respublikasının Konya şəhərinə aparılması barədə məlumat daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 16) görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Konya şəhərində cinsi istismara məruz qaldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 yanvar 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 22) görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən Türkiyə Respublikasının Diyarbakır şəhərində cinsi istismara məruz qaldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 44) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 119) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 127) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 136-137) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.1-ci maddəsindən həmin Məcəllənin 144-1.2.1,144-1.2.2,144-1.2.4-1 və 144-3.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 138-139) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və144-3.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 156-158) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay 25 (iyirmi beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 159-168) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 may 2021-ci il tarixli ərizələrdən (cild 1, iş vərəqə 72-73) görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrılıqda Təqsirləndirilən şəxs ilə barışmışlar və onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqları məhkəmənin müdafiəsi altındadır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən- Hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Əfəndiyevin Azərbaycan Respublikasına” qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 mart 2015-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutun mümkünlüyü məsələsi ilk növbədə milli qanunvericiliklə tənzim olunan məsələdir və bir qayda olaraq ölkə məhkəmələri özləri işdə olan müstəqil şəkildə sübutları qiymətləndirməlidir. Konvensiyaya əsasən Avropa Məhkəmənin vəzifəsi şahidlərin ifadələrinin sübut kimi lazımı qaydada qəbul edilib-edilmədiyi ilə bağlı mühakimə yürütmək deyil, bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə tərzinin ədalətli olubolmadığını müəyyən etməkdir. Qeyd edilən hüquqi mövqe, həmçinin “X2 Rusiya Federasiyasına” qarşı işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərarda Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Avropa Məhkəməsi dəfələrlə öz presedent qərarlarıda göstərmişdir ki, “şahid” kateqoriyası dar mənada istifadə edilməməlidir. Əksinə “şahid” kateqoriyasına cinayət prosesində ifadəsi alına biləcək və ya ifadə verə biləcək istənilən proses iştirakçısı aiddir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona tam imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi həmin sübutlara dair öz etirazlarını bildirmişlər, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, eləcə də irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmü qanuni, əsaslı və ədalətli olmalıdır. Məhkəmə hökmünün qanuniliyinin, əsaslılığının və ədalətliliyinin təmin edilməsi demokratik və hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxslərin pasportlarını götürüb saxlamaqla iki şəxs barəsində təkrarən insan alveri cinayət əməllərini, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər etmə cinayət əməllərini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri məhkəmə istintaqında tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə istintaqında müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144- 1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə tövsif edir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, göstərilən cinayət əməlləri ayrı-ayrılıqda Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir. Bu cinayət əməllərinin törədilməsində məhz o, təqsirlidir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci maddəsinin “Qeydinin” 1-ci bəndinə görə - bu maddədə "insanın istismarı" dedikdə məcburi əmək (xidmət), cinsi istismar, köləlik, köləliyə bənzər adətlər və onlardan irəli gələn asılılıq vəziyyəti, insan orqanlarının və toxumalarının qanunsuz çıxarılması, şəxs üzərində qanunsuz biotibbi tədqiqatların aparılması, qadının surroqat ana kimi istifadə edilməsi, qanunsuz, o cümlədən cinayətkar fəaliyyətə cəlb etmə başa düşülür. Sözü gedən “Qeydin” 2-ci bəndinə görə - insan alverindən zərərçəkmiş şəxsin istismar olunmasına dair razılığı, həyat tərzi, habelə əxlaqsız davranışı insan alverində təqsirli bilinən şəxsin cəzasını yüngülləşdirən hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin/maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də mütləq qaydada həll etmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cavan olmsını, zərərçəkmiş şəxslərin onunla barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmadığını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsində təqsiri tam sübuta yetirildiyindən məhkəmə hesab edir ki, ona həmin maddələr üzrə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, onun əməlləri cinayətlərin məcmusunu yaratdığından ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri üzrə qeyd edilən hal nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2-ci maddəsində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin ediləcək qəti cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 mart 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci (ekspertiza xərci) yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 və 144-3.4 maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri üzrə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi üzrə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə ona təyin edilmiş qəti cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-991/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-991/2021
14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver