Məhkəmə qərarları › İş №1(101)-993/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-993/2022

27.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-993/2022 27.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi - “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1979-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və tutulana qədər ünvan 2 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır; belə ki o, narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində satışını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan vaxtda və yerdə, şəxsiyyəti istintaqa məlum olmayan “Aqşin” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 302,655 qram çəkidə külli miqdarda narkotik vasitə heroini və 47,765 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib, yaşadığı ünvan 3 ünvana daşıyaraq bir hissəsini həmin mənzildə, bir hissəsini isə üzərində saxlamış, 07 dekabr 2021-ci il tarixdə, saat 22:10-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanın qarşısında piyada hərəkət edən zaman saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə üzərində həmin gün saat 23:30-da videoçəkilişlə şəxsi axtarış aparılan zaman üzərində olan əl çantasının içərisindən satış məqsədilə əldə etdiyi külli miqdarda 302,655 qram çəkidə narkotik vasitə heroinin 01 bükümdə 4,655 qram hissəsi və satış məqsədilə əldə etdiyi külli miqdarda 47,765 qram çəkidə psixotrop maddə metamfetaminin 3,167 qram hissəsi, həmçinin əməliyyat tədbirinin davamı olaraq 08 dekabr 2021-ci il tarixdə saat 00:30-da yaşadığı ünvan 5 ünvana baxış keçirilən zaman mənzilin qonaq otağındakı stolun üzərində olan şəffaf rəngli selofan torbadan 01 ədəd bağlamada həmin narkotik vasitə heroinin külli miqdar təşkil edən 298 qram qalığı və 01 ədəd bağlamada həmin psixotrop maddə metamfetaminin külli miqdar təşkil edən 44,598 qram qalığı, həmçinin üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, Nəsimi rayonu, 20 Yanvar küçəsi 21 A, bina 23, mənzil 19-da kirayədə yaşayır. Heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyil. 07 dekabr 2021 -ci il tarixdə axşam saat 22:10 radələrində yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi 21A, bina 23 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı təqdim etmişlər. Onun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya vardırsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, əlində saxladığı qara rəngli əl çantasının içərisindən 1 bükümdə narkotik vasitə heroini, 1 bükümdə psixotrop maddə metamfetamini, 2 ədəd mobil telefonunu, yaşadığı evin açarını, şəxsiyyət vəsiqəsini, özünə məxsus pul vəsaitlərini, istifadə etdiyi bank kartım təqdim edərək masanın üzərinə qoymuşdur. Onun üzəri yoxlanılsa da heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, üzərində olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin qalan hissəsini yaşadığı evdə saxladığını demişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı Nəsimi rayonunda yerləşən ünvanına baxış keçirilmişdir. Baxış zamanı qonaq otağındakı masanın üzərindəki 1 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbanın içərisindən, 1 bağlamada heroin, 1 bağlamada metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin maddələr və elektron tərəzi də qablaşdırılaraq götürülmüşdür. O, üzərindən və yaşadığı evdən aşkar edilmiş maddələri 4 ay bundan öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Aqşin” adlı şəxsin vasitəsilə, 2 gün öncə Binəqədi rayonu ərazisindən götürdüyünü, bir neçə dəfə Aqnişin dediyi yerlərə narkotik tərkibli maddələr qoyduğunu, özünün narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş kütlələridə evdə aşkar edilmiş sellofan torbalardan götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, narkotik maddələrin dövriyyəsi ilə məşğul olur. Daha dəqiq desə ona deyilən yerdən narkotik maddələri götürərək başqa bir yerə qoymaqla pul əldə edir. O, müxtəlif növ narkotik maddələrdən istifadə edir. Bu işlə məşğul olmağından heç kimin xəbəri yoxdur. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Şəxsi axtarış və baxış keçirilmədən öncə onun üzərinə heç bir polis əməkdaşı yoxlanış keçirməmişdir. Üzərindən aşkar olunmuş bank kartını təzə açdırmış, 1700 manat pulu Aqşin onun köhnə bank kartına göndərmiş və həmin pulu həmin kartdan çıxartmışdır. Həmin bank kartının isə müddəti keçdiyi üçün tullamışdır. Kartın nömrəsini isə hazırda xatırlamır. Narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası və ya digər ölkələrdən gətirilməsi, göndərilməsi barədə heç bir məlumatı olmamış, bu barədə Aqşin ona heç nə deməmiş, o da ondan heçnə soruşmamışdır. Aqşin adlı şəxslə aralarında razılaşma belə olmuşdur ki, Aqşin müxtəlif yerlərə narkotik vasitə və psixotrop maddə qoyurmuş, daha sonra şəklini ona vatsapda göndərirmiş, o da gedib həmin malları götürürmüş və daha sonra onları özündə saxlayıb Aqşin adlı şəxsin göstərişi əsasında onları dediyi miqdarda dediyi yerlərə qoyurmuş, daha sonra isə bunun müqabilində Aqşin adlı şəxs ona müxtəlif məbləğlərdə qazanc verirmiş. Narkotik vasitələri satdığı şəxsləri görmürmüş. Ancaq Aqşinin göstərişi əsasında dediyi miqdarda narkotik vasitə və psixotrop maddələri götürüb onun dediyi ünvanlara qoyurmuş. Alan şəxslərin özləri Aqşinlə əlaqə yaradıb ödənişi ona edirmişlər. Ona isə qazancı ancaq Aqşin verirmiş. Aqşin ona pulları Milliön aparatı vasitəsilə göndərirmiş. O, hər zaman Aqşinin göndərdiyi malları götürdükdən sonra onunla aralarında olan yazışamaları silirmiş ki, birdən polis şübhəli kimi tutanda yazışmalar və zənglər aşkar olunmasın. Ona görə də hazırda telefonunda onunla arasında olan yazışmalar yoxdur, onları silmişdir. Hazırda yadına düşmüşdür ki, Aqşinin mobil nömrəsini də telefonunda kontakt bölməsində yazmamışdır. Ancaq malları götürdükdən sonra narkotik vasitə və psixotrop maddələrin şəklini, çəkisini çəkirmiş ki, Aqşinə göndərsin. Həmin şəkillər telefonunda vardır. Evi icarəyə götürdüyü şəxsin adı səhv etmisə Kamaldır. Həmin şəxs xaricdə yaşayır, ümumiyyətlə həmin şəxsin onun mənzildə narkotik vasitə və psixotrop maddə saxlamağından məlumatı olmayıb. Hər halda olsa, icazə verməzdi ki, o, həmin mənzildə yaşasın. Üzərindəki 145 manat pulun gördüyü işlə bağlı heç bir aidiyyəti yoxdu, həmin pul özünə aid olmuşdur. Narkotik vasitələrin gəlirindən əldə etdiyi pulları isə bir müddət əvvəl hamısını şəxsi ehtiyacları üçün xərcləmişdir. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, 07 dekabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda satış məqsədi ilə əldə edib, Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə BNMİ-yə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra qərarın icra olunması ilə bağlı İdarə rəisi tərəfindən müvafiq əmrlə o, BNMİ-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra saat 21 radələrində əməliyyat qrupu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsinə getmişlər. Həmin küçədə saat 22 radələrində Təqsirləndirilən şəxs 21A saylı ünvanın yaxınlığında piyada hərəkət edən zaman görüb sonuncuya yaxınlaşmışlar və Özlərini təqdim edərək barəsində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə BNMİ- yə gəlməli olduğunu demişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə BNMİ-nin inzibati binasına gəlmişdir. BNMİ-yə gəldikdən sonra o, raportla rəhbərliyə müraciət edib Təqsirləndirilən şəxsmn gətirilməsi barədə məlumat vermiş və tərtib etdiyi raport üzrə araşdırma aparılması Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə həvalə olunmuşdur. X1 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs qadın olduğu üçün üzərində şəxsi axtarış aparılması məqsədi ilə bir nəfər qadın vətəndaş BNMİ-yə dəvət olunmuşdur. Şəxsi axtarış zamanı ilk Öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli əl çantasının ciblərinin birindən iki ədəd gümüşü rəngli kağız bükümü, bir ədəd yaşadığı ünvanın açarını, çantanın digər cibindən iki ədəd mobil telefonu, 145 manat pulu, bir ədəd şəxsiyyət vəsiqəsini və bir ədəd plastik bank kartını çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilmiş və bükümlərin birində narkotik vasitə heroinə bənzər maddənin, digərində isə psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi gümüşü rəngli bükümlərin birində narkotik vasitə heroin, birində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri təxminən 4 ay əvvəl sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Aqşin» adlı şəxsin vasitəsilə 2 gün əvvəl Binəqədi rayonu ərazisində gizlədilmiş yerdən götürdüyünü, götürülən narkotik vasitələrin və psixotrop maddələrin bir hissəsini deyilən yerlərə qoyduğunu, bir hissəsini yaşadığı ünvanda gizlətdiyini, bu əməli törətməkdə məqsədinin pul qazanmaq olduğunu, əvvəllər də «Aqşin» adlı şəxsin onun bank kartına 1700 manat pul göndərdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd gümüşü kağız bükümdə olan narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr, iki ədəd mobil telefon götürülərək qablaşdırılmış, 145 manat pul və bir ədəd açar Təqsirləndirilən şəxs qaytarılmışdır. Bundan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar protokola imza etmişlər. Sonra 08 dekabr 2021-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs yaşadığı Nəsimi rayonu, 20 Yanvar küçəsi 21 A, bina 23, mənzil 19 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin qonaq otağında olan stolun üzərindəki şəffaf rəngli sellofan torbanı təqdim etmiş və həmin sellofan torbada narkotik vasitə və psixotrop maddə olmasını bildirmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman torbadan bir ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş maddələr və elektron tərəzi götürülərək qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək elan edilmiş Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Verdiyev RəşaSabir oğlu Şahid2 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş və tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir. İşdə olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 07 dekabr 2021-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur (1-ci cild iş vərəqi 3). İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 07 dekabr 2021 -ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə BNMİ-də şəxsi axtarış aparılan zaman əlində olan qara rəngli əl çantasının ciblərinin birindən iki ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 31-33). İşdə olan baxış keçirilməsi haqqında 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilən zaman mənzilin qonaq otağındakı stolun üzərindəki şəffaf torbanın içərisindən bir ədəd şəffaf sellofan bağlamada narkotik vasitə heroinə bənzər maddə, bir ədəd şəffaf sellofan bağlamada psixotrop maddə metamfetaminə bənzər maddə və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (1-ci cild iş vərəqi 37-38). İşdə olan baxış keçirilməsi haqqında 18 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan mobil telefonların biri «Samsung A03S» markalı olmaqla, mobil telefonun qarşı hissəsi sensorlu ekrandan ibarətdir, arxa hissəsi qara rəngində olmaqla yuxarı sol hissəsində şəkil çəkmək üçün kameraları vardır. Mobil telefonun arxa aşağı orta hissəsində böyük hərflərlə «SAMSUNG» yazılmışdır. Mobil telefon işlənmiş vəziyyətdədir. Mobil telefonun sensor ekranından istifadə edilməklə menyusuna daxil olunub, həmin menyuda olan «Qalereya» bölməsinə, oradan isə «Albomlar» bölməsinə daxil olunub baxıldıqda, Təqsirləndirilən şəxs məxsus mobil telefonda narkotik vasitələrin, elektron tərəzinin və narkotik vasitələrin satılması ilə bağlı fotoşəkillərin olması müəyyən olunmuşdur. Həmin mobil telefonun SMS-lər bölməsində, «Yatsap» mobil tətbiqində və telefonla aparılan danışıqlar bölməsində iş üçün əhəmiyyət kəsb edən başqa məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs məxsus ikinci mobil telefonu «Samsung A21S» markalı olmaqla mobil telefonun qarşı hissəsi sensorlu ekrandan ibarətdir, arxa hissəsi göy rəngində olmaqla yuxarı sol hissəsində şəkil çəkmək üçün kameraları vardır. Mobil telefonun arxa aşağı orta hissəsində böyük hərflərlə «SAMSUNG» yazılmışdır. Mobil telefon işlənmiş vəziyyətdədir. Mobil telefonda iş üçün əhəmiyyət kəsb edən məlumat əldə olunmamışdır. Telefonlara baxış keçirilərkən «Aqşin» adı ilə hər hansı bir istifadəçi müəyyən olunmamışdır (1-ci cild iş vərəqi 87-90). İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 08 dekabr 2021-ci il tarixli 6/5413 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...» və sair yazılar, imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 4,655 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 3,167 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş...» və sair yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 298 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 44,598 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Elektron tərəzinin üzərində metamfetaminin izləri müəyyən edildi. Tərəzinin üzərində metamfetamin iz şəklində olduğundan eyniləşdirmə üzrə tədqiqatın aparılması və təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunmuş heroin kütlələri öz aralarında, metamfetamin kütlələri də həmçinin öz aralarında kimyəvi tərkiblərinə görə eynilik təşkil edirlər (1-ci cild iş vərəqi 46-50) İşdə olan məhkəmə-narkoloji ekspertizasının 07 mart 2022-ci il tarixli, 1168 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (1-ci cild iş vərəqi 122-124). İşdə olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 05 mart 2022-ci il tarixli 570 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədərkən hər hansı psixi (ruhi) xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxsnm əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur (1-ci cild iş vərəqi 125-126). İşdə olan 22 fevral 2022-ci il tarixli Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin məktubundandan görünür ki, ********* nömrəli cinayət işi üzrə verilmiş əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri əldə etdiyi tran İslam Respublikası vətəndaşı «Aqşin» adlı şəxsin şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat-axtarış tədbirləri nəticəsində həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur (1-ci cild iş vərəqi 115). İşdə olan 14 mart 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 302,655 qram narkotik vasitə heroin, 47,765 qram psixotrop maddə metamfetamin, 01 ədəd elektron tərəzi və 01 ədəd “Samsung A03S” markalı mobil telefon xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən tərəfimdən 14 mart 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin 302,555 qram qalığı, psixotrop maddə metamfetaminin 47,665 qram qalığı, 01 ədəd elektron tərəzi və 01 ədəd “Samsung A03S” markalı mobil telefon saxlanılması üçün Nəsimi rayon polis idarəsinin maddi sübutları saxlama otağına verilmişdir (1-ci cild iş vərəqi 138-149). İşdə olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Nuriyeva X2 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 10 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır (1-ci cild iş vərəqi 82-83) Cinayətlərin təsnifatına görə Təqsirləndirilən şəxs sonuncu məhkumluğu üzrə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu 29 dekabr 2025-ci il tarixdə ödənilməli olduğu halda, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini 07 dekabr 2021-ci il tarixdə törətdiyindən Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsi ilə nəzərdə tutulmuş 6 il müddət keçməmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs barəsində çıxarılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə ağır cinayətlər kateqoriyasına daxil olan Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə görə müəyyən edilmiş məhkumluq müddəti başa çatmamış hazırki ağır cinayəti törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Bununla da Təqsirləndirilən şəxs cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutumuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yəni 12 il müddətə azadlıqdan məhrum etmə cəzasının üçdə ikisindən - 8 il müddətə azadlıqdan məhrum etmə cəzasından az ola bilməz. İşdə olan şübhəli şəxsin tutulması haqqında 07 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cld iş vərəqi 23). İşdə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 07 dekabr 2021-ci il tarixdən hesablanmışdır (1ci cild iş vərəqi 77-81). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (2-ci siyahı psixotrop maddələr)» əsasən heroin narkotik vasitəsinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə əldə etdiyi, daşıdığı və saxladığı narkotik vasitə heroinin çəkisi 302,655 qram və psixotrop maddə metamfetaminin çəkisi 47,765 qram olduğundan külli miqdar təşkil edir. İş üzrə Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə iş üzrə toplanmış digər sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması tam təsdiqini tapmışdır. Qeyd olunan sübutlara əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, törətdiyi cinayət əməlinə görə məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və məhkəmə zamanı tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmaması və cəzasını ağırlaşdıran halın olması səbəbindən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələblərinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilmişdir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir; Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halın olmamasını və cəzasını ağırlaşdıran halın olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 07 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən cinayətlərin xüsusi residivi zamanı ciddi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın (cinayətləri təhlüəli residivi) olmasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini (Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzasının əvvəlinin 07 dekabr 2021-ci il tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Məhkəmə-narkoloji ekspertizasının 07 mart 2022-ci il tarixli, 1168 nömrəli rəyinə əaasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) (narkomaniya xəstəliyi) aşkar olunduğundan, məcburi müalicəyə ehtiyacı olduğundan və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan «Samsung A03S» markalı mobil telefonda narkotik vasitənin və psixotrop maddənin fotoşəkilləri olmuş və cinayətin törədilməsində istifadə edilmişdir. Cinayət Məcəlləsinin 99- 1.1.1-ci maddəsinə əsasən saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş «Samsung A03S» markalı mobil telefon xüsusi müsadirə edilməlidir. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 302,55 narkotik vasitə heroin və 47,665 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, telefon danışılarına dair məlumatların saxlanıldığı 1 ədəd CD disk, şəxsi axtarış, baxış və götürülmə istintaq hərəkətlərinin əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri – 109 manat 90 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 302,55 narkotik vasitə heroin və 47,665 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, telefon danışıqlarına dair məlumatların saxlanıldığı 1 ədəd CD disk, şəxsi axtarış, baxış və götürmə istintaq hərəkətlərinin əks olunduğu 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, "Samsung A03S" markalı mobil telefon xüsusi müsadirə edilsin. İş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın 109 manat 90 qəpik dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin İş üzrə mülki iddanın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Məhəmməd Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar