Məhkəmə qərarları › İş №1(102)-1070/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1070/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1070/2025 03.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-773/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən verilmiş kassas iya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx xxxx-cü il tarixdə Ağcabədi rayonunun Pərioğulları kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Hacıbədəlli kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 sentyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 26 oktyabr 2023-cü il tarixdə Ağcabədi Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına tə yin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum mülkiyyət, istifadə və icarə hüququ olmadan 2014-cü ildən barəsində cinayət işi acılanadək müddət ərzində 19 aprel 2014-cü il tarixli, **********53 reyestr nömrə üzrə, RX ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən çıxarışla Ağcabədi rayonu, Hacıbədəlli kənd sakini Zərərçəkmiş şəxs mülkiyyətində olan və Ağcabədi rayonunun Hacıbədəlli kəndi ərazisində yerləşən 0,3999 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,0141 hektar (141 kv.metr) sahəsini qəsdən özbaşına tutaraq sonuncu dəfə 2022-ci ilin mart ayında yonca əkib-becə rməklə həmin torpaq sahəsini tutmuşdur.

5. Ağcabədi Rayon Məhkəməsinin 1(017)-8/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi və ona 01 (bir) il sınaq müddəti müəyyən edilməklə cəzasının şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün dəyişdirilməsi, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını n şərti tətbiq olunması barədə Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə aid müddəaların hökmdən xaric edilməklə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-773/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 1(017)-8/2024 nömrəli, 04 iyul 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya protestində qeyd olunmuşdur ki, məhkəmə Məhkum törətdiyi əməlindən qismən peşman olmasını, yaşayış ye ri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs göstərmişdir ki, Məhkum hərəkətləri nəticəsində ona 30000 manat maddi ziyan dəymişdir, hazırda həmin ziyanı tələb edir. Məhkum onun mülkiyyətində olan torpaq sahəsindən istifadəni davam edir və torpaq sahəsini ona qaytarmamışdır. Məhkəmələrin Məhkum təyin edilmiş cəzanın şərti tətbiq olunması qənaətinə gəlməsi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin cəzanın məhkumun islah edilməsi, onun və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədinə xidmət etməsi, Azərbaycan Respublik ası CM-nin 58.3-cü maddəsinin cəza təyin edilərkən şəxsin şəxsiyyətinin və cəzanın onun islah olunmasına təsirinin nəzərə alınması, Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinin cəza çəkməkdən şəxsin islah olunması qənaətinə gəlinməsi, Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinin şərti məhkum etmə təyin edilərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınmasına dair müddəalarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-773/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya protesti nə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində Məhkum təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsinin əsassız olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPMnin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-773/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarını yoxlayaraq, araşdırma nəticəsi ndə kassasiya protestini əsaslı hesab edib aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail o lmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqə li şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə və cəmiyyətin müdafiəsi ilə yanaşı eləcə də islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

21. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictima i təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.

22. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarı).

23. Şə rti məhkum etmənin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmələr cəza təyini zamanı... seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması... baxımından məqsədəuyğun olmasını izah etməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarı, № 25, § 1, 25 iyu n 2003-cü il və “Məhkəmə hökmü haqqında” Qərarı, № 15, §§ 45 və 48, 24 dekabr 2021-ci il).

24. Qeyd olunan cinayət-hüquqi normalara, eləcə də bu normaların tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin, eləcə də Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsaslanmaqla kassasiya protestinin dəlillərini baxılan işin müəyyən edilmiş halları ilə müqayisə şəkildə araşdıran məhkəmə kollegiyası, məhkum X7 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında məhkəmələrin gəldiyi nəticələri əsassız hesab edir.

25. Belə ki, cinayət işinin materiallarından müəyyən edildiyi kimi, məhkum X7 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas kimi birinci insta nsiya məhkəməsi mahiyyət etibarilə müstəsna olaraq onun yaşının çoxluğunu və stent implantasiyası əməliyyatının keçirməklə mütəmadi olaraq müalicəyə ehtiyacının olmasını götürmüşdür (hökm, cild 2, səh. 319). Məhkəmənin müəyyən etdiyi bu hallara əsaslanan apellyasiya instansiyası məhkəməsi baxdığı apellyasiya protestini təmin etməmişdir.

26. Məhkum X5 yaşının çoxluğu barədə gəlinən nəticə ilə bağlı məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsinin hökmü çıxarılan tarixdə, xx xxxxxxxx xxxx-cü il tarixdə anadan olmuş məhkumun 61 yaşı olmuşdur.

27. Məhkəmələrin Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqinə əsas götürdüyü bu halla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin qocalıq həddinə gəlməsinin əvvəlinin hansı yaşdan hesablanması beynəlxalq sənədlərdə, e ləcə də müxtəlif ölkələrin sosial təminat və tibbi xidmətlər proqramlarında əksini taparaq 65 yaşında müəyyən edilmişdir. Bu yaş sərhədi, xüsusilə pensiya yaşının başlanğıcı və yaşlılara xüsusi hüquqların verilən nöqtə kimi qəbul edilir.

28. Məsələn, yaşlıların həyat şəraitinin yaxşılaşdırılması üçün tərtib edilmiş Birləşmiş Millətlər Təşkilatının (Bundan sonra – “BMT”) Yaşlıların Hüquqları haqqında Beynəlxalq Sazişində (1982, Vyana Planı) və Yaşlılaşma ilə bağlı Beynəlxalq Tədbirlər Planı (2002, Madrid Planı) 65 yaşını yaşlılığın başlanğıcı olaraq müəyyən edir və həmin yaşdan etibarən xüsusi sosial dəstək və xidmətlərə ehtiyac duyulacağını vurğulayır.

29. BMT-nin Sosial İnkişaf və Yaşlanma üzrə Komitəsinin qəbul etdiyi bir sıra sənədlərdə də 65 yaş və daha yuxarı yaş qrupunda olan şəxslər yaşlılar kimi qəbul edilir və onlara sosial müdafiə tədbirləri, tibbi xidmətlər və digər hüquqlar verilir. 30. 65 yaşının yaşlılıq dövrünə başlanğıc verməsinin əvvəli olduğu Dünya Səhiyyə Təşkilatının qocalma ilə bağlı qəbul etdiyi sənədlərdə, o cümlədən 1999-cu ildə qəbul edilmiş Aktiv Yaşlılaşmaya dair Ümumdünya Strategiyasında da vurğulanmışdır.

31. Həmçinin, Avropa İttifaqının Aktiv Yaşlılaşma Strategiyasında da 65 yaşdan sonra insanların aktiv həyat sürməsi və sosial müdafiə alması üçün xüsusi strategiyalar qəbul edilmiş, bu yaş həddi həm də pensiyaya çıxma yaşını müəyyən edən bir yaş həddi olaraq qəbul edilmişdir.

32. Nəhayət, 65 yaş müxtəlif sosial təminat sistemlərində (o cümlədən, Azərbaycan Respublikasının pensiya qanunvericiliyində) pensiya yaşının başlanğıcı olaraq qəbul edilm əklə, yaşlılıqla bağlı hüquq və xidmətlərin məhz bu yaşda yaranmasına əsas verən yaş həddi kimi müəyyən edilmişdir.

33. Göründüyü kimi, istər daxili, istərsə də beynəlxalq qanunvericiliklə şəxsin yaşlılığının əvvəlinin 65 yaşdan hesablanmasına baxmayaraq, məhkəmələr 61 yaşında olan Məhkum yaşlı adlandırmış, üstəlik həmin nəticə hətta qəbul edilən hesab edilsə belə, bu halın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün hansı müstəsna əhəmiyyətə malik olduğunu heç bir formada əsaslandırmamışlar.

34. Eləcə də, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas kimi məhkəmələr Məhkum stent implantasiyası əməliyyatının keçirməsini və bu səbəbdən mütəmadi olaraq müalicəyə ehtiyacının olmasını göstərsələr də, normal halda əksinə xəstənin səhhətində müsbət dəyişiklər ə səbəb olan, əməliyyatdan sonra sadəcə qan durulducu dərmanların qəbulu və vaxtaşırı həkim yoxlaması ilə nəticələnən bu növdən olan tibbi müdaxilənin Məhkum münasibətdə hansı fəsada səbəb verməsinə, belə bir fəsad həqiqətən olduqda isə, onun müvafiq tibbi rəylə təsdiqlənməsinə dair hər hansı bir sübut və ya əsaslandırmanı təmin etməmişlər.

35. Cinayət işinin materiallarından, həmçinin, müəyyən olunur ki, mövcud məhkəmə təcrübəsinə görə cinayət təqibi dövründə təqsirlənsirilən şəxsin zərərçəkmişlə barışığın əldə etməməsi onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini istisna etsə də və Zərərçəkmiş şəxs hətta apellyasiya instansiyası məhkəməsi qarşısında Məhkum zəbt etdiyi torpaq sahəsini ona qaytarmadığını və sonuncu ilə barışmadığını bildirsə də (məhkəmə iclas pr otokolu, c. 3 vər. 43), məhkəmə bu hala lazımi diqqət yetirməmişdir. Halbuki, həmin hal eyni zamanda məhkumun islah olunmasından boyun qaçırdığını da aşkar təsdiqləyir.

36. Azərbaycan Respublikası CM-nin 70-nin tətbiqində buraxılmış nöqsanların təfsirini verməklə yanaşı məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrin Məhkum məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilib daha sonra bu cəzanı şərti hesab edilməsinə dair gəldiyi nəticənin məntiqi əsası istər praktiki yanaşma, istərsə də hüquqi əsaslandırma baxımından aydın deyil.

37. Bununla bağlı məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı eləcə də ü ç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulur.

38. Digər tərəfdən, cəza siyasəti sahəsində formalaşmış məhkəmə təcrübəsinə görə, cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş şəxsə istər azadlığın məhdudlaşdırılması, istərsə də şərti tətbiq edilən azadlıqdan məhrum etmə cəzaları təyin edildikdə, onun üzərinə hökmün icrası dövründə demək olar ki eyni məhdudiyyətlərlə nəticələnən vəzifələrin icrası qoyulur. Məhz bu səbəbdən təsadüfi deyil ki, qanunverici Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində şərti məhkumetmənin yalnız islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya tətbiqini mümkün müəyyən edib, azadlıqdan məhrum etmə cəzasını b u siyahıya daxil etməmişdir.

39. Konkret olaraq baxılan işdə də, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası 1 (bir) il sınaq müddətinə şərti hesab edilmiş Məhkum üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmuşdur.

40. Bununla belə, Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına münasibətdə daha yüngül olan azadlığın məhdudlaşdırılması cəzasının nəzərdə tutulmasına baxmayaraq, birinci instansiya məhkəməsi Məhkum daha ağır növdən olan azadlıqdan məhrum etmə cəzasını təyin etmiş, bir tərəfdən hökmdə daha yüngül cəza növünün təyin edilməməsinin səbəblərini göstərməmiş, digər tərəfdən isə nəticədə faktiki olaraq məhkumun üzərinə mahiyyət etibarilə daha yüngül növdən olan cəza ilə nəzərdə tutulan tamamilə eyni məhdudiyyətləri qoymuşdur.

41. Halbuki, Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində əksini tapan imperativ qaydaya görə, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir.

42. Eləcə də, Azərbaycan Respublikası CPM-nin 346.1, 346.1.11, 353.2 və 353.2.7-ci maddələrində müəyyən edilən və məhkəmələr tərəfindən icrası mütləq olan daha bir normaya görə, təqsirləndiri lən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğuna dair məsələnin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir.

43. İstinad edilən maddi və prosessual cinayət-hüquqi normaların təfsiri verilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında da məhkəmələrə göstəriş verilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 4, § 2, 25 iyun 2003-cü il).

44. Məhkəm ələr tərəfindən bu tələbin icrası olduqca vacib olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsi eyni göstərişini daha bir Plenumunun qərarında təkrarlayıb bir daha qeyd etmişdir ki, cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 48, 24 dekabr 2021ci il).

45. Bütün qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsinin hökmündə yol verilən kobud maddi və prosessual pozuntular protestin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi tərəfindən də arad an qaldırılmamış, hazırda mübahisəsi edilən qərarında məhkəmə daha əvvəl gəlinən nəticə ilə razılaşaraq, hökmü qanuni və əsaslı hesab etmişdir.

46. Halbuki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırıb obyektiv qiymət versin və baxdığı işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması ziddiyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli Qərarı).

47. Qəbul etdiyi digər qərarında isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkəmə aktı o vaxt qanuni hesab edilə bilər ki, həm forma, həm də məzmun baxımından cinayət-prosessual qanunvericiliyin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Məhkəmə qərarının ədalətliliyi onun əsaslandırılma dərəcəsindən asılı ola bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2025-ci il tarixli Qərarı)

48. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini baxılan cinayət işinin materialları ilə müqayisəli şəkildə araşdırıb və dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cə za təyin edilməsinə (CPM 416.1.21), eləcə də və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına (CPM 416.1.22) yol verildiyinə görə kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-773/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin edilməlidir. Odur ki, məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-773/2024 nömrəli, 09 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar