Məhkəmə qərarları › İş №1(102)-1018/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1018/2024

02.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1018/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 1(106)-529/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarından Məhkum və müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1979-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu, Hindarx qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır. 2. 05 avqust 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 18 avqust 2022-ci il tarixdə Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 16,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və təmiz çəkisi külli miqdar hesab edilən 11,426 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, həmçinin şəxsi istehlak miqdarından artıq miqdarda 25 ədəd kibrit qutusunda və 1 ədəd siqaret qutusunda, ümumi çəkisi 67,55 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, psixotrop maddənin 1,053 qram çəkidə olan hissəsini 02 aprel 2022-ci il tarixdə, günorta saatlarında Ağcabədi rayonunun Xocavənd kəndində 30 manat pulun müqabilində tanışı Şahid5 satmış, narkotik vasitələri və psixotrop maddəni üzərində və özünə məxsus “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə daşıyarkən 04 aprel 2022-ci il tarixdə, saat 23:05 dəqiqədə Ağcabədi rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində tanışı Şahid4 ilə birlikdə idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə saxlanılaraq rayon polis şöbəsinə gətirilib inzibati binanın həyətində avtomobilə baxış keçirilən zaman avtomobilin sürücü tərəf oturacağının alt hissəsində satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 25 ədəd kibrit qutusunda və 1 ədəd siqaret qutusunda, ümumi çəkisi 67,55 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilmiş, eləcə də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıdığı 01 ədəd sellofan bükülüdə külli miqdarda 16,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə, külli miqdar hesab edilən təmiz çəkisi 10,373 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-24/2023 nömrəli, 23 may 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-c ü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti və müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən apellyasiya şikayətinə əlavə vermişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-529/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin və apellyasiya şikayətinə verilmiş əlavənin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-24/2023 nömrəli, 23 may 2023-cü il tarixli hökmünün dəyişdirilməsi, 04 aprel 2022-ci il tarixdə Məhkum idarə etdiyi “VAZ-21011” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və baxış zamanı 25 ədəd kibrit qutusunda və 1 ədəd siqaret qutusunda, ümumi təmiz çəkisi 67,55 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi ilə bağlı epizodun Məhkum qarşı elan olunmuş ümumi ittihamdan xaric olunması, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına endirilməsi qərara alınmış, hökm qalan hissədə apellyasiya şikayətin ə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Məhkum kassasiya şikayətində bildirilmişdir ki, ibtidai istintaq dövründə ona işgəncə və təzyiq göstərilmişdir. Onun üzərində hər hansı narkotik vasitə aşkar olunmamışdır. O, narkotik vasitə istifadəçisi olmuş, satışı ilə məşğul olmamış və satış məqsədli heç bir dəlil və sübut aşkar edilməmişdir. Göstərilənlərə əsasən barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Müdafiəçi kassasiya şikayətində bildirilmişdir ki, istintaq cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, ittihamın əsasını müstəntiqin mülahizələri təşkil etmiş, birinci instansiya və apellyasiya instansiyaları məhkəmələrində işə obyektiv baxılmamışdır. Birinci instansiya məhkəməsi Məhkum, şahidlər Məhəmməd Əbdülhəsənovun və Şahid4 məhkəmə prosesində verdikləri ifadələrini nəzərə almamışdır. Cinayət işinə əlavə olunmuş diskdəki video görüntülərə baxış zamanı ittiham tərəfinin sübut qismində məhkəməyə təqdim etdikləri 05 aprel 2022-ci il tarixli Məhkum üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokolların, həmçinin istintaq orqanı tərəfindən həmin diskə baxış keçirilməsi haqqında protokolun təhrif olunması, həmin protokollarda Məhkum verilmiş ittihama təsir göstərə biləcək çox mühüm ziddiyyətlərin olması müəyyən edilmişdir. Protokollarda Məhkum üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar hüquq və vəzifələri izah edilməsi qeyd olunsa da, video görüntüdən aydın olur ki, hüquq və vəzifələr şübhəli şəxsə izah edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin Məhkum heç bir aidiyyəti olmamış, onların kimə məxsus olduğunu bilməmiş, şəxsi axtarışı zamanı üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni Rauf adlı polis əməkdaşı ona vermiş, yenidən döyüləcəyi hədəsi ilə təzyiq edilərək video çəkilişlə Raufun öyrətdiyi sözləri demiş, hədə-qorxu ilə cibinə narkotik vasitə və psixotrop maddə qoyulmuş, qorxduğu üçün video çəkilişlə avtomaşına və üzərində şəxsi axtarış keçirilərkən cibinə qoyulmuş maddələrin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkum təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübu tlar, o cümlədən ibtidai istintaq dövründə “etirafedici” ifadələr onun müdafiə hüququnu kobud şəkildə pozulmaqla əldə edilmişdir. Cinayət işində mövcud olan sənədlər arasında aradan qaldırıla bilinməyən ziddiyyətlər əsasında Məhkum cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Bu səbəbdən Məhkum həmin ifadələri, üzərində şəxsi axtarış keçirilməsi haqqında, eləcə də videodiskə baxış keçirilməsinə dair protokollar Məhkum elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi olmadığından Şirvan Apelyasiya Məhkəməsinin 1(106)-529/2023 nömrəli, 11 oktyabr 2023cü il tarixli qərarının qanunsuz və əsas sız olduğuna görə ləğv edilməsi və onun barəsində bəraət hökmü çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apell yasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azə rbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Hər iki kassasiya şikayətində Məhkum cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilmədiyi iddia edilməklə, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişlər.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-529/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaql a məhkəmə kollegiyası kassasiya şikayətlərinin Məhkum cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilmədiyinə dair dəlillərini əsassız hesab edir.

23. Belə ki, kassasiya şikayətlərinin mahiyyəti nəzərdən keçirildikdə müəyyən olunur ki, hər iki kassasiya müraciətində Məhkum barəsində cinayət işi üzrə toplanmış sübutların mötəbərliyi şübhə altına qoyulmaqla, məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilir.

24. Kassasiya şikayətlərinin bu dəlillərinə münasibətdə məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşmasına istinad etməyi zəruri hesab edir.

25. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinə uyğ un ədalətliliyi nəzərdən keçirilərkən, hər hansı hal və yaxud hadisə ayrı-ayrılıqda əsas götürülməməli, məhkəmə prosesinin ümumilikdə ədalətli olub-olmamasının müəyyən edilməsi zəruridir (Fariz Əhmədov Azərbaycana qarşı, № 40321/07, § 53, 14 yanvar 2021). İstinad edilən işdə şikayətçinin ibtidai istintaq dövründə müdafiəçidən imtina etməsi vəkilin iştirakı olmadan qəbul edilmiş, daha sonra bu halın pozuntu olduğu birinci instansiya məhkəməsinin qərarı ilə təsdiq edilmiş və cinayət işi Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Buna baxmayaraq, müdafiəçidən imtina etdiyindən sonra şikayətçi və digər məhkum arasında aparılmış üzləşmədə əldə edilmiş sübut (ona qarşı verilmiş ifadə) cinayət işin ə mahiyyəti üzrə baxılan dövrdə ittihamın təsdiq edilməsi üçün istifadə edilmişdir. Bununla belə, Avropa Məhkəməsi işin bütün hallarını nəzərdən keçirməklə belə nəticəyə gəlmişdir ki, şikayətçinin məhkum edilməsi təkcə pozuntu ilə əldə edilmiş sübutla əsaslanmadığından, onun cinayət əməlinin törədilməsində təqsiri iş üzrə toplanmış sübutların məcmusu, o cümlədən ekspertiza rəyləri, ittihamın əsaslığına dəlalət edən şahid ifadələri və s. ilə təsdiqləndikdən, şikayətdə qaldırılmış məsələ pozuntu hesab edilməməlidir (Fariz Əhmədov, §§ 59-63).

26. Baxılan cinayət işinin materialları Avropa Məhkəməsinin yanaşmasına əsaslanmaqla nəzərdən keçirildikdə müəyyən olunur ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi faktının təsdiqi onun ibt idai istintaq dövründə verdiyi etirafedici ifadəsi ilə yanaşı həmçinin cinayət işi üzrə ibtidai istintaq dövründə toplanmış və məhkəmə icraatı zamanı tədqiq edilmiş təkzib edilməz sübutların məcmusu ilə müəyyən edilmişdir.

27. Belə ki, cinayət işi üzrə Məhkum qarşı irəli sürülmüş ittihama əsasən ondan aşkar edilmiş təmiz çəkisi külli miqdar hesab edilən 11,426 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin 1,053 qram çəkidə olan hissəsini Məhkum 02 aprel 2022-ci il tarixdə, günorta saatlarında Ağcabədi rayonunun Xocavənd kəndində 30 manat pulun ödənilməsi müqabilində tanışı Şahid5 satmışdır.

28. Məhkəmə icraatı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində 04 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən içkili vəziyyətdə olduğunu, müs təntiqin sənədlərdə yazdıqlarını oxumadan imzası ilə təsdiq etdiyini, Məhkum narkotik vasitə almadığını, yalnız bir yerdə narkotik vasitədən istifadə etdiyini bildirsə də, əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında bildirdikləri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq dövründə verdiyi ifadələri elan edilməklə tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o, həmin ifadələrində 04 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən heç bir təsir-təzyiq göstərilmədən saxlanıldığını və polis şöbəsinə aparıldığını, şöbədə üzərinə şəxsi baxış keçirilərkən üzərində aşkar edilən bir qram psixotrop maddə olan metamfetamini 2 gün əvvəl, yəni 2 aprel 2022-ci il tarixdə tanışı, rayon sakini Məhkum 30 manat pulun ödənilməsi müqabilində aldığını bildirmişdir.

29. Şahid5 ibtid ai istintaq dövründə verdiyi ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olması cinayət işi materiallarında olan digər sübutlarla da təsdiq olunduğundan, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun məhkəmə icraatı zamanı verdiyi və Məhkum cinayət məsuliyyətindən kənarda qalması üçün imkan yaradan ifadəsini deyil, cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə uzlaşan ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürmüşdür.

30. Apellyasiya instansiyası məhkəməsinin belə qənaəti ilə razılaşan məhkəmə kollegiyası ilk öncə nəzərə alır ki, cinayət işinin materiallarında olan raportda 04 aprel 2022ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid5 saxlanılaraq Ağcabədi RPŞ-nə gətirildiyi, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar olunaraq götürüldüyü və onun həmin metamfetaminə bənzər kütlənin Ağcabədi rayonunun Hindarx qəsəbəsinin sakini Alxas adlı şəxsdən aldığının bildirdiyi qeyd edilmişdir.

31. Bununla yanaşı, keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 aprel 2022-ci il tarixli, 18/400 nömrəli rəyi ilə tədqiqata təqdim edilmiş, üzərində “Şahid5 Firovsi oğlunun üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,053 qram olan kustar üsulla hazırlanmış psixotrop maddənin metamfetamin olduğu və Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə metamfetaminə bənzər kütlə ilə eyni tərkibli olduğu müəyyən edilmişdir.

32. Həmçinin, cinayət işinin materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 1(017)93/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Şahid5 barəsində olan cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuş, müvafiq məhkəmə icraatı zamanı verdiyi ifadəsində üzərində aşkar edilən bir qram psixotrop maddə olan metamfetamini tanışı, rayon sakini Alxasdan 30 manat pulun ödənilməsi müqabilində aldığını bildirmiş, yəni hazırki cinayət işi üzrə ibtidai istintaq dövründə verdiyi ifadəsini eyni məzmunlu ifadə verməklə təsdiqləmişdir.

33. Nəhayət, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmadığını, onlardan yalnız istifadəçisi olduğunu bildirsə də, cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2022-ci il tarixli, 1054 nömrəli rəyindən müəyyən edilir ki, o, narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəti cəsində narkomaniya xəstəliyindən əzab çəkir. Göründüyü kimi, ekspert rəyinə əsasən onda psixotrop maddələrdən sui-istifadə etməsi halı aşkar edilməmiş, bu isə üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin onun tərəfindən istifadə etməsi üçün yox, məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edən hal kimi qəbul edilməlidir.

34. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, məhkumun müdafiəçisinin hazırda kassasiya instansiyası məhkəməsi qarşısında da irəli sürdüyü, məhkum olunmuş şəxsin üzərində şəxsi axtarış aparılan zaman müdafiə hüququnun pozulması və bununla bağlı əldə edilmiş sübutların etibarsız hesab edilməsinə dair dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsi Məhkum ibtidai istintaq dövründə üzərində şəxsi axtarış aparılan zam an müdafiəçi ilə təmin edildiyini, müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman verdiyi izahatında aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını etiraf etdiyini, eləcə də müdafiəçinin sualına cavab olaraq ona qarşı hər hansı təsir və ya təzyiq göstərilmədiyi barədə bildirdiklərini qeyd etmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qeyd etdikləri baxılan cinayət işinin materialları və müəyyən edilmiş halları ilə təsdiqlənir. Belə ki, Ağcabədi RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Rəfail Zeynalovun “dövlət büdcəsi vəsaiti hesabına müdafiəçisinin təyin edilməsi haqqında” qəbul etdiyi 04 aprel 2022-ci il tarixli qərarla Məhkum dövlət hesabına müdafiəçi təyin olunmuş, bu qərarın icrası ilə bağlı Bərdə rayon Vəkil Bürosunun vəkili Nəsirli Ayna Qanboy qızı müdafiəçi qismində şübhəli şəxsə təqdim olunmuş və o, hüquqlarının A.Nəsirli tərəfindən müdafiə olunmasına etiraz etməmişdir. Vəkil A.Nəsirli Məhkum müdafiəçisi qismində cinayət prosesinə buraxılmış, bundan sonra aparılan şəxsi axtarış və götürülmə barədə istintaq hərəkətinin aparılması zamanı müdafiəçi qismində iştirak etmiş və bu barədə tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir.

36. Nəticə etibarilə apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü yoxlanılarkən bütövlükdə götürməklə sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar edilməmiş, məhkəmə Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqind ən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi həmin maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətlərində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə qənaəti şübhə altına almaq üçün əsas görmür.

38. Kassasiya şikayətində Məhkum ibtidai istintaq dövründə təzyiqlər altında özünə qarşı ifadə verməsi barədə qaldırılan dəlillərinə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

39. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İn san Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).

40. Hazırki cinayət işində isə cinayət təqibinin bütün mərhələlərində müxtəlif peşəkar vəkillərlə təmsil edilməsinə baxmayaraq, istər məhkum özü, istərsə də onun və killəri ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hazırda da hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər.

41. Müdafiəçinin Məhkum məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə kollegiyası yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarın 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.

42. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il).

43. Kassasiya şikayətində pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir.

44. Digər tərəfdən, cinayət işinin materiallarında olan müvafiq protokoldan görünür ki, Məhkum birinci instansiyası məhkəməsində 26 avqust 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən dövlət ittihamçısı tərəfindən ona verilən suallara cavab olaraq Ramin Fətiyevlə narkotik vasitə istifadə edərkən polis əməkdaşlarının onları saxladığını, sonunculardan qaçmaq istəyərkən maşınının vurularaq kanala düşdüyünü, nəticədə böyrünün əzildiyini bildirmişdir.

45. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətini Məhkum məhkəməyədək istintaq dövründə döyülməsi və ya digər qanunsuz təsirə məruz qalması barədə hissədə də əsassız hesab edir.

46. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.

47. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-529/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Rəşidov Rövşən Xudaşirin oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-529/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar