Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1000/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli, 1(105 )-112/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1989-cu il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Yardımlı rayonu, Koryədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”), 234.4.1, 234.4.3, 206.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2-cü maddələri ilə 09 (doqquz) il 6 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla ona 10 (on) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Yardımlı Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli hökmü ilə məhkuma təyin edilmiş şərti məhkum etmə ləğv edilərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilərək üzərində qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlan ılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2018- ci il tarixdən hesablanması qərara alınmışdır.
3. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3, 206.3.2-ci maddələri ilə təyin edilmiş cəza azaldılaraq, üzərində qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli, 1(105)-112/2022 nömrəli qər arı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 iyun 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş buraxılmış kassasiya şikayətinin verilmə müddətinin bərpası barədə vəsatət rədd edilmişdir.
5. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, müddətin buraxılmasını üzrlü hesab edərək, kassasiya şikayəti verilmə müddətinin bərpa edilməsini və kassasiya şikayətinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. II. Kassasiya şikayətinin dəlilləri
6. Məhkum müddətin üzrlü səbəbdən buraxıldığını göstərən hal kimi ona istinad etmişdir ki, barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı vaxt inda ona təqdim edilməmişdir. Ona həmin qərar 09 dekabr 2022-ci il tarixdə rəsmi müraciət etdikdən sonra təqdim edilmişdir.
7. Yuxarıda göstərilənləri nəzərə alaraq, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsini, kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək işə mahiyyəti üzrə baxılması barədə qərar qıbul edilməsini xahiş etmişdir. III. Hüquqi məsələlər
8. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
9. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktl arı təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlilləri ilə bağlı olaraq aşağıdakıları qeyd edir.
11. Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
12. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
13. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı 16 iyun 2020-ci il tarixdə qəbul edilmiş və həmin qərardan kassasiya şikayəti vermə müddəti 16 dekabr 2021-ci il tarixdə bitmişdir.
14. Məhkum Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı qəbul edildiyi vaxtdan 05 ay vaxt keçdikdən sonra, 06 may 2021-ci il tarixdə, yəni kassasiya şikayəti vermək üçün qanunla n əzərdə tutulmuş müddət keçdikdən 04 ay 20 gün sonra kassasiya şikayəti vermişdir.
15. Kassasiya şikayətinin müəllifi məhkumun vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisənin baş verməsinə istinad etməmiş, kassasiya şikayətinin verilməsi müddətinin buraxılmasını məhkumun hüquqi savadsızlığı ilə izah etmişdir. Lakin, bu hal barəsində kassasiya şikayətində göstərilənlər də Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin nəzərdə tutduğu əsasların gerçəkdən də mövcud olduğunu təsdiq edən dəlillər kimi qiymətləndirilə bilməz.
16. CPM-in 411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya k assasiya protesti vermək imkanı olmadıqda:
17. CPM-in 411.2.2. bu Məcəllənin 409-cu çaddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə:
18. İş materialında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. 19.Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərən hallar kimi həmçinin onu qeyd edir ki, Məhkum və onun müdafiəçisi Abbasov Qoşqar Məcid oğlu apellyasiya instansiyası məhkəməsinin 16 iyun 2020-ci il tarixdə keçirilən məhkəmə prosesində iştirak etmişlər və qərarın nəticə hissəsi onlara elan edilmiş və kassa siya şikayəti vermək hüququ onlara izah edilmişdir. 20.Göründüyü kimi, Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir. 21.Məhkəmə kollegiyası həmçinin müddətlərin tətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olar aq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, Səbri Günəş Türkiyəyə qarşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012)
22. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli, 1(105)-112/2020 nömrəli qərarından qanunda nəzərdə tutulmuş qaydada kassasiya şikayəti verməmiş, kassasiya şikayətini üzrlü səbəblərdən buraxıldığı iddia edilsə də, faktiki olaraq bunu təsdiqləyən hər hansı əsaslı üzrlü səbəblər göstərilməmişdir.
24. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-112/2020 nömrəli, 16 iyun 2020-ci il tarixli qərarından kassasiya şikayəti vermə müddətinin bərpasından imtina barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 iyun 2022ci il tarixli, 1(105)-112/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.