Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1156/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun iştirakları ilə, xx xxxx 1994-cü ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, X qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 1(106)-510/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-280/2022 saylı, 20 iyun 2022-ci nömrəli hökmü ilə (hakimlər: C.C.Nəbiyev (sədrlik edən), C.Ş.Səfərli və M.V.Məmmədov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkm əklə, cəzaçəkmə müddətinin başlanğıcı 16 sentyabr 2021-ci ildən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 Bəhram oğlu apellyasiya şikayəti vermiş Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022-cü il tarixli qərarı ilə (hakimlər M.Ə.Bağırov (sədrlik edən), İ.H.Əhmədov və K.S.Bəşirov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli, 1(102)-790/2023 nömrəli qərarı ilə (hakimlər N.R.Möv sümov (sədrlik edən), Ə.C.Seyidov və T.L.Kazımov) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 sentyabr 2022cü il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 1(106)-510/2023 nömrəli qərarı ilə (hakimlər E.İ.Əliyev (sədrlik edən), İ.Q.Abdullayev və E.İ.Xasməmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum cinayət əməli CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etm ə cəzası təyin edilmiş, Məhkum 16 sentyabr 2021-ci il tarixdən azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası çəkilmiş hesab edilmiş və o, dərhal saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsindən həbsdən azad edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 2,883 çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşımış, 16 sentyabr 2021-ci ildə saat 19 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, İmişli şə həri, Heydər Əliyev prospektində "Daş körpü” adlanan ərazisində saxlanılıb, İmişli Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın arxa sağ cibindən bir ədəd polietilen bükümün içərisində 2,883 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsi Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə etmə, daşıma və saxlama cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdır. Dövlət ittihamçısı məhkəmələrin Məhkum əməlinin hüquqi tövsifində səhv nəticəyə gəlinməsini göstərən hallar kimi xüsusilə ona istinad etmişdir ki, Məhkum qanunsuz olaraq əldə edib saxladı ğı narkotik maddənin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə (20 dəfə) çox, külli miqdarda olmuş bu da həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinin birbaşa təsdiqidir. Digər tərəfdən apellyasiya məhkəməsi tərəfindən cinayət işinin materialları tam tədqiq edilməmiş, belə ki, cinayət işinin materiallarında olan 01 noyabr 2021-ci il tarixli “telefon danışıqlarında dair məlumatlarının olduğu kompakt diskə baxış keçirilməsi haqqında" protokoldan görünür ki, Məhkum məxsus ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrindən onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən çoxsaylı telefon danışıqları və SMS mətnləri aşkar olunmuşdur. Məhkum məxsus telefon danışıqlarına dair məlumatlar narkotik vasitələrin satışı ilə əlaqədar çoxsaylı SMS mə tnlərinin aşkar olunması da sonuncunun həmin narkotik vasitəni üzərində məhz satış məqsədilə saxlamasına dəlalət edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya in stansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası mə hkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlah iyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə s əbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Verilmiş kassasiya protestinə münasibət bildirərkən, məhkəmə kollegiyası ilk öncə hazırki iş üzrə əvvəl qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli, 1(102)-790/2023 nömrəli qərarı ilə hazırki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli qərarını kassasiya şikayətinə əsasən ləğv edib cinayət işini yeni məhkəmə baxışına təyin edərkən ondan çıxış etmişdir ki, məhkəmə tərəfindən Məhkum əməlinə obyektiv hüquqi qiymətin verilməsi ilə bağlı tam, hərtərəfli və obyektiv araşdırılma aparılmamış, sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmiş və adı çəkilən şəxsin barəsində müvafiq nəticəyə gələrkən təhlil və tədqiq edilməmiş sübutlara əsaslanmaqla CPM-nin 416.1.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 17 may 2023-cü il tarixli qərarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmə kollegiyası əməliyyat müvəkkili Şahid1 İmişli RPŞ-in rəisinə ünvanladığı 16 sentyabr 2021-ci il tarixli raportda ("İmişli şəhəri, R.Bağırov küçəsi, ev 3 ünvanında yaşayan xx.xx.1994-cü ildə anadan olmuş Məhkum üzərində narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Məhkum RPŞ-nə gətirilə n zaman qaçmağa cəhd göstərsə də, tərəfimizdən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmiş”) göstərmiş olduğu məlumatların ittihamın əsasını təşkil edən "Baxış və götürmə aparılması barədə” 16 sentyabr 2021-ci il tarixli protokolun mötəbərliyinə (narkotik vasitənin Məhkum, o polis şöbəsinə gətirilənədək yoxsa bilavasitə polis bölməsində aşkar edilməsi ilə bağlı) təsir edən əhəmiyyətli hal olduğunu və həmin halın məhkəmə tərəfindən araşdırılmasının tələb olunduğunu qeyd etmişdir. Adı çəkilən qərar faktiki olaraq Məhkum əməlinə düzgün hüquqi qiymətin verilməsi ilə bağlı araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar – CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcələnin 419.12-ci maddəsinin mənasına görə Ali Məhkəmənin Cinayət kollegiyasının qərarının qeyd edilən məzmunda olması apellyasiya instansiyası məhkəməsində keçirilən yeni məhkəmə baxışında araşdırılan məsələlərin dairəsini yalnız həmin məsələ ilə məhdudlaşdırmır, məhkəmənin yeni baxışın yekununda gələ biləcəyi nəticələri öncədən müəyyən etmir, o cümlədən hüquqi məsələlərə dair nəticələrini yeni baxış zamanı müəyyən edilmiş faktiki hallar üzərində qurmaq imkanını əlindən almır. Ali Məhkəmənin 17 may 2023-cü il tarixli, 1(102)-790/2023 nömrəli qərarında əks olunmuş mövqeyinə görə, yeni apellyasiya baxışı zamanı Məhkum əməlinə düzgün hüquqi qiymətin verilməsi üçün raportu tərtib etmiş Şahid1, əməliyyat-ax tarış tədbirdə iştirak etmiş digər polis əməkdaşları dindirilməli, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməli idi. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışında Ali Məhkəmənin müvafiq qərarlarında əks olunmuş mövqeyini nəzərə almaqla, məhkəmə istintaqının gedişində raportu tərtib etmiş Şahid1, əməliyyat-axtarış tədbirdə iştirak etmiş, həmçinin 16 sentyabr 2021-ci il tarixli "Baxış və götürmə aparılması barədə” protokolun tərtib etmiş polis əməkdaşlarını dindirmiş, ittiha mın əsasını təşkil edən əməliyyat axtarış tədbirinin və ilkin istintaq hərəkətlərinin (16 sentyabr 2021-ci il tarixli protokolun) qanuniliyinin şübhə altına alınması üçün tutarlı hüquqi əsasın olmaması barədə nəticəyə gələrək, adı çəkilən sübutları mötəbər sübut kimi dəyərləndirmiş, həmin və cinayət işi üzrə toplanmış digər sübutlardan çıxış edərək Məhkum satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 2,883 çəkidə narkotik vasitə olan heroini əldə edib özündə saxlamaqla daşıması barədə yekun qənaətə gəlib X əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmişdir. Lakin apellyasiya məhkəməsinin araşdırdığı və qərarında təsvir etdiyi, yəni sözügedən mülahizəsini əsaslandırdığı “sübutların məcmusunu” müqayisə etd ikdə, aydın olur ki, əslində məhkəmə baxılmış bəzi sübutları (ittiham tərəfinin ittiham aktında Məhkum 2,883 çəkidə narkotik vasitəni məhz “satış məqsədi” əldə edib, daşımasını və saxlamasını təsdiq edən məlumatlar kimi istinad etdiyi) nəinki qiymətləndirməmiş, onları qərarda təsvir belə etməmişdir. Həmin sübutların məzmunu isə apellyasiya instansiyası məhkəməsinin müəyyən edilmiş saydığı yuxarıda təsvir edilən nəticə ilə uzlaşmır. Belə ki, ittiham tərəfinin təqdim etdiyi və birinci instansiya məhkəməsində tədqiq və təhlil etdiyi sms məlumatlarından müəyyən olunur ki, Məhkum istifadəsində olan mobil telefon nömrələrindən istehlakçılarla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışının həyata keçirilməsinə dair razılığın əldə edilməsi ilə bağlı çoxlu sayda ismarıclar göndər ilmiş və qəbul edilmişdir. O cümlədən 24 iyun 2020-ci ildə saat 21:59:08-də XXXXX nömrəsindən Məhkum XXXX nömrəsinə: «tural.......... saat 5 de pul sendedi bidene yarimdan zatdan ver mene», 11 iyul 2020-ci ildə saat 15:16:44-də Məhkum XXXX nömrəsindən XXXXX nömrəsinə: «Lazim olsa de 25 azenee»; 26 dekabr 2020-ci ildə saat 07:07:36-də XXX nömrəsindən Məhkum XXXX nömrəsinə: «Qaqa duran kimi yg meni iwe gelende 2 dene yarim gotur burda verecem pulun narat olma senol qaqa ama tez gel bura lomka dagdr qaqa gozlirem seni»; 21 fevral 2021-ci ildə saat 20:56:03-də XXX nömrəsindən Məhkum XXXX nömrəsinə: «Qaqa vəzyət gərginləşir uje səncanı danış gedəy gələy payunda olacağ»; Məhkum XXXX nömrəsinə: «Qaqa bi 10nug var»; -həmin gün saat 22:13:03-də: «Qaqa mene yarinin yari ver......saba isden gelen k imi 15 verecem»; 12 avqust 2021-ci ildə saat 00:15:50-də XXXXXX nömrəsindən Məhkum XXXXX nömrəsinə: «Ay emi oqlu 05 lazimdi yol cixiram» 11 avqust 2021-ci ildə saat 13:39:46-də XXXXX nömrəsindən Məhkum XXXX nömrəsinə: «X8 X10 X11 X7 Vezyetden Cixar.X12 X9 Deilem» 02 sentyabr 2021-ci ildə saat 00:26:19də Məhkum XXXXX nömrəsindən XXXXXX nömrəsinə: «Kirbe avara oldum qaldim burdaye men, camatda meni gozduyur» - saat 00:46:31-də: «Kirbe boyuk pul deil. ama iwim sarvat olur. menide gozduyen agsaqaldi. atda quzu keserem. qalmiwam aparatda»; - saat 11:29:14-də XXXXX nömrəsindən Məhkum XXXXX nömrəsinə: «5 dəqiqəyə yığıram,- saat 11:35:03-də Məhkum XXXXXXXXXXX nömrəsindən XXXXX nömrəsinə: «Kirbe bidene xeber ele 15 dene lazimdi» və sair məzmunlu (3 səhifən ibarət) ismariclər göndərilmişdir. Məhkum istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan ismarıcların tarixləri həm özü özlüyündə (2020-ci ilin iyin ayından - 02 sentyabr 2021-ci ilədək), həmdə sonuncunun polis əməkdaşları tərəfindən saxlaması tarixi (16 sentyabr 2021-ci ildə saat 19 radələrində) ilə müqayisə edildikdə müəyyən olunur ki, yuxarıda sadalanmış nömrələrin sahibi tərəfindən bir ildən artıq müddət ərzində müxtəlif istehlakçılarla narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satışı həyata keçirilməsi ilə bağlı yazışmalar aparılmış və qeyd olunan hal Məhkum saxlanılması anınadək davam etmişdir. Apellyasiya icraatına dair sənədlərin öyrənilməsi göstərir ki, məhkəmə Məhkum istifadəsində olan mobil telefon nömrələrinə narkotik maddələrin dövriyyəsi ilə bağlı daxil olan və xaric olan SMS yazışmalara ümumiyyətlə qiymət verməmiş və iş üzrə həqiqəti, yəni Məhkum narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını araşdırmamış və formal mülahizələrə əsaslanaraq Məhkum əməlini CM-in 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini mümkün bilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin normaları isə sübutların tədqiqini və qiymətləndirilməsini həmin tələblərə əməl edilməklə aparılmasını, məhkəmə hökümünün (qərarının) qanuni və əsaslı olmasını tələb edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplan ır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tə dqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət-Prosessual Məcəllənin 353.2.2-ci maddəsi məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsinin motivlərinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində əks etdirilməsini tələb edir. Sübutların tədqiqinə, qərarın əsaslandırılmasına və tərtibatına dair CinayətProsessual Məcəllənin qeyd olunan maddələrinin tələblərinə əməl olunmadığı vəziyyətdə məhkəmənin müəyyən edilmiş saydığı halların onun tədqiq etdiyi sübutlara uyğun gəlməsi, həmin hallara cinayət qanunu normasının düzgün şamil edilməsi, yəni M əhkum 2,883 çəkidə narkotik vasitəni “satış məqsədi ilə” əldə edib, daşıması və saxlaması əlamətini xaric edilməklə onun əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirilməsinin əsaslı olması barədə nəticə çıxarmaq mümkün deyil. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. Avropa Məhkəməsi bir çox qərarlarında dəfələrlə, o cümlədən “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında növbəti dəfə xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını ə saslandırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Göründüyü kimi sadalanmış mülahizələrlə apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində “2,883 çəkidə narkotik vasitəni satış məqsədi ilə” əlamətini inkar etməsinə qiy mət verdikdə, görünür ki, məhkəmənin həmin əlamətin mövcudluğunu subyektiv meyarlardan çıxış etməklə şərtləndirməsi bu məsələ üzrə Ali Məhkəmənin Plenumunun 4 mart 2011-ci il tarixli qərarına əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun deyil. Məhkəmənin “satış məqsədi” əlamətinin olmaması haqqında qənaətini – “ibtidai istintaqda və birinci instansiyada məhkəmə baxışı zamanı məhkum edilmiş şəxsin həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini sübut edən qanuni yolla əldə edilmiş hər hansı bir sübutun müəyyən edilməməsi” kimi mülahizədən hasil etməsi isə, artıq yuxarıda əsaslandırıldığı kimi sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarının pozulması ilə əldə edilmiş nəticə olduğundan, mötəbər sayıla bilməz. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestini əsaslı sayır və sübutların tədqiqinə dair cinayət-prosessual normaların tələblərinə riayət edilməklə, Ali Məhkəmənin Plenumunun 4 mart 2011-ci il tarixli 2 saylı qərarının müddəalarını nəzərə almaqla təqsirkarın əməlində “narkotik vasitəni satış məqsədi” əlamətinin olub-olmaması məsələsinin tam, hərtərəfli, obyektiv araşdırılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 dekabr 2023-cü il tarixli, 1(106)-510/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 dekabr 2023-cü il tarixli, 1(106)-510/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1156/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1156/2024
14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver