Məhkəmə qərarları › İş №1(101)-993/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-993/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-993/2023 10.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC-nin nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, işləməyən, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Aşağı Yaycı kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Xəzər rayonu, Üzümçülük sovxozunda nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs2 Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X9 yerləşən 06 saylı X6 gəlib vətəndaşların azad girib-çıxa biləcəyi operator otağına daxil olaraq hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etməklə üzərində olan bıçaqı silah qismində istifadə edərək həmin YDM-də operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 üzərində olan Zərərçəkmiş şəxs2 QSC-nə məxsus pulları tələb etməklə Zərərçəkmiş şəxs1 250 manat pulu alıb ələ keçirməklə quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və özünü oğurluq cinayətinin törədilməsində təqsirli bilərək, eləcə də ona qarşı irəli sürülmüş mülki iddianı qəbul edərək ifadəsində göstərdi ki, o, X6 oğurluq etmək məqsədilə getmişdir. Hadisə baş verən gün onun idarə etdiyi avtomobil nasaz olduğundan o, “Neftçilər” metro stansiyası yaxınlığında yerləşən obyektlərdən birinə avtomobilini düzəltdirmək məqsədilə getmişdir. O, avtomobilini düzəltdirdikdən sonra yorğun olduğundan və avtomobili idarə edə bilməyəcəyindən təxminən axşam saat 23:00-24:00 arası yanacaq doldurma məntəqəsinin yaxınlığında dayanmışdır. Sonra o, idarə etdiyi avtomobilin içərisində yatmış və yuxudan oyandıqda, artıq gecə saat 04:00 radələri olmuşdur. O, yuxudan oyandıqda yanacaq doldurma məntəqəsinin boş olduğunu, yəni heç bir işçinin orada olmadığını görmüşdür. Bu səbəbdən də o, həmin X4n oğurluq etmək qərarına gəlmişdir. O, avtomobilini X4n təxminən 300 (üç yüz) metr aralıda saxlamışdır. Həmin yerdən X6 o, piyada getmişdir. O, X6 çatan kimi ilk olaraq inzibati otağa daxil olmuşdur. O, həmin inzibati otağa daxil olarkən orada Zərərçəkmiş şəxs1ı görmüşdür. Lakin o, həmin inzibati otağa daxil olmamışdan əvvəl orada hər hansı bir şəxsin olacağını bilməmişdir. Onun üzündə maska, əlində isə bıçaq olmuşdur. Lakin həmin bıçaqla onun kiməsə xəsarət yetirmək məqsədi olmamışdır. O, həmin bıçağı X6 daxil olanda hansısa otaq bağlı olduğu təqdirdə otağın qapısını bıçaqla açmaq üçün istifadə etmək istəmişdir. O, həmin inzibati otağa daxil olduqdan sonra Zərərçəkmiş şəxs1ı görən kimi üzərində və ya otaqda nə qədər pul varsa ona verməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 da ondan qorxaraq üzərindəki pulları ona vermişdir. Bundan sonra o, dərhal oradan uzaqlaşmışdır. O, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə istintaqı davam edən zaman Təqsirləndirilən şəxs qohumu tərəfindən Zərərçəkmiş şəxs2 QSC-nə 250 manat məbləğində vurulmuş ziyanın ödənildiyini, nəticədə zərərçəkmiş hüquqi şəxsin və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsindən həmin Məcəllənin 177-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs quldurluq cinayətini törətməməsi, əksinə onun məqsədinin oğurluq etmək olması və məhz oğurluq cinayətini törətməsi ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərilən məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 QSC-nə məxsus X4 operator vəsifəsində işləyir. Hadisə günü o, gecə növbəsində işmiş və hadisə baş verən vaxt işdə olmuşdur. Gecə saatlarında üzünü görmədiyi naməlum şəxs X6 gələrək içərisində onun əyləşdiyi inzibati otağa daxil olmuşdur. İnzibati otağa daxil olan şəxsin üzündə maska, əlində isə bıçaq olmuşdur. Həmin şəxs onu qorxudaraq onun üzərində olan pulları tələb etmişdir. O da həmin şəxsin əlində bıçaq olmasından qorxduğu üçün üzərində olan pulları həmin şəxsə vermişdir. Zərərçəkmiş şəxs1, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 QSC-nə vurduğu ziyanı ödədiyindən onun da təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onlar barışmışlar. Zərərçəkmiş şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC-nin nümayəndəsi qismində izahatı alınmış Nümayəndə izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs2 QSC-də baş hüquq məsləhətçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 Qapalı Səhimdar Cəmiyyətinə vurulmuş zərər 250 manat məbləğində müəyyən edilmişdir. Zərərin məbləği çox olmasa da, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 QSC qeyd edilən məbləğdə zərərin ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. Buna görə də nümayəndəsi olduğu Zərərçəkmiş şəxs2 QSC tərəfindən mülki iddia verilmiş və o, həmin mülki iddianı müdafiə edir. Məhkəmə istintaqı davam edən zaman Nümayəndə Təqsirləndirilən şəxs zərərin ödənilməsi ilə bağlı hissədə dediklərini təsdiq edərək Zərərçəkmiş şəxs2 QSC-nə 250 manat məbləğində vurulmuş ziyanın tam şəkildə ödənildiyini bildirmişdir. Nümayəndə hazırda nümayəndəsi olduğu şirkətin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, habelə mülki iddiadan imtina etdiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini və mülki iddiadan imtina etməsi barədə qanunla müəyyən edilmiş qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Oktay oğlu ifadəsində göstərdi ki, o, Qaraçuxur qəsəbəsində yerləşən “Lukoyl” YDM-də operator vəzifəsində işləyir. Hadisə baş verən gün o, gecə növbəsində işləmişdir. Həmin gün gecə vaxtı onun iş yoldaşı Orxan anidən həyəcanlı şəkildə onun yanına gələrək üzərində olan pulları bir nəfərin götürüb qaçdığını bildirmişdir. O, Orxana sakitləşməsini bildirib pulları kimin götürdüyünü soruşmuşdur. Lakin Orxan qorxu içində və təlaşlı olduğu üçün onun suallarına cavab verə bilməmişdir. Daha sonra onlar hüquq-mühafizə orqanına şikayət etmişlər. Qısa müddət ərzində polis əməkdaşları hadisə yerinə gəlmişlər və bundan sonra araşdırma aparılmışdır. Verilən suallara cavab olaraq, Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun yanına həyacanlı şəkildə gələrkən pulları tələb edən və sonradan götürüb gedən şəxsin üzündə tanınmamaq üçün maska, əlində isə balaca bıçaq olduğunu, eləcə də həmin şəxsin anidən olaraq Orxanın oturduğu otağa daxil olaraq əlindəki bıçaqla pulları tələb etdiyini bildirmişdir. Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Suraxanı RPİ-nin 32-ci Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X9 yerləşən “Lukoyl” yanacaq doldurma məntəqəsi onun xidməti ərazisinə daxildir. 2022-ci ilin oktyabr ayının 16-dən 17-nə keçən gecə saat təxminən 04:20 radələrində onun xidməti ərazisində yerləşən “Lukoyl” X4 işləyən operatora qarşı quldurluq cinayəti törədərək 250 manat pulunu almış şəxsin şəxsiyyətini müəyyən etmək məqsədi ilə onun tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan cinayət hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Üzümçülük sovxozunda yerləşən nömrəsiz evin qarşısında onun tərəfindən saxlanılaraq Polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs sorğu-sual edilən “Lukoyl” X4 operatora qarşı quldurluq cinayətini törətdiyini tam etiraf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs istintaq hərkətlərinin keçirilməsi üçün Suraxanı RPİ-nin İŞ-nə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 17 oktyabr 2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 4) görünür ki, Zərərçəkmiş şəxs1 həmin gün polis orqanına müraciət edərək gecə saatlarında onun işlədiyi X4 onun olduğu otağa 1 (bir) nəfər şəxsin daxil olaraq əlindəki bıçaqla ona hədələyərək üzərində olan pulu tələb etməsini və onun da bundan qorxduğu üçün bıçaqla hədələyən şəxsə 250 manat məbləğində pul verdiyini bildirmişdir. 17 oktyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 6-10) görünür ki, cinayət hadisəsi - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X9 yerləşən 06 saylı X4 yerləşən inzibati otaqların birində baş vermişdir. 18 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 26) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qəra alınmışdır. 18 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 18 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 35-37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ifadə verərək xx.xx.2022-ci il tarixdə idarə etdiyi maşında maykadan düzəltdiyi maskanı başına keçirib və papaqlı gödəkçəsini əyninə geyinib, bıçağı isə gödəkçəsinin sağ qolunun içərisinə salaraq yanacaq doldurma məntəqəsinin operator otağına daxil olaraq orada olan şəxsdən üzərində olan pulları verməsini tələb etmiş, həmin şəxs də onun üzərində maskanı, əlində isə bıçağı görüb qorxduğundan yerindən tərpənməmişdir. Bundan sonra otaqda olan şəxs cibindən pulları çıxararaq ona təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs həmin şəxsdən pulların harada olduğunu soruşmuş, həmin şəxs də kassanın bağlı olduğunu, açarlarının isə onda olmadığını bildirmiş, bundan sonra isə o, həmin şəxsə sakit durmasını, əks halda döyəcəyini bildirərək hadisə yerindən çıxıb getmişdir. Ümumilikdə isə o, hadisə yerində olan şəxsdən 300 manat pul almışdır. 20 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 53) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 20 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 60-62) görünür ki, həmin gün Təqsirləndirilən şəxs ifadə verərək xx.xx.2022-ci il tarixdə idarə etdiyi maşında maykadan düzəltdiyi maskanı başına keçirib və papaqlı gödəkçəsini əyninə geyinib, bıçağı isə gödəkçəsinin sağ qolunun içərisinə salaraq yanacaq doldurma məntəqəsinin operator otağına daxil olaraq orada olan şəxsdən üzərində olan pulları verməsini tələb etmiş, həmin şəxs də onun üzərində maskanı, əlində isə bıçağı görərək qorxmuş və yerindən tərpənməmişdir. Bundan sonra otaqda olan şəxs cibindən pulları çıxararaq ona təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs həmin şəxsdən pulların harada olduğunu soruşmuş, həmin şəxs isə kassanın bağlı olduğunu, açarlarının isə onda olmadığını bildirmiş, bundan sonra isə o, həmin şəxsə sakit durmasını, əks halda onu döyəcəyini bildirərək hadisə yerindən çıxıb getmişdir. 20 oktyabr 2022-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 69-72) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 18 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. 10 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 78) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 11 noyabr 2022-ci il tarixli Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis bölməsinin məktubundan (cild 1, iş vərəqə 79) görünür ki, Təqsirləndirilən şəxs quldurluq cinayətini törədən zaman istifadə etdiyi bıçağın, başına geyindiyi maskanın və gödəkçəsinin yerini müəyyən etmək mümkün olmamışdır. 03 fevral 2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 87) görünür ki, "xxxx"QSC-nin baş direktoru X10 rayon Polis İdarəsinə müraciət edərək Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli nəticəsində onun rəhbərlik etdiyi şirkətə vurulmuş ziyanın ümumi məbləğinin 250 manat olduğunu bildirmişdir. 08 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 129-133) görünür ki, həmin gün Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən yerdə törətdiyi cinayət əməlinin törədilmə üsulu və mexanizmini əyani şəkildə göstərməklə cinayət əməlini bir daha etiraf etmişdir. 08 fevral 2023-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 134-138) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsindən həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif edilməsi və 1 (bir) ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. 09 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 140-141) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ittiham elan edilmiş, lakin o, ittihamla razılaşmamışdır. 18 fevral 2023-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarından (cild 1, iş vərəqə 180-182) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılmışdır. 06 mart 2023-cü il tarixli mülki iddia ərizəsindən (cild 1, iş vərəqə 207-208) görünür ki, Zərərçəkmiş şəxs2 QSC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə müraciət edərək cinayət mühakimə icraatı qaydasında Zərərçəkmiş şəxs2 QSC-nin mülki iddiaçı qismində tanınmasını və Təqsirləndirilən şəxs ümumilikdə 250 manat məbləğində pulun Zərərçəkmiş şəxs2 QSC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. 25 iyun 2023-cü il tarixli mədaxil qəbzindən (cild 2, iş vərəqə 5) görünür ki, “Lukoyl- Azərbaycan“ QSC-nə 250 manat məbləğində vurulmuş ziyan tam şəkildə ödənilmişdir. 03 iyul 2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 15) görünür ki, Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, habelə onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. 04 iyul 2023-cü il tarixli ərizədən (cild 2, iş vərəqə 16) görünür ki, “Lukoyl- Azərbaycan“ QSC-nin səlahiyyətli nümayəndəsi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən “Lukoyl-Azərbaycan“ QSC-nə vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, habelə qeyd edilən hüquqi şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs pula ehtiyacı yarandığı üçün cinayət törətmək qərarına gəlmişdir. Bundan sonra o, üzünə tanınmamaq üçün maska taxmaqla, eləcə də bıçaqla silahlanaraq xx.xx.2022-ci il tarixdə, gecə saat 04:00 radələrində Zərərçəkmiş şəxs2 QSC-nə məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, X9 yerləşən 06 saylı X6 getmişdir. Təqsirləndirilən şəxs X6 çatdıqdan sonra həmin məntəqənin inzibati otaqlarının birinə daxil olub həmin vaxt otaqda olan yanacaq doldurma məntəqəsinin işçisi, yəni Zərərçəkmiş şəxs1 üzündə maska, əlində isə bıçaq olmala qəflətən hücum edərək və əlindəki bıçaqla hədələyərək Zərərçəkmiş şəxs1 üzərində olan pulları ona verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs1 isə gecə vaxtı üzündə maska, əlində isə bıçaq olan şəxsin qəflətən edilmiş qanunsuz əməllərindən qorxaraq üzərində olan, lakin işçisi olduğu Zərərçəkmiş şəxs2 QSC-nə məxsus 250 manat məbləğində pulu məcbur qalaraq qəflətən basqın edən Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 X4 olan qalan pulları da verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 kassanın açarlarının onda olmadığını bildirərək pul verə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs bundan sonra Zərərçəkmiş şəxs1 sakit qalmasını, əks halda döyəcəyi ilə sonuncunu hədələyərək hadisə yerini tərk etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin törədilmə üsulu və mexanizmini, yəni məhz gecə vaxtı həmin cinayətin törədilməsini, cinayətin törədilməsinə təqsirkar Təqsirləndirilən şəxs tərəfindən hazırlıq görülməsini, yəni tanınmamaq məqsədi ilə maykadan maska hazırlayıb üzünə taxmasını, həmçinin bıçaqla silahlanaraq X4 kənar şəxslərin olmadığı vaxtda daxil olmasını, otaqda olan məntəqənin işçisinə qəflətən hücum çəkərək əlindəki bıçaqla hədələməklə pul tələb etməsini, fiziki cəhətdən təqsirkardan zəif olan zərərçəkmiş şəxsin gecə vaxtı baş verən hadisədən qorxaraq üzərində olan, lakin işlədiyi şirkətə məxsus 250 manat pulu təqsirkara verməsini, Təqsirləndirilən şəxs cinayət əməlini dayandırmayaraq yenidən zərərçəkmiş şəxsdən qalan pulları tələb etməsini, buna müvəffəq olmadıqda isə zərərçəkmiş şəxsi yenidən bıçaqla hədələyərək sakit qalmasını, əks təqdirdə döyəcəyi ilə hədələməsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2022-ci il tarixdə, gecə saat 04:00 radələrində məhz özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən ona istinad etmişdir ki, Zərərçəkmiş şəxs1 cinayət hadisəsi baş verdikdən dərhal sonra polis orqanına müraciət edərək onun işlədiyi məntəqəyə basqın edən şəxsin üzündə maska, əlində isə bıçaq olduğunu, həmçinin basqın edən şəxsin ondan pul tələb etdiyini, əlindəki bıçaqla, eləcə də döyəcəyi ilə hədələdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqın əvvəlindən ibtidai istintaqın sonunadək, eləcə də məhkəmə istintaqında eyni məzmunlu ifadə verərək onun işlədiyi məntəqənin inzibati otağında ona qəflətən hücum edən şəxsin üzündə maska, əlində isə bıçaq olduğunu, habelə həmin şəxsin onu bıçaqla və döyüləcəyi ilə hədələdiyini dəfələrlə bəyan etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs də ibtidai istintaq zamanı dəfələrlə ifadə verərək cinayət törətdiyi zaman üzündə maska, əlində isə bıçaq olduğunu etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən məqsədinin quldurluq cinayəti deyil, əksinə oğurluq cinayətinin törədilməsindən ibarət olduğunu bildirməklə ona qarşı irəli sürülmüş ittihamla razılaşmamış və əməlinin oğurluq cinayətinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə yuxarıda izahı verilən və məhkəmə istintaqında müəyyən edilmiş halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə sanksiya həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavan olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, Zərərçəkmiş şəxs1 ilə barışmasını, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC-nə vurulmuş ziyanın onun yaxın qohumları tərəfindən ödənilməsini, qeyd edilən zərərçəkmiş şəxsin və zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs və ya onun yaxın qohumu olan hüquqi varisi arasında barışıq əldə edildikdə (Cinayət Məcəlləsinin 59.1.12-ci maddə) və cinayət nəticəsində dəymiş ziyan könüllü olaraq tamamilə ödənildikdə və ya aradan qaldırıldıqda (Cinayət Məcəlləsinin 59.1.13-cü maddə) təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Yuxarıda göstərilən halları və maddi hüquq nomalarının imperativ tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməlidir. Qanunun bu tələbi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Mülki iddia ilə bağlı hissədə isə məhkəmə qeyd edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək quldurluq etməsi sübuta yetirildiyindən və onun törətmiş olduğu bu cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC-nə ümumilikdə 250 manat məbləğində maddi ziyan vurulması təsdiq olunduğundan, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC tərəfindən verilmiş mülki iddia qanuni və əsaslıdır. Lakin məhkəmə istintaqı davam edən zaman Təqsirləndirilən şəxs qohumu tərəfindən zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC-nə 250 manat məbləğində vurulmuş ziyan tam şəkildə ödənildiyindən, habelə zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC-nin nümayəndəsi 250 manat məbləğində ziyanın tam şəkildə ödənildiyini məhkəmədə təsdiq etdiyindən və bununla əlaqədar mülki iddiadan imtina etdiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs2 QSC-nə vurulmuş ziyan artıq mövcud deyil və buna görə də mülki iddiadan imtina əsaslı olduğuna görə təmin edilməlidir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan digər əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmə iclaslarında Təqsirləndirilən şəxs göstərdiyi 35 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısın. İş üzrə vurulmuş ziyan tam şəkildə ödənildiyindən və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 QSC mülki iddiadan imtina etdiyindən mülki iddiadan imtina edilməsi qəbul olunsun. İş üzrə maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili X1 210 (iki yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar