Məhkəmə qərarları › İş №1(102)-1014/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1014/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1014/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-149/2022 nömrəli, 17 fevral 2022-ci tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 2000-ci il tarixdə Gədəbəy rayonu, Şurakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, işləməyən, Gədəbəy rayonu, Şahdağ kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. 2. 23 iyul 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, X6 və X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edib cinayət əlaqəsinə girərək, xx.xx.2021-ci il tarixdə, saat təxminən 18:10 dəqiqədə Zərərçəkmiş şəxs Bəndər qızının iş yeri olan "xxxx" MMC- nin Daşkəsən rayon filialından çıxaraq piyada Daşkəsən şəhəri, İsmət Qayıbov küçəsi ilə hərəkət etdiyini dəqiqləşdirdikdən sonra, onu oğurlamaq niyyətilə İftixar Məmmədovun idarə etdiyi “VAZ 21011” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin küçədə yerləşən 24 saylı binanın qarşısına gələrək orada gözləmiş, Zərərçəkmiş şəxs həmin yerdə piyada avtomobilin yanından ötüb keçərkən İntiqam Verdiyevlə birlikdə avtomobildən düşərək onun ağzından, qollarından və ayaqlarından tutaraq zor tətbiq etməklə onu həmin avtomobilin arxa oturacağına mindirib, orada zorla qucağında tutub saxlamaqla, zor tətbiq edilməsi nəticəsində ona üst dodağın hematoması və qançırı, sol əlin, döş qəfəsinin sol yarısının, sağ və sol baldırların qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi tə yin edilməyən xəsarətlər yetirməklə onun iradəsinə zidd olaraq oğurlayıb İftixar Məmmədovun idarə etdiyi qeyd olunan avtomobilin arxa oturacağına mindirib orada saxlamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurluğu cinayətini törətmişlər.

4. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-279/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməklə və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 aprel 2021-ci tarixdən hesablanması hökm edilmişdir.

5. Həmin hökmlə X3 və X6 da təqsir li bilinərək məhkum edilmişlər.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib təqsirləndirilən şəxslər Məhkum və X3 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların hökmdən xaric edilməsi və təqsirli bilindiyi maddənin sanksiyası həddində Məhkum 9 il, İftixar Məmmədova 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-149/2022 nömrəli, 17 fevral 2022-ci tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-279/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən Məhkum Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla cəza təyin edilməsi ilə bağlı müddəalar xaric edilmiş və o, Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; X2 Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 4 il həddində müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar.

9. Kassasiya şikayətində Məhkum təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 1(104)-149/2022 nömrəli, 17 fevral 2022-ci tarixli qərarının ləğv edilməsi, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi və ona daha yüngül cəza təyin edilməsi xahiş edilir. 10.Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiy ası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Müdafiəçi kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayət ini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-149/2022 nömrəli, 17 fevral 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələr ində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

19. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.

20. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna halla r kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.

21. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddiasını n əsassız olduğu müəyyən edilir.

22. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmişdir.

23. Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilən cəza - 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin ən aşağı həddində olmaqla ma ddi hüquq normalarına uyğundur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi məsələsi daxil olmaqla) imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə proseslə ri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışl arını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-149/2022 nömrəli, 17 fevral 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-149/2022 nömrəli, 17 fevral 2022-ci tarixli qərarı Məhkum münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar