Məhkəmə qərarları › İş №1(101)-993/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-993/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-993/2025 14.08.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, orta təhsilli, ailəli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 28 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu «Montin» qəsəbəsindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3,862 qram qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, daşımaqla üzərində saxlamış və 28 sentyabr 2024-ci il tarixdə, saat 14:00-da Bakı şəhər, Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq ünvan 4a yerləşən Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilərək orada videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 3,862 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanıldğı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. xx.xx.2024-cü il tarixdə atasını həkimə aparacaqdı, avtomobilin mühərrikini işə salmış, amma mühərrik yaranmış problemlə əlaqədar işə düşməmişdir. Ustaya zəng vurmuş, sonuncu ona avtomobilin yanacaq nasosunun sıradan çıxdığını bildirmişdir. O da Elit adlanan yerin yaxınlığından ustanın dediyi ehtiyyat hissəsini almışdır. Usta gəlib nasaz olan ehtiyyat hissəsini dəyişmiş, amma avtomobilin mühərriki yenə də işə düşməmişdir. Qonşudan akkumulyator götürmək üçün çölə çıxmışdır. Elə həmin vaxtı arxadan onu 2 nəfər şəxs saxlamış və üzərinə baxış keçirtmişlər. Üzərindən 1 ədəd mobil telefon, 1 ədəd siqaret qutusu və 1 ədəd çaxmaq aşkar olunmuşdur. Onu saxlayan şəxslərdən onu nə üçün saxladıqlarını soruşmuşdur. Onu saxlayan şəxslər axşam ərazidə oğurluq hadisəsi baş verdiyini və onun həmin kamera görüntülərinə düşdüyünü demişlər və onu həmin hadisə ilə bağlı şübhəli şəxs qismində saxladıqlarını demişlər. Ondan axşam harada olduğunu soruşmuşlar. O da gecə evdə olduğunu həmin şəxslərə bildirmişdir. Şəkilini çəkib Whatsappla bir nəfər şəxsə göndərmişlər və həmin şəxs axtarılan adamın o, olmadığını demişdir. Sonra isə onu Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmışlar. 18-ci PŞ-də onu Bayramın yanına aparmışlar. Bayram onu pis sözlərlə təhqir etmiş və ona yenə də oğurluqla məşğul olduğunu demişdir. O da Bayrama oğurluq edən şəxsin o, olmadığını, onu başqa şəxsə oxşatdıqlarını demişdir. Sonra qabağına silah, külli miqdarda narkotik vasitə və ya az miqdarda narkotik vasitə qoymaqla onu hədələmişlər. O da evdə xəstə atasının olduğunu demişdir. Bayram əməliyyatçılara onu çölə çıxardıb başa salmaqlarını tapşırmışdır. Müşfiq adlı polis əməkdaşı onu çöldə yumruqla vurmuşdur. Növbətçi hissədəki polislərdən biri onu sahə rəisi Anarın çağırdığını demişdir. Anar ona 2 uşağının, xəstə atasının olduğunu və 234.1-ci maddəni törətməyini səmimi etiraf etməyini demiş, etiraf etdiyi təqdirdə məhkəmədən onun buraxılacağını bildirmişdir. Onu vurmuşlar, təzyiqlər göstərmişlər. Müdafiəçi gələndə videoçəkiliş zamanı aşkar olunan narkotik vasitəni Araz marketin yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində almağını deməyini tələb etmişlər. Onun üzərində saxlanıldığı vaxt heç bir qanunla qadağan olunmuş maddə olmamışdır. Aşkar olunan narkotik vasitəni polis əməkdaşları ona vermişlər. O, suallara cavab olaraq bildirmişdir ki, o, ünvan 6 ünvanında, xx.xx.2024-cü il tarixdə, saat 11-12 radələrində saxlanılmışdır. 18-ci PŞ-nin ərazisində yaşamır, yaşadığı ev 18-ci PŞ-dən uzaq məsafədə yerləşir. Əvvəllər narkotik vasitə istifadə etmiş, amma tutulmazdan 4-5 ay əvvəl müalicə almışdır. MSY-də olanda müstəntiq yanına gəlmiş, müəyyən sənədlərə imza etməyini istəmiş və ona CM-in 234.1-ci maddəsi ilə ittiham elan olunacağını deyib aldadaraq ona sənədlərə imza çəkdirmişdir. Tutulduğu gün atasını həkimə aparacağı üçün işə getməmişdir. Onu saxlayan polis əməkdaşlarını əvvəllər tanımamışdır. İttiham aktında qeyd olunmuş şəxslər onu saxlamamışlar. Ona mülki geyimdə 2 nəfər şəxs yaxınlaşmışdır. Onlardan biri özünü rəis müavini olduğunu bildirmiş və xidməti vəsiqəsini təqdim etmişdir. Həmin şəxslər onu Nərimanov RPİ-nin 18-ci PŞ-yə təhvil verib, çıxıb getmişlər. Saxlanıldığı vaxt dərhal üzərində baxış keçirtmişlər və üzərindən qanunla qadağan olunmuş heç bir maddə aşkar olunmamışdır. Ayağında olan elktron nəzarət qurğusunu 3 saylı istintaq təcridxanasında olanda çıxartmışlar. Ayağındakı elektron nəzarət qurğusunun olduğunu videoçəkilişdən sonra polis əməkdaşları bilmişlər. M.Arif küçəsi 18 ünvanı ilə M.Arif küçəsi 20 ünvanı arasında çox aralı məsafə var. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiqlər göstərilmişdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, etiraf edici ifadələri təzyiq altında olduğu üçün vermişdir. Etiraf edici ifadələrə imzaları aldadıldığı üçün çəkmişdir. Şahidlər Şahid1, Şahid2 onun saxlanılmağında iştirak etməmişlər. Saxlanıldığı vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərində ancaq mobil telefon və siqaret qutusu olmuşdur. İbtidai istintaqın sonunda məhkəmə istintaqında verdiyi kimi ifadələr vermə səbəbi ona hədə-qərxu gəlməmələridir. İlk vaxt isə ona hədə-qorxu gəlirdilər. O, məhkəmədən təqsirsiz olduğundan bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 28 sentyabr 2024-cü il tarixdə, saat 11 radələrində ünvan 7 ünvanını bilmədiyi bir nəfər şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofan bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini alıb üzərində saxlamışdır. Həmin gün saat təxminən 14 radələrində ünvan 8 ünvanın yaxınlığında olarkən mülki geyimli polis əməkdaşlarını ona tərəf gəldiklərini görmüşdür. O,narkotik vasitə aludəçisi olduğu üçün və üzərində narkotik vasitə olduğundan iri addımlarla getməyə başlamışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmış, polis əməkdaşları nə səbəbdən onları gördükdən sonra surətlə hərəkət etməyini soruşmuşdur. O,polis əməkdaşlarına fərqli-fərqli və yayındırıcı cavablar verdiyi və qaçmaq istədiyi üçün polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə dəvət etmişlər. O, da etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd əvvəlcədən əldə etmiş olduğu şəffaf rəngli sellofan bükümünü cibindən çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Həmin bükümün nə olmasına sualına cavab olarkən bildirmişdir ki, bükümün içərisində “patı” kimi tanıdığım psixotrop maddə metamfetamindir. Üzərindən aşkar edilmiş maddə qablaşdırılmış, şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o,və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Nərimanov rayonu, M.Arif küçəsi 20 ünvanının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Özlərini təqdim etdikdən sonra saxladıqları şəxsi Nərimanov RPİnin 18-ci PŞ-yə dəvət etmişlər. 18-ci PŞ-də şəxsin üzərində şəxsi axtarış və götürmə həyata keçirən zaman sonuncunun şalvarının sağ cibindən şəffaf sellofana bükülmüş maddə, şəxsiyyət vəsiqəsi, 4 manat pul aşkar olunmuş və sonuncunun ayağında elektron qolbaq müşayiət olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə qablaşdırılaraq tərkibinin müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün saxlamışlar. Təqsirləndirilən şəxs verdikləri suallara qeyri-adekvat cavablar verdiyi üçün 18-ci PŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiqlər olmamışdır. Təqsirləndirilən şəxs ünvan 9 ünvanda market olması yadındadır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisini bilmir, çünki narkotik vasitənin çəkisini ekspertiza müəyyən edir. Aşkar olunan narkotik vasitə şəffaf sellofana bükülmüşdür. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-də yeni xidmətə başladığı üçün bütün ünvanları yaxşı tanımır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən sentyabr ayında xidmətdə olduqları vaxt 1 nəfər şəxsin özünü şübhəli aparması diqqətlərini cəlb etmiş və həmin şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-yə dəvət etmişlər. 18-ci PŞ-də təhqiqatçının xidməti otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya olub-olmaması barədə sual verilmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində dediyinə görə öz istifadəsi üçün əldə etdiyi narkotik vasitə metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs səmimi olaraq narkotik vasitəni tanımadığı şəsxdən əldə etdiyini bildirmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları yer onun xidməti ərazisi deyil, sadəcə Təqsirləndirilən şəxs həmin ərazidən keçərkən şübhəli olduğunu görüb saxlamışlar. Təqsirləndirilən şəxs Şahid1la birlikdə saxlamışlar. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Təqsirləndirilən şəxs sentybar ayında saxlamışlar. Təqsirləndirilən şəxs Nərimanov rayonu, Montin qəsəbəsi, M.Arif küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs ilk öncə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs saxlanılmasında şəxsən iştirak etmişdir. ***-***-**-** saylı mobil nömrə ona məxsusdur, amma tədbir zamanı üzərində olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncunun üzərindən narkotik vasitə metamfetamin aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitəni çəkmədiyi üçün çəkisinin nə qədər olması yadında deyil. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 14:00-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 15) xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəfaf rəngli sellefona bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə əynində olan şalvarın sağ yan cibindən özünə aid şəxsiyyət vəsiqəsi və əynində olan şalvarın sağ yan cibindən 04 ədəd 1 manatlıq əskinaz təqdim etmişdir. Əlavə olaraq baxış zamanı sağ ayağından elektron qolbaq olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellefon bükümünə bükülmüş ağ rəngli kristalşəkilli maddənin psixotrop maddə metamfetamin olmasını və həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nərimanov rayonu, Montin qəsəbəsində tanımadığı şəxsdən 20 manat pul müqabilində aldığını və almaqda məqsədinin istifadə etmək olduğunu, sağ ayağına bağlanmış olan elektron qolbağın məhkumluğu ilə əlaqədar olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 4 manat pul və şəxiyyətini təsdiq edən sənəd özünə təqdim edilmişdir. Təqsirləndirilən şəxs verilən sualları tam aydın formada başa düşdüyünü, səmimi və doğru cavablar verdiyini bildirmişdir. (İ cild, i.v. 24-25, 47-48) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4741 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası DİN “Zərflər üçün №224” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 3,862 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. (İ cild, i.v. 30-34) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 49-50) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 52-53) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1215/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 76-80) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-400/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə Azərbaycan Respubliokası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzasının qalan hissəsindən azad edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay 12 gün müddətə azadlığın mədudlaşdırılması cəzasının 01 il 15 gününü çəkmiş, çəkilməmiş hissəsi 09 ay 27 gün təşkil edir. (İ cild, i.v. 97-105) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2839 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (İ cild, i.v. 118-120) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X10 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6588 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 121-122) xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara məruz qalmaması, polis əməkdaşlarının əməllərində CM-in 293-cü maddəsinin, yəni işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya məruz qoyma cinayətinin, yaxud da digər cinayətlərin tərkib əlamətlərinin olmaması müəyyən edildiyi üçün toplanmış 2244- C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. (İ cild, i.v. 128-129) xx.xx.2025-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid2, Şahid1 ifadələrində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər. (İ cild, i.v. 153-158) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 3,862 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 3,762 qram hissəsi saxlanılması üçün Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (İ cild, i.v. 186-195) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 3 saylı İstintaq təcridxanasına daxil olmuşdur. Təlimata uyğun olaraq ilkin tibbi müayinədən keçirilərkən təqsirləndirilən şəxs xəsarət almadığını bildirmiş, baxış zamanı yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Məmmədov X3 RPİ-nin MSY-nə daxil olarkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar olunmamış, sonuncunun MSY-də saxlanılarkən fiziki və psixi təzyiqlərə məruz qalması həqiqəti əks etdirmir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan uşağı vardır. Tibbi-Sosial Ekspertiza müayinəsi çıxarışından, Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sənəddən görünür ki, Təqsirləndirilən şəxs atası X5 İ dərəcəli əlildir, əvvəllər hərbçi olması, şəkərli diabet İİ tip xəstəliyindən əziyyət çəkməsi, hər iki aşağı ətrafların aterosklerotik qanqrenaya görə sağ ətrafın dizüstü, sol dizaltı səviyyəsində amputasiyasından sonrakı vəziyyət, sağ budun aşağı 1/3, sol baldırın yuxarı 1/3 amputasiyadan sonrakı, hər iki aşağı ətrafın diabetik angiopatiyası müəyyən olunmuşdur. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı (ilkin mərhələdə) verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt üzərində heç bir qanunla qadağan olunmuş maddə olmaması, aşkar olunan narkotik vasitəni polis əməkdaşları ona vermələri, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər göstərilməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə sorğusu əsasında Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən, 3 saylı İstintaq Təcridxanasından daxil olmuş cavab məktublar, xx.xx.2024-cü il tarixli cinayət işini başlanmasının rədd edilməsi haqqında qərar və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı (ilkin mərhələdə) müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin üzərində psixotrop maddə olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasını təsdiq edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfinin vəsatətinin təmin edilərək qəbul edilmiş qərar əsasında “Azercell Telekom”dan məhkəməyə daxil olmuş məktuba əlavə olunmuş disk və "xxxx" MMC-dən məhkəməyə daxil olmuş məktuba əlavə olunmuş sənədlərdəki məlumatlardan görünür ki, müdafiə tərəfinin qeyd etdiyi hallar öz təsdiqini tapmamış, eyni zamanda iş üzrə hər hansı əhəmiyyətli yeni bir hal da aşkar edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, atasının İ dərəcəli əlil olmasını, əvvəllər hərbçi olmasını, xəstəlikdən əziyyət çəkməsini, hər iki aşağı ətrafların aterosklerotik qanqrenaya görə sağ ətrafın dizüstü, sol dizaltı səviyyəsində amputasiyasından sonrakı vəziyyət, sağ budun aşağı 1/3, sol baldırın yuxarı 1/3 amputasiyadan sonrakı, hər iki aşağı ətrafın diabetik angiopatiyası müəyyən olunmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halları, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən, eləcə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-400/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-in 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 10 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 10 ay 12 gün müddətə azadlığın mədudlaşdırılması cəzasının 01 il 15 gününü çəkmiş, çəkilməmiş hissəsi 09 ay 27 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş 01 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 27 günü çəkilməmişdir. CM-in 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 27 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 04 ay 28 gün edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 10 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 ay 27 gün müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 04 ay 28 gün müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmədə tədqiq edilmiş və xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə, saat 14:00-dan tutulmuş hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, qalıq qalmış 3,762 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək, ümumilikdə 05 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 28 aprel 2025-ci il tarixədək 05 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 05 saat hüquqi yardıma görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 30 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2023-cü il tarixli, 1(004)-400/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 10 (on) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış: Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, qalıq qalmış 3,762 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 110 (yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Müdafiəçi1 göstərdiyi cəmi 05 (beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 28 aprel 2025-ci il tarixədək hər iş saatına 6 manat hesab edilməklə 30 (otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar