Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1084/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya C M-in) 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2023-cü il tarixli, 1(106)-548/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum X5 xx xxx 1958-ci ildə Xanlar (hazırda – Göygöl) rayonu Balçılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X5 11 dekabr 2022-ci il tarixdə saat 19.30- da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi “VAZ 21154” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhədinin avtomobil yolunun Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən 103,5-ci kilometrliyində orta hərəkət zolağı ilə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan Məhkum1 idarə etdiyi «Kamaz 5410» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, «ODA Z 9370» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin arxa sol təkəri ilə onun avtomobilinin qabaq hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ 21154» markalı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs bədənin müxtəlif hissələrinin sıyrıq və qançırları, sağ baldırın orta 1/3 hissəsinin əzilmişcırılmış yarası, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki tərəfli qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, döş boşluğunda çoxlu miqdarda duru və laxta qan, baş beyinin epidural qansızması kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.
3. Hacıqabul Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim: X13) 25 may 2023cü il tarixli, 1(071)-39/2023 nömrəli hökmü ilə X1 CM-in 263.2-ci maddəsi ilə tə qsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxs Məhkum1 təqsirliliyi məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
4. Hacıqabul Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli, 1(071)-39/2023 nömrəli hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət məhkəmə tərkibində) 03 avqust 2023-cü il tarixli, 1(106)548/2023 nömrəli qərarı ilə apellyasiya protestinin qismən təmin edilməsi, Hacıqabul Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünün dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilməsi, Məhkum1 Hacıqabul Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzanın, yəni 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddətinin 3 (üç) il 6 (altı) ayadək artırılması, Məhkum1 üzərində 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının olmasının müəyyən edilməsi, X3 Hacıqabul Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünə əsasən təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzanın, yəni 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddətinin 5 (beş) ilədək artırılması, Bəxtiyar Əskərzadənin üzərində 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının olmasının müəyyən edilməsi, Məhkum1 və X2 CM-in 263.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Hacıqabul Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli hökmünün apellyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2023-cü il tarixli, 1(106)-548/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edərək göstərmişdir ki, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxs X2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və İİ qrup əlil olması, eləcə də onun dəfələrlə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsi, hadisə nəticəsində aldığı xəsarətlə bağlı ona ödəniləcək sığorta məbləğini sonuncuya verməyə hazır olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Sadalanan yüngülləşdirici hallar məhkəmə tərəfindən qanununun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır.
8. Qeyd etdiklərinə əsasən, apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmaması qeyd edilərək, protestdə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2023-cü il tarixli, 1(106)-548/2023 nömrəli qərarının məhkum X3 aid hissədə ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişd ir.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum X5, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetin i qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinay ət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs X4 təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarl arının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2023-cü il tarixli, 1(106)-548/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə d övlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xa rakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
20. Azərbayc an Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cüm lədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
21. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
22. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
23. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər.
24. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər.
25. Azərbaycan Re spublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
26. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
27. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
28. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq- aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
29. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər X4 təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
30. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
31. X4 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmini nəticəsində apellyasiya instansiya məhkəməsinin qərarı ilə Azərbaycan Res publikası CMin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
32. Belə ki, məhkum barəsində təyin edilmiş cəzanın həddən artıq yüngül olmasına dair dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestlərinin dəlilləri ilə apellyasiya məhkəməsi qismən razılaşaraq, məhkuma Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəzanın, yəni 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddətinin 5 (beş) ilədək artırılmasını qanuni və ədalətli hesab etmişdir.
33. Apellyasiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs X4 cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41. 2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (müəyyən edilməmişdir) və yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, İİ qrup əlil olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığa cəhd etməsi), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur.
34. Kassasiya kollegiyası dövlət ittihamçısı tərəfindən apellyasiya protestinin qismən təmin edilməsi ilə bağlı apellyasiya instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olmasına dair verilmiş kassasiya protestinin dəlillərinə münasibətdə qeyd edir ki, cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, apellyasiya instansiya məhkəməsi də məhkuma təyin edilmiş cəzanın həddini artırmaqla həmin cəzanın məqsədlərinə nail olunmasını haqlı olaraq mümkün hesab etmişdir.
35. Göründüyü kimi, dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da apellyasiya protestində irəli sürülmüş məhkum barəsində təyin edilmiş cəzanın həddinin artırılmasına dair tələblərlə qismən razılaşaraq, həmin dəlillərə münasibətdə kifayət qədər geniş əsaslandırma apararaq məhkuma təyin edilmiş əsas cəzanın, yəni 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddətini 5 (beş) ilədək artırılması qənaətinə gəlmişdir.
36. Kassasiya protestinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya protestində gətirilən digər halları X1 cəzasının ağırlaşd ırılmasını mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
37. Bu səbəbdən kassasiya protestinin dəlilləri qismində sadalanan hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas hesab edilməli deyil.
38. Qeyd olunan hallar baxımından X4 birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilərək artırılması bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olun masına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
39. Qeyd olunanlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
40. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının və məhkumun çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının X1 barəsində olan 03 avqust 2023-cü il tarixli, 1(106)-548/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 avqust 2023-cü il tarixli, 1(106)-548/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.