Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1102/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun iştirakı ilə xx xxxxx 1975-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), D.H.İmanov və M.Ə.Bağırov) Məhkum Azərbaycan Respublikası CM-nin 228.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cə zasına, CM-nin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəli 10 oktyabr 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) apellyasiya protesti və apelyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayə tlər Məhkəməsinin 04 iyun 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda kustar üsulla xəncər tipində hazırlanmış, kəsicideşici xassəyə malik xəncərlərə uyğun gələn, soyuq silah hesab edilən bir ədəd xəncəri qanunsuz olaraq əldə edib saxlamış, həmçinin məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1428,423 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 3ə qanunsuz daşıyaraq həmin narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı kisə, sellofan torba və kibrit qutularına qablaşdıraraq yaşadığı f ərdi yaşayış evində gizlətməklə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 10 oktyabr 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum icazəsi və iştirakı ilə onun yaşadığı ünvan 3ə keçirilən baxış zamanı Məhkum satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda 1428,423 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 53,891 qramı 22 ədəd kibrit qutularına qablaşdırılmış vəziyyətdə fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşmiş saxlanc yeri kimi istifadə olunan otaqdakı masa üzə rində olan sobanın içərisindən, 1374,532 qramı 06 ədəd sellofan torba və 06 ədəd kibrit qutularına qablaşdırılmış vəziyyətdə yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağındakı paltar şkafından və sandıqdan, qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla xəncər tipində hazırlanmış, kəsici-deşici xassəyə malik xəncərlərə uyğun gələn, soyuq silah hesab edilən bir ədəd xəncər isə həmin yataq otağındakı pəncərənin sillası üzərindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən Məhkum ittihamından 6000 qram qurudulmuş marixuanaya aid epizodun xaric edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilərkən təqsirləndirilən şəxsin niyyətini, aşkar edilmiş kütlənin bitkidən narkotik vasitəyə keçmə mərhələsini nəzərə almadan yanlış qiymət vermişdir. Belə ki, Məhkum özünün ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadələrdən görünür ki, onun niyyəti narkotik vasitə kimi çardaqdan asdığı 2 ədəd kolu da qurutmaq olmuşdur. Bu hal təqsirləndirilən şəxsin özünün ifadəsi ilə yanaşı digər sübutlarla da təsdiq olunur. Buna baxmayaraq məhkəmə əsassız olaraq Məhkum verilmiş ittihamdan 2 ədəd kol marixuanaya, yəni 6 kq çəkidə qurudulmuş marixuanaya görə ittihamı xaric etmişdir. Dövlət ittihamçısı hesab edir ki, belə bir qərarın qəbul edilməsi yanlış istintaq və məhkəmə təcrübəsinin formalaşmasına səbəb ola bilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum ittih amından 2 ədəd kol marixuanaya, yəni 6 kq çəkidə qurudulmuş marixuanaya görə ittihamın xaric edilməsi mübahisə edilir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-nin 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; CM-nin 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini təhlil edərək və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, protestin dəlilləri əsaslıdır. Protestdə göstərilən dəlillərlə razılaşan məhkəmə kollegiyası öz mövqeyini əsaslandırmaq üçün cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə istinad etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun i zah edilməsini tələb edir. Məhkum ibtidai araşdırma orqanı tərəfindən verilən ittihama görə o, məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda kustar üsulla xəncər tipində hazırlanmış, kəsicideşici xassəyə malik xəncərlərə uyğun gələn, soyuq silah hesab edilən bir ədəd xəncəri qanunsuz olaraq əldə edib saxlamış, həmçinin məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 7428,423 qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 3nə qanunsuz daşıyaraq həmin narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı kisə, sellofan torba və kibrit qutularına qablaşdıraraq yaşadığı fərdi yaşayış evində gizlətməklə saxlamış, 10 oktyabr 201 8-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum icazəsi və iştirakı ilə onun yaşadığı ünvan 3nə keçirilən baxış zamanı Məhkum satış məqsədi ilə qanunsuz olaraq məlum olmayan mənbədən əldə etdiyi külli miqdarda 1428,423 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 53,891 qramı 22 ədəd kibrit qutularına qablaşdırılmış vəziyyətdə fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşmiş saxlanc yeri kimi istifadə olunan otaqdakı masa üzərində olan sobanın içərisindən, 1374,532 qramı 06 ədəd sellofan torba və 06 ədəd kibrit qutularına qablaşdırılmış vəziyyətdə yaşadığı fərdi yaşayış evinin ikinci mərtəbəsində yerləşən yataq otağındakı paltar şkafından və sandıqdan, 6000 qra m çəkidə 2 ədəd kol şəklində, malqara saxlanması üçün nəzərdə tutulmuş tikilinin çardağında çətənə bitkisi, qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla xəncər tipində hazırlanmış, kəsici-deşici xassəyə malik xəncərlərə uyğun gələn, soyuq silah hesab edilən bir ədəd xəncər isə həmin yataq otağındakı pəncərənin sillası üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə kollegiyası ittihamın Məhkum satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi külli miqdarda 1428,423 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya və qanunsuz olaraq əldə edib saxladığı kustar üsulla xəncər tipində hazırlanmış, kəsici-deşici xassəyə malik xəncərlərə uyğun gələn, soyuq silah hesab edilən bir ədəd xəncərə aid hissəsi mübahisələndirilmədiyindən həmin epizodlara aid sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 6000 qram çəkidə 2 ədəd kol şəklində mal-qara saxlanması üçün nəzərdə tutulmuş tikilinin çardağında aşkar edilmiş çətənə bitkisinə aid epizodu Məhkum ittihamından xaric edərkən və apellyasiya instansiyası məhkəməsi həmin hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən aşağıda şərh olunanlara əsaslanmışlar: “Məhkəmə istintaqı zamanı iş üzrə məhkəmə bioloji ekspertizasının 10.10.2018-ci il tarixli rəyini tərtib etmiş ekspert X5 dindirilərkən göstərmişdir ki, 6000 qram çəkidə bitki mənşəli kütlə ona iri xırdalanmış vəziyyətdə təqdim olunmuşdur. Əgər həmin kütlələr ekspertizaya cinayət işinin materiallarında olan fotoşəkildə təsvir olunan vəziy yətdə, yəni 2 ədəd kol şəklində təqdim edilsəydi, o, rəydə təqdim edilən bitki kütlələrinə marixuana kimi deyil, çətənə bitkisi və ya çətənə bitkisinin hissəsi kimi qiymət verəcəkdi. Aşkar edilmiş bitki kütlələrinin aşkar edildiyi vəziyyətdə deyil, müxtəlif hissələrə xırdalanaraq qablaşdırılması nəticədə onların marixuana, yoxsa çətənə bitkisi və ya onun hissəsi kimi qiymətləndirilməsində müəyyən şübhələr yaratdığından qanunvericiliyin tələbinə müvafiq olaraq həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.” Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CPM-nin 124.1-ci maddəsinə əsasən “Məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM -nin 124.2-ci maddəsinə əsasən “Cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: 124.2.1. şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri; 124.2.2. ekspertin rəyi; 124.2.3. maddi sübutlar; 124.2.4. istintaq və məhkəmə hərəkətlərinin protokolları; 124.2.5. digər sənədlər. CPM-nin 128.1-ci maddəsinə əsasən “Öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər.” CPM-nin 128.3-cü maddəsinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: “128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın.” CPM-nin 129.1-ci maddəsinə əsasən “Maddi sübutlar mümkün qədər qablaşdırılır, möhürlənmiş halda cinayət işində saxlanılır, həcmi böyük olduqda isə təşkilatlara, müəssisələrə və müvafiq şəxslərə onların razılığı ilə məsul saxlanışa verilə bilər.” Hazırkı işin hallarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, 6000 qram çəkidə 2 ədəd kol şəklində, mal-qara saxlanması üçün nəzərdə tutulmuş tikilinin çardağında çətənə bitkisinin Məhkum tərəfindən məlum olmayan mənbədən qanunsuz olaraq əldə edilməsi və daşınaraq özünə məxsus tikilidə saxlaması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, aşkar edilmiş həmin 2 ədəd kol aşkar olunduqdan dərhal sonra əməliyyat axtarış tədbirini həyata keçirmiş şəxslər tərəfindən hal şahidlərinin və Məhkum özünün iştirakı ilə ətraflı təsvir edilmiş, fotoşəkilləri çəkilmiş və həcminin böyük olması nəzərə alınmaqla böyük hissələrə bölünməklə qablaşdırılmış və möhürlənmişdir. Məhkum özü də aşkar edilmiş çətənə kollarının qablaşdırılmasının formasına heç bir etiraz etməmişdir. İşin məhkəmə baxışı zamanı da Məhkum bir daha aşkar edilmiş 2 ədəd çətənə kolunun ona məxsus olduğunu bir daha təsdiq etmişdir. Aşağı instansiya məhkəmələrinin aşkar edilmiş qeyd olunan kolların hazır halda olan və ittihamda qeyd olunan miqdarda narkotik vasitə olan marixuananın olub-olmamas ına dair şübhələri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin xüsusat ekspertin dindirilməsi yolu ilə aydınlaşdırıla bilməzdi. CPM-nin tələbinə görə ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə ekspertin tətbiq etdiyi üsulları və ya istifadə olunan terminləri dəqiqləşdirmək zərurəti yarandıqda ekspert dindirilə bilər. Hər bir halda ekspertin ifadəsi müvafiq ekspert qurumu tərəfindən (ekspertiza rəyi təkbaşına ekspert tərəfindən verilsə belə) rəyi dəyişdirə bilməz. CPM-nin 267.2-ci maddəsinə əsasən “Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları p ozulduqda təkrar ekspertiza aparılır.” Ona görə də məhkəmə ilkin ekspertizanın rəyinin əsaslılığına şübhə olması nəticəsinə gəlmişdisə, təkrar məhkəmə-bioloji ekspertizası keçirməklə aşkar edilmiş 2 ədəd çətənə kolunda narkotik maddələrin olub-olmamasını müəyyən edə bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihamdan 6 kq marixuananın çıxarılması nəticəsinə gəlinərkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Azərbaycan Respublikası CPM-in CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməl barəsində cinayət qanununu düzgün tətbiq etmədikdə və bu səbəbdən ona düzgün hüquqi qiymət verilmədikdə kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassas iya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cinayət işində olan ziddiyyətli məqamlara aydınlıq gətirilməsi, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı iş hərtərəfli və obyektiv araşdırmalı və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri s übutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum haqqında Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1102/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1102/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver