Məhkəmə qərarları › İş №1(102)-1076/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1076/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1076/2024 23.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-31/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərar ı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1977-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla yaşamışdır. 2. 14 iyul 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 02 avqust 2022-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işi n faktiki hallarına görə, Məhkum tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Biləsuvar rayonu Xırmandalı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evini 15000 manata satacağına dair yalan vəd verib aldadaraq, 2020-ci ilin iyul ayının ortalarında ünvan 1 ünvanda yerləşən “Nömrə 1” adlı kafedə bu adla ondan 4000 manat, 2020-ci ilin sentyabr ayının əvvəllərində həmin kafedə əlavə 8000 manat, 2020-ci ilin sentyabr ayının sonlarında Biləsuvar rayonu Xırmandalı kəndində sonuncunun oğlu Şahid1 vasitəsilə əlavə 2000 manat, habelə, evin sənədləşdirilməsi adı ilə sonuncu dəfə 12 avqust 2021-ci il tarixdə saat 14:30 radələrində Biləsuvar şəhəri H.Əliyev küçəsində "xxxx" ASC-nin Biləsuvar filialında olmaqla müxtəlif vaxtlarda Şahid1 vasitəsilə hissə-hissə olmaqla, ümumilikdə 1000 manat məbləğdə pul alıb ələ keçirmiş, vədinə əməl etməyərək, həmin evi 07 dekabr 2021-ci il tarixdə Biləsuvar şəhər sakini X1, ümumilikdə Zərərçəkmiş şəxs vahid niyyətlə əhatə olunan qəsdlə xeyli miqdarda 15000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir.

5. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-93/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün müddətin təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzəri ndə qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin mülki iddia və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Hüseynov Əli Ağababa oğlu apellyasiya şikayəti verib hökmün dəyişdirilməsi, Məhkum azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-31/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Biləsuvar Rayon Məhkəməsinin 1(022)- 93/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində məhkum məhkəmələr tərəfindən təyin edilən cəzanın ağır olduğunu bildirilməklə, cinayət əməli törətməsindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı sonuncunun mülki iddiası üzrə onun pensiyasından aylıq 185 manat olmaqla tutulmasını, özünün ikinci dərəcəli əlil olmasının nəzərə alınmaqla, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)31/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kas sasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual no rmalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum ona təyin edilən cəzanın ağırlığını mübahisələndirməklə daha yüngül cəza təyin edilməsini xahiş edərək, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-31/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaq əli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstit usiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədaləti n bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

23. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

24. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alsalar da, törətdiyi cinayət nəticəsində vurulmuş 15000 manat dəyərində xeyli miqdarda ziyanı hazırki vaxtadək ödəməməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməməsi, zərərçəkmiş şəxsin şikayətçi olduğuna əsaslanıb, cəzanın məqsədinə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyi təqdirdə nail olunacağı qənaətinə gələrək yekunda ona Cinayət Məcəlləsinin bu maddəsinin sanksiyası həddində 2 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, bununla da Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.

25. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

26. Məhkəmə kollegiyası eyni zamanda q eyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların o lmadığını göstərir.

28. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-31/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-31/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar