Məhkəmə qərarları › İş №1(102)-1101/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1101/2022

28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1101/2022 28.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxxxx 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (b undan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Sadıqov Siyavuş Köçəri oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü ilə (hakim S.M.Quliyeva) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyas iya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.G.Rəhimov (sədrlik edən), V.C.Cəfərov və E.M.Əhmədov) apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Məhkəməsinin 18 avqust 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Həmin hökmlə Məhkum təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ona görə məhkum edilmişdir ki, o, 09 dekabr 2019-cu il tarixdə saat 19 radələrində "xxxx" MMC-yə məxsus olan yol vərəqi əsasında idarə etdiyi «London Taxi TX4» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsinə gedən yeni avtomobil yolu ilə Bakı Mühəndislik Universiteti istiqamətində saatda 70 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda qanunun tələblərinə riayət etməyərək yolu soldan sağa doğru keçən piyada 1994-cü il təvəllüdlü X2 avtomobilin qabaq hissəsi ilə vuraraq nəticədə ehtiyatsızlıqdan s onuncuya baş beyin toxumasına, baş beyin maddəsinə və beyinciyə qansızmalar, daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin kökünün, dalağın cırılması, onurğa sütununun onurğa beyinin zədələnməsi ilə müşayiət olunan boyun şöbəsinin 1-2-ci boyun fəqərələrinin, sol tərəfli 4-5-6-7-ci qabırğaların qapalı yerini dəyişmiş sınıqları, hər iki baldır sümüklərinin açıq, yerini dəyişən sınıqları, alın nahiyəsinin sol hissəsinin sol qaş və sol gözün üst qapağını əhatə edən və hər iki baldır nahiyəsinin aşağı 1/3-nin əzilmiş-cırılmış yaraları, alın, burun, sol yanaq, sağ almacıq, sağ qalça qanadı, sol əlin üst səthinin, sağ baldır, sol diz oynağı nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirilmiş, sonuncu aldığı daxili qanaxma ilə müşayiət olunan sol ağciyərin kökünün, dalağın cırılması, sol tərəfli 4-5-6-7-ci qabırğaların sınıqları fonunda baş beyin toxumasına, baş beyin maddəsinə və beyinciyə qansızmalar, onurğa beyinin zədələnməsi ilə müşayiət olunan onurğa sütunun boyun şöbəsinin 1-2-ci boyun fəqərələrinin qapalı yerini dəyişən sınıqları nəticəsində hadisə yerində ölmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərkən törədil miş cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini kifayət qədər nəzərə almamış, cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmiş, bununla da təyin edilmiş cəza cinayətin ağırlığına və təqsirləndirilənin şəxsiyyətinə uyğun olmayaraq yüngüllüyünə görə ədalətsiz olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanu nla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 60-cı maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, h abelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cə za təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət qanunve riciliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, habelə ilk dəfə cinayət törətməsini, törətdiyi əməldən peşman olmasını, yaşını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini, ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət tö rətməsini cəzasını yüngülləşdirən hallar kimi, eləcə də təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası maddənin sanksiyası həddindədir. Cəzanı ağırlaşdıran halların olmaması, əksinə, cəzanı yüngülləşdirən halların olması, həmçinin işin digər halları ona təyin edilən cəzanın ədalətli və qanuni olması qənaətinə gəlməyə əsas verir. Cəza təqsirləndirilən şəxsin şəxsiyyətinə, ailə vəziyyətinə, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmaqla ya naşı, onun islah olunaraq, cəmiyyətin normal üzvünə çevrilməsi perspektivlərini də nəzərdə tutmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, cəzanın məqsədi birmənalı olaraq, təqsirləndirilən şəxsdən törətdiyi əmələ görə qisas almağa yönəlməməli, onun cəzasını çəkib qurtardıqdan sonra islah olunması, cəmiyyətin normal üzvü kimi yaşamaq şansını saxlamasını da nəzərdə tutmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022ci il tarixli qərarı qanuni və əsaslı olduğ undan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 fevral 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar