Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1098/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 2 06-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(103)2539/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum 31 yanvar 1988-ci ildə İran İslam Respublikasının Astara şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanda müvəqqəti qeydiyyatda olan, ünvan 2 ünvanında müvəqqəti yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəində cəz a çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum edilmişdir ona görə ki, o, faktiki istifadəsində olmuş qohumu Şahid17 Mirzəməmməd qızının adına verilmiş "xxxx" ASC-yə məxsus “4127 2093 0892 2712” nömrəli, “Unibank” Kommersiya bankına məxsus “4098 58** ***** 0076” nömrəli və "xxxx" ASC-yə məxsus “4189 8000 8063 7083” nömrəli bank kartlarına digər ödəniş kartları hesablarından, həmçinin “MilliÖn” və “eManat” ödəniş sisteminin terminallarından köçürülmüş, həmçinin özünə məxsus “m10” elektron pulqabına mədaxil olunan, habelə Bakı şəhərinin müxtəlif ərazilərində, eləcə də Bakı şəhərinin Yasamal rayonu ərazisində nağd şəkildə əldə etdiyi İran İslam Respublikasının vətəndaşı Şahid13 və digərlərinin pul vəsaitlərini müvəqqəti yaşadığı ünvan 2 ünvanında atası Ghafour Safarinin adına veri lmiş İran İslam Respublikasının “Bank Mellat” bankına məxsus “6104 3378 5838 4686” nömrəli, anası Fariba Safarinin adına verilmiş İran İslam Respublikasının “Bank Mellat” bankına məxsus “6104 3378 5388 4631” nömrəli bank kartlarından istifadə etməklə Azərbaycan Respublikasından İran İslam Respublikasına, eləcə də yuxarıda qeyd olunan üsullarla İran İslam Respublikasının vətəndaşı X1 və digərlərinin pul vəsaitlərini İran İslam Respublikasından Azərbaycan Respublikasına köçürməklə ümumilikdə 2022-ci ilin dekabr ayından 2023-cü ilin oktyabr ayınadək olan müddətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan qeyd olunan əvəzləşdirmə üsulları ilə vahid niyyətlə 367 əməliyyat üzrə külli miqdar təşkil edən 237.925 manat məbləğində pul vəsaitlərini qəsdən tamah məqsədi ilə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mərkəzi Bankının 17 sentyabr 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” təlimatın 1.3-cü maddəsininin və hazırda qüvvədə olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 14 iyul 2023-cü il tarixli № 987-VİQ saylı qanunun 3-cü maddəsininin tələbləri ziddinə, yəni qanunsuz olaraq, Azərbaycan Respublikasından xarici ölkəyə və xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim: X7) 25 sentyabr 2024cü il tarixli, 1(004)-328/2024 nömrəli hökmü ilə Məhkum CM-in 206-1.2.2-ci maddəsində nəzərdə tutulm uş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu andan, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən dövlət ittihamçısı Fəridə Bəhrəmova apellyasiya protesti verərək Məhkum CM-in 206-1.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli hökmünun cinayət qanununun norması düzgün tətbiq edilərək, ona əsas cəza ilə yanaşı, cərimə və Azərbaycan Respublikasının hüdudlarından kanara məcburi çıxarma növündə əlavə cəzalar təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
5. Hökmdən məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli, 1(004)-328/2024 nömrəli hökmünü dəyişdirərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən, məruzəçi hakim), X9 və X5 ibarət məhkəmə tərkibində) 23 dekabr 2024-cü il tarixli, 1(103)2539/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı Fəridə Bəhrəmova tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum CM-in 206-1.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-328/2024 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, məhkum edilmiş şəxs Məhkum CM-in 206-1.2.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının dəyişdirilərək Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(103)-2539/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazla r:
8. Kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri mahiyyətcə eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd edir ki, məhkəmələr Azərbaycan Respublikası CM-nin 206-1.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaları məhkəmə təcrübəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin təyininə aid formalaşmış qaydaya uyğun olaraq analogiya üzrə tətbiq etməməklə, yəni azadlıqdan məhrumetmə cəzasını cərimə növündə əlavə cəza ilə birlikdə təyin etməməklə səhvə yol vermişlər. Məhkəmələrin qeyd edilən nöqsanlara yol vermələri məhkuma səhv cəza təyin edilməklə nəticələnmiş, bununla da dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci ma ddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(103)-2539/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
9. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya şikayəti verilməmişdir. III.Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi IV. Hüquqi məsələlər:
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzr ə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində n fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təqsirli bilindiyi maddəni n sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməməsi ilə cinayət qanunu normasının düzgün tətbiq edilməməsini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(103)-2539/2024 nömrəli qərarının qa nuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qar şısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
19. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakt erli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcə llənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
23. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
24. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq -aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
25. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdir ilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
26. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
27. Azərbaycan Respublikası CM-in 206-1.2.2-ci maddəsinin sanksiyasında cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayə tin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
28. Məhkum Azərbaycan Respublikası CM-in 206-1.2.2-ci maddəsi ilə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, yəni təqsirli hesab edildiyi cinayət qanunu maddəsi üzrə sanksiya daxilində olan cəza təyin edilmişdir.
29. Birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxs Məhkum əməllərində onun məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməli səmimi etiraf edib, əməlindən peşman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını və ağırlaşdıran hal kimi isə cinayəti tamah məqsədi ilə törətməsi müəyyən edilmişdir.
30. Protestin dəlilləri qismində Məhkum cinayəti külli miqdarda tamah məqsədi ilə törətməsinə istinad olunsa da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən cinayətin tamah məqsədi ilə törədilməsi məhkumun cəzasını ağırlaşdıran hal olaraq nəzərə alınmışdır.
31. Məhkəmə kollegiyası eyni zamanda, kassasiya müraciətinin dəlili - Azərbaycan Respublikası CM-in 206-1.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının yalnız cərimə növündə əlavə cəza ilə birlikdə təyin edilməsinin mümkün olduğunu əsassız hesab edir.
32. Məhkəmə kollegiyası qeyd ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsindən və “İnsan hüquqlarının və əsas a zadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin Vİİİ hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2023-cü il tarixli Qərarı).
33. Məhkəmə kollegiyası həmçinin Avropa Məhkəməsi nin müvafiq təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. O, həmçinin, daha ümumi şəkildə, yalnız qanunun cinayəti müəyyən edə və cəza təyin edə biləcəyi prinsipini təcəssüm etdirir (nullum criminaln, nulla poena sine lege). Cinayətin və cəzanın yalnız qanunla müəyyən edilməsi prinsipinin nəticəsi olaraq, cinayət qanununun müddəaları ciddi məhdudiyyətlə şərh edilməlidir. Bu isə 7-ci maddənin həm də lex stricta prinsipini ehtiva etdiyini əks edir ki, həmin prinsipə görə cinayət qanununun ittiham olunan şəxsin ziyanına, məsələn, analogi ya üzrə, genişləndirici şərh olunması yolverilməzdir (Pantalon Xorvatiyaya qarşı, № 2953/14, § 46, 19 noyabr 2020-ci il). Buradan belə nəticə çıxır ki, cinayətlər və müvafiq cəzalar qanunla aydın şəkildə müəyyən edilməlidir. “Qanun” anlayışı keyfiyyət tələblərini, o cümlədən əlçatanlıq və qabaqcadan görünə bilinmə imkanını nəzərdə tutur. Belə keyfiyyət üzrə tələblər həm cinayətin əlamətlərinin, həm də həmin cinayətə görə nəzərdə tutulan cəzanın təsvirində təmin edilməlidir. Fərd müvafiq maddənin mətnindən hansı hərəkət və/və ya hərəkətsizliyin onun cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verəcəyini və həmin əmələ görə hansı cəzanın tətbiq ediləcəyini aydınlıqla anlamaq imkanında olmalıdır (Melnikov Ukraynaya qarşı, № 66753/11, § 50, 22 oktyabr 2020-ci il).
34. Məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin hüquqi mövqelərindən göründüyü kimi, kassasiya protestində irəli sürülən iddiadan fərqli olaraq, cinayət qanunvericiliyinin əsas prinsiplərinə görə cəzanın təsvirini n geniş təfsiri və analogiya üzrə tətbiqi yolverilməzdir, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-in 206-1.2.2-ci maddəsinin sanksiyasının üç müstəqil hissədən ibarət olduğu, cərimə əlavə cəzasının yalnız azadlığın məhdudlaşması növündə əsas cəzaya aid edildiyi və azadlıqdan məhrum etmə cəzasının təyini zamanı cərimə cəzasının əlavə cəza kimi nəzərdə tutulmadığı barədə məhkəmələrin gəldiyi nəticə düzgün, kassasiya protestinin bu hissəyə aid dəlilləri isə əsassızdır.
36. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, azadlıqdan məhrum etmə - ən sərt, şəxs üzərində ən ciddi məhrumiyyətlərə səbəb olan xarakterli cəzadır və maddənin sanksiyasında olan digər alternativ cəzalara münasibətdə müqayisə olunmayan dərəcədə məhrumiyyətlərə malikdir. Ona görə də, şəxsə Azərbaycan Respublikası CM-in 206-1.2.2ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməsi faktiki olaraq, xarakter baxımından şəxsin ikiqat cəzalanmaya məruz qalması xüsusiyyətinə malik olardı.
37. Bununla da kollegiya hesab edir ki, əmələ görə qəti olaraq təyin edilmiş Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmaqla 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuş, ədalətli və əsaslı hesab edilməlidir.
38. Qeyd olunan hallar baxımından Məhkum apellyasiya instansiya məhkəməsi tərəfindən təyin cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükə lilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.
39. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
40. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hes ab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 dekabr 2024-cü il tarixli, 1(103)-2539/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2024-cü il tarixli, 1(103)-2539/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.