Məhkəmə qərarları › İş №1(102)-1168/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1168/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1168/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum və X2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 32.5,206.3.2, 234.4.1, 234.4.3, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarından məhkumlar Məhkum və X2 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər Nəbiyev Cəlil Cabbar oğlu (sədrlik edən və məruzəçi), Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə) Məhkum oğlu, xx xxxx 1979-cu il tarixdə Füzuli rayonunun Qazaxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsill i, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonunun Qazaxlar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sovxoz Ramana qəsəbəsi, Yeni Məhəllə yaşayış sahəsində kirayədə yaşamış və X7, 02 yanvar 1991-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəsssəsində çəkməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Masallı rayonunun Qızılağac kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında müvəqqəti yaşamış, hər birisi CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3, 228.2.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Məhkum CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə, CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə və CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə, X2 CM-nin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə, CM-nin 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə və CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 10 (on) il müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum və X7 qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə “Babək” adlı İran İslam Respublikası vətəndaşı və şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halın da satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin, eləcə də, qaz silahının və döyüş sursatı hesab edilən patronların qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun üzvlərinin arasında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilərək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi ərazisində yerləşən 20-ci sərhəd zastavasının xidməti ərazisində gizlədilmiş bir ədəd bağlamada qablaşdırılmış ümumi təmiz çəkisi, 4555 qram külli miqdarda narkotik vasitə tiryəki, təsir maddəsinin ümumi miqdarı 19,32 qram təşkil edən, üzərində “Z/40” yazısı olan 483 həbdə və təsir maddəsinin ümumi miqdarı 0,510 qram olan həb qırıntılarından ibarət kütlədə, ümumilikdə təsir maddəsinin ümumi miqdarı 19,830 qram olan külli miqdarda narkotik vasitə metadonu, həmçinin zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli, “Falcon Sport” modelli, “13-57996” nömrəli, atəş açmaq üçün yararlı olan səs-işarəverici, qaz silahı hesab edilən qaz tapançasını, 9 mm kalibrli, həmin kalibrə malik qaz tapançalarında və qaz revolverlərində və digər həmin təyinatlı silahlarda istifadə edilmək üçün nəzərədə tutulmuş, lakin sonradan zavod üsulu ilə hazırlanmış gilizlərinə kustar üsulla canlı qüvvəni məhv etmək üçün örtüksüz mərmilər (güllələr) doldurulmaqla təyinatı dəyişdirilmiş, atəşə (istifadəyə) yararlı, döyüş sursatı hesab edilən 10 ədəd patronları gizlədildiyi yerdən götürmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 iyul 2020-ci ildə Beyləqan rayonunun Əmirzeyidli kəndinə getmişlər, Məhkum həmin gün gecə saat 23:55 radələrində satış məqsədilə qeyd olunan külli miqdarda narkotik vasitələrin, qaz silahı hesab edilən qaz tapançasının və döyüş sursatı hesab edilən 10 ədəd patronların olduğu bağlamanı götürməklə qanunsuz olaraq əldə edib, saxlayıb daşıyarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılmış, X7 isə qaçıb gizlənsə də, növbəti gün, yəni 1 0 iyul 2020-ci ildə saxlanılaraq istintaqa təqdim edilmişdir. Hökmdən məhkum X2 və onun müdafiəçisi Həsənova Sevinc Eldar qızı tərəfindən ayrı-ayrılıqda və Məhkum müdafiəçisi Alışov Rafiq Talış oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Əliyev Elşad İbiş oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə) 05 aprel 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum və X2un qaçaqmalçılıq cinayəti ilə bağlı əməlləri CM-nin 32.5,206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və onların hər birisinə bu maddə əsasında 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Məhkum CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) il 6 (altı) ayadək azaldılmış, CM-nin 66.3-cü maddəsinə əsasən bu cəzalar ona CM-nin 228.2.1 və 228.4-cü maddələri ilə təyin olunmuş cəzalarla qismən toplanılmaqla sonuncuya qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X2a isə təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzalar CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən qismən toplanılmaqla ona qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm apellyasiya şikayətlərinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 05 aprel 2022-ci il tarixli qərarından məhkumlar Məhkum və X2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək onlara təyin edilmiş cəzanının yüngülləşdirməsini və bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri onun barəsindəki cinayət işinə baxarkən düzgün və ədalətli qərar qəbul etməmiş, cəza təyin edilməsi məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışlar. Halbuki, o, gəncdir, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur, himayəsində iki azyaşlı uşağı var. Buna görə də kassasiya şikayətinin müəllifi göstərilən lərə əsaslanaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini və bu əsasla barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Eyni ilə məhkum X2 da kassasiya şikayətində birinci və apellyasiya instansiyası məhkəməsinin müvafiq olaraq hökmünə və qərarına istinad edərək ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmiş, lakin kassasiya tələbi ilə bağlı heç bir tutarlı dəlil irəli sürməmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar, lakin məhkum X2 məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə məh kəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkum X2un iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kass asiya şikayətlərinin məzmunundan göründüyü kimi, məhkumlar Məhkum və X2 apellyasiya instansiyası məhkəməsinin qərarından verdikləri həmin şikayətlərində onlara cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək onlara daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələblərini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişlər. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumlar Məhkum və X2un şikayətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə onların barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəməl əri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hö km və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şər tlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətlərinin dəlillərinə cavab verən məhkəmə k ollegiyası ilk növbədə qeyd edir ki, həmin şikayətin məzmununa görə, məhkumlar Məhkum və X2 öz şikayətlərində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarını, onların təqsirli bilindikləri cinayət əməllərini törətmələrinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmirlər və yalnız cəza təyini ilə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən onların barəsində qeyri-humanist və ədalətsiz yekun qərarın qəbul edilməsini iddia edirlər. Bununla belə, kassasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq bu şikayətlərlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, ilk növbədə işə mahiyyəti üzrə baxmış birinci instansiyası məhkəməsi iş üzrə topl anmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni məhkumlar Məhkum, X2un və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum və X2un, hər birisinin cinayət əməlllərini CMnin 32.5,206.2, 234.4.1, 234.4.3, 228.2.1 və 228.4-cü maddələri ilə düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası da öz növbəsində məhkəmələrin gəldikləri həmin nəticəni qanuni və ə saslı hesab edir və qeyd edir ki, Məhkum, X2un təqsirlilikləri və əməllərinin hüquqi tövsifi ilə bağlı başqa qənaətə gəlmək üçün heç bir əsas yoxdur. Məhkum və X2un, hər birsinin barəsində seçilmiş cəza tədbirinin həddindən artıq ağır olması ilə bağlı kassasiya şikayətlərinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, hər bir cəza törədilmiş cinayətin və ya cinayətlərin xarakterinə, təqsirkarın şəxsiyyətinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə işin digər hallarına uyğun olmalı və bu məsələdə məhkəmələrin üzərinə düzgün seçim edərək qanuni və ədalətli cəzanın təyin edilməsi vəzifəsi qoyulur. Belə nəticə qanunvericiliyin aşağıdakı tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenmunun hüquqi möqeyindən və Ali Məhkəmənin Plenmunun qərarlarında ə ksini tapmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin II hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq v ə azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Büununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkr qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsin i, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini v ə həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaş dırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8,59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün aşağı həddinin yox, son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların möacudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxl amağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar v ə sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunun bu normalarının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olubolmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digə r şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayətlə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunver iciliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədi lən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyət ini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyi n edilməsinə fərdi yanaşmaları, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilmələri tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarından görünür ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar ni yyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakter ini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdir ən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CMnin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Əvvəla, kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərarınd an görünür ki, həmin məhkəmə araşdırılmış sübutlarla törədilmiş cinayətlərin predmeti olan narkotik vasitələrin, döyüş sursatının və soyuq silahın qaçaqmalçılığının qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini müəyyən etmədiyindən həmin cinayətin törədilməsində köməkçi qismində iştirak etmiş Məhkum və X2un bu əməllərini CM-nin 32.5,206.3.2-ci maddəsindən CM-nin 32.5,206.2-ci maddəsinə tövsif etmiş və onların hər bisirisinə göstərilən maddənin sanksiyasında müəyyən edilmiş cəzanın aşağı həddinə yaxın həddə cəza təyin etmişdir (həmin maddənin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur). Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə (CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın müddətini də azaltmış və ona həm bu maddələrlə, həm də cinayətlərin məcmusu üzrə qəti cəzanın müddətini müəyyən edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi halları – himayəsində iki azyaşlı uşaqlarının olmalarını (CM-nin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş hal), eləcə də CM-nin 59.2-ci maddəsinə əsasən ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, habelə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, həm cəza təyininin ümumi prinsiplərini, həm törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də cəzanı yüngülləşdirən halları nəzərə alan apellyasiya instansiyası məhkəməsi Məhkum onun təqsirli bilindiyi CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3, 228.2.1 və 228.4-cü maddələri ilə və cinayətlərin məcmusu üzrə kifayət qədər ədalətli cəzalar təyin etmiş, digər tərəfdən isə istər apellyasiya, istərsə də kassasiya şikayətlərinə məhkəmə baxışları zamanı bu cəzaların növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilməmişdir. Halbuki, CPM-nin 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı CPM-nin 139.0-cı maddəsində göstərilən digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkum X2un kassasiya şikayətində irəli sürdüyü tələbə gəldikdə isə, məhkəmə kollegiyası hesab edir ki, həm cəza təyinin etmənin ümumi prinsiplərini, həm törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həm də CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirdiyi halı - yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini rəhbər tutan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq adı çəkilən məhkuma CM-nin 234.4.1, 234.4.3, 228.2.1 və 228.4-cü maddələri ilə təyin edilmiş cəzaların növü və həddi ilə bağlı birinci instansiyası mə hkəməsinin gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda onun qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi əməlinin CM-nin 32.5, 206.2-ci maddələri ilə tövsif edilməsini nəzərə alaraq ona da CM-nin 66.3 və 66.5-ci maddələrinə əsasən cinayətlərin məcmusu üzrə əyin edilmiş cəzaların yüngülləşdirilməsini məqsədə uyğun hesab etimiş və bununla qeyri humanistliyə və ədalətsizliyə yol verməmişdir. İş materiallarından göründüyü kimi, işə apellyasiya və kassasiya baxışları zamanı X2un da cəzasının yüngülləşdirilməsinə təsir göstərə biləcək heç bir hal müəyyən edilməmiş və o, özü də kassasiya şikayətində belə hallara istinad etməmişdir. Belə olan halda, məhkəmə kollegiyası məhkumlar Məhkum və X2un kassasiya şikayətlərinin dəlillərini və həmin şikayətlərdə irəli sürülmüş kas sasiya tələblərini qəbul edilməz dəlillər və tələblər kimi qiymətləndirərək hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edir və buna görə həmin şikayətlərin təmin edilməməsini məqsədə müvafiq sayır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi haqda Məhkum, hər iki kassasiya şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarda göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, həmin şikayətlər təmin edilməməklə Məhkum və X2un, hər birisinin CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasını n 05 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və X2, hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1, 234.4.3, 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar