Məhkəmə qərarları › İş №1(102)-1168/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1168/2025

17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1168/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-363/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul e tdi. I. İşin halları

1. Məhkum 01 iyul 1986-cı il tarixdə Xocalı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, himayəsində 5 azyaşlı uşağı olan, məhkumluğu olmayan, Xocalı rayonunda daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsi, nömrəsiz ev ünvanında yaşamışdır. 2. 04 iyun 2022-ci il tarixli ittiham aktına görə Məhkuma, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 iyun 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülm üş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 03 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə yaşadığı evin yaxınlığında dostu təqsirləndirilən şəxs ilə birlikdə olarkən sonuncunun istifadəsində olan mobil telefonuna təqsirləndirilən şəxs 2-nin zəng edərək tanıdığı zərərçəkmiş şəxsin özünə avtomaşın almaqdan ötrü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə gəlməsinə və üzərində xeyli miqdarda pul olduğu barədə məlumatı əldə edib həmin pulu quldurluq yolu ilə ələ keçirməyi təklif etməsindən və təqsirləndirilən şəxsin həmin cinayəti törətməsinə onu təhrik etməsindən sonra bibisi oğlu ilə görüşüb zərə rçəkmiş şəxsə özünü taksi sürücüsü kimi təqdim edərək onu idarə etdiyi avtomobilə otuzduraraq əmlakını ələ keçirmək barədə plan qurub, istintaqa məlum olmayan bıçaqla silahlanaraq qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər tanımadığı zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs 2 vasitəsi ilə görüşüb özünü guya taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim edərək zərərçəkmiş şəxsi və həmin zaman onunla birlikdə olan zərərçəkmiş şəxs 2ni idarə etdiyi “Kia" markalı istintaqa məlum olmayan dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən və bir neçə yüz metr getdikdən sonra cinayət əlaqəsinə girdiyi bibisi oğlu da avtomobilinə götürüb Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış sahəsindəki ərazidə avtomobili saxlamış, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxs 2nin bədənlərinin müxtəlif nahiyələrinə yumruqla bir neçə zərbə vurmasından sonra zərərçəkmiş şəxs 2nin avtomobilin qapısını açaraq hadisə yerindən uzaqlaşdığını görüb zərərçəkmiş şəxsun yaxasından tutub onu avtomobildən bayıra çıxararaq istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib tətbiq etməklə zərərçəkmiş şəxsə nümayiş etdirib hücuma məruz qalmış zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edərək gödəkçəsini təqsirləndirilən şəxsə verib onun vasitəsi ilə 9565 manat məbləğində nağd pulunu, 500 manat dəyərində “Samsung A52” markalı mobil telefonunu ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxsə ümumilikdə 1 0065 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmişdir.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkumun Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə təqsirləndirilən şəxs 3, təqsirləndirilən şəxs və təqsirləndirilən şəxs 2 da təqsirli bilinərək məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Əliyeva Təranə Telman qızı ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 180-ci maddəsinə tövsif edilməsini və ona yüngül cəza təyin edilməsini xahiş etmişlər.

8. Hökmdən həmçinin təqsirləndirilən şəxs 1 və məhkum ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-363/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti verib, qərarın dəyişdirilməsi, onun törə tdiyi əməlin Azərbaycan Respublikası CMnin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 180-ci maddəsinə tövsif edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq edərək, ona yüngül cəzanın təyin olunmasını və ya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Qərardan həmçinin məhkum təqsirləndirilən şəxs 2nun müdafiəçisi Hüseynov Zaur Elbrus oğlu kassasiya şikayəti verib, qərarın ləğv edilməsini və məhkum barəsində olan cinayət işinin icraatına bəraətverici əsasla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)1947/2024 nömrəli, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması və icraata xitam verilməsi, məhkum təqsirləndirilən şəxs 2nin müdafiəçisi Hüseynov Zaur Elbrus oğlunun verdiyi kassasiya şikayətinin təmin edilməməsi qərara alınmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)363/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından hazırda Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

14. Kassasiya şikayətində məhkum törətdiyi hadisədə rolunu, zərərçəkmiş şəxslərin şikayətlərinin olmamasını, 5 uşaq atası olmasını, ailəsinin 26 fevral Xocalı faciəsini görməsini, həqiqi hərbi xidmətdə qəlpə yarası almasını, gözdən əlillik dərəcəsinin olmasını, əməlindən peşman olmasını nəzərə alaraq cəza həddinin qismən azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanunili yi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

20. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

21. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli ş əkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-363/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

22. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və h əm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

23. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

24. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqs irkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

25. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin maraqlarının müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 i yul 2013-cü il).

27. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

28. Məhkumun ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

29. Belə ki, Məhkumun Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqd an məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

30. İş materiallarından müəyyən olunur ki, Məhkumun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində azyaşlı və yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alan birinci instansiya məhkəməsi, ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində olmaqla 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.

31. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.

32. Məhkuma daha yün gül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyini təsdiqləyərək hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir.

33. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallar ının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

34. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-36 3/2024 nömrəli, 27 mart 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D I: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-363/2024 nömrəli, 27 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar