Məhkəmə qərarları › İş №1(101)-999/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-999/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-999/2023 26.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X1 və Ağalı Amil Əlabbas oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, zərər çəkmiş şəxsin hüquqi varisi – X2, onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “DE FENDO” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evlihimayəsində bir nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə, saat 05:25 radələrində hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol təsiri altında nəqliyyat vasitəsini idarə etməməli olsa da, orta dərəcəli sərxoşluq vəziyyətində sürücülük hüququ əsasında mərhum Zərərçəkmiş şəxs məxsus olmuş «BMW M5» minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu Həsən Seyidbəyli küçəsi ilə 80 km/saat sürətlə hərəkət edərkən, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin hərəkətləri etməmiş, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, həmin maddələrin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, avtomobildə idarəetməni itirməsi nəticəsində «BMW M5» minik markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 2 ünvanda yerləşən yaşayış binasına çırpılmış, nəticədə avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs həyatla bir araya sığmayan və hərəkətdə olan avtomaşının maneəyə dəyməsi nəticəsində törənmiş ölümünə səbəb olan,baş beynin hissəsi evakuasiyası (bayıra tökülməsi), hər iki gicgah və ənsə sümüklərin kəllə əsasına keçən, burun sümüklərinin və hər iki almacıq sümüyünün yerini dəyişmiş qəlpəli sınıqları ilə müşaiyət olunan ağır açıq kəllə-beyin travması ilə müşayiət olunan və canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almış və ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir, yəni qeyd olunun bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan nəqliyyat vasitələrini sərxoş halda olan şəxs kimi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın mahiyyəti üzrə ifadə verərkən baş vermiş hadisənin detallarını xatırlayıb narahatçılıq hissi keçirdiyini, sərbəst ifadə verməkdə çətinlik çəkdiyini, cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini məhkəmənin nəzər diqqətinə çatdıraraq məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsinin elan edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin ifadəsində ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1-3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2011-ci ildən «AC» kateqoriyalı sürücülük hüququ olmuşdur. Mərhum Zərərçəkmiş şəxs təxminən 10 ilə yaxın bir müddətdə tanımış, sonuncu ilə dost münasibətləri olmuş, heç vaxt ədavət və ya düşmənçilikləri olmamışdır. 19 noyabr 2022-ci il tarixdə, saat təxminən 18-19 radələrində o, dostu mərhum Zərərçəkmiş şəxs və digər dostları Mətin Məmmədli ilə Bakı şəhəri, Yasamal rayonu, Bakı Dövlət Universiteti ilə üzbəüzdə yerləşən çay evinə oturub çay içmiş və sonda axşam yeməyi yemək qərarına gələrək Yasamal rayonu Mikayıl Müşviq küçəsində yerləşən «Qurd Qapısı» restoranına getmişlər. Orada üçü birlikdə şam yeməyi yemiş, eyni vaxtda spirtli içki olaraq bir ədəd araq sifariş vermiş və hər üçü həmin araqdan içmişdir. Onlar həmin gün, axşam saat 23-24 radələrində restorandan çıxarkən istifadələrində avtomobillərinin olmadığını xatırlamışlar. Ona görə də, onlar dostları Mətin Məmmədlinin tanışlarının olduğu yerə getmiş və həmin şəxslər onları onun (t/şəxs Təqsirləndirilən şəxs) yaşadığı ünvanın yaxınlığına avtomobilini saxladığı yerə aparmışlar. Bundan sonra o, mərhum Zərərçəkmiş şəxs və Mətin Məmmədli ilə birgə pivə içmək üçün onun avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, «Parlament» prospektində yerləşən «Birbaşa» adlı pivə evinə getmişlər. Orada o, və mərhum Zərərçəkmiş şəxs iki bokal pivə içmiş, Mətin isə öz evinə getmişdir. O, və mərhum Zərərçəkmiş şəxs artıq sərxoş olduqlarından onun avtomobilini idarə etmək üçün Şamil adlı dostlarını çağırmışlar. Şamil onun avtomobilini idarə etmiş, mərhum Nurlanla o isə, avtomobildə sərnişin qismində əyləşmişlər. Bir qədər gəzdikdən sonra onlar avtomobili dəyişmək qərarın gəlmiş və Şamil onları mərhum Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prspektində yerləşən evin yanına aparmışdır. Onlar Nurlana məxsus «BMW» markalı, ** LZ *** dövlət nömrə nişanlı avtomobili götürmüş, sərxoş olmadığı üçün həmin avtomobili də Şamil idarə etmişdir. Bundan sonra onlar mərhum Zərərçəkmiş şəxs məxsus avtomobillə də bir qədər şəhərdə gəzmiş, sonra Xətai rayonunun «Ağ Şəhər» kimi tanınan ərazisində olarkən Şamil «BMW» markalı ** LZ *** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağına keçib əyləşmiş və avtomobili o, (t/şəxs Təqsirləndirilən şəxs) idarə etməyə başlamışdır. O, 20 noyabr 2022-ci il tarixdə, səhər saat təxminən 4-5 radələrində «BMW» markalı ** LZ *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi ilə X5 yanından Bakı şəhəri İcra Hakimiyyəti istiqamətində gəlib oradan Həsən Seyidbəyli küçəsinə getmək üçün dönmüşdür. Həmin vaxtı o, avtomobili 80 km/saat sürətlə idarə etmiş, lakin yerin səthi yaş olduğu üçün avtomobilin arxa təkərləri sürüşməyə başlamışdır. Əvvəlcə avtomobilin arxa hissəsi sol tərəfə, sonra isə sağ tərəfə doğru sürüşmüş, həmin anda onlar avtomobillə yolun sağ tərəfində olan səki hissəsinə dəyərək səkinin üzərinə çıxmış və avtomobil sürüşə-sürüşə yaşayış binasına dəymişlər. Maşın binaya dəydikdən sonra avtomobilin ehtiyat qoruyucu yastıqları partladığı üçün avtomobilin içi bir anlıq dumana bürünmüşdür. O, başını sağ tərəfə döndərərkən mərhum Nurlanın başına dəmir boru girdiyini, başından və ağzından qan axdığını görmüşdür. Bundan sonra o, şok vəziyyətinə düşmüş və yalnız avtomobildən onu Şamilin çıxartdığını xatırlamış, başqa heç nə xatırlamamışdır. Sonra ora tanımadığı insanlar yığışmış və təcili tibbi-yardım çağırmış, hadisə yerinə təcili tibbi-yardım və polis gəlmişdir. O, özünü polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları onun sərxoşluq vəziyyətini yoxlamaq üçün onu özləri ilə aparmışlar. Hadisə vaxtı nə o, nə də dostu Şamil heç bir xəsarət almamışlar (iş vərəqə: 133 – 135). Hadisənin mahiyyəti üzrə suallar ətrafında dindirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi ifadəsini bir daha təsdiq edib göstərdi ki, hadisədən əvvəl mərhum Zərərçəkmiş şəxs ilə bir-birinə qarşılıqlı hörmətləri olmuş, görüşmək üçün gah o, gah da Nurlan zəng etmiş və görüşmüşlər. Onlar bir-birinin evinə gedib-gəlməsələr də, Nurlanın atası ilə də hərdən rastlaşmışlar. Nurlanın atası oğlu ilə münasibətinə görə ona heç vaxt irad və ya etiraz bildirməmiş, nə də mərhum Nurlan atasının ona mənfi münasibəti barədə heç nə deməmişdir. Məlum hadisədən sonra da onun ailə üzvləri Nurlanın yas mərasimində iştirak etmiş, qarşı tərəf onlara heç bir mənfi münasibət nümayiş etdirməmiş, hər şey etik çərçivədə olmuşdur. Təqsirləndirilən şəxs, həmçinin göstərdi ki, hadisə vaxtı onların yanında olan şəxs sifarişli ayıq sürücü olmamış, onların Şamil adlı tanışları olmuşdur ki, özləri sərxoş olduqları üçün onlar Şamili özləri çağırmış, istər onun və istərsə də mərhum Nurlanın maşınını əvvəlcə onların xahişi ilə Şamil idarə etmişdir. Spirtli içki qəbul etməyə gəldikdə isə mərhum Nurlanın həftədə bir spirtli içki qəbul etdiyini bilmişdir. Ola bilsin ki, atasının bundan xəbəri olmamışdır. O, özü də spirtli içki qəbul etmiş, bu Nurlanla da, başqa dostları və ya qohumları ilə də baş vermişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi atası X6 ifadəsində göstərdi ki, 20 noyabr 2022-ci il tarixdə, saat təxminən 06-07 radələrində o, yaşadığı evdə olarkən xatırlamadığı mobil telefondan onun istifadəsində olan telefon nömrəsinə zəng daxil olmuş, ona zəng edən şəxs oğlu Zərərçəkmiş şəxs Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi ilə Abdulla Şaiq küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobildə vəfat etdiyini bildirmişdir. 20 noyabr 2022-ci il tarixdə saat təxminən 06-07 radələrində Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi ilə Abdulla Şaiq küçəsinin kəsişməsində baxılan iş üzrə Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi, mərhum oğlu Zərərçəkmiş şəxs məxsus «BMW» markalı, ** LZ *** dövlət nömrə nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə oğlu Zərərçəkmiş şəxs vəfat etməsi sonra ona məlum olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəxan Mənsimov ifadəsinin davamında göstərdi ki, Nurlan onun yeganə oğlu olmuş, əlavə bir qızı vardır ki, qızı ailəlidir. Təqsirləndirilən şəxs törətdiyi bu hadisə onların hamısını məhv etmişdir. Xəlil içki içən olduğundan onun həyat tərzi onun xoşuna gəlməmiş, həmişə oğlunun ondan uzaq olmasını istəmişdir. Belə ki, mərhum oğlu içki içən, siqaret çəkən olmamışdır. Hadisə vaxtı avtomaşının sürətinin 80 km/saat olmasına o, inanmamış, daha çox olmasını fikirləşmişdir. Ayıq sürücü ola-ola, avtomaşını təqsirləndirilən şəxsin sürməsi də onun üçün qaranlıq qalan məsələlərdən biri olmuşdur. Onun ibtidai istintaq mərhələsində də, hazırda məhkəmədə də təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi tələbi olmamış, sadəcə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin qanun çərçivəsində cəzalandırılması istəyindədir. Sənədlərin tədqiqi ilə bağlı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəxan Mənsimov göstərdi ki, o, cinayət işinin ibtidai istintaqı zamanı ərizə verərək Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını yazmışdır. Lakin hazırda təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyir. İnsanların belə hadisələri törətmiş şəxslərin hansı cəzaya layiq olmalarından dərs almaları və təqsirləndirilən şəxsin sərxoş halda maşın idarə etməyin cəzasının nə olmasını bilmələri üçün təqsirkar şəxsin ciddi şəkildə cəzalandırılması arzusundadır. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, 2021-ci ildən «BC» kateqoriyalı sürücülük hüququna malik olmuş, lakin baxılan iş üzrə cinayət hadisəsinin baş verdiyi ərəfədə o, sürücü deyil, moykada (burada: avtomaşın yuma yeri) işləmişdir. Mərhum Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisədən təxminən 08 il əvvəl, Bakı şəhərinə köçdüyü vaxtdan anımış, onların hər ikisi ilə dost münasibəti olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. O, Nurlanla Xəlili tanıdığı müddətdə onların naqis hərəkətlərinin şahidi olmamışdır. Şahid hadisənin mahiyyəti üzrə ifadəsinin davamında göstərdi ki, 19 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs özünə məxsus «Mitsibushi» markalı, ** AN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun işlədiyi Bakı şəhəri Yasamal rayonu Ə. Cəmil küçəsində yerləşən avtomobil yuma məntəqəsinə verib getmişdir. O, maşını yumuş, artıq 20 noyabr 2022-ci il tarixə keçən gecə, saat təxminən 00:30 radələrində Xəlil, Nurlan və onların Mətin adlı bir dostu onun yanına gəlib maşını ondan götürmüşlər. Həmin vaxtı onlar sərxoş olduqlarından ayıq sürücü kimi ondan maşını sürməyi xahiş etmişlər. O, moykadan Xəlilə məxsus avtomobili işə salmış, onları maşına əyləşdirmiş, bir müddət şəhərdə onları gəzdirmişdir. Sonra onlar pivə içməyə getmiş, o isə maşında oturub onları gözləmişdir. Bundan sonra o, onları götürmüş, saat 02:30 radələrində Mətini aparıb yaşadığı ünvana düşürmüşlər. Bundan sonra mərhum Nurlan gedib onun maşınını götürüb sürməyi təklif etmişdir. Onlar birlikdə Nurlanın yaşadığı evə tərəf getmişlər və Nurlan Xəlilin avtomoblindən düşərək özünə məxsus «BMW» markalı, ** LZ *** dövlət nömrə nişanlı avtomobilini qarajdan çıxarmış və sürmək üçün ona vermişdir. Nurlanla Xəlilin sərxoş olduqları vaxtlarda əvvələr də olmuşdur ki, ki, onlar onun yanına gəlmiş, o, Nurlanın maşınını idarə etmişdir. Amma hadisə günü o, Xəlilin maşınını ilk dəfə idarə etmişdir. O, Xəlilin maşınını Nurlangilin evinin qabağında saxlamışlar. Bundan sonra o, X9 maşını ilə səhər saat təxminən 05 radələrinədək Bakı şəhərində gəzdirmiş, həmin müddətdə avtomobilin arxa oturacağında Xəlil, ön oturacaqda sağda Nurlan əyləşmiş, maşını isə o, idarə etmişdir. Onlar Bakı şəhəri Xətai rayonu «Ağ Şəhər» ərazisində, «Boulvar» hotelinin yanında olarkən onlar maşını saxladıb yerə düşmüş, bir az söhbət edib maşına qayıtmışlar. Lakin maşından düşdükdən sonra nə danışdıqlarını o, eşitməmişdir. Şahid ifadəsinin davamında daha sonra göstərdi ki, geri qayıdarkən «Ağ Şəhər» ərazisində Nulanla Xəlil maşına oturduqdan sonra Nurlan ona avtomobili asta, yəni aşağı sürətlə sürdüyünü bildirib ona “bu nə maşın sürməkdir? Sən sürə bilmirsən” demiş, sükan arxasından düşüb arxa oturacağa keçməsini və avtomaşını Xəlilin idarə etməsini dəfələrlə ondan tələb etmişdir. Belə ki, o, avtomaşını 50-60 km/saat sürətlə idarə etmişdir. O, Nurlanla Xəlilə bir neçə dəfə içkili olduqlarını xatırlatmış, özünün sürəcəyini bildirmiş, lakin onlar ona qulaq asmamışlar. Belə olduqda o, məcbur olub maşınıdan düşərək arxa oturacaqda sağ tərəfdə Nurlanın arxasında oturmuş və maşını Xəlil sürməyə başlamışdır. Artıq səhər saat 05:25 radələri olmuş, Xəlil avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Xəlil maşını idarə edərkən qabaqda oturan Nurlan tez-tez maşının hansısa knopkalarını (burada: düymələrini) basmış, Xəlil isə buna görə ona düymələri basmaması üçün iradlarını bildirmişdir. Xəlil Bakı şəhəri Səbail rayonu ərazsində «Axundov» bağından üzü «Gümüş Plaza» istiqamətdə yolun tək istiqamətli zolaqla yoxuşa doğru sürüb hərəkətdə olan zaman, yağış yağmasa da rütubətdən yerin səthi yaş olduğundan avtomobilin arxa təkərləri sürüşməyə başlamış və ilk dəfə avtomobilin arxa hissəsi sol tərəfə, sonra isə sağ tərəfə doğru sürüşmüş, avtomobil yolun sağ tərəfində olan səki hissəsinə dəyərək səkinin üzərinə çıxmış və sürüşə-sürüşə yaşayış binasına dəymişdir. Maşın sürüşən zaman o, maşının içərisində yıxılmış, hadisə anını xatırlaya bilməmişdir. Avtomobilin qoruyucu yastıqları partlamış, avtomobilin içi bir anlıq dumana bürünmüşdür. O, Xəlilin səsini eşitmiş, Xəlil sükan arxasında oturub çox möhkəm qışqırmışdır. O, başını qaldırdıqda mərhum Nurlanın başına dəmir boru girdiyini, başından və ağzından qan axdığını və sonuncunun öldüyünü görmüşdür. Belə ki, maşın reşotkaya dəymiş, reşotkanın üzərində olan truba maşının şüşəsindən Nurlanın başına girmiş və Nurlanı oturacağa sıxmışdır. O, və Xəlil avtomobildən düşmüş və qısa bir müddətdə ora tanımadığı insanlar yığışmış, təcili tibbi-yardım çağırmışlar. Hadisə yerinə təcili tibbiyardım və polis əməkdaşları gəlmiş, onlar özlərini polis əməkdaşlarına təqdim etmişlər, polis əməkdaşları sərxoşluq vəziyyətini yoxlamaq üçün Xəlili özləri ilə aparmışlar. O, Xəlilin avtomobilini mərhum Nurlanın yaşadığı evin məhəlləsindən götürmək üçün oradan çıxıb getmişdir. Hadisə zamanı nə o, nə də Xəlil xəsarət almamışlar. Şahid ifadəsinin yekununda göstərdi ki, hadisə olan küçə dar olmuş, yolun kənarıda maşınlar dayanmışdır. Xəlil maşınla heç bir manevr etməmiş, sadəcə yer yaş olduğu üçün maşın sürüşmüşdür. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibb ekspertizasının 20 noyabr 2022-ci il tarixli, 77 saylı rəyindən görünür ki, mərhum zərər çəkmiş Zərərçəkmiş şəxs meyitində həyatla bir araya sığmayan - baş beynin hissəvi evakuasiyası (bayıra tökülməsi), hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən, burun sümüklərinin və hər iki almacıq sümüyünün yerini dəyişmiş qəlpəli sınıqları ilə müşayiət olunan ağır açıq kəllə-beyin travması kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi - hərəkətdə olan avtomaşının maneəyə dəyməsi nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Tədqiq olunan rəydən, həmçinin görünür ki, mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb həyatla bir araya sığmayan - baş beynin hissəvi evakuasiyası (bayıra tökülməsi), hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən, burun sümüklərinin və hər iki almacıq sümüyünün yerini dəyişmiş qəlpəli sınıqları ilə müşayiət olunan ağır açıq kəlləbeyin travması olmuşdur. Meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 3-5 saat əvvəl baş vermişdir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6‰, sidikdə 1‰ (promili) etil spirti aşkar edilmişdir ki, bu miqdarda və qatılıqda etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir (iş vərəqə: 98-103). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan yol-nəniliyyat hadisələri ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 8/63 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş məlumatlara əsasən BMW M5 markalı, 90LZ004 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ct maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur (iş vərəqə: 111-114). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 016-165601-1222 saylı məktubla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AC 507518 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (iş vərəqə: 106). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Nəqliyyat vasitələrinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 20 noyabr 2022-ci il tarixli, 2/38414 saylı aktdan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs sərxoşluq müayinəsi zamanı orta dərəcəli sərxoş vəziyyətində olmuşdur (iş vərəqə: 13). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan “hadisə yerinə baxış keçirilməsi haqqında» 20 noyabr 2022-ci il tarixli protokolundan görünür ki, baxılan iş üzrə yolnəqliyyat hadisəsi Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsində baş vermiş, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilərək müvafiq protokollar və hadisə yerinin sxemi tərtib olunmuş, həmçinin hadisə yerinin və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokollara əlavə edilmişdir (iş vərəqə: 04-12). İbtidai istintaq orqanının məhkəmə baxışı zamanı tədqiq olunan 08 fevral 2022-ci il tarixli qərarından görünür ki, mərhum Zərərçəkmiş şəxs məxsus olmuş və Təqsirləndirilən şəxs tərəfindən idarə olunmaqla YNH törədilmiş «BMW M5 minik» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və qəbzlə saxlanılması üçün mərhum Zərərçəkmiş şəxs hüquqi varisi - atası X4 təhvil verilmişdir (iş vərəqə: 116-122, 41). Son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs mərhum Zərərçəkmiş şəxs ilə uzun müddət dostluq münasibətində olduğunu qeyd edib, baş vermiş hadisəyə görə zərər çəkmiş şəxsin ailəsindən üzr istədiyini, zərər çəkmiş şəxsin ailəsinin tələb edəcəyi hər bir şeyə razı olduğunu göstərmiş və tutduğu əməldən son dərəcə peşman olduğunu bildirmişdir. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi və 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sərxoş halda həmin maddələrin tələblərinə riayət etməklə, hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyərək, idarə etdiyi avtomobildə idarəetməni itirməsi nəticəsində avtomobilin ünvan 3 ünvanda yerləşən yaşayış binasına çırpılması nəticəsində avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alması və hadisə yerində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirsizliyi ilə bağlı heç bir sübut və ya dəlil təqdim etməmiş, əksinə tutduğu əməldən son dərəcə peşiman olduğunu bildirmişdir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: 91). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ilə mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dostluq münasibətində olmuş, bir-biri ilə mütəmadi olaraq görüşmüş, müxtəlif ziyafətlərdə iştirak etmiş, yemək yemiş, spirtli içki qəbul etmişlər. Hadisə günü də, yəni 19 noyabr 2022-ci il tarixdə və hətta 20 noyabr 2022-ci il tarixə keçən gecə təqsirləndirilən şəxslə mərhum zərər çəkmiş şəxs digər dostları Mətin Məmmədli ilə birlikdə olmuş, yemək yeyib spirtli içkilər qəbul etmiş və nəticədə Təqsirləndirilən şəxs və mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, ibtidai araşdırma üsulları ilə də təsdiq olunduğu kimi, «yüngül dərəcəli alkoqol sərxoşluğu» vəziyyətinə düşmüşlər. Məhz bundan sonra özlərinin sərxoş olduqlarını qəbul edib avtomaşınla gəzmək məqsədilə avtoyuma məntəqəsində olan Təqsirləndirilən şəxs məxsus «Mitsubishi» markalı ** AN *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobili avtoyuma məntəqəsində yuyucu işləyən ümumi tanışları, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid həvalə etmişlər. Sonuncu Təqsirləndirilən şəxs məxsus avtomobili 20 noyabr 2022-ci il tarixə keçən gecə, saat 02:30-dək idarə etmiş, təqsirləndirilən və zərər çəkmiş şəxslərin ümumi dostları Mətin Məmmədlini yaşadığı evə aparıb düşürtdükdən sonra mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təklifi ilə faktiki idarə olunan «Mitsubishi» markalı ** AN *** dövlət qeydiyyatlı nömrə nişanlı avtomobil zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadığı ünvanın yaxınlığında dayanacağa yerləşdirildikdən sonra Zərərçəkmiş şəxs avtomoblindən düşərək özünə məxsus, YNH-si törədilmiş «BMW» markalı, ** LZ *** dövlət nömrə nişanlı avtomobili qarajdan çıxararaq idarə etməsi üçün Şahid vermiş və sonuncu həmin avtomaşını hadisə günü, saat təxminən 05 radələrinədək idarə etmişdir. Sonuncu avtomaşını idarə edərkən mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs avtomaşını aşağı sürətlə idarə etdiyi üçün bir neçə dəfə Şahid iradlarını bildirmiş, sükan arxasından düşüb arxa oturacağa keçməsini tələb etmiş, avtomaşını Təqsirləndirilən şəxs idarə edəcəyini bildirmişdir. Şahid ifadəsində Nurlanı və Xəlili razı sala bilmədiyi üçün məcburiyyət qarşısında keçib arxa oturacaqda oturduğunu və Təqsirləndirilən şəxs sükan arxasına keçdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın məzmunundan da göründüyü kimi, 20 noyabr 2022-ci il tarixdə, saat 05:25 radələrində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus «BMW» markalı, ** LZ *** dövlət nömrə nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən alkoqol sərxoşluğu vəziyyətində idarə olunarkən baxılan iş üzrə ağır YNH-si baş vermişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan zərər çəkmiş şəxsin hüquqi varisi - mərhum zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs atası X2 cinayət işinin ibtidai istintaqı mərhələsində istintaq orqanına təqdim etdiyi 10 fevral 2023-cü il tarixli ərizədən görünür ki, sonuncu həmin ərizəsində Təqsirləndirilən şəxs qarşı heç bir maddi tələbinin, vəsatətinin və şikayətinin olmadığını bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı da dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəxan Mənsimov təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi tələbinin olmadığını bildirmişdir. Lakin cinayət işinə məhkəmə baxışı zamanı 10 fevral 2023-cü il tarixli ərizəsinə münasibət bildirən zərər çəkmiş şəxsin hüquqi varisi Mirzəxan Mənsimov cinayət işinin ibtidai istintaqı zamanı ərizə verərək Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirsə də, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin sərxoş halda maşın idarə etməyin cəzasının nə olmasını bilməsi üçün onun ciddi şəkildə cəzalandırılması arzusunda olduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ailəlidir və onun himayəsində bir nəfər 2018-ci il təvəllüdlü azyaşlı uşağı vardır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzasını yüngülləşdirən hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin hüquqi varisi Mirzəxan Mənsimov təqsirləndirilən şəxsə qarşı maddi və mənəvi tələbinin olmamasını, YNH-dən əvvəl başlamış və hadisə anınadək davam etmiş təqsirləndirilən şəxslə mərhum zərər çəkmiş şəxs ətrafında cərəyan etmiş real vəziyyəti, təqsirləndirilən şəxsin tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun barəsində olan yüngülləşdirici halları, törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə həmin maddədə nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmiş və qeyd olunan tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraatı mərhələsində iki gün həbsdə saxlanılmışdır (iş vərəqə: 26, 28, 42-43, 61-62). Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində iki gün həbsdə saxlanıldığını nəzərə alıb belə nəticəyə gəlir ki, həmin iki gün Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılmalı və cəza çəkməsi üçün üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən əqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildiyindən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası, həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut - «BMW M5 minik» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mərhum zərər çəkmiş şəxsin hüquqi varisi - atası X4 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs daimi qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə olunsun. İş üzrə məhkəmə məsrəfləri – 85 (səksən beş) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut - «BMW M5 minik» markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mərhum zərər çəkmiş şəxsin hüquqi varisi - atası X4 təhvil verilməsi nəzərə alınsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar