Məhkəmə qərarları › İş №1(102)-1046/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1046/2023

16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1046/2023 16.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, məhkumun müdafiəçisi X3, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-598/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum 10 fevral 2007-ci il tarixdə Tərtər rayonunun Gülabatlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məktəbli, əvvəllər məhkum olunmamış, Tərtər rayonunun Gülabatlı kəndində yaşayır. 2. 25 iyul 2022-ci il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 22 dekabr 2021-ci il tarixdə, saat 12 radələrində ictimai yer hesab edilən Tərtər rayonunun Gülabatlı kənd tam orta mək təbinin binasında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarına qarşı laqeydlik göstərib aşkar surətdə ictimai qaydaya, hamı tərəfindən qəbul olunmuş davranış normalarına əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, o cümlədən vətəndaş üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, özünü başqa şəxslərin fövqündə qoyub öz üstünlüyünü nümayiş etdirərək xuliqanlıq niyyəti ilə sinif yoldaşı, Bərdə rayonunun Hacallı kəndinin sakini Zərərçəkmiş şəxs qəsdən bel nahiyəsindən tutaraq havaya qaldırıb yerə vurmaqla sonuncuya sağ bud sümüyünün aşağı 1/3-nin metafizar yerinidəyişmiş sınığı ilə müşayiət edilən və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. 3. 10 avqust 2022-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Tərtər Rayon Məhkəməsinin 1(061)-53/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, həmçinin digər məsələlər həll edilmişdir.

5. Birinci in stansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib Məhkum barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Müdafiəçi apellyasiya şikayətində qeyd etmişdir ki, ibtidai istintaq orqanı Məhkum əməlini düzgün qiymətləndirməmiş və ona düzgün olmayan ittiham vermiş, məhkəmə də əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə məhkum etmişdir. Lakin Məhkum verilən ittihamdakı əməli törətməsi mötəbər sübutların məcmusu ilə təsdiq olunmamışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-598/2022 nömrəli, 18 noyabr 2022-ci tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 1(061)-53/2022 nömrəli, 07 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və ona bu maddə ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ökm qalan dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya şikayətində Məhkum əməlində cinayət tərkibinin olmadığına baxmayaraq əsassız məhkum olunduğu qeyd edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-598/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkə mə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edi lib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasınd a ləğv və yaxud dəyişdirilə bilər.

14. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibinin olmadığını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-598/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsu si hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bəra bərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

20. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla, məhkəmə kollegiyası Məhkum əməlində cinayət tərkibinin olmadığına dair dəlilləri əsassız hesab edir.

21. Belə ki, Məhkum müdafiəçisinin birinci instansiya məhkəməsinin h ökmündən verdiyi şikayətin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, məhkəmə sübutlara düzgün qiymət vermədən və maddi hüququ düzgün şərh etmədən əsassız olaraq Məhkum sağlamlığına az ağır zərərvurmadan ibarət əməlini xuliqanlıq niyyəti tövsifedici əlaməti üzrə tövsif etmiş, onun tərəfindən Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər yet irməsi faktı təsdiqini tapsa da, onun bu əməli xuliqanlıq niyyəti ilə törətməsi müəyyən edilməmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi Məhkum hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 127.1-ci maddələrinin dispozisiyasından, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibinin olması, bu cinayətin törədilməsində onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında düzgün nəticəyə gəlmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun mü dafiəçisinin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin törədilməsində təqsirli bilinməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

24. Müdafiəçinin kassasiya şikayətində qaldırdığı, apellyasiya instansiyası məhkəməsinin əvvəl hadisənin ehtiyatsızlıqdan baş verməsi barədə nəticəyə gəlib daha sonra əsassız olaraq Məhkum etməsinə dair dəlilinə gəldi kdə isə məhkəmə kollegiyası qeyd edir ki, əslində hazırda mübahisələndirilən qərarın müvafiq hissəsində baş verən hadisənin səbəblərindən biri kimi zərərçəkmiş şəxsin özünün ehtiyatsız (burada etinasız sözünün istifadəsi daha uyğundur) hərəkət edilməsi göstərilmişdir. Yəni zərərçəkmiş etinasız yanaşaraq məhkumun belinə hoppanmış, sonuncu ondan əlini belindən çəkməsini tələb etmiş, nəticə olmadıqda onu geriyə atıb xəsarət yetirmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin baş vermiş hadisənin təsviri üzrə gəldiyi qənaəti onu təsdiqləyir ki, Məhkum Zərərçəkmiş şəxs yuxarıdan aşağı beton döşəməyə tərəf atarkən, onun ictimaitəhlükəli nəticəyə, yəni alınacaq xəsarətə qəsdi qeyri müəyyən xarakter daşımış, o, zərərçəkmişin müxtəlif xarakterli xəsarətlər ala biləcəyini əvvəlcədən görmüş, bunu dərk etmiş, arzu etmiş, arzu etməsə idi belə, şüurlu surətdə yol vermişdir. Məhkəmə təcrübəsinə və cinayət-hüquqi nəzəriyyəyə əsasən isə qeyri müəyyən qəsdlə törədilən cinayətlər nəticəyə görə tövsif edilməlidir.

26. Təsvir edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146cı ma ddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

27. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-598/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi İskəndərov Fuad İnqilab oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(104)-598/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar