Məhkəmə qərarları › İş №1(102)-1130/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1130/2025

05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1130/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi X2 iştirakları ilə xx.xx.1991-ci ildə İran İslam Respublikasında doğulmuş, İİR vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının Pars abad şəhərində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-610/2024 nömrəli 11 dekabr 2024cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X.A.Nuriyev (sədrlik edən), O.Y.Cəlilov və O.Ş.Məmmədov) 1(099)-318/2024 nömrəli 23 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 29,318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərə k, CM-in 206.3.2-ci maddəsi ilə 6 il, 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il, 318.1-ci maddəsi ilə 1 il 6 ay və 29,318.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin (sədrlik edən: E.İ.Xasməmmədov, hakimlər P.V.Hacıyev, H.X.Bəhramov) 1(106)-610/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü dəyişdirilmiş, hökmdən və ittihamdan Məhkum Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın müddəti azaldılmaqla qəti olaraq 9 (doqquz) il azadlıqdan məhrum etmə həddində müəyyən edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən İran İslam Respublikası vətəndaşı Məhkum digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanılması və daşınaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o, İran İslam Respublikasında digər şəxsdən 11248,4 qram qurudulmuş marixuananı ümumi cinayətkar niyyətlə əldə etmiş, saxlamış, özü ilə daşıyaraq 11 iyun 2023-cü il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin İmişli rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçirərək ərazidə gizlətmiş, həmin tarixdə saat 22:30 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, qeyd olunan hərbi hissəsinin İmişli rayonu ərazisində yerləşən 2-ci sərhəd zastavasının xidməti sahəsindən təkrarən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, özünün iştirakı ilə qeyd olunan külli miqdarda narkotik vasitə gizlədildiyi yerdən aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin 1(106)830/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və məhkuma təyin edilən cəza hissəsində iş üzrə yeni apellyas iya baxışının təyin edilməsini xahiş etmişdir. Protest belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Məhkum barəsində olan hökmdən CM-in 29,318.1-ci maddəsi xaric edildiyi üçün, birinci instansiya məhkəməsi tərəfindən CM-in 29,318.1-ci maddəsi ilə ona təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzası, ona cinayətlərin məcmusu üzrə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə qəti cəzasından çıxılmalı və üzərində qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Göründüyü kimi, məhkəmə qəti cəza təyinində səhvə yol verərək, qanunauyğun qərar qəbul etməmişdir. Belə ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmünün nəticə hissəsindən görünür ki, Məhkum CM-in 206.3.2-ci maddəsi ilə 6 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CMin 318.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 29,318.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə hökmü dəyişdirərək, hökmdən və ittihamdan Məhkum CM-in 29,318.1-ci maddəsi ilə təqsirli bilinməsinə və ona həmin maddə ilə cəza təyin edilməsinə dair müddəaları xaric edib, ona CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ü zrə təyin edilmiş cəzanın müddətini azaltmaqla qəti olaraq 9 il həddində müəyyən etmişdir. CM-in 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Məhkum yalnız CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, apellyasiya instansiyası məhkəməsi ona təqsirli bilindiyi digər - CM-in 318.1 və 206.3.2- ci maddələri ilə təyin edilmiş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin etmək əvəzinə, ona azadlıqdan məhrum etmə qəti cəzasını 9 il həddində müəyyən etməklə CM-in 66.3-cü maddəsinin tələblərini pozmuşdur. Məhkum kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-830/2024 nömrəli 2 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və ona CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, onun əməllərində 206.3.2-ci maddəsinin dispozisiyasında göstərilən cinayətin tərkibi olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə Məhkum və onun müdafiəçisinin, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən ka ssasiya şikayəti təmin edilməməli, kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkum CM-nin 206.3.2-ci maddəsi ilə bəraət verilməsini, kassasiya protesti vermiş dövlət ittihamçısı isə verilmiş kassasiya protestində apellyasiya instansiya məhkəməsinin qərarının cəzaya aid hissədə ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdiril məsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir və bu əməl beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.2. təkrar törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə; 234.4.4. mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respubl ikası CM-in 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə” əməlinə görə məsuliyyət nəzərdə tutulur və əməl min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsif i məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin və şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, kassasiya şikayətində məhkumun əməlində CM-nin 206.3.2-ci maddəsinin tərkibinin olması, kassasiya protestində isə mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə qeyd edir ki, Məhkum düzgün olaraq CM -nin 206.3.2, 234.4.1, 234.4.3, 318.1-ci maddələri ilə məhkum edilməsi iş materialları ilə sübut edilmiş və bu halları aşağı instansiya məhkəmələrinin qərarlarında öz təsdiqini tapmışdır. Məhkəmə qərarlarında olan xx.xx.2023-cü il inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Məhkum həmin tarixdə saat 22:40-da tutulmuşdur. Bundan başqa məhkəmə qərarlarında olan 12-13 iyun 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, 13 iyun 2023-cü il tarixdə saat N radələrində «N» saylı hərbi hissənin 2-ci sərhəd zastavasının 2-ci sahəsində kolluq və qamışlıq ərazidə iki ədəd polietilen bağlamalar aşkar edilərək götürülmüşür. İşdə olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Məhkum 13 iyun 2023-cü il tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin işdə olan Məhkum ilkin izahatından, 13 iyun 2023-cü il tarixli “şübhəli şəxsi dindirmə” və 14 iyun 2023-cü il tarixli “təqsirləndirilən şəxsi dindirmə” protokollardan görünür ki, o, İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirdiyi bağlamanın içərisində narkotik vasitənin olduğunu bildiyini, o cümlədən Ramiz adlı şəxsin ona verdiyi narkotik vasitəni Azərbaycan Respublikasının ərazisinə keçirməsi müqabilində 50 milyon İran rialı alacağı barədə razılaşdıqlarını, sərhədçilər tərəfindən saxlanılarkən ona qarşı heç bir zor tətbiq edilmədiyini qeyd etmişdir. O, təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı əlavə olaraq +98-***-***-**-** nömrəsinin özünə, +**********33 və +**********11 nömrələrinin Rami zə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş hərbi qulluqçular Şahid1 və Şahid2 bildirmişlər ki, axtarış tədbirləri aparılarkən 13 iyun 2023-cü il tarixdə saat N radələrində 2ci sahədə kolluq və qamışlıq ərazidən 2 ədəd qara rəngli bağlamalar saxlanılan şəxsin və hal şahidlərinin iştirakları ilə aşkar edilərək götürülmüşdür. Göründüyü kimi, Məhkum qeyd olunan tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçərək Azərbaycan Respublikasının ərazisinə narkotik vasitə gətirməsi, habelə həmin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxslə birgə razılaşma əsasında keçirməsi yuxarıda qeyd edilən mötəbər sübutlarla tam təsdiq edilmişdir. Məhkum ibtidai istintaqın sonunda və birinci instansiya məhkəməsində verdiyi ifadələrində narkotik vas itəyə aidiyyətinin olmadığını, Azərbaycan Respublikasına işləmək üçün gəldiyini, heç bir narkotik vasitə keçirmədiyini, habelə Ramiz adlı İİR vətəndaşını tanımadığını və istintaqın əvvəlində ona qarşı zorakılıq edilərək etirafedici ifadə verməyə məcbur edildiyini iddia etsə də, onun göstərilən dəlilləri cinayət işinin materiallarında olan sübutlarla təsdiq olunmamışdır. Kassasiya protestinə münasibətdə isə qeyd olunmalıdır ki, cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağ ırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq ed ilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun o lması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırl ığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası iş üzrə kassasiya protestinin dəlilləri ilə razılaşır və qeyd edir ki, apellyasiya məhkəməsi məhkuma cəza təyin edərkən CM-nin 66.3-cü maddəsinin qaydalarına riayət etməmişdir. İş üzrə məhkum Dindar X3 Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3, 318.1 və 29,318.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, CM-in 206.3.2-ci maddəsi ilə 6 il, 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il, 318.1-ci maddəsi ilə 1 il 6 ay və 29,318.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qərarı ilə hökmdən və ittihamdan Məhkum Azərbaycan Respublikası CM-in 29,318.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsinə dair müddəalar xaric edilmiş, Məhkum CM-in 318.1, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzanın müddəti azaldılmaqla qəti olaraq 9 il həddində müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmus una ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Qanunvericilik CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə qəti cəza təyin etmənin üsulunu müəyyən edərkən cinayətlərin kateqoriyasını əsas götürür. Təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunması üsulu cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxil olduqda tətbiq edilə bilər. Cəzaların az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə və ya təyin olunmuş cəzaların tamamilə və ya qismən toplama yolu ilə birləşdirilməsi məsələsini həll edərkən məhkəmələr həm cin ayətlərin hər birinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həm də şəxsin törətdiyi bütün cinayətlərin məcmu halında yüksək təhlükəli olmasını nəzərə almalıdırlar (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 14-cü bəndi). Mübahisələndirilən qərardan görünür ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hər bir cinayətə görə təyin edilən cəzanı dəyişməmiş, onun CM-in 29,318.1-ci maddəsi ilə təqsirli bilinməsi və ona həmin maddə ilə cəza təyin edilməsinə dair müddəaları ittihamdan və hökmdən xaric etmiş, eyni zamanda qəti cəzanın müddətini dəyişdirmişdir. Bir inci instansiya məhkəməsi hökmlə məhkum edilmiş şəxsə CM-in 206.3.2-ci maddəsi ilə 6 il, 234.4.1, 234.4.3-cü maddələri ilə 9 il, 318.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxsə ən yüksək cəza CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmişdir (9 il) və bu cəza digər cinayətlərə görə təyin edilmiş cəza ilə qismən toplandıqda qəti cəzanın həddi həmin müddətdən artıq olmalı olduğu halda, göstərilən maddələrlə təyin edilmiş cəzanın həddinə bərabərdir. Yəni apellyasiya məhkəməsi qəti cəzanın həddini müəyyən edərkən CM-nin 66.3-cü maddəsinin cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin olunması tələbini pozmuşdur. Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlı ş təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda vurğulamışdır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yaln ız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar. Qeyd olunan prinsiplərə riayət olunması, bununla da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qarşıda duran vəzifələrin qanuna əsasən yerinə yetirilməsi cinayət mühakimə icraatının məqsədlərinə nail olunmasına xidmət etməklə, nəticədə hər kəsin hüquqlarının müdafiəsini də təmin etmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilərkən CM-in 66. 3-cü maddəsinin tətbiqi zamanı səhvə yol verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Həmin Məcəllənin 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi aşağı məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsi tərə findən işə baxılarkən cəza təyinində cinayət qanunvericiliyinin tələbləri pozulduğundan kassasiya protesti təmin edilməklə, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 dekabr 2024cü il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi məqsədəmüvafiqdir. Yeni apellyasiya baxışı zamanı Məhkum təyin edilən qəti cəza müəyyən edilərkən qanunvericiliyin tələbləri nəzərə alınmalı, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinin tələblərinə riayət edilməklə yeni qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı İlqar Əsədəv tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində 11 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar