Məhkəmə qərarları › İş №1(102)-1015/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1015/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1015/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1684/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum XXXXX il tarixdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, x kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq x fərdi evdə yaşamışdır. 2. 16 mart 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyy ən edilmiş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd BГ2879 nömrəli, 1968-ci il tarixdə zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal olunmuş, 9 mm kalibrli, PM modelli, yivli odlu silah olan “Makarov” konstruksiyalı tapançanı, 07 ədəd Rusiya Federasiyasında zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan ştat patronları, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı əldə edib üzərində saxlamaqla gəzdirmiş və daşımış, Nərimanov rayon polis idarəsinin 17-ci polis şöbəsinin əm əkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 yanvar 2024-cü il tarixdə, saat 22:30-da Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi 7 ünvanında saxlanılıb, şöbənin inzibati binasına gətirilərək üzərinə müdafiəçinin iştirakı və video çəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan paketin içərisindən həmin 01 ədəd BГ-2879 nömrəli, 1968-ci ildə zavod üsulu ilə keçmiş SSRİ dövründə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı olan, 9 mm kalibrli, PM modelli, yivli-odlu silah olan “Makarov” konstruksiyalı tapança, 07 ədəd zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nə zərdə tutulmuş, atəş açmaq üçün yararlı olan və döyüş sursatı hesab edilən ştat patronlar, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi olan daraq aşkar edilərək götürülmüşdür.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-212/2024 nömrəli, 29 may 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 yanvar 2024-cü il tarixdən hesablanması hökm ed ilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün dəyişdirilməsi, cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1684/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-212/2024 nömrəli, 29 may 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlillə ri, etirazlar

9. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələr məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən etsələr də, o, 2 dəfə məhkum edilməsinə və cəzasını çəkib qurtarmasına baxmayaraq islah olunmamış və yenidən hazırkı cinayət əməlini törətmişdir. Bu ona təyin edilmiş cəzanın həddinin yüngül olmasına və ona islah təsirinin yetərli olmaması qənaətinə gəlməyə kifayət qədər əsas yaradır. Məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi yüngüllüyünə görə, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə, eləcə də ölkədə bu sahədə aparılan önləyici tədbirlərə uyğun olmamış, onun və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın x üsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirib həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1684/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Re spublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini ar aşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində Məhkuma təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş mə hkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan görür və onlarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)1684/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır ( “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-c u il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).

19. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza v ə yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin e dilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

22. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CMnin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

23. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

24. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

25. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

26. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşd irən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi itt iham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

27. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəzanın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyy əti verir.

28. Kassasiya müraciətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkuma təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

29. Belə ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

30. Birinci instansiya məhkəməsi tərəfindən Məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan ən ciddisinin yarısı həddində - 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

31. Həmin cəzanı təyin edərkən, birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır.

32. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

33. Məhkuma daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

34. Qeyd edilənlər kassasiya müraciətinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının Məhkumun barəsində olan 1(103)1684/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1684/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar