Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1039/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2639/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarından Məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiy yəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXX il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək məşğul olan, məhkumluğu olmayan, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 01 may 2024-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,731 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla X ünvanına daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 23 yanvar 2024-cü il tarixdə, saat 16:30-da qeyd edilən ünvanın yaxınlığında idarə etdiyi “Lada” markalı, XX-HY-XX dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilməklə həmin gün saat 18:15-dən etibarən üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 3,731 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1735/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 23 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkumun müdafiəçisi Orucov Vüsal Əkbər oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, məhkəmə baxışını məhkəmə istintaqı ilə aparmaqla, işin hallarından asılı olaraq müdafiə etdiyi şəxsə bəraət verilməsini xa hiş etmişdir.
6. Hökmdən, həmçinin, təqsirləndirilən şəxsin digər müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu apellyasiya şikayəti verib, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanskiyasında nəzərdə tutulmuş ən aşağı cəza olan 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından daha az cəza təyin edilməsi, bu mümkün olmadıqda maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2639/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1735/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli hökmünün cə za hissəsində dəyişdirilməsi, Məhkumun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətinin 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinin məhkəmə tərəfindən nəzərə alınmadığı əsas gətirilərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2639/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli q ərarının dəyişdirilməsi, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzanın 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi q iymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlar ının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Müdafiəçi kassasiya şikayətində məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublika sı CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2639/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalə tli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbayc an Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.
23. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinay ətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı d avranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
25. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cüm lədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.
26. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddiaların əsassız olduğu müəyyən edilir.
27. Belə nəticəyə gələn məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqey i ilə razılaşır və qeyd edir ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
28. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkuma cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq gənc olmasını və əvvəllər məhkum olunmamasını, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasının orta həddində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin e tmişdir.
29. Apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad olunanlara əsasən ədalət prinsipini rəhbər tutub, birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşmadan məhkuma təyin edilmiş cəzanı təqsirli bilindiyi maddənin ən aşağı həddinə - 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına endirmişdir.
30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkuma təyin edilən cəza onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddindədir və maddi cinayət-hüquqi normalarına uyğundur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarını Məhkumun cəzasının yün gülləşdirilməsinə (barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi məsələsi daxil olmaqla) imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas aşkar edilmir.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmiş, məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiələrinin əlverişli qaydada təşkil etmələri və öz mənafelərini əks edən cinayət iş inin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
34. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, Məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2639/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Rzayev Toğrul Rövşən oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2639/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.