Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1055/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim X9) 22 iyun 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 10 mart 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmaqla üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəl əri qoyulmuş, hökmün icrasının təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə icra qurumuna tapşırılması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata alınması, üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X3 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsinin qoyulması hökm edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi) X7 və X4 ibarət tərkibdə) 22 oktyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 1(04 4)-180/2021 saylı hökmü isə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 10 mart 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, P.Səmədov küçəsində 4 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli qış gödəkcəsinin iç hissəsindən sağ qoltuqal tı hissəsində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 450 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində göstərilir ki, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından dəfələrlə artıq, yəni təmiz çəkisi 450 qram (dörd yüz əlli) qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış Məhkum məhkəmə əsassız olaraq CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı cəza növü, yəni aşağı həddə azadlığın məhdulaşdırılması cəzası təyi n etmiş, hökmdə sonuncuya cəza təyin edərkən CM-in 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı onun tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da ona CM-in 234.1 -ci maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını mümkün edən islah olunma yolunda olmamasını, belə olan halda gələcəkdə islah olunması üçün ona aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası deyil, məhz CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Məhkum əldə edib üzərində saxladığı təmiz çəkisi 450 (dörd yüz əlli) qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana müvafiq qanunla müəyyən edilmiş həmin növ narkotik vasitənin şəxsi istehlak miqdarından 90 dəfə çoxdur. Həmin hal məhkəmə tərəfindən cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını cəza təyini zamanı nəzərə almamışdır. Məhkəmə cinayət qanunvericiliyinin normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, cəza təyin edərkən Məhkum şəxsi istehlak miqdarından dəfələrlə artıq, yəni təmiz çəkisi 450 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamasını və işin digər faktiki hallarını nəzərə almamış, təqsirli bilindiyi CM-in 234.1-ci maddəsi ilə ona aşağı həddə təyin edilmiş yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzanın təyin olunması onun tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən Məhkum törətdiyi cinayət əməlini səmimi etiraf etməsini əsassız olaraq CM-in 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədini təmin etməyən cəza təyin etməkdə səhvə yol vermişdir. Məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hal kimi qəbul etsə də, həmin halların qəbul edilməsinin motivini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edib cinayət qanunu normasını düzgün tətbiq etməyərək, törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin etmişdir. Kassasiya protestində Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qərarını ləğv edərək cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə ed ib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələ ri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya protestində mübahisələndirilən azadlığın məhdudlaşdırılması cəzasına dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallar ına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəc əsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəza nı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədi lmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halı (səmimi peşmançılıq hissi keçirməsini) və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza olan azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 3 2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarını n həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran h alları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkum cəmiyyətdən tam təcrid olunmadan islah olunması mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası ona təyin edilmiş cəzanın daha ağır cəza növü-azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 oktyabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1055/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1055/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver