Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1104/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkumun müdafiəçisi Mehrəliyev Cabir Mürüş oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 1(105)-6/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmündən Məhkumun müdafiəçisi Mehrəliyev Cabir Mürüş oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XXXX tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 29 yanvar 2014-cü il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 21 fevral 2014-cü il tarixdə Bakı Ağır Cinayətlər Məh kəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum 1994-cü ilin oktyabr ayının əvvəllərində təqsirləndirilən şəxs 1, təqsirləndirilən şəxs 2 və iş yoldaşları təqsirləndirilən şəxs 3, təqsirləndirilən şəxs 4 ilə birlikdə qabaqcadan əlbir olub razılaşaraq əvvəlcədən tanıdıqları təqsirləndirilən şəxs 1-in qızının əri zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etmək məqsədi ilə təqsirləndirilən şəxs 1-in sifarişi və təqsirləndirilən şəxs 2in tapşırığı əsasında zərərçəkmiş şəxsnu 08 oktyabr 1994-cü il tarixdə yeyib-içdikdən sonra, saat 18 radələrində söhbət etmək adı altında onu t əqsirləndirilən şəxs 3 və təqsirləndirilən şəxs 4 ilə birlikdə sonuncunun idarə etdiyi “QAZ-24” markalı avtomaşınına mindirərək Novxanı bağlar sahəsində x məxsus 1383 saylı bağ evinin həyətinə aparmış və orada elektrik naqilini zərərçəkmiş şəxsun boynuna keçirib boğarkən təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxsun ayaqlarını, təqsirləndirilən şəxs 3 isə onun qollarını elektrik naqili ilə bağlamış və onu boğaraq tamah məqsədi ilə öldürüb meyitini həyətdə olan su quyusuna atdıqdan sonra, təqsirləndirilən şəxs 1 buna görə təqsirləndirilən şəxs 2ə 2400 ABŞ dolları (4.200.000 manat) məbləğində pul vermiş və təqsirləndirilən şəxs 2 isə həmin pulun 1000 ABŞ dollarını (1.750.000 manat) təqsirləndirilən şəxs4a, təqsirləndirilən şəxs 3ə və ona vermişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-3 62/2014 nömrəli, 06 may 2014-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə (08 dekabr 1960-cı il tarixli qanun) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar cəza təyin edilməməsi hökm edilmişdir.
6. Birinci instansiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-28/2015 nömrəli, 24 fevral 2015-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-362/2014 nömrəli, 06 may 2014-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verərək, qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi, eyni zamanda müdafiəçi Məmmədova Rəna Məhəmməd qızı kassasiya şikayəti verərək, Məhkumun barəsində cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-5/2016 nömrəli, 09 mart 2016-cı il tarixli qərarı ilə müdafiəçi Məmmədova Rəna Məhəmməd qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)28/2015 nömrəli, 24 fevral 2015-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və ci nayət işi yeni apellyasiya baxışına qaytarılmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-23/2017 nömrəli, 13 fevral 2017-ci il tarixli hökmü ilə apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-362/2014 nömrəli, 06 may 2014-cü il tarixli hökmü ləğv edilmiş, Məhkumun Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş cəzanın 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməsi hökm edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib qe yd edilən hökmün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-985/2017 nömrəli, 20 sentyabr 2017-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-23/2017 nömrəli, 13 fevral 2017-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası 1(105)-09/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-362/2014 nömrəli, 06 may 2014-cü il tarixli hökmü ləğv edilmiş, apellyasiya protesti təmin edilməmiş, Məhkuma tə qsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə bəraət verilməsi hökm edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı kassasiya protestini verilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)1146/2019 nömrəli, 18 iyul 2019-cu il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-09/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli hökmü kassasiya protestinə münasibətdə ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-6/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökm ü ilə apellyasiya protesti təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-362/2014 nömrəli, 06 may 2014-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkumun Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli bilinib, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 09 (doqquz) ay 18 (on səkkiz) gün müddətin hökmlə təyin olunmuş cəzadan çıxılması və üzərində qəti olaraq 07 (yeddi) il 02 (iki) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 avqust 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündan Məhkumun müdafiəçisi Mehrəliyev Cabir Mürüş oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
17. Kassasiya şikayətində qeyd olunmuşdur ki, elan edilmiş ittiham üzrə Məhkuma bəraət verilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinə müvafiq olaraq sübutları tədqiq etməmiş, nəticədə səhv nəticəyə gələrək onu törətmədiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmışdır. Göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-6/2024 n ömrəli, 19 dekabr 2024-cü il tarixli hökmünün ləğv edilməsi, təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Məhkum barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
19. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
20. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qa nuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkə məsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
23. Müdafiəçi Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyi iddia edib, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
24. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin də lilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-6/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq aşağıdakıları qeyd edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayə t tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət t örətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
29. Təsvir edilən maddi və prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası Məhkumun təqsirliliyinin sübuta yetirilmədiyinə dair müdafiəçisinin dəlillərini əsassız hesab edir.
30. Belə ki, baxılan cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə məhkuma bəraət verilməsinə dair qəbul etdiyi 09 aprel 2019cu il tarixli hökmündən dövlət ittihamçısının verdiyi kassasiya protesti Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında bundan əvvəl icraatda olmuş, qəbul etdiyi müvafiq qərarında işə baxan əvvəlki məhkəmə kollegiyası müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi materiallarında olan və qanuni qüvvəsini almış təqsirləndirilən şəxs 3nun, təqsirləndirilən şəxs 4nun və təqsirləndirilən şəxs 1nun Azərbaycan Respublikası CM-nin 94-cü maddəsi nin 1-ci bəndi ilə (köhnə redaksiyada) təqsirli bilinib məhkum olunmalarına dair preyudisial olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 sentyabr 2001-ci il tarixli hökmünü işin müəyyən olunmuş hallarına görə əsas götürməli olduğu halda, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq qanunun məcburi olan tələblərini yerinə yetirməmiş, əksinə iş materialları ilə təkzib olunan şahid ifadələrini əsas götürməklə əsassız bəraət hökmü çıxarmışdır.
31. Belə ki, Məhkuma bəraət verilməsi üçün əsas götürülmüş şahidlər 1 və 2-nin ifadələri əvvəlki kassasiya baxışında təhlil edilmiş, nəticədə müəyyən edilmişdir ki, həmin şahidlər məhkumla qohum olduqları üçün Rusiya Federasiyanın səlahiyyətli orqanına göndərilmiş məhkəmə tapşırığ ına əsasən şahid qismində dindirilərkən, məhkumun cinayət məsuliyyətindən azad edilməsinə yönəlmiş ifadələr vermişlər.
32. Mərhum zərərçəkmiş şəxsun meyiti aşkar edildikdən bir neçə gün sonra şübhəli şəxs qismində dindirilərkən Məhkum cinayətin baş verdiyi 08 oktyabr 1994-cü il tarixdə harada olmasını birmənalı halda xatırlamadığını göstərmişdir. Bacanağı Arif Teymurovun 07 oktyabr 1994-cü il tarixdə ümumi xəstəlikdən vəfat etdiyini bilən Məhkum 19 ildən sonra həmin tarixi özünə əsas gətirərək sonuncunun dəfnində iştirak etdiyini, bu səbəbdən cinayətin baş verdiyi 08 oktyabr 1994-cü il tarixdə Sumqayıt şəhərində olmadığını iddia etmişdir. Həmin ərəfədə şahid qismində dindirilən Məhkumunn atası şahid 3 də 08 oktyabr 1994-cü il tarixdə oğlu ilə birlikdə göstərilən dəfn mərasimində iştirak ed iyini göstərməmişdir. Bütün bunlar isə bir daha şahidlər 1 və 2-nın ifadələrinin həqiqəti əks etdirmədiyini təsdiq edir.
33. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsinin bildirdiyi hüquqi mövqeyinə görə, məhkumun elan olunmuş ittihamda özünü təqsirli bilməyərək cinayətin baş verdiyi 08 oktyabr 1994-cü il tarixdə Azərbaycan Respublikasının hüdudlarından kənarda Rusiya Federasiyasının Dərbənd şəhərində olmaqla bacanağının dəfnində iştrak etməsi, həmin müddətdə qohumlarının evində gecələməsi, bu səbəbdən təqsirləndirilən şəxs 3 və təqsirləndirilən şəxs4la birlikdə zərərçəkmiş şəxsun qətlə yetirilməsində iştirak etməməsi barədə iddia etdikləri yalan olmaqla, özünü müdafiə xarakterli hesab edilmişdir.
34. Həmçinin, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında qeyd edilmişd ir ki, baxılan cinayət işi bir dəfə birinci instansiya məhkəməsi, iki dəfə apellyasiya instansiyası məhkəməsi, iki dəfə də kassasiya instansiya məhkəməsinin icraatında olmuş, hər üç məhkəmə instansiyası və beş məhkəmə tərkibi Məhkumin Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-nin 94-cü maddəsinin 1-ci bəndi ilə təqsirli olduğunu öz qərarları ilə təsdiq etmişlər. Yeni heç bir hal olmadığı halda altıncı dəfə işə baxan məhkəmə tərkibinin Məhkum barəsində bəraət hökmünün çıxarması qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də apellyasiya instansiyası məhkəməsinin məhkuma təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair apellyasiya baxışı nəticəsində qəbul etdiyi hökm ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına göndərilmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisəsi edilən hökmü kassasiya instansiyası məhkəməsinin baxılan işə aid olan əvvəlki qərarında bildirdiyi hüquqi mövqeyi nəzərə alınmaqla yeni apellyasiya baxışının nəticəsi olaraq qəbul edilmiş, qərarda baxılan kassasiya şikayətində qaldırılan dəlillərə müvafiq əsaslandırma təmin edilməklə cavablandırma verilmişdir.
36. Ali Məhkəmənin daha əvvəl müəyyən etdiyi hüquqi mövqedən fərqlisinə gəlmək üçün əsas görməyən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya müraciətində qeyd edilən dəlilləri üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarının qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
37. Belə qənaətə gələrkən məhkəmə kollegiyası n əzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
38. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr b irbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərbaycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
39. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların mü dafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (o cümlədən, məhkəmə baxışının predmetini hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
40. Yekunlaşaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, baxılan kassasiya müraciətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin son qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə və formalaşmış məhkəmə təcrübəsinə əsasland ığından, kassasiya müraciətində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisəsi edilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
41. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırı lıb maddi və prosessual cinayəthüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş, nəticədə cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli qərar qəbul edilmişdir.
42. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
43. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun müdafiəçisi Mehrəliyev Cabir Mürüş oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 1(105)-6/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkumun müdafiəçisi Mehrəliyev Cabir Mürüş oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-6/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.