Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-998/2024 13.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 15:00 - da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi2, “BHM və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçilər X1 və X2 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, “bərbər” işləmiş, məhkumluğu olmayan, İstanbul şəhəri, Şişli ilçəsi, Mərkəz məhəlləsi, Kocamansur küçəsi, Tümər apartmanı, 90/4 ünvanında qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Türkiyə Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri, psixotrop və güclü təsir edən maddəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası vətəndaşı X7 və şəxsiyyətləri istintaqa məlum olmayan bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən qəsdən qanunsuz olaraq satış məqsədilə külli miqdarda, 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələrini, 3,202 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi və tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsullarını əldə etmiş, onları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qaba və 1 qutuya yerləşdirərək özünə məxsus çamadanda gizlədərək saxlayıb, xx.xx.2023-cü il tarixdə J2 078 saylı İstanbul-Bakı aviareysi ilə Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımış və 19 iyul 2023-cü il tarixdə saat 2 radələrində Dövlət Gömrük Komitəsinin Bakı şəhəri Xəzər rayonunun inzibati ərazisində yerləşən X8 Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin ‘Terminal-1 X14" gömrük postundan Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikasına daha əvvəl 4 dəfə gəlmiş, bu 5-ci gəlişi olmuşdur. Əvvəllər buraya turist kimi gəlmiş, daha sonra sənəti də qadın bərbəri olduğu üçün Bakı şəhərində bərbərxana açmaq və işləmək fikrinə düşmüşdür. Tural Abbasovu da İstanbul şəhərindən tanımışdır. O, covid-19 virusu ilə əlaqədar pandemiyanın olduğu dövrdə sms-icazə götürərək itini açıq havada gəzdirməyə çıxmış, həmin vaxt Turalla tanış olmuşdur. Tural ilə daha sonra dostlaşaraq bir neçə dəfə görüşmüşlər. Tural onun qadın bərbəri olduğunu biləndə birlikdə obyekt icarələyərək işləyə biləcəklərindən danışmış, onu saçlarını düzəltməyi üçün həyat yoldaşı ilə tanış etmişdir. Onun həyat yoldaşının saçlarını kəsə bilməsələr də, beləcə dostlaşmışlar. Bakıya son gəlişində, 17 iyul 2023-cü ildə Tural və onun iki xanım rəfiqəsi ilə birlikdə yenidən görüşmüşlər. Onun onlara qarşı bir az incikliyi olmuş, çünki o, Bakını çox sevmiş və burada iş qurmağı planlaşdırsa da, Tural onu bu mövzuda bir qədər yubatmışdır. Tural ona daha sonra xanım dostları ilə birlikdə Türkiyəyə aviabilet aldıqlarını, lakin ondan bir gün əvvəl gedəcəklərini bildirmişdir. Tural ona məxsus olan bir neçə qabı ona təqdim edərək, gələndə onları özü ilə birlikdə gətirməyi xahiş etmiş, o da etiraz etməmişdir. O, həmin qablara görə hava limanında saxlanıldıqda Turala zəng etmiş və qablara görə gömrük yoxlamasında problem yaşadığını bildirmişdir. Tural o gündən bəri axtarışdadır. Onun bu məsələdə heç bir günahı olmamışdır. O, hava limanında saxlanıldıqda narkotik maddələr qabların içərisindən çıxmışdır. 5 qabın içərisindən az miqdarda marixuana və kokain aşkar olunmuşdur. Tural ona qabların içərisində dərman preparatları və tomat pastaları olduğunu bildirmişdir. Tural onu hava limanında gözləmiş, əşyaları orada ondan götürəcəymiş. O, iş materiallarında yazılan formada müstəntiqə ifadə verməmişdir. O, saxlanıldıqda döyüldüyü üçün ona nə deyilmişdirsə təsdiqləmişdir. Hətta ifadələrə imza çəkməmiş və ifadələrin saxta olduğunu daha sonra məhkəməyə sübut edə bilmək üçü bir işarə də qoymuş, spesifik imza çəkmişdir. Dərmanlar qabların içərisində açıq formada olmuş, o, daha sonra onları öz çantasına yerləşdirmişdir. Onun Turalın narkotik istifadəçisi olması barədə bir məlumatı olmamışdır. O, Turaldan başqa Elçin Cavadov, Şahid2 və Şahid4 tanımışdır. Onu aeroportda qarşılamağa Tural və Səlim gəlmişdir. O, daha sonra saxlanılan zaman Tural ona aeroporta çox yaxın bir məsafədə olduğunu bildirmiş, daha sonra isə onunla əlaqə saxlaya bilməmiş və ondan bəri Tural axtarışdadır. İstintaq təcridxanasında ona sağ qulağında yırtıq olduğunu bildirmişlər. Aeroportda ona dəymiş zərbəyə görə qulağı zədə almışdır. Onu vuran qara paltarlı, mülki formada bir gömrük əməkdaşı olmuşdur. Onun ibtidai istintaqda vəkili Vasif İsrafilov olmuşdur. Vəkil ona narahat olmamasını, 4 ay həbsdə qaldıqdan sonra azad olunacağını demiş, lakin ümumilikdə ona kömək göstərməmişdir. İstintaq zamanı ona rüşvət verməyi haqqında müəyyən təkliflər də olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində böyük inspektor vəzifəsində işləyir. Vətəndaş AZAL-ın Bakı-İstanbul reysi ilə Bakıya eniş edən zaman yaşıl zonada qırmızı zonaya yönləndirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əl yükü və bir ədəd baqajı monitor vasitəsilə yoxlanılmışdır. O, həmin reysdə yükə baxış şöbəsində olmuşdur. Rentgendə monitora nəzarət edən əməkdaş qabların içərisində nəyisə olduğunu demişdir. O, həmin zaman yükə baxış keçirməyə başlamış və bu kameralara düşən videogörüntülərdə də öz əksini tapmışdır. O, əvvəlcə ona verilən məlumat əsasında yad predmetlərin konserv qabları olması ehtimalı ilə baxış keçirmiş, şəffaf qabları daha sonra müəyyən etmişdir. O, ilk olaraq iki qablaşdırma aşkar etmiş, əvvəlcə krem qabları aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs ona “sən açma, sənin əlin çirklənər” demişdir. O, bu zaman krem qablarının içini axtarması məqsədilə Təqsirləndirilən şəxs vermiş, lakin onun hərəkətlərindən şübhələnmiş və bu zaman axtarış aparılan qabların içərisində başqa bir predmet ola bilməsindən şübhə etmişdir. Onlar daha sonra Təqsirləndirilən şəxs baqajının açılaraq tam yoxlanması məqsədilə onu və yüklərini bir otağa aparmışlar. İki ədəd krem qabı, 1 ədəd tomat pastası olan qab və 1 ədəd keçibuynuzu olan qabın içərisindən narkotik maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü də ifadəsində narkotik maddələrin kokain olduğunu etiraf etmişdir. Bunlar videoçəkiliş və fotolarda da öz əksini tapmışdır. O, hələ zalda ikən ilk dəfə krem qablarına baxış keçirərkən barmağının krem qablarının ortasında nəyəsə ilişdiyini görmüşdür. Daha sonra bıçaqla eyni hərəkəti etmiş və yenə bıçağın nəyəsə dəyib dayandığını görmüşdür. Daha sonra məlum olmuşdur ki, narkotik maddə polietilen sellofanda qaba vakumlanmış formada yerləşdirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs aeroportun kameralarında qeydə alınan jest və mimikalarından açıq-aşkar formada şübhəli hərəkətləri sezilmişdir. Yüklərdən 782 qram narkotik maddə kokain, 10 qram marixuana və “lirika” adlanan narkotik mənşəli dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs yaşıl zonada dayanan vətəndaşlara kameralar vasitəsilə nəyisə işarə etmək istəmiş, amma orada çoxlu insan olduğundan, onların həmin işarə olunan şəxsi müəyyənləşdirmələri qeyri-mümkün olmuşdur. Təqsirləndirilən şəxs zalda axtarış aparılarkən baqajında narkotik maddə olduğunu etiraf etməmiş, Təqsirləndirilən şəxs aşkar olunan maddələrin ümumi olaraq “uyuşturucu maddə” olduğunu demiş, lakin adbaad hansının kokain, hansının marixuana və s. olduğunu deməmişdir. Qabların içərisində narkotik maddə olduğunu ikisi birlikdə görmüşlər. Ümumiyyətlə onlar baqaja istənilən halda vətəndaşın və gömrük əməkdaşının iştirakı ilə baxış keçirir. Narkotik maddələrin Təqsirləndirilən şəxs özünə yaxud başqasına məxsus olması barədə Təqsirləndirilən şəxs sual verilməmişdir. Təqsirləndirilən şəxs baqajına baxış keçirilən zaman orada bir neçə nəfər əməkdaş bu işlə məşğul olmuşdur. Onlar Təqsirləndirilən şəxs kimin qarşılamağa gəldiyini müəyyən edə bilməmişlər. Təqsirləndirilən şəxs lazer qapıdan keçərkən monitora və kameralara “mən yaxalandım” kimi başa düşülə bilən əl-qol hərəkətləri etmişdir. Bəzən əməliyyat məlumatı daxil olur, bəzən gömrük əməkdaşı vətəndaşın hərəkətlərindən və yaxud görünüşündən şübhələnir, bəzən də heç bir şübhə olmadığı halda sadəcə seçim yolu ilə vətəndaş qırmızı zonaya geri qaytarılır. Bəzən 6-7 nəfər dalbadal seçim yolu ilə yoxlanılır, bəzən də daha çox şəxs yoxlanılmır. Burada rəqəm və faiz hesabı yoxdur. Risk qrupuna düşən aviareyslər də vardır. Məsələn İstanbul-Bakı reysi risk qrupunda olan reysdir. Təqsirləndirilən şəxs ona əməliyyat müvəkkili yönləndirmişdir. “X-ray” cihazında oturan xanım əməkdaş olmuş, o şəxsin hal və hərəkətlərində şübhə olduğunu bildirərək ona yönləndirmiş və o, baxışı həyata keçirmiş, Şahid2 aeroport işçisi olmaqla, iş üzrə hal şahidi kimi iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, O, “Heydər Əliyev” adına hava limanında təmizlik işçisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs hava limanında saxlanılan vaxt o da hadisə yerində olmuş və baş verənlərə şahidlik etmişdir. Təqsirləndirilən şəxs üzərindən 782 qram kokain adlanan narkotik maddə və 56 ədəd lirika adlanan narkotik tərkibli dərman preparatı aşkar olunmuşdur. O, həmin vaxt növbədə olduğu üçün onu hal şahidi qismində baxışda iştirak etmək üçün çağırmışlar. Təqsirləndirilən şəxs uzun saçları həmin vaxt onun diqqətini cəlb etmişdir. O, gələndən sonra Təqsirləndirilən şəxs çantası açılmışdır. Narkotik maddələr onun çantasının içindən aşkar olunmuşdur. Narkotik maddələr kokain və dərman preparatları olmuşdur. Narkotik maddələr xüsusi qablaşdırmanın, bankanın içindən aşkar olunmuşdur. Narkotik dərmanlar və kokain ayrı-ayrı qablaşdırmada olmuşdur. Bankalar plastik olmuş, bankaların içində narkotik maddədən əlavə tomat pastası yerləşmişdir. Narkotik maddələr elektron tərəzidə ölçülmüş və 782 qram kokain aşkar olunmuşdur. Hər zaman narkotik vasitə aşkar olunduqda tərəzidə ölçülür. Ümumilikdə baxış 15-20 dəqiqə davam etmişdir. Bankanın içərisindən kokain, paltarların içərisindən dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs narkotik maddələr aşkar olunan zaman nə reaksiya verdiyini hazırda xatırlamır. Hazırda da ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji X4 Baş Gömrük İdarəsinə təhkim olunmuş təlimçisi Şahid3 ifadəsində göstərdi ki, 2023-cü ilin avqust ayında, gömrük nəzarəti xidmətində olarkən, AZAL-ın Bakı- İstanbul reysi Bakıya eniş etdikdə və sərnişinlər təyyarəni tərk edərkən, yaşıl zonada dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs baqajının yoxlanması üçün qırmızı zonaya geri qaytarmış və orada onun baqajına daxil olan çanta rentgen aparatı vasitəsilə yoxlanmışdır. Rentgendə monitora nəzarət edən əməkdaş qabların içərisində nəyisə olduğunu demişdir. Biz bu zaman Təqsirləndirilən şəxs baqajının açılaraq yoxlanması məqsədilə onu və yüklərini şahidlərlə birlikdə başqa bir otağa aparmışlar. Yüklərdən 782 qram narkotik maddə kokain və narkotik mənşəyi dərman preparatları aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü də aşkar olunan predmetlərin narkotik maddə olduğunu təsdiqləmişdir. Onlar daha sonra Təqsirləndirilən şəxs təhqiqat şöbəsinə təhvil vermişlər və orada onların işi yekunlaşmışdır. Yaşıl zona sərhəd buraxılış keçididir. Qırmızı zona gömrükdə bəyan edilməli olan malların və yüklərin bəyan edildiyi və yoxlanıldığı yerdir. Həmçinin yaşıl zonada monitor olmur, amma qırmızı zonada monitor olur. Onlar Təqsirləndirilən şəxs seçmə üsulu əsasında, şübhə ilə qırmızı zonaya yönləndirmişlər. Onlar əməliyyat müvəkkillərinin məlumatı əsasında şübhəli şəxsləri yaşıl zonadan qırmızı zonaya geri qaytarırlar. İki qablaşmada doşab olmuş, digər qablarda tomat pastası və əl kremi aşkar edilmişdir. Narkotik maddələr polietilen sellofanın içərisinə vakumlanmış formada yeməklər olan qabların içərisinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs baqajına Şahid1 yoxlanış keçirmişdir. Təqsirləndirilən şəxs əvvəlcə baqajın içərisində dövriyyəsi qadağan olunmuş hər hansı bir predmetin olduğunu deməmiş, lakin narkotik maddələr aşkar olunduqdan sonra çantasında kokain olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik maddələrin başqasına məxsus olduğunu deməmişdir. Baqajda Təqsirləndirilən şəxs şəxsi geyimləri və digər öz əşyaları da olmuşdur. Dərman preparatları yeməklərin içərisində gizlədilməmişdir. O, sadəcə yaşıl zonada olduğu üçün əməliyyat müvəkkilinin tapşırığı əsasında Təqsirləndirilən şəxs qırmızı zonaya geri qaytarmışdır. Təqsirləndirilən şəxs saxlayan zaman artıq yaşıl zonada olmuş və çıxışa doğru getməkdə davam etmişdir. Təqsirləndirilən şəxs bayırda onu gözləyən Tural Abbasov adlı şəxsin olduğunu etiraf etmişdir. X19 axtarmaq üçün Təqsirləndirilən şəxslə birlikdə çölə çıxmış, lakin onu tapa bilməmişlər. Təqsirləndirilən şəxs qarşılamağa neçə nəfərin gəldiyini bilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman otaqda çox adam olmuşdur. Təqsirləndirilən şəxs hər hansı formada döyülməsinin şahidi olmamışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X20 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə eyni binada yaşadığı, qapı qonşusu olduğu və münasibətləri yaxşı olduğu üçün onun evinə gəlib-gedənlərdən onun həmişə məlumatı olmuşdur. 2023-cü ilin iyul ayında X22 Özerin evinə gəlmişdir. O, Tural Abbasovu da Özerin evinə gedib-gələrkən tanımışdır. Həmin anda o, onlarla qapının yanında rastlaşmışdır. Turalın əlində plastik torbalar olmuş və Tural Özerə “bunları anama çatdırmaq lazımdı, sən özün də Bakıya yəqin ki, gələrsən” dediyini eşitmişdir. Tural normalda həmişə əliboş gəlmiş, nə isə lazım olduqda çöldən sifariş etmişlər. O, həmin gün Tural və Özer arasında keçən yalnız bu dialoqa şahidlik etmişdir. O, yalnız Özer ilə Tural arasında torbalarla bağlı dialoqun şahidi olmuşdur. Təqsirləndirilən şəxs həmin torbaları daha sonra Azərbaycana gedəndə özü ilə birlikdə aparıb-aparmaması haqqında dəqiq məlumatı olmamışdır. Tural torbaların içərisində anasının dərmanları olduğunu bildirmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Tural Abbasovun vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxslə Bakı şəhərində tanış olmuşdur. Təqsirləndirilən şəxslə Türkiyə Respublikasının İstanbul şəhərində də görüşmüşmüşdür. O, Təqsirləndirilən şəxslə İstanbulda görüşən zaman Tural da orada olmuşdur. Nə Təqsirləndirilən şəxs, nə də Turalın narkotiklə əlaqəsi olması barədə məlumatı olmamış, özü də bu hadisəyə təəcüblənmiş, Turalın ailə üzvlərini tanıyır. Turalın anasının xəstə olduğunu bilir. Ancaq hansı xəstəlikdən əziyyət çəkdiyini bilməmişdir. Turalı təxminən 15 ildir tanıyır. Tural ilə dostlarının vasitəsilə tanış olmuşdur. Hazırda Turalın harada olması barədə məlumatı yoxdur. Bəstəkar kimi özünə məxsus studiyada fəaliyyət göstərir. Sonuncu dəfə “Yelləncək mahnısını bəstələmişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid Söyler Nida ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə rəsmi nikahları olmasa da, faktiki olaraq ərarvad münasibətində birlikdə yaşamışlar. Həyat yoldaşı Özer hadisə baş verməmişdən bir gün qabaq xəstələnmişdir. O, Özeri evdə qoyaraq işə getmişdir. O, bir müddət atamsıgilin evində qalmağı düşünürmüş. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Tural adlı dostu ona bilet almışdır, Turalın anasının dərmanlarını aparmaq üçün bir gün sonra Bakıya uçacaqdır. Həmçinin həyat yoldaşı Turalın baqajının çox olması səbəbindən ona məxsus dərmanları Bakıya aparmasını xahiş etdiyini bildirmişdir. Onlar həmin dövrdə Bakıda “qadın gözəllik mərkəzi” açmağı planlaşdırdıqları üçün həyat yoldaşı Özer Bakıya getdikdə həm də həmin işi həll etməyi, mərkəz üçün kirayə bina tapıb ora beh verməyi də düşünmüşdür. O, evdən getdikdən sonra Turalın 2 qadın dostu ilə birlikdə onlara gəldiyi barədə daha sonra məlumat əldə etmiş, buna da kifayət qədər kədərlənmişdir. Çünki, türk qadını olaraq həyat yoldaşını çox qısqanmışdır. Daha sonra Özer Azərbaycana getdikdən sonra Heydər Əliyev adına hava limanında problemlə üzləşməsi barədə o, xəbər eşitmişdir. Bu xəbəri həyat yoldaşı özü zəng edərək ona demişdir. Nə baş verdiyini də o, sonradan öyrənmişdir. Buna baxmayaraq o, həyat yoldaşının tam təqsirsiz olduğunu düşünür. Həyat yoldaşı iş adamıdır, Türkiyədə kifayət qədər tanınmış bir bərbərdir. O, həmçinin xeyriyyəçidir, hər il Türkiyədə qocalar evinə, kimsəsizlər evinə, qadınlara köməklik göstərir. Onların maddi olaraq da şəraitləri kifayət qədər yaxşıdır, yəni bu yolla əldə olunacaq hər hansı pula heç bir ehtiyacları yoxdur. Həyat yoldaşının təqsirləndirildiyi məsələ sadəcə olaraq ağlasığmazdır. Həyat yoldaşı daha əvvəl də iş və biznes məqsədilə Bakıya gəlmişdir. Onun özü isə daha əvvəl Bakıda olmamışdır. Özerin azərbaycanlı tanışlarından Tural Abbasovu tanımışdır. X11 tanış olmuş və birlikdə iş qurmağı planlaşdırmışlar. Tural inşaat sektorunda işləmişdir. Tural İstanbulda onların qonşusu olmuşdur. Özer bundan əvvəl nə vaxtsa Turalın əşyasını Bakıya gətirməmişdir. Tural Özerə verdiyi yükdə anasının dərmanları və bəzi qida məhsullarının olduğunu bildirmişdir. Özer həmçinin, Səlim, Elçin və Tural ilə dostluq etmişdir. X15 vasitəsilə tanış olmuşlar. Elçin, Səlim və Tural həyat yoldaşını Azərbaycanda dağ evində qonaq etmişlər. Tural tomat pastasını ev üsulu hazırlanmış olduğu üçün göndərmişdir. Turalın nəyə görə Türkiyədən Azərbaycana tomat pastası göndərməsi barədə məlumatı yoxdur. Həyat yoldaşı səfərə çıxdıqda 5000 ABŞ dolları pul götürmüşdür. Həmin pulları o, özü sayıb ona vermişdir. Həyat yoldaşının bu qədər pul götürmə səbəbi biznes fəaliyyəti ilə bağlı olmuşdur. Həyat yoldaşını Bakıda Tural Abbasov qarşılayacaqmış. Tural artıq Azərbaycanda olmuşdur. Cinayət işi materialları barədə vəkillər ona məlumat vermişlər. Həyat yoldaşının qanunsuz olaraq narkotik maddələr daşıması səbəbindən təqsirləndirildiyi ona məlumdur. Onun fikrincə, həmin narkotik maddələr Tural Abbasova məxsus olmuşdur. Tural Abbasovun qaçıb gizlənməsi ondan şübhələnməyə əsas verir. Özer daha əvvəl də başqa ölkələrdə səyahətlərdə olmuşdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 18 iyul 2023-cü il tarixdə, saat təxminən 18:00 radələrində Tural Abbasov ona zəng edərək Bakıda ona məxsus “Şıxov” ərazisində yerləşən bir obyektdə olduğunu və görüşmək istədiyini bildirmişdir. Onlar “Şıxov” ərazisində görüş planlaşdırmışlar. Tural onların ortaq dostudur, o, Turalla digər dostları Elçin və Tərlan vasitəsilə tanış olmuşdur. X16 Respublikası ərazisində yaşayır və özünün dediyinə görə tikinti sahəsində işləyir. O, əvvəlcə öz avtomobiliylə xalası oğlunu aparıb digər bir xalasıgilin evinə çatdırdıqdan sonra Turalla görüşməyə getmişdir. O, ora çatdıqda Tural, Elçin və Cəfər əyləşmişlər və ona da əyləşməyi təklif etmişlər. O, onlara Natiq adlı xalası oğlunu Mərdəkan qəsəbəsində yerləşən ona məxsus bağ evinə aparmalı olduğunu, oradan da gecə saat 00:00-da aeroporta aparacağını bildirmiş, onlara da bağ evində görüşməyi təklif etmiş və oradan getmişdir. Saat təqribən 23:30 radələrində Tural və Elçin bağ evinə gəlmişlər. O da xalası oğlu ilə birlikdə aeroporta yollanmışdır. Xalası oğlunun uçuş reysi saat 02:30-da Heydər Əliyev adına hava limanında olmuşdur. Tural ona bildirmişdir ki, Özer də elə Bakıya gələcəkdir, onu da qarşılasın. Turalgilin həmin zaman avtomobilləri olmamış və Özer gəldikdə onları Şıxov ərazisinə aparmağı ondan xahiş etimşdir. O, xalası oğlu və Turalla birlikdə aeroporta yollanmışdır. Xalası oğlunu yola saldıqdan sonra onlar Turalla birlikdə aeroportun 2-ci mərtəbəsində Özeri gözləməyə başlamışlar. Tural ona Özer bəyin artıq eniş etdiyini bildirdikdə o, Özer gələnə qədər siqaret çəkmək və avtomobilin parklanma ödənişini həyata keçirmək üçün aşağı enmişdir. Daha sonra bu işlərini yerinə yetirdikdən sonra çıxışda gözləməyə başlamışdır. O, həmin zaman uzaqdan Turalı görürmüş. Daha sonra Tural ona zəng edərək problem yaşandığını və Özer bəyin saxlanıldığını bildirmişdir. Daha sonra da yanına gəlmişdir. O, Turala Özerin yanına gedərək ona köməklik göstərməli olduqlarını bildirmişdir. Tural isə aeroportun həyətində gəzişməyə başlamışdır. O da onun arxasınca gedirmiş. Daha sonra Özer Turala zəng etmiş və onlar bir qədər danışmışlar. O, Turaldan nələr baş verdiyini soruşduqda Tural ona Özerin narkotiklə saxlanıldığını bildirmişdir. O, bu zaman təəccüblənmiş, çünki Özerin narkotiklə nə kimi bir əlaqəsi ola biləcəyini təsəvvür belə etməmişdir. Daha sonra Tural maşına tərəf hərəkət etmiş və beləcə maşına əyləşmişlər. Tural ona Şıxov ərazisinə onu geri aparmasını istəmişdir. Onlar Şıxova çatdıqda Elçin, Tərlan və Vüqar da orada olmuşlar. Əvvəlcə Tərlan oradan getmiş, daha sonra da o, Mərdəkan qəsəbəsində yerləşən bağ evinə getmişdir. Sabahı gün onu Dövlət Gömrük Komitəsinin İstintaq və Təhqiqat İdarəsinə çağırmışlar. Orada ondan Turalın harada olduğunu soruşmuşlar, o isə baş verənləri olduğu kimi danışmışdır. Turalın o gündən bəri harada olduğu müəyyən olunmamış və o, bu hadisədə Turaldan şübhələnmişdir. Təqsirləndirilən şəxs belə bir əməl törətməsinə inanmamışdır. Aeroporta onun **-OO-*** dövlət qeydiyyat nişanlı, “BMW” markalı avtomobili ilə getmişlər. O, Turalı Mərdəkanda yerləşən bağ evindən götürüb aeroporta aparmışdır, daha sonra onu Şıxov ərazisinə gətirmişdir. O, Turaldan nələr baş verdiyini soruşduqda Tural ona Özerin narkotiklə saxlanıldığını bildirmişdir. O, Turala “mən dövlət işçisiyəm, məni niyə bura gətirdin” dedikdə o heç nə deməmişdir. O, hadisə baş verən zaman Turaldan o qədər də şübhələnməmişdir. Lakin bu gün geriyə dönüb baxdıqda, hadisələrin axarı zəminində Turaldan şübhələnir. Çünki onun həmin zaman etdiyi hərəkətləri ona şübhələnməyə əsas vermişdir. Tural ona Özer bəyin onun anası üçün dərman preparatları gətirəcəyi barədə heç nə deməmişdir. O, həmin anda yalnız özünü fikirləşdiyi üçün Turalın niyə hadisə yerindən qaçması barədə ona sual verməmişdir. Tural o gündən sonra yoxa çıxmış və onun telefon barədə heç bir məlumatı olmamışdır. Tural ona Özerin onun üçün hər hansı yük gətirəcəyi barədə heç nə deməmişdir. O, həmin anda yalnız özünü fikirləşdiyi üçün Turalın niyə hadisə yerindən qaçması barədə ona sual verməmişdir. Tural sadəcə olaraq Özerin narkotik maddə ilə saxlanıldığını demiş, başqa heç nə deməmişdir. Ona Özeri ilk dəfə “motivator” kimi tanıtmışlar, daha sonra onun qadın bərbəri olduğunu bildirmişlər. Tural ona Özerin Bakıya təlim keçmək üçün gəldiyini demişdir. O, Turala yolda olarkən nəyə görə oradan uzaqlaşmaları, Özerin yanına niyə getməmələri barədə sual verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/3899 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « TR vətəndaşı ... « Təqsirləndirilən şəxs... » və.s yazılar olan 01 ədəd ağ kisədəki: «1» saylı paketə qablaşdırılmış 01 ədəd p\e paketdə təmiz çəkisi 127,631 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir; «2» saylı paketə qablaşdırılmış 01 ədəd p\e paketdə təmiz çəkisi 107,923 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir; «3» saylı paketə qablaşdırılmış 01 ədəd p\e paketdə təmiz çəkisi 200,019 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir; «4» saylı paketə qablaşdırılmış 01 ədəd p\e paketdə təmiz çəkisi 131,161 qram ağ rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-kokaindir; 01 ədəd p\e paketdə təmiz çəkisi 3,202qram sarımtıl-ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış MDMA ( metilendioksimatefetamin) maddəsidir; «5» saylı paketə qablaşdırılmış 02 ədəd p\e paketdə ayrı- ayrılıqda təmiz çəkiləri 84,016qram ; 100,081 qram ağ rəngli, tozşəkilli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə- kokaindir ; 5 ədəd kağız paketə qablaşdırılmış 6 ədəd p\e paketdə ümumilikdə təmiz çəkiləri 750,831qram olan və kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən narkotik vasitə- kokain müəyyən edildi. «6» saylı paketə qablaşdırılmış üzərlərində « Lyrica 300mg » göstəriciləri olan 02 ədəd blistertə ümumilikdə 28 ədəd ağ-tünd qırmızı rəngli dərman kapsulları və üzərlərində «Lyrica 150mg» göstəriciləri olan 02 ədəd blistertə ümumilikdə 28 ədəd ağ rəngli dərman kapsullarının tərkibində təsiredici maddəsinin ümumi miqdarı 12,6qram olan güclü təsir edən maddə - preqabalin müəyyən edildi. Kokain Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr »in siyahısına ( Siyahı l), MDMA « Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »in siyahısına ( Siyahı İ), Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş « Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına » (1 nömrəli əlavə) daxildir. (cild 1, iş vərəqə 92-97) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1039 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli torbada şərti olaraq 4 rəqəmi ilə nömrələnmiş qəhvəyi rəngli kağız paketdə 1 ədəd ağız hissəsi bağlanan polietilen paketdəki təmiz çəkisi-2,944qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi-2,742qram olan maddə (bitki mənşəli kütlə) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- həşiş qətranıdır. (cild 1, iş vərəqə 98-102) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/4472 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR Dövlət Gömrük Komitəsinə məxsus 200023 nömrəli paketin içərisində bir ədəd şüşə qabda ağ rəngli maye, bir ədəd plastik flakonda sarımtıl ağ rəngli tozşəkilli maddənin tərkibində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilməmiş, 209556 nömrəli polietilen paketin içərisində bir ədəd üzərində “Stano-10 Stonozolol 10 mg” göstəricisi olan qutuda 2 ədəd blisterdə 80 ədəd açıq-mavi rəngli dərman həblərinin əsas təsiredici maddəsi stonozololdur və həmin həblərin tərkibində stanozololun təsir maddəsinin ümumi miqdarı 0,80 qram təşkil edir. Stanozolol 18 mart 2016-cı il tarixli AR Qanunu ilə “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələr”in siyahılarına daxildir. (cild 2, iş vərəqə 173-176) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin xx.xx.2023-cü il tarixli, 5792 №-li ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild 2, 187-189) İş materiallarında olan xx.xx.2023-cü il tarixli “yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus üzərində “ÖZER” sözü yazılmış çamadanın içərisində şəxsi əşyaların arasında üzərində “Harry Potter” sözü yazılmış karton qutunun içində şəxsi gigiyenik əşyaların arasında üzərində “Lyrİca 150 mg” sözü yazılmış dərman qutusu aşkar olunmuşdur. Həmin qutunun içində üzərində “Lyrica 150 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb və üzərində “Lyrica 300 mg” sözü yazılmış 2 konvalyut, hər konvalyutda 14 ədəd həb olmaqla ümumilikdə 28 ədəd həb aşkar edilmişdir. Daha sonra yoxlamanı davam etdirmiş və çamadanın içərisində olan şəxsi əşyaların arasından üzərində “Cerave” sözü yazılmış üz və əl kremi qutusunun içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 130 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində “Repaırıng hare care” yazısı olan krem qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış və çəkisi 112 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində “erkan” yazısı olan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 202 qram olan ağ rəngli narkotik vasitəyə bənzər maddə, üzərində hər hansı fərqlənmə nişanı olmayan plastmas tomat qabının içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 138 qram ağ rəngli narkotik vasitəyə bənzər maddə, xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 10 qram olan tünd qəhvəyi rəngli bitki mənşəli və qara rəngli maddə, üzərində “keçiboynozu özü” sözləri yazılmış şüşə bankanın içindən gömrük nəzarətindən gizlədilmiş xüsusi formada şəffaf rəngli paketə qablaşdırılmış çəkisi 103 qram və 87 qram olmaqla ümumilikdə 190 qram 2 ədəd bükümdə ağ rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuş və hal şahidlərinin iştirakı ilə götürülmüşdür. (cild 1, iş vərəqə 11-19) İş materiallarında olan Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş X8 Hava Limanının videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, görüntülərə baxış zamanı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşıl kanal vasitəsilə gömrük nəzarətini tərk etmək istədiyi, gömrük əməkdaşı tərəfindən qırmızı kanala yönləndirildiyi, çantasını rentgen qurğusundan keçirdiyi, yaranmış şübhə əsasında çantaya ilkin baxış keçirilməsi, çantada şübhəli predmetlərin olması ehtimal edildiyindən Təqsirləndirilən şəxs yoxlama otağına yönləndirildiyi, daha sonra Təqsirləndirilən şəxs onu hava limanının çıxışında gözləyən X5 əli ilə saxlanıldığını göstərməsi barədə işarələr etməsi (boynunu sıxması, əli ilə qandal işarəsi verməsi və s.) müəyyən edilmişdir. (cild 1, 242-247) İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 8” markalı mobil telefona xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, “whatsapp” proqramında olan yazışmalara əsasən Təqsirləndirilən şəxs mütəmadi olaraq X7 ilə əlaqədə olduğu, X21 Özərə Bakı şəhərinə gəlmək üçün aviabilet aldığı, xx.xx.2023cü il tarixdə X21 Özeri qarşılamaq üçün X8 hava limanına getməsi müəyyən edilmişdir. (cild 1, 112-116) İş materiallarında olan “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X7 və qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər üzvlərinin əməllərinə obyektiv və hərtərəfli hüquqi qiymət verilməsindən ötrü onlar barəsində ********* nömrəli cinayət işinin materiallarından AR CMin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi ayrılmış, həmin cinayət işinə ********* nömrəsi verilmişdir. (cild 2, iş vərəqə 246-247) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, Turalın ona məxsus olan bir neçə qabı təqdim edərək, gələndə onları özüylə birlikdə Türkiyəyə gətirməsi xahiş etməsi, bu məsələdə heç bir günahının olmaması, Turalın ona qabların içərisində dərman preparatları və tomat pastaları olduğunu bildirməsi, iş materiallarında yazılan formada müstəntiqə narkotik vasitələrin ona məxsus olmasına barədə ifadə verməməsi, saxlanıldığı zaman ona təzyiq olunduğu üçün düzgün ifadə verə bilməməsinə dair məhkəmədə verdiyi ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıyaraq, həqiqəti əks etdirməməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli, 3-16-16/2-6/3899 №-li, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1039 №-li, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-6/4472 №-li, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsinin xx.xx.2023-cü il tarixli, 5792 №-li rəyləri, xx.xx.2023-cü il tarixli “yoxlama, əşyaların və sənədlərin götürülməsi” haqqında, Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş X8 Hava Limanının videogörüntülərini özündə əks etdirən diskə baxış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli və Təqsirləndirilən şəxs məxsus 1 ədəd “İphone 8” markalı mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokollar, Təqsirləndirilən şəxs özünün şübhəli şəxs qismində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, iş üzrə şahidlərin ifadələri və digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixli ifadəsində və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Tural Abbasov zəng vuraraq Bakı şəhərinə getməyi üçün aviabilet aldığını və gələrkən bir az MDMA, lirika (preqabalin), marixuana və çox miqdarda kokain gətirməyini tapşırmışdır. Kokainin bir qramı üçün 100 ABŞ Dolları alacağını Turala bildirdikdə, o, pulun problem olmadığını demişdir. Tural Abbasovla razılaşaraq Azərbaycan Respublikasına gətirmək üçün Karlosdan təqribən 1 kq kokain almışdır. Karlosla kokain narkotik vasitəsinin 1 qramını 40 ABŞ dolları məbləğinə danışıb razılaşmış və bundan başqa özü üçün Türkiyədə asanlıqla alına bilən MDMA, həşiş qətranı, marixuana almışdır və ümumilikdə 1500 TL ödəmişdir. Daha sonra aldığı narkotik vasitələri İstanbul şəhərində yaşadığı mənzildə ketçup qabının, keçibuynuzu bəhməzi qabının və kosmetik vasitə üçün olan qabların içərisinə vakkumla sıxılmış vəziyyətdə paketlənmiş halda qoymuşdur. Narkotik vasitələri sellofan paketlərin içərisində olmağına baxmayaraq, onları əlavə rezin və sellofan tipli maye keçirməyən örtüklə də örtüb o şəkildə 5 ədəd qabın içərisinə yerləşdirmişdir. Bunlardan başqa Yunanıstanda olarkən 4 konvolyut içərisində 56 tablet olan “lyrica” adlı dərman preparatları almışdır. Bu dərmanları da Turalın xahişi ilə ona çatdırmaq üçün çamadanının içərisində olan şəxsi əşyalarını qoyduğu kitab formasında olan qabın içinə qoymuşdur. J2 078 saylı İstanbul-Bakı aviareysi ilə Bakı şəhərinə gəlmək üçün yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 2 radələrində Bakıda hava limanında baqaj yüklərini götürdükdən sonra gömrük yoxlamasını yaşıl kanal vasitəsilə çıxıb gətirdiyi narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirmək istəyərkən orada olan gömrük əməkdaşı çamadanları yenidən gömrük yoxlamasından keçirməyini İstəmişdir. Baqaj yükünü orada olan rentgen qurğusunun lentinin üzərinə qoymuş, orada olan əməkdaş baqajın yoxlanmalı olduğunu ona görə də yoxlama otağına getməli olduğunu demişdir. Yoxlama otağında keçirilən ətraflı yoxlama zamanı gizlətdiyi narkotik vasitələr aşkar edilmişdir. Göstərilən narkotik vasitələri, güclü təsir edən və psixotrop maddəni gömrükdən keçirə bilsəydi Tural Abbasova təhvil verəcəkmiş. Hava limanının çıxışında Turalın onu gözlədiyini görmüş, həmin vaxt gömrük əməkdaşları tərəfindən saxlanıldığını Turala işarə etmişdir. Sonra isə Tural Abbasovun oradan qaçaraq uzaqlaşdığını müşahidə etmişdir. Gizlətdiyi narkotik vasitələr aşkar edildikdən sonra Turala zəng edərək hava limanına gəlməsini bildirdikdə o, gələcəyini bildirmiş, lakin gəlməmişdir. Azərbaycan Respublikasına gəlib-getdiyi zamanlarda yaranmış bütün xərclər Tural Abbasov tərəfindən qarşılanmışdır. Tural Abbasov üçün narkokuryerlik fəaliyyəti göstərmiş və bunun müqabilində qazanc əldə etmişdir. Karlos adlı şəxsdən sifariş verdiyi narkotik vasitənin miqdarının 1 kiloqram olduğunu dediyi halda gömrük yoxlaması zamanı 750,831 qram kokain narkotik vasitəsi aşkar olunduğu məlum olmuş və belə fərqin yaranmasının səbəbini sifariş verərkən Karlosun həmin vaxt əlində olan çəkiyə uyğun şəkildə bu malları göndərməsi, aralarında etibar olduğu üçün narkotiki çəkməməsi ilə izah etmişdir.(cild 1, iş vərəqə 128-131; 154-157) Eyni zamanda, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər Şahid5 və Söyler Nida ittihamın mahiyyəti üzrə əhəmiyyət kəsb edən hallar barədə hər hansı məlumat verməmişlər. Eləcə də, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahid X12 da ifadəsində qeyd edilən hallar onun subyektiv mülahizələri olmaqla, ittihamın mahiyyəti üzrə hər hansı halı təkzib edən sübut kimi qəbul edilə bilməz. Həmçinin, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş digər bir Şahid4 ifadəsində Tural Abbasovun ona Təqsirləndirilən şəxs gətirməsi üçün hər hansı dərman və ya digər əşya verməsi barədə heç bir məlumat vermədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifinə gəlincə, məhkəmə belə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X13 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X13 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X13 6-cı bəndinin 4-cü abzasına əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə görə və həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı”na əsasən, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də, külli miqdarda güclü təsir edən maddələri bir yerdən başqa yerə daşıması, ayrı-ayrı bükümlərdə saxlayaraq gizlətməsi də təsdiq edir ki, o, külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, eləcə də, külli miqdarda güclü təsir edən maddələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 209) Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddələrin sanksiyaları daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əlavə cəza təyin edilməsi məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, cinayət törətdiyinə görə ona təyin ediləcək əsas cəzasını çəkdikdən sonra əcnəbi vətəndaş (Türkiyə Respublikası vətəndaşı) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 52.1-1-ci maddəsinə əsasən, barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(004)-524/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 46-47, 168-173) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 5792 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmədiyi üçün ona narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmamalı, lakin, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyərini təşkil edən ümumilikdə 263 (iki yüz altmış üç) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X3 ərizəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda axtarış zamanı götürülmüş, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 76 həb “stanozolol 10 mg” dərman preparatının qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onun barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4481 ABŞ dolları və 1340 Türkiyə lirəsinin şəxsin cinayət yolu ilə əldə etdiyi, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər olmasına dair hər hansı hal sübuta yetirilmədiyindən, qeyd olunan pul vəsaitləri barədə xüsusi müsadirə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 750,831 qram kokaindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 750,711 qram narkotik vasitə kokain, ümumilikdə 2,944 qram qurudulmuş marixuanadan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,924 qram narkotik vasitə qurudulmuş marixuana, 2,742 qram həşiş qətranından ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,722 qram narkotik vasitə həşiş qətranı, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsullarından, ekspertiza tədqiqatından sonra qalıq qalmış 27 həb “Lyrica 150 mg” və 27 həb “Lyrica 300 mg” kapsulları, təmiz çəkisi 3,202 qram olan MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,102 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan narkotik vasitələrin, güclü təsir edən və psixotrop maddələrin aşkar edildiyi 1 çamadan, 5 qab və 1 qutu şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olduğundan məhv edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4481 ABŞ dolları, 1340 Türkiyə lirəsi, **********211713 nömrəli plastik kart, eləcə də, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxse məxsus 01 ədəd “İphone 8” markalı, 03 ədəd “İphone 7” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, X3 yaşadığı ünvanda axtarış zamanı götürülmüş, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 76 həb “stanozolol 10 mg” dərman preparatının qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 12 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1 və 52.1-1-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın və Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 750,711 qram narkotik vasitə kokain, 2,924 qram narkotik vasitə qurudulmuş marixuana, 2,722 qram narkotik vasitə həşiş qətranı, 27 həb “Lyrica 150 mg” və 27 həb “Lyrica 300 mg” kapsulları, 3,102 qram MDMA (metilendioksimetamfetamin) psixotrop maddəsi, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin saxlanc anbarında saxlanılan narkotik vasitələrin, güclü təsir edən və psixotrop maddələrin aşkar edildiyi 1 çamadan, 5 qab və 1 qutu məhv edilsin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 4481 ABŞ dolları, 1340 Türkiyə lirəsi, **********211713 nömrəli plastik kart, eləcə də, cinayət işinin materiallarında saxlanılan Təqsirləndirilən şəxse məxsus 01 ədəd “İphone 8” markalı, 03 ədəd “İphone 7” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, X3 yaşadığı ünvanda axtarış zamanı götürülmüş, ekspertiza tədqiqatına sərf olunan hissə çıxılmaqla qalmış 76 həb “stanozolol 10 mg” dərman preparatının məhv edilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərcləri – cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərini təşkil edən ümumilikdə 263 (iki yüz altmış üç) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-998/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-998/2024
13.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver