Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1048/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumnun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum 20 mart 1999-cu il tarixdə Masallı rayonunun Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsində fərdi yaşayış evində yaşamışdır. 2. 25 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkumna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 181.2.1 və 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 yanvar 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 26 iyul 2022-ci il tarixdə, saat 23:30 radələrində özgə əmlakını ələ keçirmə məqsədi ilə tanışı təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, aralarında olan razılığa və vəzifə bölgüsünə əsasən təqsirləndirilən şəxs2 50 manat pul müqabilində 2 saat müddətinə «Memar Əcəmi» metro stansiyası yaxınlığında yerləşən parkın yanında tanış olduğu zərərçəkmiş şəxs ilə intim münasibətdə olmaq üçün əvvəlcədən müəyyən etdikləri marşrut üzrə Məhkumun idarə etdiyi «Az Samand» markalı, XX-FS-XXX dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə əvvəlcə A bşeron rayonu, Masazır qəsəbəsində yerləşən «Like» otelə gəlmiş və orada zərərçəkmiş şəxs təqsirləndirilən şəxs2 ilə təxminən 15 dəqiqə intim münasibətdə olduqdan sonra, təqsirləndirilən şəxs2 münasibətlərini yaşadığı Qobu qəsəbəsində davam etdirmələrini təklif edərək, oteldən çıxıb yenidən Məhkumun idarə etdiyi avtomobilə əyləşdikdən sonra, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi üzü «Meyvəli» ticarət mərkəzi istiqamətində hərəkətdə olarkən, Məhkum idarə etdiyi «Az Samand» markalı, XX-FSXXX dövlət qeydiyyat nişanlı avtomobili Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qaranlıq bir yerdə yolun kənarında saxladıqdan sonra, təqsirləndirilən şəxs2 süni, sözlə mübahisə yaradıb yol pulunun zərərçəkmiş şəxs tərəfindən veriləcəyini bildirdikdən sonra Məhkum zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib nalayiq ifadələr işlədərək, əli ilə sonuncunun sol sifət nahiyəsindən bir sillə zərbəsi vurub pulu tələb etdikdə zərərçəkmiş şəxs cibindən çıxardığı pul qabından 20 manat pul çıxararaq Məhkumə vermiş, həmin vaxt avtomobildə arxa sol oturacaqda əyləşmiş təqsirləndirilən şəxs1 üzərində olan tiyəsinin uzunluğu 145 mm, orta hissədən eni 24 mm, maksimal qalınlığı 1 mm, dəstəyin uzunluğu 115 mm, orta hissədən eni 23 mm, orta hissədən qalınlığı 14 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını açıq formada zərərçəkmiş şəxsə nümayiş etdirməklə tətbiq edib xəsarət yetirəcəyi ilə hədələyib pul tələb edərək, sonuncunun əlində olan 6 manat dəyərində dəri materialda n olan pul qabını, içərisində olan 35 manat nağd pulu, içərisində 2 manat olan metro kartını və əlində saxladığı üzərində 3 manat dəyərində 050-XXX-XX-XX «Azercell» GSM və 15 manat dəyərində 070-XXX-XX-XX «Azerfon» GSM nömrələri olan bir ədəd 400 manat dəyərində «Redmi Mİ 10» markalı mobil telefonu ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 481 (dörd yüz səksən bir) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-495/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçə kmə müddətinin əvvəlinin 29 iyul 2022-ci tarixdən hesablanması hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 da təqsirli bilinərək məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 307-ci maddəsinə tövsif edilməsini və ədalətli cəzanın təyin edilməsini xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-495/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasi bətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində məhkəmə qərarlarının törədilən əməlin tövsif və cəza təyininə dair hissələrinin əsassız olduğu iddia edilir. Həmçinin qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız birinci instansiya məhkəməsinin hökmünə əsaslanaraq qəbul olunmuş, Məhkumun təqsirinin tam sübuta yetirilməməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmaması, səmimi peşman olduğu, törətdiyi cinayətin xarakteri nəzərə alınmamışdır. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegi yasının 1(103)-2154/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarının ləğv olunması, birinci instansiya məhkəməsinin hökmünə tövsif və cəza təyini hissəsində dəyişiklik edilərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövc ud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası m əhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin tövsifini, həmçinin ona təyin edilmiş cəzanı mübahisələndirməklə xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbayca n Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habel ə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə gö rə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşd irməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
23. Şərh edilən maddi və prosessual cinayət-hüququ normaların tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla cinayət işinin materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası Məhkumnun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tə dqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayəthüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib əsaslı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası CMnin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi onun özünün və digər məhkum edilmiş şəxslərin ibtidai istintaq dövründə verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
25. Bununla yanaşı, məhkəmələrin Məhkumun məhkəmə qarşısında verdiyi ifadələrinə tənqidi yanaşma sı, onun bildirdiklərinin işin faktiki hallarına uyğun olmaması və digər mötəbər sübutlarla təkzib olunması, eləcə də bu ifadələrin özünü müdafiə xarakterini daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqətə uyğun olmayan məlumat verilməsi kimi nəzərə alınması da əsaslı nəticə olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə dair gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, mə hkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkumnun cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
27. Məhkəmə kollegiyası həmçinin məhkumun ona təyin edilmiş cəzanın ağır olması ilə bağlı kassasiya müraciətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə də razılaşır və hesab edir ki, həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur.
28. Belə ki, məhkəmələr Məhkuma cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməs i, eyni zamanda cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsinin sanksiyasının ən aşağı həddində 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bununla da cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin edilmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilmişdir.
29. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 62 və ya 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas müəyyən etmir.
30. Şərh edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin pr insipləri ilə uzlaşan, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət hadisəsinin təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara gö rə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2154/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.