Məhkəmə qərarları › İş №1(101)-997/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-997/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-997/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X4 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, T.Kazımov küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində ibtidai istintaq orqanının 22 iyul 2024-cü il tarixli qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Belə ki, o, 22 mart 2024-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, T.Kazımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində olan zaman birlikdə yaşadığı atalığı Zərərçəkmiş şəxs spirtli içki qəbul edib evə sərxoş vəziyyətdə gəlməsinə görə irad bildirərək evə buraxmadığı üçün aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı daş hasarı aşıb həyətə daxil olmaq istəyən Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş bıçaqla sonuncunun bədən nahiyəsinə qəsdən bir neçə dəfə zərbə vurub ona sol ağciyərin yaralanmasına və sol tərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti, sol əlin ovuc səthinin dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan və yüngül zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş yara xəsarəti, daha sonra Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq sol gicgah nahiyəsinin sıyrığı kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü nənəsi rayondan onlara qonaq gəlmişdir. Evdə olan zaman evin qapısını kimsə döymüşdür. O, özü elektrik işi ilə məşğul olduğu üçün evdəki kabelləri bıçaqla təmizləmişdir. Anası çöldə olan zaman qışqırıq səsi eşitmiş, çölə çıxan zaman Zərərçəkmiş şəxs çöldə görmüşdür. Zərərçəkmiş şəxs əlində bıçağı görüb onun üzərinə bıçaqla hücum edəcəyini düşünmüşdür. Zərərçəkmiş şəxs bıçağı əlindən almaq istəyəndə bıçaq onun əlinə xəsarət yetirmişdir. Anası onları ayırdıqdan bir neçə saat sonra atalığı yenidən darvazadan həyətə daxil olmuşdur. Anası yenidən atalığını qovduqdan bir müddət sonra polis əməkdaşları onların həyətinə daxil olmuşlar. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o, bıçaqla zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir.Ona elan olunmuş ittiham əsassızdır. Zərərçəkmiş şəxs xəsarəti manqalın üzərinə yıxılmağı nəticəsində yaranmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, T.Kazımov küçəsində nömrəsiz fərdi yaşayış evində anası Qanuni nümayəndə ilə biryerdə yaşayır. Doğma atası X1r. Anası Qanuni nümayəndə ilə 2010-cu ildə rəsmi boşanmışlar. Anası Aynur 2020-ci il tarixdə işlədiyi Ramada otelində əslən Şəmkir rayonundan olan Zərərçəkmiş şəxs ilə bir-birilərini tanımış, ancaq rəsmi nigahları olmasa da kəbinləri olmuşdur. Zərərçəkmiş şəxs həmin tarixdən də onların evində onlarla birlikdə yaşamışdır. Bu illər ərzində anası ilə Elçinin aralarında mübahisələri ara-sıra olsa da, ancaq Elçinin onunla heç vaxt mübahisəsi olmamışdır. Elçini tanıyandan o, spirtli içki qəbul edir. Hər dəfə spirtli içki içdikdə anası ilə mübahisələri yaranır. Ancaq onunla mübahisəsi olmamışdır. 21 mart 2024-cü il tarixdən 22 mari 2024cü il tarixə keçən gecə saat 00:30 radələrində anası Qanuni nümayəndə və nənəsi Şahid3 ilə birlikdə evdə olan zaman Zərərçəkmiş şəxs evə gəlmiş, Elçinin spirtli içkinin təsiri altında olduğunu və əlində də spirtli içki olan dəmir pivə butulkasının içərisində olan spirtli içkini içə-içə evə gəldiyini görmüşdür. Anası Aynurla nənəsi Təhminə Elçinin qabağına çıxıb onun içkili olduğunu görmüşlər. Elçin evdə mübahisə yaratmağa başlamış, nənəsi Təhminə də onu səs-küy salmasın deyə evdən çıxartmış, demişdir ki, getsin ayılanda gələr. Elçini küçəyə çıxardıb həyətin darvazasını kilitləmişlər ki, Elçin yenidən evə gələ bilməsin. Təxminən 15-20 dəqiqə sonra həyətdə olan zaman Elçinin həyətin daş hasarının üstünə küçə tərəfdən çıxdığını görmüşdür. Elçin hasarın üstündə dayanıb qapını açmasını demişdir. Elçinə yerə düşməsini demiş, Elçin də düşmədiyi üçün həyətdə olan dəmir kürəyi götürərək onun ayaq nahiyələrindən vurmuşdur ki, aşağı düşsün. Elçin də yerə düşmədiyi üçün həyətdə olan daşın üzərinə çıxaraq hasarın üzərinə çıxmışdır. Elçin də ona əl atmağa başladıqda əvvəlcədən üzərində gəzdirdiyi açılıb-qatlanan cib bıçağını çıxardaraq onun sol əlindən bir dəfə vurmuş, bu anda Elçinin əlinin iç hissəsi kəsilmişdir. Elçin də ona “sağol səni deyərək” divarın üstündən çəkilmiş naqillərdən yapışaraq həyətə tullanmış, o da Elçinin arxası ilə daş hasarın üstündən həyətə düşərək əlindəki bıçağı cibinə qoymuşdur. Həyətdə Elçin üzərinə gəlmək istədikdə onun qarın nahiyəsindən təpiklə bir dəfə vurmuş, Elçin də yerə yıxılmışdır. Elçinin üz nahiyəsindən 2 dəfə yumruqla vurmuş, sonradan anası ilə nənəsi onları ayıraraq Elçini həyətdən çölə çıxartmışlar. Sonradan evdə qazın kəsildiyini görüb anası və nənəsi küçədə olan qaz borusuna baxmaq üçün çölə çıxmışlar. Küçəyə çıxanda Elçinin qapının qarşısında olduğunu görmüşlər. Orada da Elçinlə mübahisələri olmuş, Elçinin üz nahiyəsindən 3-4 dəfə yumruqla vurmuşdur. Sonra nənəsi onları ayırmış, qaz borusuna baxdıqda bağlandığını görmüş və qazı açıb Elçinə “utanmırsan evdə qadınlar var" sən də qazı bağlayırsan demişdir. Onlar evə daxil olduqda Elçin də çıxıb getmişdir. Sonradan Sabunçu rayon Polis İdarəsinin əməkdaşları gəlib onu Polis Bölməsinə aparmışlar. Elçinlə əvvəllər heç bir mübahisələri və davaları olmamışdır. Hadisə vaxtı tam xatırlamasa da ola bilsin ki, Elçin hasarın üzərində olan zaman əlini bıçaqla kəsən zaman Elçinin sol qoltuq hissəsindən bıçaqla vurmuşdur. Həyətdə olan zaman qorxduğu üçün bıçağı uzaq məsafəyə fırladaraq atmış, bıçağın hara düşməsindən məlumatsızdır. Buna görə də istintaqa təqdim edə bilmir. Hadisə baş verən zaman evdə olan anası və nənəsi Elçini vurmamışlar, yalnız ayırmışlar (cild 1, iş vərəqə 241-242). Təqsirləndirilən şəxs elan edilmiş ifadə ilə bağlı ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, o, qanuni nümayəndəsi olmadan dindirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bidirmişdir ki, hadisə günü içkili olmuş, qaynanası ona içkili olduğu üçün getməyini və ayıldıqdan sonra gəlməyini xahiş etmişdir. O isə qaynanası ilə mübahisə etməyə başlamışdır. Daha sonra evdən getmiş və yenə kafeyə gedib içki içərək geri dönmüşdür. Evə gəldiyi zaman qapının bağlı olduğunu görmüşdür. Hasara çıxaraq ordan həyətdə olan qumun üzərinə düşmək istəmişdir. Zərərçəkmiş şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, istintaq zamanı müstəntiqə hər hansı məzmunda ifadə verməmişdir. Murad onun ögey oğludur. Muradla aralarında heç bir mübahisə olmamışdır. Həyat yoldaşı qapını o, içkili olduğu üçün bağlamışdır. Hasardan həyətdə olan qumun üstünə düşmək istəsə də,hasardan düşərkən manqalın dəmirinə dəymişdir. Arvadı və qaynanası ilə aralarında olan mübahisəni eşitdikdən sonra Murad çölə çıxmışdır. Həmin vaxt Murad əlində bıçaqla məftil təmizləmişdir. Təqsirləndirilən şəxs ilə aralarında mübahisə olsa da sonuncu tərəfindən bıçaqlanmamışdır. Əvvəlcə təcili yardıma zəng etmiş, təcili yardım gəlmədiyi üçün “102” çağrı mərkəzi ilə əlaqə saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, hadisə günü anası onlara qonaq gəlmişdir. Həmin zaman əri Zərərçəkmiş şəxs içkili vəziyyətdə evə gələrək həyətdə səs-küy salmışdır . Oğlu Murad hadisə zamanı əlində bıçaqla elektrik işi görmüşdür. Murad Zərərçəkmiş şəxs qarşısına əlində bıçaqla çıxdıqda Elçin onun əlindən bıçağı almağa çalışmışdır. Bu zaman bıçaq Elçinin əlini kəsmişdir. Elçin oradan uzaqlaşdıqdan bir neçə saat sonra yenidən geriyə qayıtmışdır. Elçin evin hasarının üzərindən evə daxil olmaq istəyərkən manqala yıxılaraq xəsarət almış və oradan uzaqlaşmışdır. Şahid Qanuni nümayəndə məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, Murad bilmədən əlində bıçaqla çölə çıxmışdır. Elçin Muradın əlindən bıçağı almaq istəyərkən bıçaq onun əlini yaralamışdır. Elçini bir neçə dəfə də evə buraxmamışlar. Onlar həyətdən gələn səsə çıxdıqda Elçinin manqalın üzərinə yıxıldığını görmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “Novruz” bayramında bayramlaşmaq üçün qızının evinə getmişdir. Ramazan ayı olduğundan həmin gün axşam saatlarında Elçinin içkili halda evə gəlməsi ona pis təsir etmiş və Elçinlə aralarında mübahisə yaranmışdır. Bu zaman səs-küyə çölə çıxan nəvəsi əlində olan predmetlə işdən gətirdiyi əşyanın üzərini soymuşdur. Bunu görən Elçin nəvəsinin üzərinə hücum edərək onun əlindəki bıçağı alıb yerə atmışdır.Murad isə bıçağı yerdən götürüb yola atmış və Elçinə “nə vaxt ayılsan evə o zaman gələrsən” demişdir.Həyətdə manqal və it damı olmuşdur. Şahid3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirmişdir ki, onlar həyətə tappıltı səsinə çıxdıqları zaman Elçin manqalın yanında olmuşdur. Elçinin üzərində hər hansı qan ləkəsi görməmişdir. Hasardan həyətə yıxıldıqdan sonra Elçin çıxıb getmişdir. Elçinlə Murad arasında barışıq olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun dayısıdır. Dayısı Elçinlə münasibətləri yaxşıdır. Atası Azər rəhmətə getdikdən sonra Elçini ata kimi görmüşdür. Dayısı Elçin öz ailəsini atıb, 4 ildən çoxdur ki, Qanuni nümayəndə adlı qadınla Aynurun yaşadığı ünvanda qeyri-rəsmi şəkildə yaşayırlar. Elçinə həmişə Aynurla olan münasibətinə etiraz etmişlər. Ancaq dayısı həmin qadınla xoşbəxt olmuşdur. 22 mart 2024-cü il tarixdə saat 05 radələrində dayısı Elçin dayısı oğlu X6 zəng edərək Aynurun oğlu Muradın onu bıçaqladığım və xəstəxanada olduğunu demişdir. Elçin birinci dəfə dayısı qızı Şahid4 zəng vursa da o, yatdığı üçün telefon zənginə cavab verə bilməmişdir. Dayısının ailəsi Şəmkir rayonunda yaşamışdır. Həmin günü də dayısı oğlu anasına zəng vurub dayısı Elçinin bıçaqlandığını və xəstəxanada olduğunu demiş, onlar da dayısı Elçinin yatdığı Sabunçu klinik xəstəxanasına gedərək birtəhər dayısının yanına keçmişlər. Dayısı Elçin orada danışa bilməmiş, sonradan Elçinlə telefon danışıqları və onun özünə gəldikdən sonra danışıqları əsasında dayısı Elçin onlara Aynurun oğlu Muradın öz evlərində aralarında yaranmış mübahisə zamanı bıçaqla əlindən və sol kürək nahiyəsindən xəsarət yetirdiyini demişdir. Dayısı qızı Məhluqə hadisə baş verən zaman dayısı Elçinlə görüntülü danışmış və sonradan dayısı Elçinin içkili olduğundan Aynur onların danışıqlarına müdaxilə etməyə başlayaraq telefonu söndürmüşdür. Yenidən zəng etdikdə Aynurun oğlu Muradla dayısı Elçinin mübahisə etdiyini eşitmişdir. Aynur da sonradan telefonu Elçinin əlindən almışdır. Dayısı Elçin hal-hazırda Aynurla münasibəti olduğuna görə hadisəni düzgün danışmaq istəmir.Eşitmişlər ki, Elçin polis əməkdaşlarına demişdir ki, onu Murad vurmamışdır, içkili olduğu üçün kim vurmasını xatırlamır və tanımadığı adamların vurmasını deyir. Ancaq dayısı qızı Məhluqə ilə telefon danışıqları və səs yazıları vardır ki, orada da Elçin etiraf edir ki, onu Murad bıçaqla vurub xəsarət yetirmşidir. Həmçinin onunla da danışıqlarının səs yazıları vardır ki, orada onlarla danışıq əsasında Muradın dayısı Elçini vurmasını etiraf edir. Murad dayısı Elçinin əlindən və kürək nahiyəsindən bıçaqla vurub xəsarət yetirmişdir. Muradın cinayət məsuliyyətinə cəlb olunmağını istəyir (cild 1, iş vərəqə 83-86). Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs kiçik əmisidir. Zərərçəkmiş şəxs 2020-ci ildə öz ailəsi ilə ayrılaraq Bakı şəhərində yaşayan əslən Şəki şəhərindən olan Qanuni nümayəndə ilə qeyri-rəsmi olaraq ailə qurub bir yerdə yaşamışlar. 22 mart 2024-cü il tarixdə təxminən saat 00:30 radələrində yaşadığı evdə olan zaman əmisi Elçin Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadığı evdə olan vaxtı ona mobil telefon vasitəsi ilə görüntülü zəng edib hal əhval tutub danışdıqları zaman Elçinin qeyri- rəsmi yaşadığı Aynur həyətə çıxıb əmisinə kiminlə danışdığını deyə soruşmuş, əmisi Elçin qardaşı qızı Məhluqə ilə danışdığını, özü də Aynura onunla danışdığını demişdir. Aynur mobil telelonu əmisinin əlindən alıb demişdir ki, sonra danışarlar. Bu vaxt Qanuni nümayəndə oğlu Murad əmisi Elçinə 25 manat kartından pul çıxardıb hara xərclədiyini deyərək bərkdən qışqırmış, həmin anda Aynur mobil telefonu söndürmüşdür. Təxminən 5 dəqiqə sonra əmisi Elçinin mobil telefonuna salamatçılıqdırmı deyə mesaj yazmış, lakin Elçin ona cavab yazmamış, təkrar yenidən Elçinin mobil telefonuna zəng edəndə telefona Aynur cavab vermiş, sonra onunla əlaqə saxlayacaqlarını, bu anda Murad əmisi Elçinlə mübahisə edərək Elçinə yenə də təkrarlayaraq bank kartından 25 manat pulu hara xərclədiyini demiş, əmisi Elçin Murada onunla əl-qolla danışmamasını, əlini yığışdırmasını demişdir. Dələlərlə əmisi Elçinə zəng etsə də Elçin telefona cavab verməmiş, yuxudan oyananda əmisi Elçinin mobil telefonundan onun telefonuna səhər saat 05 radələrində zəng gəldiyini görmüşdür. Ancaq o, gecə yatmazdan əvvəl telefonunu səssiz zəngə qoyub yatmış, əmisi Elçinin zəngini eşitməmişdir. Sonradan Sabunçu rayon Polis İdarəsinin əməkdaşları zəng edib əmisi Elçinə oğulluğu Murad tərəfindən yaşadıqları evin həyətində əlindən və kürəyindən bıçaqla xəsarət yetirilməsini demişlər. Əmisi Elçinin xəstəxanada müalicə aldığı vaxt ona zəng edib hal-əhval tutduğu vaxt əmisinin səsini gələcəkdə sübut üçün lazım olacağını düşünüb danışa-danışa başqa mobil telefon vasitəsi ilə yazıb telefonunda saxlamış, sonradan həmin səs yazısını bibisi qızı Nurcan adlı qıza göndərmiş, daha sonra Nurcan həmin səs yazısını polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda hadisədən 2-3 gün sonra əmisi Elçinin oğulluğu Murad tərəfindən bıçaqlanması barədə DİN-nin 102 zəng mərkəzinə məlumat vermiş, 102 zəng mərkəzinə elədiyi səs yazısını da başqa mobil telefon vasitəsi ilə qeydə alaraq öz telefonunda saxlamışdır.Əmisi Elçinlə mobil telefonda danışan zaman onu bıçaqlayan oğulluğu Muraddan şikayət etmək istəmədiyini, həmçinin Muradın adını demək istəmədiyini görüb gələcəkdə sübut üçün lazım olacağını bilib Elçinlə mobil telefonda danışıqlarını telefon vasitəsi ilə yazaraq öz mobil telefonunda saxlamış, həmin səs yazısı sübut qismində istintaq orqanına təqdim edilmişdir. Əmisi Elçinlə mobil telefonda danışdıqları vaxt Elçin onu Murad tərəfindən yaşadıqları evin həyətində mübahisə zamanı əlindən və kürəyindən bıçaqla vurmasını demiş, ancaq telefon danışıqları zamanı əmisi Elçin demişdir ki, polisə Muradın onu bıçaqla vurmasını demək istəmir (cild 1, iş vərəqə 207-210). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 22 mart 2024-cü il tarixli raportdan görünür ki, həmin gün saat 01:03 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,nömrəsiz fərdi evdə yaşayan Zərərçəkmiş şəxs oğulluğu X7 tərəfindən bıçaqlanması barədə Daxili İşlər Nazirliyinin “102” xidmətindən məlumat daxil olmuşdur (cild 1, iş vərəqə 5). 22 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Sabunçu rayonu, T.Kazımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətidir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 08-10). 29 mart 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd; sol əlin ovuc səthinin bir ədəd kəsilmiş-deşilmiş yaraları (cəmi iki ədəd); sol gicgah nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərdən sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd: sol əlin ovuc səthinin bir ədəd kəsilmiş-deşilmiş yaraları (cəmi iki ədəd) deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Sol gicgah nahiyəsinin sıyrığı isə bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 22 mart 2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən-sol ağciyərin yaralanmasına və sol tərədi hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sol əlin ovuc səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Sol gicgah nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Lokalizasiyasına və xarakterinə görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də özü tərəfindən özünə yetirilməsi inkar olunur (cild 1, iş vərəqə 78-81). 08 aprel 2024-cü il tarixli kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur.Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və sair sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilmişdir. Emosional-iradi sferasında, fərdipsixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk elmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3cü və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir (cild 1, iş vərəqə 128-130). 01 iyul 2024-cü il tarixli məhkəmə-tibbi kriminalistika ekspertizasının rəyindən görünür ki. ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın arxa hissəsinin sol qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgüclü və küpü olan yaslı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın arxa hissəsinin sol qoltuqaltı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının arxa divarında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə üst-üstə düşür. Zərərçəkmiş şəxs bədənində olan digər xəsarətlər- sol ovuc səthinin bir ədəd kəsilmiş-deşilmiş yarası və sol gicgah nahiyəsinin sıyrığı bədənin açıq nahiyələrində yerləşdiklərinə görə ona məxsus olan paltarda öz əksini tapmamışlar (cild 1, iş vərəqə 146-148). 03 iyul 2024-cü il tarixli məhkəmə-tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/./Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilən zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd boz rəngli alt maykanın üzərindəki ləkələrdə insan qanı aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni həmçinin alfa beta aqqlyutininləri də alınmışdır. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqə 150-152). 19 oktyabr 2024-cü il tarixli əlavə məhkəmə tibbi-ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd: sol əlin ovuc səthinin bir ədəd kəsilmiş-deşilmiş yaraları (cəmi iki ədəd): sol gicgah nahiyəsinin sıyrığı müəyyən edilmişdir.Xəsarətlərdən sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd: sol əlin ovuc səthinin bir ədəd kəsilmiş-deşilmiş yaraları (cəmi iki ədəd) deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, bıçaqla yetirilə bilər. Sol gicgah nahiyəsinin sıyrığı isə bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 22 mart 2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən-sol ağciyərin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Sol əlin ovuc səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.Sol gicgah nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs bədəninin qabarıq hissələrində (hər iki bazu, dirsək və diz oynağı nahiyələrində) xəsarətlər (qançır, sıyrıq yara və s.) aşkar olunmadığından, onun almış olduğu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hasarın üstündən başı aşağı, ayaqları yuxarıya doğru istiqamətdə qoyulmuş manqalın və onun ayaqlarının üstünə yıxılması nəticəsində əmələ gəlməsi mümkün deyil. Vətəndaş Zərərçəkmiş şəxs sol ağciyərinin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası deşici- kəsici alətin tiyəsinin (bıçağın) təsirindən törənməyə xarakterikdir, bu da vətəndaş Zərərçəkmiş şəxs müayinəsi zamanı döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir (İ) ədəd deşilmiş-kəsilmiş yarasında yaranın kənarlarının hamar və sıyrıqsız olması ilə öz təsdiqini tapır (cild 1, iş vərəqə 180-185). 02 dekabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 194-198). 03 dekabr 2024-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Qanuni nümayəndə ifadəsində bildirdiyi xüsusatları bir daha əyani şəkildə hadisə yerində göstərmişdir. Həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 199-203). İstintaq zamanı Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində dayısı qızı Şahid4 ilə dayısı Zərərçəkmiş şəxs arasında aparılmış səs yazısında dayısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qəsdən bıçaqla əlindən və kürək nahiyəsindən vurub xəsarət yetirməsini xəstəxanada müalicə aldığı vaxt deməsini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid1 ifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsində saxladığı dayısı qızı Şahid4 ilə Zərərçəkmiş şəxs arasında aparılmış səs yazısının özündə əks etdirən və zərflə cinayət işi materiallarına əlavə olunan CD-R diskinə məhkəmədə baxış keçirilərək müəyyən edilmişdir ki, həmin səs yazılarında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşadıqları evin həyətində qəsdən bıçaqla əlindən və kürək nahiyəsindən vurub xəsarət yetirilməsini etiraf etmişdir (cild 1, iş vərəqə 212-214) . Cinayət işinin materiallarına əlavə edilmiş 02 aprel 2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (cild 1, iş vərəqə 118). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 95). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə kürək nahiyəsinə bıçaqla xəsarət yetirməməsini, zərərçəkmiş şəxsin manqaldan yıxılması barədə məhkəmədə verdikləri ifadələrini təqsirləndirilən şəxsin müdafiəsi naminə verildiyini, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından görünür ki, 23 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsində Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmənin qapalı iclası zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək təqdimat və vəsatətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir (cild 1, iş vərəqə 65-69). Bundan başqa Zərərçəkmiş şəxs 22 mart 2024-cü il tarixdə saat 01:03 dəqiqədə ***- ***-**-** saylı mobil telefondan Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə zəng edib məlumat verərək ona 22 mart 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində 17 yaşlı oğulluğu tərəfindən bıçaq xəsarəti yetirməsini bildirmiş, lakin evin daş hasarından həyətdə manqalın üstünə yıxılaraq xəsarət almasını bildirməmişdir. Digər tərəfdən təqsirləndirilən şəxs barəsində təyin edilmiş 19 oktyabr 2024-cü il tarixli əlavə məhkəmə tibbi ekspertiza rəyi ilə də müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəninin qabarıq hissələrində (hər iki bazu, dirsək və diz oynağı nahiyələrində) xəsarətlər (qançır, sıyrıq. yara və s.) aşkar olunmadığından, onun almış olduğu xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hasarın üstündən başı aşağı, ayaqları yuxarıya doğru istiqamətdə qoyulmuş manqalın və onun ayaqlarının üstünə yıxılması nəticəsində əmələ gəlməsi mümkün deyil. Zərərçəkmiş şəxs sol ağciyərinin yaralanmasına və soltərəfli hemopnevmotoraksa (sol döş boşluğuna havanın və qanın yığılması) səbəb olan döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin tiyəsinin (bıçağın) təsirindən törənməyə xarakterikdir, bu da Zərərçəkmiş şəxs müayinəsi zamanı döş qəfəsinin sol yarısının arxa divarının sol plevra boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarasında yaranın kənarlarının hamar və sıyrıqsız olması ilə öz təsdiqini tapır. Məhkəmə həm təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bıçaqla kürək nahiyəsinə xəsarət yetirməməsi, həm də zərərçəkmiş şəxsin gah manqal üstünə yıxılaraq xəsarət alması, gah tanımadığı kənar şəxslər tərəfindən bıçaqlanması barədə ifadələrinin iş materialları ilə təkzib olunması barədə qənaətə gələrkən zərərçəkmiş şəxslə qardaşı qızı Şahid4 arasında aparılan səs yazısında zərərçəkmiş şəxsin oğulluğu Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə etirafını, lakin təqsirləndirilən şəxsin gənc olması, onun tutulmasını istəməməsi səbəbindən istintaq orqanına sonuncunun müdafiəsi üçün fərqli məzmunda ifadələr verməsi barədə söylədiklərini əsas götürür. Məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən yetkinlik yaşına çatmaması, zərərçəkmiş şəxslə barışması, sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi cəzasını yüngülləşdirən halların olmasını, barəsində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs olunmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 34-35), Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 mart 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş (cild 1, iş vərəqə 65-69), Bakı Apellyasiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş (cild 1, iş vərəqə 124-126), 22 iyul 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 142-143). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, 22 mart 2024-cü il tarixdən 22 iyul 2024cü il tarixədək 4 aylıq ibtidai həbs müddəti hazırki hökmlə ona təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı tarixdən, yəni barəsində hökmlə həbs qətimkan tədbiri seçildiyi gündən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 32 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 272 (96+176) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu 4 (dörd) ay müddət ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 08 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı vaxtdan, yəni 21 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 272 (iki yüz yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar