Məhkəmə qərarları › İş №1(101)-996/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-996/2021

12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-996/2021 12.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 1, ev 7 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbir seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 21.01.2021-ci il tarixdə saat 18:30-da Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massivin giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasına dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 20:10-da üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd selofan kəsiyinə bükülmüş bükümdə təmiz çəkisi 14,504 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 2 ünvanında valideynləri ilə birlikdə yaşamışdır. O, iki ay olar ki, narkotik vasitə olan heroini falqa kağızının üzərinə tökərək yandıraraq tüstüsünü qəbul edirdi. 03 yanvar 2021ci il tarixdə təxminən günorta saat 14 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində avtomobil yolunun kənarında yerləşən 24 saat marketə daxil olmuşdur. Marketdən çıxdıqdan sonra o, görmüşdür ki, yolun kənarında bir neçə TİR avtomobili dayanmış, həmin avtomobillər İran İslam Respublikasının avtomobilləri olmuşdur. Həmin avtomobillərin birinin sürücüsünün yolun kənarındakı işıq dirəyinin yanında dayanıb ətrafa baxaraq dirəyin yanına nə isə qoyduğunu, sonra isə həmin sürücünün idarə etdiyi avtomobilə əyləşdiyini görmüşdür. O, dərhal həmin işıq dirəyinə yaxınlaşmış və işıq dirəyinin yanında bir ədəd selofan bükülü olduğunu görmüş, təxminən həmin bükülüdə narkotik vasitə ola biləcəyini düşünmüşdür. O, cəld həmin bükülünü götürüb cibinə qoymuş, oradan uzaqlaşmış, oradan uzaqlaşdıqdan sonra sakit bir yerdə həmin selofan bükülünü açıb içinə baxanda, içərisində qəhvəyi rəngli toz halında heroin olduğunu görmüşdür. Narkotik vasitə heroindən istifadə etdiyi üçün o, həmin bükümdəki heroindən 3 və ya dörd dəfə falqanın üzərində yandırıb tüstüsünü qəbul etməklə istifadə etmişdir. 21 yanvar 2021-ci il tarixdə fikirləşmişdi ki, işsizlikdir, Səngəçal qəsəbəsi, 3-cü massivdə Əzimkənd deyilən ərazidə yaşayan insanlar xırda buynuzlu heyvan saxlayırlar, o da həmin yerə gedib satlıq quzu olmasını öyrənsin, sonra pul tapıb bir neçə quzu alıb saxlayaraq artırsın. Buna görə də həmin gün axşam tərəfi Səngəçal qəsəbəsindən çıxıb yol ilə keçən avtomobillərin birinə əyləşib təxminən 4-5 kilometr yaxınlıqda yerləşən 3-cü massivə, yəni Əzimkəndə getmişdir. O, 3-cü massivin giriş hissəsinin yaxınlığında təxminən saat 18:30 radələrində yolun kənarında avtomobildən düşmüşdür. Həmin vaxt markasına fikir vermədiyi bir avtomobil yanında dayanmış, avtomobildən iki nəfər mülki geyimdə olan şəxs düşüb ona yaxınlaşıb öz xidməti vəsiqələrini təqdim edərək 11-ci PBnin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adını və soyadını soruşmuşlar. O da polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 11-ci PB-nə gətirmişlər. 11-ci PB-nin inzibati binasında otaqların birində ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunmuş, bundan sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Onun üzərinə axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa könüllü olaraq həmin əşyaları masanın üzərinə qoysun. O da əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd selofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində “kakos” yəni, narkotik vasitə heroin olmasını, həmin maddəni təxminən 17-18 gün əvvəl 24 saat marketin yaxınlığında yerdən tapdığını, bir hissəsini ayrı-ayrı vaxtlarda qəbul etdiyini, qalan hissəsini istifadə etmək üçün saxlayıb üzərində gəzdirdiyini bildirmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılmış, bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış aparılmış, üzərindən hər hansı bir əşya aşkar olunmamış, sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuş, onlar zərfin üzərinə və protokola imzalar etmişlər. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, öz istifadəsi üçün üzərində gəzirib daşımışdır. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİO-da xidmət edir, 2018-ci il tarixdən Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili işləyir. Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də 11-ci polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna Qaradağ RPİnin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis mayoru X7 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Şahid2 idarə etdiyi Baic markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 21.01.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv istiqamətində hərəkətdə olarkən 3-cü massivin giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında bir nəfər cavan oğlanın dayandığını görmüşlər. Həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə avtomobili saxlayıb avtomobildən düşərək ona yaxınlaşıb özlərini ona təqdim etmişlər. Sonra onun adı soruşulmuş, həmin şəxs özünü təqdim edərək xx.xx.1996-cı il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verəcəyini nəzərə alıb onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis kapitanı X2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd selofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində “kakos” yəni, narkotik vasitə heroin olmasını, həmin maddəni təxminən 17-18 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 24 saat marketin yaxınlığında yerdən tapdığını bildirmişdir. Həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq 223 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da xidmət edir, 2020-ci il tarixdən Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili işləyir, polis leytenantıdır. Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də 11-ci polis bölməsinin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili polis baş leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı, polis mayoru X7 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə onun idarə etdiyi Baic markalı ** NO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 21.01.2021-ci il tarixdə təxminən saat 18:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massiv istiqamətində hərəkətdə olarkən 3-cü massivin giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında bir nəfər cavan oğlanın dayandığını görmüşlər. Həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə avtomobili saxlayıb avtomobildən düşərək ona yaxınlaşıb özlərini ona təqdim etmişlər. Bundan sonra onun adı soruşulmuş, həmin şəxs özünü təqdim edərək xx.xx.1996-cı il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 11ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəkilişi telefon vasitəsilə Qaradağ RPİ-nin 11-ci PBnin sahə inspektoru, polis kapitanı X2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd selofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində “kakos” yəni, narkotik vasitə heroin olmasını, həmin maddəni təxminən 17-18 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 24 saat marketin yaxınlığında yerdən tapdığını bildirmişdir. Həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunmuşdu. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılanda üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq 223 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.01.2021-ci il tarixli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində AR DİN“ Zərflər üçün № 223” möhür əksi, “vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 14,504 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (iş vərəqə 43-46) İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika X6 hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 22.02.2021-ci il tarixli 554 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 131-132) İş materiallarında olan 21.01.2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi haqqında tərtib edilmiş protokoldan görünür ki, Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 21.01.2021-ci il tarixdə saat 18:30-da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massivin giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, polis əməkdaşlarının və vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsilə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd selofan kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində “kakos” yəni, narkotik vasitə heroin olmasını, həmin maddəni təxminən 17-18 gün əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 24 saat marketin yaxınlığında yerdən tapdığını bildirmişdir. Həmin bükülü açılarkən içərisindən qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya aşkarlanmamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd selofan kəsiyinə bükülmüş narkotik vasitə heroinə bənzər kütlə zərfə qoyularaq qablaşdırılıb, 223 saylı möhürlə möhürlənib götürülmüşdür. (iş vərəqə 31-32) İş materiallarında olan 23.01.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini bir daha əyani olaraq hadisə yerində göstərmiş, fotoşəkillər çəkilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 21.01.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 3-cü massivin giriş hissəsinin yaxınlığında avtomobil yolunun kənarında saxlanılmışdır. (iş vərəqə 60-64) Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, narkotik vasitə heroinin satışı ilə məşğul olmadığını bildirməsi barədə ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun olmamaqla özünü müdafiə xarakteri daşıyır, şahidlərin ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 29.01.2021-ci il tarixli tələbnamədən və hökmlərin surətlərində Gəncə Hərbi Məhkəməsinin 23.11.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs AR CM-in 62-ci maddəsi tətbiq edilməklə AR CM-in 182.2.1, 182.2.2, 332.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.05.2016-cı il tarixdə vaxtından 2 ay 12 gün əvvəl cəzanın çəkilməsindən azad edilmişdir. Qaradağ rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli hökmü ilə də AR CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24.04.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (iş vərəqə 102) Lakin Gəncə Hərbi Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 7(095)-13/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Zamədin oğlunun barəsində olan Gəncə Hərbi Məhkəməsinin 23.11.2015-ci il tarixli, 1(095)-312/2015 nömrəli hökmü, 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş AR CM-də dəyişikliklər edilməsi haqqında 1 may 2020-ci il tarixli, 68-VİQD nömrəli Qanuna əsasən, tənzimlənmişdir. Təqsirləndirilən şəxs AR CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə məhkumluğu olmayan şəxs hesab edilmiş, AR CM-in 332.2.1 və 332.2.3-cü maddələri ilə tövsif edilmiş əməlləri isə hazırda qüvvədə olan AR CM-in 332.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə onun üzərində 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və qeyd edilən şəxs Təqsirləndirilən şəxs cəzasını tam çəkib qurtarmış şəxs olması qeyd edilmişdir. AR CM-in 15.2-ci maddəsinə əsasən, qeyd edilən Məcəllənin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab edilir. Həmçinin, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli hökmü ilə məhkum edildiyi AR CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli də böyük ictimai təhlükə törətməyən cinayətdir. AR CM-in 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur və onun əməlində cinayətlərin residivi halı müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlaklar müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs götürülmüş Qaradağ RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd selofan kəsiyinə bükülmüş bükümdə təmiz çəkisi 14,504 qram olan kustar üsulla hazırlanmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq qalmış çəkisi 14,454 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi Şəxsi Ambulator X1 22.02.2021-ci il tarixli 554 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materiallarında olan 21 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 23.01.2021-ci il tarixli, 4(002)- 19/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 22; 86-87) Odur ki, Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara sonrakı dəyişikliklərə və əlavələrə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 51 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 306 manat məbləğində pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara sonrakı dəyişikliklərə və əlavələrə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Qaradağ RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 14,454 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 109,90 (yüz doqquz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İbtidai istintaqda Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi X3 təqsirləndirilən şəxsə göstərilmiş 51 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına 306 manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar