Məhkəmə qərarları › İş №1(102)-1192/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-1192/2019

05.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1192/2019 05.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 29, 120.1 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Ağalarov Mahmud Muradxan oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə) 12 oktyabr 2017-ci il tarixli hökmü ilə xx xxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsili, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1-də qeydiyyatda olub, ünvan 2 yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 29, 120.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 29, 120.1-ci maddəsi ilə 10 il 06 ay müddətinə, CM-nin 228.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplama yolu ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən müdafiə tərəfinin verdiyi apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 21 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək məhkuma Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə bəraət verilməsini və CM-nin 29, 120.1-ci maddəsi ilə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum 23 may 2017-ci il tarixdə saat 10 radələrində ona zəng edən tanışı X5 ilə telefon danışığı zamanı aralarında olan borc məsələsi ilə bağlı mübahisə yarandığından borc məbləğinin dəqiqləşdirilməsi üçün X2u öz yaşadığı ünvan 2 yerləşən nömrəsiz fərdi evin qarşısına çağırmış, X2 həmin evin qarşısına gəldikdən sonra özündə olan borc dəftərini sonuncuya göstərib ona 3.000 manat məbləğində borcu olduğunu bildirmiş, X2 isə ona heç b ir borcunun olmadığını, əksinə onun sonuncuya borcu olduğunu bildirdikdən sonra onlar arasında yaranmış mübahisə zamanı X12 sifət nahiyyəsindən iki dəfə sillə ilə vurduqdan sonra, sonuncu döyüləcəyindən qorxaraq yaşadığı evə daxil olub həyətyanı sahənin darvazasını bağlamış, bundan sonra X2un darvazanı döyərək onu bayıra çağırmasını, onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsini və onu sillə ilə vurmasını öz şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edərək, həmin hərəkətlərinə görə X2dan qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün 2014-cü ilin iyun ayının əvvəllərində Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən zibillikdən tapdığı və uzun illər yaşadığı evin hamam otağının tavanında qanunsuz olaraq saxladığı yivli odlu silah olan, zavod üsulu ilə istehsal edilmiş, konstruktiv dəyişikliklərə məruz qalaraq lüləsi kustar üsulla kəsilmiş və qundağı dəstək formasına uyğunlaşdırılmış, 5,6 mm kalibirli, «41567» nömrəli, «TO3-8» modelli tüfəng kəsiyini götürüb bir ədəd patronla dolduraraq yaşadığı evin həyətyanı sahəsinin ön divarında olan kiçik ölçülü pəncərədən evin qarşısında dayanmış X2un baş nahiyəsini nişan alaraq bir dəfə atəş açıb sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid boynun sağ yarısının ön-yan səthinin traxeya və sol plevra boşluqlarına nüfuz edən qırtlağın, sol ağ ciyərin yaralanmasına, sol tərəfli hemopnevmotoraksa, sağ ağ ciyərin kontuziyasına, sağ tərəfli hemopnevmotoraksa, boynun və döş qəfəsinin ön divarının dərialtı emfizemasına səbəb olan bir ədəd xəsarət yetirmiş, bundan sonra X2un uzaqlaşaraq küçənin girişinə doğru qaçdığını görüb öz cinayətkar niyyətini başa başa çatdırmaq üçün, yəni qəsdən adam öldürmək niyyətilə tüfəng kəsiyini yenidən bir ədəd patronla dolduraraq sonuncuya ikinci dəfə atəş açmaq üçün həyətyanı sahənin darvazasını açaraq bayıra çıxmış, lakin sonuncunu gözdən itirdiyindən ikinci atəşi aça bilməyərək, həmçinin sonuncunun dərhal xəstəxanaya çatdırılaraq üzərində təxirə salınmadan cərrahi əməliyyatlar aparılaraq həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da X2u qanunsuz saxladığı odlu silahla şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə öldürməyə, yəni sonuncunu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirməmiş, cinayət qanunu ilə nəzərdə tutulmayan əməlin törədilməsinə görə səhvən ittiham hökmü çıxarmış və məsuliyyəti yüngülləşdirən halları nəzərə almadan cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən göründüyü kimi, cinayət predmeti olan “TOZ 8” markalı ov-idman tüfənginin lüləsi kəsilərək, zavod ölçülərindən xeyli kiçildilmiş, lüləsinin uzunluğu təxminən 10 sm qalmışdır. Cinayət predmeti olan “TOZ 8” markalı silahın zavod texniki göstəricilərinə dair ensiklopedik məlumatlardan görünür ki, həmin tüfəngin lüləsinin uzunluğu 600-640 mm olur. Həmin silahın lüləsində, soldan sağa yuxarı istiqamətlənmiş 4 kəsik mövcuddur. Silahın yivli olmasını şərtləndirən məhz bu kəsiklərdir. Həmin kəsiklərin uzunluğu 350 mm təşkil edir. Yəni, patron yatağından sonra davam edən 250-290 mm hissə, lülənin yivsiz hissəsidir. Şəkillərdən aydın görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış, rekonstruksiya edilərək gödəldilmiş tüfəngin lüləsinin uzunluğu 250 mm-dən xeyli azdır. Beləliklə, həmin silahın zavod vəziyyətində yivli sayılmasına baxmayaraq, real vəziyyətdə o yivsizdir. Məhkumun Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsiri sübuta yetirilmir, həmin hissədə ona bəraət verilməlidir. Bundan başqa, məhkəmələr cəza təyin edərkən, Məhkum könüllü təslim olmasını, himayəsində azyaşlı övladlarının olması və zərərçəkmiş şəxsin məhkuma qarşı heç bir şikayətinin olmamasına yüngülləşdirici hal kimi nəzərə almamış, ona törətdiyi əmələ görə yuxarı həddə cəza təyin edilmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməsini və CM-nin 62-ci maddəsi tətbiq edilməklə barəsində CM-nin 29, 120.1-ci maddəsi ilə daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi m əsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-p rosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçinin kassasiya şikayətində mübahisələndirdiyi məqamlardan biri məhkuma Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə bəraət verilməsinə dairdir. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 23 iyun 2017-ci il tarixli, 13392/13393 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tüfəng zavod üsülü ilə istehsal edilmiş 5,6 mm kalibirli «41567» N-li «T03-8» modelli, sürüşkən çaxmaqla tək-tək atılan, yivli odlu idman-ov silahıdır, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edili r, sazdır, atəş açmaq üçün yararlıdır, çaxmağı çəkmədən ondan atəş açılmır, çaxmağın döyüş bölməsindən çıxması üçün tətiyə 1,6 kq qüvvə tələb olunur (bu model silahlar üçün normal hesab edilir). Bu növ silahdan atılmış mərminin maksimal uçuş məsafəsi 1200-1600 metr təşkil edir. Tədqiqata təqdim edilmiş 15 (on beş) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 5,6 mm kalibrli «T03-8», «T03-8», «T03-17» və s. tüfənglərdə, «T03-35», «İJ -1» və s. uyğun kalibrli tapançalarda, karabinlərdə istifadə etmək üçün nəzərdə tutulan döyüş sursatı hesab edilən 5,6x15 mm kalibrli patronlardır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəsicikləri aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır. A zərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayəti nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, məhkəmələr tərəfindən CPM-in 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək, Məhkum 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmişdir. Kassasiya şikayətində mübahisələndirilən digər məsələ məhkumun barəsində CMnin 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəzanın təyin olunması barədədir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bakı Ağır Cinayətlər Məhkəməsi 12 oktyabr 2017-ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 591.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, CMnin 29, 120.1-ci maddəsində nəzərdə tutulan cinayəti odlu silah istifadə etməklə törətməsini CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hall kimi qiymətləndirmiş və törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun d avranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə müəyyən edilmiş yuxarıda sadalanan halların məcmusu cinayətin törədilməsi zamanı və bundan sonra Məhkum davranışı ilə bağlı müstəsna halların, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar mövcudluğuna əsas ver məmişdir. Ona görə də, cinayət işinə baxan məhkəmələr tərəfindən Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsaslar müəyyən edilmədiyindən bu barədə də kassasiya şikayətinin dəlili təmin edilməməlidir Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 dekabr 2017ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyin dən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar