Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1122/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-733/2024 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İş in halları
1. Məhkum xx xxxxxx xxxx-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Lənkəran rayonu, Cil kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-541/2023 nömrəli, 24 avqust 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 12 may 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər hə ll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatət verilmişdir.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-541/2023 nömrəli, 05 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatət təmin edilməmişdir.
5. Həmin qərardan Məhkum apellyasiya şikayəti verib, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-733/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-541/2023 nömrəli, 05 iyun 20 24-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-733/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, məhkəmənin 29 noyabr 2024-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayəti hərəkətsiz saxlanılmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-733/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət vermişdir.
9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-733/2024 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-73 3/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından Məhkum münasibətdə imtina edilməsi qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin səbəbi kimi məhkumun psixoloji vəziyyəti və hüquqi savadsızlığı əsas göstərilməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-733/2024 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinə yenidən baxılması barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qe yd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından—onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində kassasiya şikayəti verilə bilər.
14. Azərbaycan Respublikası CPM-nin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və y a müvafiq qərarın ona verildiyi tarixdən hesablanır.
15. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
16. Baxılan cinayət işinin materiallarından müəyyən e dilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-733/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçisinin iştirakı ilə 08 avqust 2024-cü il tarixdə elan edilmiş, qərarı surəti 12 avqust 2024-cü il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilmişdir.
17. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq göndərilmiş 26 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-733/2024 nömrəli, 08 avqust 2024-cü il tarixli qərarı 23 avqust 2 024-cü il tarixdə cəzaçəkmə müəssisəsinə daxil olmuş, 28 avqust 2024cü il tarixdə məhkuma təqdim edilmişdir.
18. Bununla belə, Məhkum 17 oktyabr 2024-cü il tarixdə, yəni qərarın ona verildiyi vaxtdan kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 01 ay müddət keçdikdən sonra kassasiya şikayəti vermiş, lakin bunun vaxtlı-vaxtında edilmədiyini ağır xəstəliyə tutulması, fövqəladə hadisə və ya iradəsindən asılı olmayan digər halın baş verməsi ilə əsaslandırmamış, qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasını hüquqi savadsızlığı ilə izah etməyə çalışmış, həmçinin səhhətində problemlər olduğunu bildirsə də, bunu təsdiq edəcək hər hansı sübutu təqdim etməmişdir.
19. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyi ndən, qanunla müəyyən edilmiş 01 ay müddəti üzrsüz səbəbdən ötürdüyündən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməməsi barədə qərardan kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir. Baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.
20. Yuxarıda qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı presedent hüququna da istinad edilməsini zəruri hesab edir.
21. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müdd ət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində aç ıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
22. Məhkəmə kollegiyası eləcə də onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları aşkar edilməmişdir.
23. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilənlərə görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilməd iyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-733/2024 nömrəli, 09 yanvar 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.