Məhkəmə qərarları › İş №1(102)-1041/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1041/2019

23.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1041/2019 23.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Sadiq Şamil oğlu Əkbərovun iştirakı ilə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 20 18-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şərur Rayon Məhkəməsinin (hakim H.N.Zülfüqarov) 27 dekabr 2017-ci il tarixli 1(110)-7/2017 nömrəli hökmü ilə 04 may 1977-ci il tarixdə Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşaq atası, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 26 sentyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, Şərur rayonun Yengicə kənd polis məntəqəsində 25 sentyabr 2017-ci il tarixdə rayonun Yengicə kənd sakini X3 üzərində inzibati qaydada şəxsi axtarış aparılan zaman onun cibindən təmiz halda 4,5 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. X2 öz izahatında həmin narkotik vasitəni Şərur şəhər sakini Məhkum 50 manat müqabilində aldığını bildirmişdir. Bununla əlaqədar olaraq Məhkum yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və oradan təmiz halda 35,015 qram qurudulmuş marixuana, həmçinin işlədiyi Şərur şəhəri K.Kərimov küçəsində yerləşən un dəyirmanında baxış keçirilmiş və oradan təmiz halda 0,544 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər F.M.Abbasov (sədrlik edən və məruzəçi), İ.M.Mirzəyev və Q.N.Məmmədovdan ibarət tərkibdə) 01 mart 2018-ci il tarixli 1(108)-1/2018 nömrəli qərarı ilə Şərur Rayon Məhkəməsinin 27 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkumun müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2018-ci il tarixli qərarının dəyişdirilməsini və Məhkum barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da az cəza təyin edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun Müdafiəçi onunla əsaslandırır ki, məhkəmə tərəfindən cəza təyin edilərkən tör ədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğunluğu, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, habelə onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs narkotik istifadəçisi olduğunu etiraf etmiş, lakin indiyə kimi həmin vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmçinin o ilk dəfə olaraq narkotik vasitə satmış və bu əməlinə görə özünü təqsirli bildiyini və peşman olduğunu etiraf etmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində cəza təyin edilərkən onun səmimi etirafları, peşmançılığı və ailə vəziyyəti nəzərə alınmamışdır. Halbuki məhkəmə onun ailə başçısı olduğunu və ailəni dolandıran yeganə adam olduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək, daha yüngül cəza təyin edə bilərdi. Belə ki, təqsirləndirilən şəxs Məhkumun iki övladı var və o 4 nəfərdən ibarət ailə başçısıdır. Onun bir övladı orta məktəbdə, digər övladı isə universitetdə ödənişli əsaslarla təhsil alır. Məhkumun həyat yoldaşı isə evdar qadındır. Ailəni dolandıran və uşaqların təhsilində əsas rolu olan da təqsirləndirilən şəxs idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin olunmaması barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlə r: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük verm ələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumun əməlinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Müdafiəçi kassasiya şikayətində məhkum barəsində Azərbaycan Respublikası CMin 62-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 62.1ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. İşdən görünür ki, Məh kum yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş və oradan təmiz halda 35,015 qram qurudulmuş marixuana, həmçinin işlədiyi Şərur şəhəri K.Kərimov küçəsində yerləşən un dəyirmanında baxış keçirilmiş və oradan təmiz halda 0,544 qram heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Qeyd olunan cinayət törətmiş şəxsin barəsində CM-in 62.1-ci maddəsinin tətbiqi üçün müstəsna halların olması zəruridir. İşdən isə görünür ki, iş üzrə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadı ğından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Bundan başqa, birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün olaraq nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə məhkuma təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları düzgün nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində ədalətli cəza təyin etmişdir. İşin materiallarında da X4ün cəzasının daha da yüngülləşdirilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qey d olunmalıdır ki, bu dəlillər apelyasiya instansiyası məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2018-ci il tarixli məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Al i Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2018-ci il tarixli məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar