Məhkəmə qərarları › İş №1(102)-1138/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1138/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1138/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 228.1-ci maddəsi ilə nəzər də tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 1(104)-489/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.2002-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, orta təhsilli, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 1237 nömrəli, 16 kalibrli, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyini istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib Tovuz rayonu, Əyyublu kəndinin ərazisinə daşıyaraq üzərində saxlamaqla gəzdirmiş, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 yanvar 2024-cü il tarixdə saat 16:00-da Tovuz rayonu, Əyyublu kəndində yerləşən «Ayxan» ərzaq dükanının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz Rayon Polis Şöbəsinə aparılıb orada həmin gün saat 17:25-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən sol əlində saxladığı sellofan torbanın içərisindən zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 1237 nömrəli, 16 kalibrli, hamar qoşa lüləli, texniki cəhətdən saz və atəşə yararlı, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı kəsildiyi üçün öz təyinatını itirmiş bir ədəd ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür.

3. Tovuz Rayon Məhkəməsinin (sədrlik edən hakim: X8) 21 avqust 2024-cü il tarixli, 1(062)-75/2024 nömrəli hökmü ilə Məhkum CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı 03 ay 15 gün müddətin həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşd ırılmasının iki gününə bərabər hesablanmaqla, 07 ay ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, barəsində o lan «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

4. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün dəyişdirilməsini və məhkuma cinayət qanununun müddəalarına uyğun daha ağır cəza - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X6 və X5 ibarət məhkəmə tərkibində) 28 oktyabr 2024-cü il tarixli, 1(104)489/2024 nömrəli qərarı ilə apellyaisya protestinin təmin edilməməsi, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin «21» avqust 2024-cü il tarixli, 1(062) -75/2024 nömrəli hökmünün dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 1(104)-489/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Kassasiya protestinin dəlilləri apellyasiya protestinin dəliləri ilə eynilik təşkil edərək, dövlət ittihamçısı onları təkrarlamaqla kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərə k, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 1(104)-489/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

8. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

9. Qərardan kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV. Hüquqi məsələlər:

11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məh kəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin y eni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 1(104)-489/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şə xs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusi yyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh ed ilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

19. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

20. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alı na bilməz.

21. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

22. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

23. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

24. Dövlət ittihamçısının istinad etdiyi Azər baycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq müba hisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

25. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

26. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.

27. Məhkum Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində olan cəza təyin edilmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.

29. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan) cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kim i çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz.

30. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halın müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

31. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 28 oktyabr 2024-cü il tarixli, 1(104)-489/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda qeyd edil ənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 oktyabr 2024-cü il tarixli, 1(104)-489/2024 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar