Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1016/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ xx xxxxxxx 2020-ci il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakları ilə, Məhkum Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Mehdiyev Nəriman Hüseynqulu oğlu) Məhkum, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşqğul olan, əvvəllər Binəqədi Rayon Xalq M əhkəməsinin xx xxxxxx 1996-cı il tarixli hökmü ilə x xxxxxxxx 2000-ci il taixədək qüvvədə olmuş CM-nin 144-cü maddəsinin 2-ci hissəsi, 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, əmlakı müsadirə olunmaqla 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2000-ci il tarixli hökmü ilə CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilinərərk 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluqları ödənilmiş, Bakı şəhəri, ÜNVAN qeydiyyatda olmaqla yaşayan, CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (ik i) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 263.1-1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Məhkum xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində “xxxx” MMC-yə məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “XXX” markalı ** PK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Günəşli qəsəbəsi istiqamətində 70-80 km/saat surətlə hərəkə tdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3cü bəndinin, 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini yorğun vəziyyətdə idarə etməməli olduğu halda bunu etməyərək baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, avtomobili idarə edərkən sükan arxasında yuxulamış və Nizami rayonu, Babək prospekti, 174ünvanında idarəetməni itirərək səkidə oturan vətəndaş Zərərçəkmiş şəxs2 avtomobil ilə vuraraq ona ehtiyatsızlıqdan daxili qanaxma ilə müşayiət olunan maqistral sol dizaltı arteriyanın cırılması, sol baldır sümüklərinin proksimal uclarının qapalı, çoxqəlpəli, yerdəyişmiş, oynaqdaxili sınıqları, sol incik sümüyünün aşağı 1/3-nin sol iç topuğun yerdəyişməyən sınığı, baş beyin silkələnməsi ilə müşayiət olunan ənsə nahiyəsinin əzilmiş yarası, sol dirsək oynağının arxa səthinin əzilmiş yarası ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, həmçinin “XXX” markalı AZ **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “xxxx” MMC-yə 12.156 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Hökmdən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qasımov Əflatun İbrahim oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əm ir Novruz oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) xx xxxxxx 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayəti verərək hakim Nəriman Mehdiyevin barəsində xüsusi qərar və Məhkum cəzasının ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin zərərçəkmiş kimi ona münasibətdə çox mənfi hərəkət etdiyini, ondan üzr istəmədiyini və buna görə onun günahının bağışlanmalı olmadığını, habelə ona vurulmuş zərəri ödəməməsi ni bildirməsinə baxmayaraq birinci instansiya məhkəməsi çıxardığı hökmdə bu halları nəzərə almamış və əksinə, təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması barədə saxta xasiyyətnaməyə, himayəsində iki yetkilink yaşına çatmayan uşaqların olmasına istinad edərək ona həddindən artıq yüngül cəza təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də bu cəza ilə razılaşaraq onun hökmdən verdiyi apellyasiya şikayətini təmin etməmişdir. Məhkəmə həmçinin Məhkum səhlənkarlığı nəticəsində cinayət törətməsinin də cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməli olmasına əhəmiyyət verməmişdir. Sonda zərərçəkmiş məhkəmə tərəfindən çıxarılımış hökmdən çıxarışın ona yalnız xx xxxxxx 2020-ci il tarixdə (hökm çıxarılandan 15 gün sonra) təqdim edilməklə qanunun bununla bağlı tələblərini pozduğu üçün hakim Nəriman Mehdiyevin barəsində xüsusi qərar və Məhkum cəzasının ağırlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasssiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında məhkum zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, Məhkum və onun müdafiəçisi X3 qanuna müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə göstərilən şəxslərin iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, zərərçəkmiş Zər ərçəkmiş şəxs2 apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək ona daha ağır cəzanən təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxsin şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Mə hkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də qeyd etməyi lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin hə lli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışı n nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kass asiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə i claslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum şəxsi etirafı ilə yanaşı zərər çəkmiş şəxsin, zərər çəkmiş hüqiqi şəxsin nümayəndəsinin ifadələrinə, məhkəmə-tibbi, məhkəmə-yolnəqliyyat hadisələri və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin məzmunundan da görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər zərər çəkmiş şəx s Zərərçəkmiş şəxs2 tərəfindən mübahisələndirilməmiş və buna görə də məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür. Məhkum təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya şikayətində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinin, o cümlədən CPM-nin 419-cu maddəsinin tələblərinə və mənasına görə, kassasiya instansiyası məhkəməsi CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini və ya bir neçəsini (apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilmiş əsaslar) aşkar etsə belə, məhkum olunmuş şəxsin vəziyyətinin hansısa şəkildə ağırlaşdırılması, məsələn onun əm əlinin təqsirli bilindiyi CM-nin müvafiq maddəsindən daha ağır cinayətə görə məsuliyyət nəzərdə tutan maddə ilə tövsif edilməsi və ya ona təyin olunmuş cəzanın ağırlaşdırılması, yaxud nəzərə alınmamış cəzanı ağırlaşdıran halların nəzərə alınması, yaxud da təmin olunmamış mülki iddianın təmin edilməsi və sair belə məsələlərin kassasiya şikayətinə və ya kassasiya protestinə məhkəmə baxışı nəticəsində həll olunmasına dair qərar qəbul etmək səlahiyyətində deyil və bu kimi hallarda kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirli bilinərək məhkum edildiyi CM-nin 263.1-1-ci maddəsinin sanksiyasında üç ilə dək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur ki, birinci instansiyası məhkəməsi də əsas cəza kimi həmin cəzalardan ən ağırını – sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinə yaxın həddə cəzanın təyin edilməsini məqsədə uyğun hesab etmiş, apellyasiya instansiyası məhkəməsi ilə bununla razılaşmışdır. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə görə, qeyd edilən cəzanın yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar görmür. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakter li tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CPM-nin 416.1.21-ci maddəsində məhkəmə tərəfindən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmadan cəzanın təyin edilməsi apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən birinci instansiya məhkəməsi tərəfindən ci nayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması, himayəsində iki azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də kassasiya şikayətində göstərilənlərin əksinə olaraq cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və, yuxarıda qeyd olunduğu kimi, ona təqsirli bilindiyi maddənin sanksiyasında göstərilən azadlıqdan məhrum cəzasının yuxarı həddinə yaxın həddə qanuni və cəza təyin etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiy a qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Hökmdən çıxarışın ona vaxtında verilməməsinə görə Məhkum barəsindəki cinayət işinə baxmış Nizami Rayon Məhkəməsinin hakimi N.H.Mehdiyevin barəsində xüsusi qərarın çıxarılmasına dair zərərçəkmiş Zərərçəkmiş şəxs2 tələbinə gəldikdə, məhkəmə kollegiyası belə bir qərarın çıxarılması üçün də əsaslar müəyyən etmir və qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum olunmasına dair xx xxxxxx 2019-cu il tarixli hökmün surəti xx xxxxxx 2019-cu il tarixli 1(007)-348/2019 nömrəli məktubla həm Zərərçəkmiş şəxs2, həm də zərərçəkmiş təşkilatın nümayəndəsi Zərərçəkmiş şəxs1 göndərilmiş və onların prosessual qanunvericilikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətində həmin hökmdən apellyasiya şikayəti vermək hüq uqu təmin edilmiş, yəni məhkəmə zərərçəkmişin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntulara yol verməmişdir. Həmin məktubun və hökmün surətləri, habelə hökmdən çıxarış kassasiya şikayətinə də əlavə edilmişdir. CPM-nin 419.14-cü maddəsinin tələbəlinə görə isə, kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin heç bir dəlili ilə razılaşmayaraq onları qəbuledilməz sayır və bu şikayətin təmin edilməsi barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2, təmin edilməməsi haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı zərərçəkmiş Zərərçəkmiş şəxs2 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1016/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-1016/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver