Məhkəmə qərarları › İş №1(102)-1061/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1061/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1061/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 27 iyul 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında yaşamışdır

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışı Şahid2 ilə bir qrup şəxs halında 24 sentyabr 2021-ci il tarixdə, saat 14:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 4 saylı binanın qarşısında olarkən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlə r edərək həmin qəsəbədə bina 4, mənzil 15 ünvanında yaşayan, tanışları Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədib təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri ilə vuraraq ona sol saidin aşağı 1/3-nin və sol mil-bilək oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan yumşaq toxumaların əziyi halında qançır- şişkinliyi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, eyni zamanda döş qəfəsinin qançırı diaqnozu ilə müşayiət edilən dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim T.Ə.Qurbanov) 24 may 2022-ci il tarixli, 1(002)-132/2022 saylı hökmü ilə Məhkum Azərbay can Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

4. Hökmdən Məhkum apellyasiya şikayəti vermiş, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) 27 iyul 2022-ci il tarixli, 1(103)-1390/2022 saylı qərarı ilə məhkumun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.

6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti v erilmişdir. II. Kassasiya şikayətinin dəlilləri

7. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsi həm şahidin, həm də təqsirləndirilən şəxsin ifadələrinə münasibətdə ziddiyyətlidir və bu məqam zərərçəkmişin ifadəsinin doğruluğunu və qərəzsizliyini şübhə altında qoyur. Bundan əlavə, əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün əsaslardan biri əməlin binanın qarşısında baş verməsi olsa da, bunun özü belə ayrılıqda şübhə doğurur, çünki günorta saatlarında binanın qarşısında belə bir hadisənin olması və bina sakinlərindən heç birinin reaksiya verməməsi ağlabatan deyil.

8. Beləliklə də, kassasiya şikayətinin müəllifi əməlin xuliqanlıq kimi qiymətləndirilməsini əsassız hesab edərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-c i il tarixli qərarının ləğv edilməsini və Məhkum Sayəddin oğlu barəsində icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. III.Hüquqi məsələlər

9. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və C inayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Müdafiəçi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlində xuliqanlıq cinayətinin tərkib əlamətlərinin olmaması əsası ilə icraata xitam verilməsini xahiş edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli, 1(103)1390/2022 saylı qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Məhkum ona hökmlə istinad edilən cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.

16. Məhkum tərəfindən verilmiş apellyasiya şikayətində qeyd olunan əməli törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddia ların) baxılmış sübutların məcmusu ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası əməlin tövsifi ilə bağlı kassasiya şikayətinin əsassız olduğuna dəlalət edən hal kimi onu da qeyd edir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin dispozisiyasından və Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

18. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır.

19. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirini təqdim etməyə və müvafiq surətdə müdafiəsini qurmağa bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiy mətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

20. Bununla yanaşı, kassasiya məhkəməsi təyin edilmiş cəzanın həddi ilə razılaşmır.

21. Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutul muşdur.

22. Göründüyü kimi, maddəsin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi alternativ cəzalar müəyyən edilmişdir.

23. Birinci instansiya məhkəməsi Məhkum təyin olunacaq cəza məsələsini müzakirə edərkən, onun cəzasını ağırlaşdıran halların olmaması ilə yanaşı, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, özünün ailəli və himayəsində bir azyaşlı uşağının olmasını, habelə müsbət xarakterizə olunmasını – onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə nəzərə almış, cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektinin ictimai qayda, əlavə obyektinin isə insanların sağlamlığının, şərəf və ləy aqətinin mühafizəsi ilə bağlı ictimai münasibətlər təşkil etməsini, habelə cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab etmişdir ki, onun islah edilməsi cəmiyyətdən təcrid olunmadan barəsində azadlığın məhdudlaşdırması cəzası təyin edilməlidir.

24. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəzasını əməlində ağırlaşdıran halların olmaması, zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, özünün ailəli və himayəsində bir azyaşlı uşağının olmasını, habelə müsbət xarakterizə olunmasını – onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq, maddənin sanksiyasında islah işləri cəzasının olmasına baxmayaraq, daha sərt azadlığın məhdudlaşdırması cəzasını seçmiş və ən yuxarı həddə cəza təyin etmişdir.

25. Kassasiya məhkəməsi ona azadlığın məhdudlaşd ırması cəzasının əsaslı olaraq təyin edilməsini hesab etsə də, cəzanın həddinin azaldılmasının cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirii baxımından daha ədalətli olması qənaətinə gəlir.

26. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 Humsi oğlunun verdiyi kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli, 1(103)-1390/2022 saylı qərarının dəyişdirilməsi qənaətinə gəlir.

27. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CP-nin 419.10.4cü ma ddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 27 iyul 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum hökmlə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib, təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1(bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar