Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-999/2021 04.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Hafiz Samir oğlunun sədrliyi ilə, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuror-metodisti, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, iştirakı ilə, xx xxxxxx 1979-cu ildə Ermənistan Respublikası Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, həbs olunanadək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 29, mənzil 3-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamini əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 11.891 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.484 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. 08 oktyabr 2020-ci il tarixdə saat 02 radələrində komendant saatı qaydalarını pozduğu üçün Sabunçu rayon polis idarəsinin post patrul xidməti bölüyünün əməkdaşları tərəfindən “Toyota Prius” markalı **-VU-*** dövlət qeydiyyat nömrə nişanlı taksi ilə sərnişin qismində hərəkətdə olarkən Bakıxanov qəsəbəsi “Aygün city” ticarət mərkəzinin qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmişdir. Polis bölməsində onun üzərində axtarış və avtomobilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs satış məqsədi ilə gizlətdiyi tünd göy rəngli cins şalvarının sağ cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 0.286 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və taksi kimi istifadə edərək sərnişin qismində oturduğu “Toyota Prius” markalı **-VU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sağ qabaq oturacağının arxasında gizlətdiyi külli miqdarda, təmiz çəkisi 11.891 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şəxsi istehlak miqdarından artıq miqdarda 0.198 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 08 oktyabr 2020-ci il tarixdə gecə saatlarında tanışı Asya ona zəng edərək əri Sadiqin üzərində narkotik vasitə aşkar oldunduğu üçün Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıldığını bildirərək ondan kömək istəmişdir. Ona görə də o, taksi fəaliyyəti ilə məşğul olan dostu Raquba zəng etmiş, Raqub onu götürmüş, onlar avtomobil ilə Nizami rayon polis idarəsinin qabağına getmişlər. Asyanı narkotik vasitəni satan şəxs kimi tanımış, 5 dəqiqədən sonra Asya əri Sadiqlə birlikdə Nizami rayon polis bölməsindən çıxmışlar. Sadiqdən necə buraxıldığını soruşduqda isə onu cərimə edib buraxdıqlarını demişdir. Sadiqlə Asya avtomobilə əyləşmişlər. Sadiqə və Asya arxada o isə ön oturacaqda sürücünün yanında oturmuşdur. Avtomobil Sabunçu rayonu ərazisində hərəkətdə olarkən “Aygün City” ticarət mərkəzinin yaxınlığında polis əməkdaşları avtomobili saxlamışlar, onu avtomobildən düşürdüb yoxladıqdan sonra polis maşınına aparmışlar. Daha sonra Raqubu da polis maşınına gətirmişlər. Onları 13cü PB-nə gətirmişlər. 13-cü polis bölməsində olan zaman üzərindən heç bir narkotik vasitə aşkar olunmamış, 13-cü PB-də olarkən həmin bölmənin rəis müavini Əli müəllim və Oktay adlı polis işçisi onunla birlikdə saxlanılan Sadiq və onun arvadı Asyanı müdafiə etmək üçün ona təzyiq göstərmişlər. O, məcbur olub külli midarda narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Həmin narkotik vasitələr onunla saxlanılan Asyaya məxsus olmuşdur. Əvvəllərdə istifadə etmək üçün Asyadan bir neçə dəfə narkotik vasitə almış, narkotik vasitənin satışı ilə məşğul olmamış istifadəsi ilə məşğul olmuşdur. Üzərində aşkar olunan narkotik vasitələrin heç biri ona məxsus olmamış, həmin vaxt Asya hamilə olduğu üçün ona heç bir təzyiq göstərməmişlər. Bölmədə polis əməkdaşları ona təzyiq göstərdikləri üçün külli miqdarda narkotik vasitələri ona məxsus olmasını məcbur olub etiraf etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərdi ki, Sadiq və Asya polis əməkdaşı Oktayın adamları olmuş, bunu sonradan bilmiş, məhz ona görə də Sadiqə yox ona təzyiq göstərmişlər. Təqsirləndirilən şəxs həmçinin göstərdi ki, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etmir. Polis bölməsində ona təzyiq göstərildiyi üçün narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs ibtidai isitintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş ilkin ifadələrində özünü tam təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər məhkum olunmuşdur. 08.10.2020-ci il tarixdə saat 02 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığında taksi kimi əyləşdiyi avtomobilə saxla əmri verilmiş, taksi sürücüsü avtomobili saxlamış, polis əməkdaşları özlərini təqdim etdikdən sonra komendant rejimi qaydalarını pozduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli oluqlarını izah edərək onları 13-cü PB-nə dəvət etmişlər və onlar birlikdə 13-cü PB-nə gəlmişlər. Polis əməkdaşları onları saxlayan zaman avtomobildə onunla sürücüdən başqa arxa oturacaqlarda tanımadığı bir nəfər qadın ilə bir nəfər kişi olmuşdur. PB-də xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan bir büküm ağ rəngli kağıza bükülmüş psixatrop maddə olan metamfetamini könüllü şəkildə təqdim etmişdir. O, həmin psixotrop maddə olan metamfetamini xatırlamadığı tarixdə Yasamal rayonunda üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) AZN-ə öz şəxsi istifadəsi üçün almışdır. Bundan başqa taksi kimi əyləşdiyi avtomobildə oturacağın altında gizlətdiyi bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan bir büküm şəffaf rəngli sellofana bükülmüş narkotik maddə olan heroini və bir büküm siqaretin qırmızı rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamini könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitələri Yasamal rayonunda tanımadığı şəxsdən ümumilikdə 270 (iki yüz yetmiş) AZN-ə almışdır. Üzərindən və avtomobildən aşkar edilən metamfetamin və heroin qablaşdırılmış ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 08.10.2020-ci il tarixdə gecə radələrində əri Sadiq komendant saatında icazəsi olmadığı üçün Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. O da polis idarəsinin qarşısında olmuşdur. Sadiq öz telefonunu ona verərək Mir Amil adlı tanışına zəng edib onları taksi ilə götürməsini demişdir. Mir Amillə tanışlığı olmamışdır. X21 münasibətləri olmuşdur. O, Sadiqin telefonu ilə Mir Amilə zəng etmiş, Mir Amil əvvəllər tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Raqubun idarə etdiyi avtomobillə əri Sadiqlə onu Nizami RPİ-nin qarşısından götürmüşdür. O, Sadiqlə arxa oturacaqda Mir Amil isə ön oturacaqda sürücünün yanında oturmuşdur. Onlar Sabunçu rayonu istiqamətində hərəkət etmişlər. Həmin tarixdə saat 02 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığında əri Şahid2 ilə taksi kimi əyləşdiyi “Toyota Prius” markalı avtomobillə hərəkət edən zaman PPX-nə məxsus avtomaşın əyləşdikləri avtomobilə saxla əmri vermişdir. Taksi sürücüsü avtomobili saxlamışdır. Bu zaman ön oturacaqda sərnişin qismində əyləşən Mir Amilin oturacağın altına nəyisə atdığını görmüşdür. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra komendant rejimi qaydalarını pozduqları və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah edərək onları 13-cü PB-nə dəvət etmişlər və birlikdə 13-cü PBnə gəlmişlər. Polis bölməsində xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir maddə və ya predmet aşkar edilməmişdir. Şahid3 ifadəsində həmçinin göstərdi ki, narkotik vasitələr istifadə etməmiş, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08.10.2020-ci il tarixdə gecə radələrində komendant saatında icazə olmadan küçədə olduğuna görə Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. Arvadı Asya da onunla olmuşdur. O, öz telefonunu Asyaya verərək tanışı Mir Amilə zəng edib onları taksi ilə götürməsini demişdir. Mir Amillə tanışlığı olmuşdur. Asya onun telefonu ilə Mir Amilə zəng etmiş, Mir Amil əvvəllər tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Raqubun idarə etdiyi avtomobillə onu Asya ilə Nizami RPİ-nin qarşısından götürmüşdür. O, Asya ilə arxa oturacaqda Mir Amil isə ön oturacaqda sürücünün yanında oturmuşdur. Həmin tarixdə saat 02 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığında PPX-nə məxsus avtomaşın əyləşdikləri avtomobilə saxla əmri vermişdir. Taksi sürücüsü avtomobili saxlamışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra komendant rejimi qaydalarını pozduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını izah edərək onu, Asyanı, sürücünü və Mir Amili 13-cü PB-nə dəvət etmişlər. Onlar polis əməkdaşları ilə birlikdə 13-cü PB-nə gəlmişlər. PB-də xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman üzərində qanunsuz heç nə aşkar olunmamışdır. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona heç bir təzyiq olmamış, o sərbəst ifadəsini vermişdir. Arvadı Asya narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Toyota Prius” markalı **-VU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 08.10.2020-ci il tarixdə gecə saatlarında taksi fəaliyyəti ilə məşğul olan zaman əvvəllər tanıdığı Mir Amil ona zəng edərək Nərimanov rayonu ərazisində “Çapayev” adlanan yerdən onu götürməyini xahiş etmişdir. O, Mir Amilin qeyd etdiyi yerə gəlmişdir. Mir Amil avtomobilə əyləşərək Nizami rayon polis idarəsinin qarşısına getməyi ondan xahiş etmişdir. O, avtomobili ora sürmüşdür. Mir Amil avtomobildən düşüb adlarını sonradan bildiyi Sadiq və Asya ilə geri qayıtmışdır. Mir Amil ön oturacaqda, Asya ilə Sadiq isə arxa oturacaqda əyləşmişlər. Onları Bakıxanov qəsəbəsinə aparmağını xahiş etdilər. Saat 02 raddələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Aygün City” ticarət mərkəzinin yaxınlığı ilə hərəkət edən zaman PPX-nə məxsus avtomaşın saxla əmri vermişdir. O, avtomobili saxlamışdır. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra komendant rejimi qaydalarını pozduqlarını bildirib, avtomaşından onları düşürdüb 13-cü PB-nə dəvət etmişlər və birlikdə 13-cü PBnə getmişlər. PB-də xidməti otaqlardan birində üzərinə axtarış keçirilən zaman üzərində və avtomobilində ona aid hər hansı bir dövriyyəsi qanunla qadağan olunmuş maddə, predmet aşkar edilməmişdir. Mir Amilin üzərində hər hansı bir maddənin olub-olmaması barədə məlumatı olmamışdır. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs qabaq sağ oturacağın altına narkotik vasitə atmış və onun avtomobilindən Mir Amilə məxsus narkotik vasitə aşkar edilmişdir. Bölmədə olarkən Mir Amildən eşitmişdir ki, aşkar olunmuş narkotik vasitələr ona məxsusdur. Onun həmin yerdə narkotik vasitə olmasından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sabunçu rayon polis idarəsinin post patrul xidməti bölüyünün manqa komandiri, polis baş serjantı Şahid4 göstərmişdir ki, 08 oktyabr 2020-ci il tarixdə Bakıxanov qəsəbəsində xidmətdə olarkən təxminən saat 00:30 raddəsində ərazidə xidmət apardıqları zaman Sülh küçəsində “Unibank”-ın yanında hərəkətdə olan “Toyota Pirius” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı bir avtomobili avtopatrulda görüb saxlamışlar. Həmin avtomobilə yaxınlaşıb komendant saatı ilə əlaqədar olaraq həmin vətəndaşları yoxlamaq istədikdə içərisində 4 nəfər olan şəxs özlərini şübhəli apardıqlarına görə sürücüdən avtomobilin yük yerini açmağı tələb etmiş, bu zaman avtomobildə olan sərnişinlər aşağı düşmüşlər, avtomobilə ilkin baxış keçirtdikləri zaman şübhəli gələn məqamları araşdırmaq və komendant saatı qaydalarını pozduqları üçün həmin vətəndaşları nəqliyyat vasitəsi ilə birlikdə 13-cü PBnə dəvət etmişlər. Polis bölməsində olan zaman həmin şəxslərin Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 və Şahid3 olması müəyyən edilmişdir. 13-cü PB-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində olan bir büküm ağ rəngli kağıza bükülmüş maddəni könüllü şəkildə təqdim edərək metamfetamin olmasını bildirmişdir. O, həmin psixotrop maddə olan metamfetamini xatırlamadığı tarixdə Yasamal rayonunda üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 20 (iyirmi) AZN-ə öz şəxsi istifadəsi üçün almasını demişdir. Bundan başqa sərnişin kimi əyləşdiyi taksi avtomobilində oturacağın altında gizlətdiyi bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində olan bir büküm şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroin və bir büküm siqaretin qırmızı rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamini könüllü şəkildə təqdim etmişdir. Həmin narkotik vasitələri ümumilikdə Yasamal rayonunda tanımadığı şəxsdən ümumilikdə 270 (iki yüz yetmiş) AZN-ə almasını bildirmişdir. Üzərindən və avtomobildən aşkar edilən metamfetamin və heroin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar.Şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 dindirilmiş digər Şahid4 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 oktyabr 2020-ci il tarixli Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı Şahid4 və polis serjantı Şahid5 tərəfindən Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinin adına yazılmış raportdan görünür ki, onlar 08.10.2020-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi ilə hərəkətdə olan zaman “Toyota Prius” markalı **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb komendant rejimi ilə əlaqədar yoxlayarkən sərnişinlər özlərini şübhəli apardıqları üçün həmin şəxsləri 13-cü PB-nə dəvət edərək şəxsiyyətlərini araşdırdıqda onların Təqsirləndirilən şəxs, X5, Şahid2, Şahid1 olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 4) Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins materialdan olan şalvarın sağ cibindən ağ rəngli kağıza bükülmüş, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmiş, ondan başqa Təqsirləndirilən şəxs taksi kimi əyləşdiyi “Toyota Prius” markalı avtomobilin sağ qabaq oturacağının arxasında gizlətdiyi “Sobranie” markalı siqaret qutusunu təqdim etmiş, həmin qutunun içərisindən bir büküm şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə bənzər maddə, bir büküm siqaretin qırmızı rəngli kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu və ona məxsus olduğunu bildirmişdir. (cild 1, iş vərəqə 24-25) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 oktyabr 2020-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə həm ibtidai istintaq zamanı, həm də məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. (cild 1, iş vərəqə 145-146) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair “xxxx” MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Diskə baxış keçirilməsi haqqında” 03.04.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, mütəmadi olaraq müxtəlif nömrələr ilə narkotik vasitələrə işarə edən patı, aysberq, torpaq və kol barədə satış məqsədli sms mətnlərinin olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 292-293) Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair “xxxx” MMC mobil rabitə operatorundan götürülən məlumatlardan və həmin məlumatların əks olunduğu “Diskə baxış keçirilməsi haqqında” 03.04.2021-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** mobil nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuş, müxtəlif nömrələr ilə narkotik vasitələrin satış məqsdəli yazışmaların olması müəyyən edilmişdir. (cild 1, iş vərəqə 294-295) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 6/2092 nömrəli, 08 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №160” möhür əksi, “Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 11.891 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0. 286 qram, 0.198 qram, ümumi təmiz çəkisi 0.484 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ); Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. (cild 1, iş vərəqə 32-36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 3558 nömrəli, 28 dekabr 2020-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 260-261) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 30 mart 2021-ci il tarixli maddi sübutun tanınması, cinayət işinə əlavə edilməsi və saxlanması haqqında qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 11.891 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq 02 (iki) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.286 qram; 0.198 qram; ümumi təmiz çəkisi 0.484 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış qalıq çəkisi-11.841 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi-0.424 qram psixotrop maddə metamfetamin məhkəmənin sonuncu qərarına kimi saxlanılması üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Narkotik vasitə və psixotrop maddənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD-R diski maddi sübut kimi tanınmışdır. (cild 1, iş vərəqə 212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 03 aprel 2021-ci il tarixli maddi sübutun tanınması, cinayət işinə əlavə edilməsi və saxlanması haqqında qərarla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair məlumatların əks olunduğu “xxxx” MMC mobil rabitə operatorundan götürülmüş 01 ədəd “DVD” formatlı disk və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılan danışıqlara və “sms” yazışmalarına dair məlumatların əks olunduğu “xxxx” MMC mobil rabitə operatorundan götürülmüş 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqə 296) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair 13 noyabr 2020-ci il tarixli tələbnamənin cavabından, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17.05.2011-ci il tarixli hökmünün və Şirvan Apellyasiya məhkəməsinin 12.08.2011-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs 17.05.2011-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə 09 il 06 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. 12.08.2011-ci il tarixdə Şirvan Apellyasiya məhkəməsinin qərarı ilə 7 ilə 6 ay azadlıqdan məhrum edilmiş, 25.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (cild 1, iş vərəqə 188-210) Cinayət işinin materiallarında olan məhkəmədə tədqiq edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki uşağı 2008-ci il təvəllüdlü X2 və 2009-cu il təvəllüdlü X3 vardır. X19 “Mədəciküstü taxikardiya” xəstəliyindən əziyyət çəkir. (cild 1, iş vərəqə 184-186) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində və avtomobildə aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmaması və həmin narkotik vasitələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan əlavə, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satılması ilə bağlı təhqiqat və istintaq orqanlarında əvvəlcədən hər hansı bir məlumat olmamış, onunla bağlı əməliyyat tədbirləri aparılmamış, Təqsirləndirilən şəxs saxlanılması və üzərində narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi əvvəlcədən planlaşdırılmamışdır O, xüsusi icazəsi olmadan komendant saatında taksi nəqliyyat vasitəsində hərəkət etdiyi zaman saxlanılmış, polis əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində sübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində narkotik vasitənin ona məxsus olmaması və satmaq məqsədinin olmaması, ibtidai istintaq zamanı təzyiq nəticəsində etirafedici ifadələr verməsi kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, X19nın ürək xəstəliyindən əziyyət çəkməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17.05.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona 09 il 06 ay azadlıqdan məhrum etmə cəzası verilmişdir. Şirvan Apellyasiya məhkəməsinin 12.08.2011-ci il tarixli qərarı ilə onun cəzası 7 ilə 6 ay müddətinədək endirilmişdir. 25.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırki cinayət işi üzrə cinayət əməli törədilən vaxt Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə onun məhkumluğu ödənilməmişdir. Bu hal isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini təşkil edir. Ona görə də məhkəmə təhlükəli residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qəbul edir və nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Məhkəmə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin imperativ tələbləri nəzərə alınmaqla ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 08 oktyabr 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 1, iş vərəqə 21-22, 76-78 ). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi-11.841 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi-0.424qram psixotrop maddə metamfetamin məhv edilməli, maddi sübut kimi tanınmış 3 (üç) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 40, 110). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 11.841 qram qalmış narkotik vasitə heroin, qalıq çəkisi-0.424 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, maddi sübut kimi tanınmış 3 (üç) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Hafiz Əliyev Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-999/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-999/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver