Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1133/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-473/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Rizvanov Qalib Arif oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX XX-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, x1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 01 dekabr 2022-ci il tarixli ittiham aktına görə Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 dekabr 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edil miş işin faktiki hallarına görə, Məhkum istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar hesab edilən təmiz çəkisi 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, 14 iyul 2021-ci il tarixdə, saat 14:30 radələrində Gəncə şəhər Kəpəz rayon polis bölməsinin (hazırda 4-cü polis bölməsinin) əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Ə.Əliyev prospektində yerləşən N saylı hərbi hissənin qarşısında saxlanılaraq Gəncə şəhər Kəpəz rayon polis bölməsinin (hazırda 4-cü polis bölməsinin) inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış keçirilən zaman əynində olan ağ-göy rəngli köynəyin sağ cibindən təmiz çəkisi 3,36 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-154/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-11/2022 nömrəli, 14 aprel 2022-ci il tarixli hökmünə əsasən təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respu blikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi və məhkumun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etm işdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-473/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-154/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protestində qeyd edilir ki, məhkəmələr cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən toplanılmış sübutları cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada qiymətləndirmədən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143 -146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədən əsassız olaraq Məhkumnun əməlini əsassız olaraq ittiham verildiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən eyni Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişlər. Məhkəmə kollegiyasından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-473/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instans iyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hal lara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkumun törətdiyi əməlin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-473/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cin ayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə g örə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının Məhkumun əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
22. Belə ki, Məhkumun törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmasının səhv nəticə olduğu üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən artıq ətraflı c avablandırma verilmiş, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, eləcə də həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək müəyyən etmişdir ki, iş materiallarında Məhkumnun narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olmasına dair (narkotik vasitənin kimə, neçəyə, harada satılması və s. bu kimi məlumat) heç bir sübut növü mövcud deyildir.
24. Müəyyən edilən bu halı nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, narkotik vasi tənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və ittihamı əsaslandırıb daxili inam yaradan digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitə heroinin külli miqdarda (3,36 qram) olması özü-özlüyündə şəxsin ağır cinayət törətməkdə - satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qanunsuz əldə etməkdə və saxlamaqda təqsirli bilinməsinə əsas verə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin nəticəsini təkzib edə biləcək dəlil gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya i nstansiyası məhkəməsinin məhkum Məhkumnun törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.
26. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də narkotik vasitə və maddələrin qanunsuz dövriyyəsinin məhz satış məqsədilə həyata keçirilməsi iddia edilən işlərdə yerli məhkəmələrdən istintaq orqanının konkret olaraq hansı istintaq hərəkətlərini icra etdiyinin nəzərdən keçirilməsi tələb edilir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, § 130, 13 fevral 2020-ci il). İstintaq hərəkətlərinin yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşması, nağd pul vəsaiti, narkotik vasitələrin qanunsuz satışı nın təşkilinə aid olan əşyalar, o cümlədən tərəzi və qablaşdırma materialları, alış-verişin iştirakçıları – narkotikin təchizatını təmin və ya alış-verişində iştirak edən potensial şəxslər barədə məlumat, bu qəbildən olan digər mötəbər sübutların aşkar edilməsi istiqamətində istintaqın istənilən mərhələsində heç bir praktiki addımın atılmaması məhkəmələr tərəfindən mütləq nəzərə alınmalıdır (Savalanlı və Digərləri Azərbaycana qarşı, № 54151/11, § 92, 15 dekabr 2022-ci il).
27. Belə, yəni aparılmış istintaq nəticəsində narkotik vasitələrin qanunsuz əldə etmə və saxlamasının məhz satış məqsədilə həyata keçirildiyinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, yalnız Məhkumun üzərindən aşkar edilmiş narkotik vasitənin xeyli miqdardan artıq miqdarda olduğuna görə, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.
28. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin məhkum Məhkumun törətdiyi cinayət əməlinin tövsifinə dair gəldiyi nəticəsi ilə razılaşır və hesab edir ki, hazırda mübahisələndirilən qərar maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də məhkəmə təcrübəsinə uyğun olaraq qəbul edilmişdir.
29. Məhkəmə kollegiya sı həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-473/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-473/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.