Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1186/2022 30.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, X5 Alı Asgharın müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli, 1(106)-205/2022 nömrəli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbu l etdi. I. İşin halları
1. X5 Alı Asghar xx xxx 1979-cu il tarixdə İran İslam Respublikasının Salmas şəhərində anadan olmuş, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası, Salmas şəhəri, Hafez Xiyabani küçəsi, ev 428 ünvanında qeydiyyatda olan. 2. 15 sentyabr 2019-cu il tarixli ittiham aktına X5 Alı Asghara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham verilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X5 Alı Asghar külli miqdarda narkotik vasitəni tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə 2021-ci ilin mart-aprel aylarında İran İslam Respublikası (bundan sonra – “İİR”) ərazisində İİR-ın vətəndaşı Ahmadzadehdehghan Tohıd və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun İİR-ın ərazisində olan üzvləri tərəfindən istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, cəmi 120008 qram (120 kq, 8 qr) çəkidə heroin narkotik vasitəsi əldə edilmiş və düzbucaqlı formaya salınaraq 499.7 qramlıq 206 bağlama, 504.7 qramlıq 29 bağlama, 494.7 qramlıq 2 bağlama, 489.7 qramlıq 1 bağlama, 479.7 qramlıq 1 bağlama və 474.7 qramlıq 1 bağlama halında, ümumilikdə 240 b ağlamada qablaşdırıb qara rəngli 12 parça bükülünün içərisinə qoyulmaqla malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilərək “Scania” markalı, 39AA901/39AA902 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qoşqusunun metal lövhələrlə örtülü olan ikitaylı qapılarının hər iki divarının arasında olan zavod konstruksiyasında nəzərdə tutulmuş penoplast kütləsinin altında, qapıların hündürlüyü boyunca yerləşdirilib saxlanılaraq gömrük nəzarətindən gizlədildikdən sonra, X5 Alı Asghar həmin nəqliyyat vasitəsini təhvil almaqla qeyd edilən narkotik vasitəni tamah və satış məqsədi ilə qəsdən qanunsuz olaraq əldə etmiş, aralarında olan ümumi cinayətkar niyyətə uyğun olaraq, Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İİR-nın ərazisindən Rusiya Federasiyasına, oradan isə, Almaniya Federativ Respublikasına aparmaq məqsədilə idarə etdiyi həmin nəqliyyat vasitəsində saxlamış, daşımış, 17 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunun inzibati ərazisində yerləşən “Astara” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, 18 aprel 2021-ci il tarixdə, saat 09 radələrində qeyd olunan nəqliyyat vasitəsinə “Astara” gömrük postunda keçirilmiş gömrük yoxlaması zamanı 120008 qram (120 kq, 8 qr) heroin narkotik vasitəsi aşkar edilərək götürülmüşdür.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 1(099)-605/2021 saylı hökmü ilə X5 Alı Asghar Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddə ləri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
5. Qeyd edilən hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib qeyd etmişdir ki, məhkəmə işin hallarını, keçirilən narkotik v asitənin miqdarını, keçirilmə üsulunu nəzərə almadan X5 Alı Asghara yüngül cəza təyin etmişdir. Həmçinin, məhkəmə Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsinə əsasən cinayətin predmeti olmuş “Scania” markalı avtomobilə xüsusi müsadirə tətbiq etməli olduğu halda bunu etməmişdir. X5 Alı Asgharın idarə etdiyi avtomobil bu normaya uyğun olaraq xüsusi müsadirə yolu ilə dövlət nəfinə alınmalı idi. Dövlət ittihamçısı qeyd edilənlərə istinad etməklə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmünün dəyişdirilməsini, X5 Alı Asghara azadlıqdan məhrumetmə növündə daha ağır cəza təyin edilməsini və avtomobilə xüsusi müsadirə tətbiq edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli, 1(106)-205/2022 nömrəli qəra rı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
7. X4 Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
8. Kassasiya protestinin dəlilləri apellyasiya protestinin dəlilləri ilə eynidir, dövlət ittihamçısı onları təkrarlayaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilm əməsi yoxlanılır.
12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qa ydasında ləğv və yaxud dəyişdirilə bilər.
14. Dövlət ittihamçısı kassasiya protesti ilə mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi, Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
15. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı he sab edir.
16. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
17. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
18. Məhkəmə kollegiyası kassasiya protestində göstərilən dəlilləri nəzərdən keçirərək qeyd edir ki, onlar apellyasiya protestində qaldırılan iddialardan fərqlənmir, kassasiya protestinin müəllifi apellyasiya instansiya mə hkəməsinin qərarında gəlinən və hazırda mübahisələndirilən nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir, eyni zamanda həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır. Məhkəmə kollegiyası bu halı kassasiya protestinin əsassız olduğuna dəlalət edən kimi qəbul edir və bir qeyd edir ki, aşağı instansiya məhkəmələrinin qərarlarında kassasiya protestində mübahisələndirilən məsələlərə dair müvafiq ətraflı əsaslandırma verilmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr protest müəllifinin dəlillərinin obyektiv araşdırılmasına, müvafiq maddi və prosessual cinayət və mülki hüquq normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya protestində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ləri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestində qeyd edilən mahiyyətcə eyni dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
19. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşd ırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
20. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli, 1(106)-205/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Az ərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2022-ci il tarixli, 1(106)-205/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.