Məhkəmə qərarları › İş №1(102)-1041/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1041/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1041/2023 08.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1726/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarından Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti ü zrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 11 avqust 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamışdır. 2. 13 aprel 2022-ci il tarixli ittiham aktına görə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 may 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama və daşıma niyyəti ilə qardaşı Məhkum2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncu ilə birlikdə xx.xx.2021-ci il tarixdə, saat 11-12 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlanan əraziyə gəlib orada istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə ümumilikdə təmiz çəkisi 1,019 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdikdən sonra aralarında olan ümumi niyyətə uyğun olaraq həmin narkotik vasitə hesab edilən heroini istintaqla müəyyən edilməsi mümkün olmayan ayrı-ayrı şəxslərə satıb qazanc əldə etmək məqsədi ilə Məhkum2la aralarında bölmüş, həmin narkotik vasitə heroinin təmiz çəkisi 0,562 qram təşkil edən hissəsini 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə özü, 0,457 qram təşkil edən hissəsini isə 1 (bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə qrupun digər üzvü Məhkum2 qanunsuz olaraq satış məqsədi ilə üzərində saxlamaqla daşımış, xx.xx.2021-ci il tarixdə, saat 17:10 dəqiqədə Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşı Məhkum2 ilə birlikdə ünvan 2 ünvanının qarşısında saxlanılıb 29-cu Polis şöbəsinin inzibati binasına gətirilmiş, inzibati binada onun üzərinə şəxsi axtarış aparılarkən sağ çiynində olan göy rəngli çantanın içərisindən təmiz çəkisi 0,562 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin və 2 (iki) ədəd elektron tərəzi, Mə hkum2 əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,457 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib özlərində saxlamaqla daşıdıqları xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edən ümumilikdə təmiz çəkisi 1,019 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar olunaraq götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1006/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsir li bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 oktyabr 2021-ci tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə Məhkum2 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən Müdafiəçi1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Hökmdən həmçinin Müdafiəçi2 eyni məzmunlu apellyasiya şikayəti verərək hökmün dəyişdiril məsi, təqsirləndirilən şəxs Məhkum2 əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1726/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)1006/2022 nömrəli, 25 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində törədilmiş cinayət əməlinin səhv tövsif edildiyi və təyin edilmiş cəzanın ağır olduğu iddia edilir. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1726/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum1 barəsində ədalətli qərar qəbul edilməsi xahiş edilir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə ba xışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum1 verdiyi kassasiya şikayətində törətdiyi cinayət əməlinin səhv tövsif edildiyini və ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qayda sında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1726/2022 nömrəli, 21 sentyabr 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məs uliyyəti yaradır.

20. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

21. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu t ətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli ş əkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum1 onun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

24. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarda apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı o laraq hesab etmişdir ki, Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsinin təsdiqi şahidlər Şahid3, Şahid2 və Şahid1 ifadələri, 14 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspertiza rəyləri, baxış keçirilməsi haqqında protokolda əksini tapmış “Whatsapp” ani mesajlaşma mübadilə tətbiqində aparılan yazışmaların mətni, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun müdafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum1 cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin təyin edilmiş cəzа ilə bağlı dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin həmin məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmənin bu hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur. Belə ki, məhkəmə Məhkum1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətini səciyyələndirən halları, cavan və ali təhsilli olmasını cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində cəza müddətini seçməklə cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası Məhkum1 barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

27. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə p rosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, hər iki kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1726/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1726/2022 nömrəli, 21 sentyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar