Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1105/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-805/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1987-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 13 sentyabr 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə 13,90 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana əldə edib üzərində daşıyaraq işlədiyi Sabirabad şəhəri, Muğan prospektində yerləşən təmir sexinə gətirmiş, qurudulmuş narkotik vasitənin 12,59 qramının 4,04 qramını bir ədəd kibr it qutusunda, 0,55 qram, 0,72 qram, 0,47 qram, 0,46 qram olmaqla 4 ədəd kağız bükümdə, 6,35 qramını telefon qutusunda qanunsuz saxlamış, 1,31 qramını isə 0,45 qram, 0,47 qram və 0,39 qram olmaqla 3 ədəd kağız bükümdə qablaşdırıb 25 iyun 2023-cü il tarixdə üzərində daşıyarkən Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri, Muğan prospektində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən həmin 3 ədəd kağız bükümdə - ümumi çəkisi 1,31 qram olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, həmin tarixdə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən işlədiyi təmir sexinə baxış keçirilən zaman isə sexdə telefon qutusunda saxladığı 6,35 qram və ümumi çəkisi 4,04 qram olan 4 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 3. 26 sentyabr 2023-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Sabirabad Rayon Məhkəməsinin 1(056)-151/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.11-ci maddələrinə əsasən ona Sabirabad Rayon Məhkəməsinin 1(056) - 94/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və şübhəli şəxs qismində tutulduğu 25 iyun 2023-cü il tarixədək çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablamaqla və hökmlərin məcmusu qaydasında yeni hökmlə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirməklə qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 25 iyun 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verərək, hökmün dəyişdirilməsini, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona daha az cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-805/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 1(056)-151/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli hökmünün apellyasiya şikayətinə əsasən dəyişdirilməsi, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunması və onun həmin maddə ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən ona Sabirabad Rayon Məhkəməsinin 1(056)- 94/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və şübhəli şəxs qismində tutulduğu 25 iyun 2023-cü il tarixədək çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 23 (iyirmi üç) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla müəyyən edilən 07 (yeddi) ay 11 (on bir) gün müddətin yeni qərarla təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestində qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutları cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada qiymətləndirmədən və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədən əsassız olaraq Məhkum əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-805/2023 nömrəli, 20 d ekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı madd əsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu mad dəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)805/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin ə lamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə i şin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
20. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, Məhkum törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının səhv nəticə olduğu üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü dəlillərinə məhkumun verdiyi apellyasiya şikayəti üzrə araşdırma aparan apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı cavablandırma verilmiş, məhkəmə bu dəlillərin baxılmış sübutların məcmusu, eləcə də həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövrün də toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək müəyyən etmişdir ki, iş materiallarında Məhkum narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olmasına dair (narkotik vasitənin kimə, neçəyə, harada satılması və s. bu kimi məlumat) heç bir sübut növü mövcud deyildir.
23. Müəyyən edilən bu halı nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə ümumi çəkisi 13,90 qram olan narkotik vasitə - qurudulmuş marixuananın bir ədəd telefon qutusunda, bir ədəd kibrit qutusunda və altı ədəd bükümlərd ə olması, özü-özlüyündə onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dəlalət edən fakt kimi çıxış edə bilməz.
24. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
25. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avro pa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışının təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin təchizatını təmin və ya alışverişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində is tintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
26. Belə, yəni aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz əldə etmə və saxlamasının məhz satış məqsədilə həyata keçirildiyinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkum üzərindən aşkar edilmiş narkotik vasitənin bir neçə bükümdə olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi əsası ilə cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqınd a Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu tələb edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.
27. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun ol araq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.
29. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
30. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-805/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya prote sti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-805/2023 nömrəli, 20 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.