Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1202/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-767/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum XX XX 1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan. 2. 05 avqust 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 23 avqust 2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum cavabdeh kimi ondan, 05 noyabr 2018-ci il tarixdən hesablanmaqla 22 iyul 2013-cü il təvəllüdlü X6 və 25 iyul 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq zərərçəkmiş şəxsə verilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-888/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 3(041)-1286/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 07 gün müddətinə inzibati qay dada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 23 dekabr 2022-ci il, 14 fevral 2023-cü il, 31 mart 2023cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 11 aprel 2023-cü il tarixinə kimi 13760 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs xna maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir.
5. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-82/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzər də tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ibtidai istintaq dövründə şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətin Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 sentyabr 2023-cü il tarixdən hesablanması hökm edilmiş, eləcə də məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, işinə yenidən baxılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2023-cü il tarixli ilkin baxış iclasının qərarı ilə verilmiş apellyasiya şikayətinə məhkəmə baxışı açıq məhkəmə iclasında məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar tələb edilmədən təyin edilmişdir.
8. Apellyasiya baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum ona olan 13760,00 manat məbləğində aliment borcunu tam həcmdə ödədiyini bildirməklə sonuncunun azadlığa buraxılmasını xahiş etmiş, eləcə də məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verməklə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Şirvan Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-767/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-82/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli hökmü ləğv edilmiş, Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməklə Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(060)-888/2019 nömrəli, 18 mart 2019-cu il tarixli qətnaməsini icra etdiyindən, Məhkum Azərbaycan Respublikası CMnin 306-cı maddəsinin Qeydinə əsasən təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
10. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs x tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya baxışı zamanı məhkəməyə Məhkum ona 13760 manat məbləğində aliment borcunu tam həcmdə ödədiyini bildirməklə sonuncunun azadlığa buraxılmasını, həmçinin məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edib təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verməklə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul olunmasını xahiş etsə də, həqiqətdə keçmiş əri onu aldatmış, azadlığa çıxdıqda dərhal aliment borcunu tam ödəməsini söz verməsinə baxmayaraq, vədinə riayət etməmiş, 13760 manat aliment borcundan ona cəmi 2000 manat pul ödəmiş, qalan 11760 man at hissəsinin isə ödəməkdən boyun qaçırmaqdadır. Başqa sözlə Məhkum qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməkdə davam edir və belə olan halda o, cinayət məsuliyyətindən azad edilə bilməz. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-767/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-82/2023 nömrəli, 13 sentyabr 2023-cü il tarixli hökmünün qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Zərərçəkmiş şəxs Məhkuma Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin qeyd hissəsinin tətbiqinin əsassız nəticə olmasını iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-767/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Zərərçəkmiş şəxs Məhkum tərəfindən məhkəmə qətnaməsinin tam icra olunmasına dair notarial qaydada təsdiq edilmiş ərizəsini apellyasiya instansiyası məhkəməsinə təqdim edib sonuncu barəsində olan cinayət işinə xitam verilməklə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində müəyyən edilən cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etsə də, hazırda kassasiya instansiyası məhkəməsi qarşısında istinad edilən ərizəsinin həqiqəti əks etdirmədiyini, əslində mövcud aliment borcunun ödənilmədiyini, nəticədə məhkəmə qətnaməsinin tam icra olunmasının təmin edilmədiyini iddia etməklə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeydinə əsasən cinayət məsuliyyətindən azad edildiyi barədə dəlillər irəli sürmüşdür.
16. Kassasiya şikayətinin bu dəlilləri ilə bağlı cinayət işinin materiallarını nəzərdən keçirən məhkəmə kollegiyası qeyd edir ki, Məhkum birinci instansiya məhkəməsin in hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm Məhkum tərəfindən mübahisələndirilmiş, buna dair sonuncu tərəfindən apellyasiya şikayəti verilmişdir. Verilən apellyasiya şikayətinə baxılmasına dair məhkəmə iclasında Zərərçəkmiş şəxs iş üzrə araşdırma aparan məhkəmə qarşısında 13760 manat aliment borcunun Məhkum tərəfindən ona tam ödənildiyini bildirmiş, eləcə də bu faktı təsdiqləyən notariatda bağlanmış barışıq ərizəsini məhkəməyə təqdim edib sonuncunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi, barəsində olan cinayət işinə xitam verilməsi və azadlığa buraxılması haqda qərar qəbul edilməsini bilavasitə özü xahiş etmişdir.
17. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin qeydinin tələbinə görə, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.
18. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qəbul etdiyi Məhkum Cinayət Məcəlləsinin ittiham edildiyi müvafiq maddəsi ilə məhkum edilərək ona azadlıqdan məhrum edilmə ilə bağlı cəzanın təyin edilməsinə dair hökmü qanuni qüvvəsini alanadək, xeyrinə məhkəmələr tərəfindən mülki qaydada çıxarılmış məhkəmə qərarının cavabdeh – hazırki iş üzrə cinayət məsuliyyətindən azad edilmiş şəxs Məhkum tərəfindən tam ödənildiyini təsdiqləyən sübutu Zərərçəkmiş şəxs özü bilavasitə apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir.
19. Zərərçəkmiş şəxsin hazırki kassasiya şikayətində irəli sürdüyü, Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini istisna edən halların mövcud olması ilə bağlı dəlilləri apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırılmadığından, zərərçəkmiş şəxsin özünün seçdiyi prosessual hərəkətlərin edilməsi nəticəsində həmin dəlillərin həqiqətə uyğun olub-olmadığının müəyyən edilməsi üzrə araşdırma aparılmasının qarşısı alınmış və apellyasiya instansiyası məhkəməsi hazırki qərarın 17-ci paraqrafında istinad edilən cinayət qanunun tələbinə əsasən məhkəmə is tintaqını tamamlayıb hazırda mübahisəsi edilən qərarını qəbul etmişdir.
20. Təsvir edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudları Azərbaycan Respublikası CPM-nin 419.1 və 419.11-ci maddələri ilə müəyyən edilir. Həmin hüquq normalarında təsbit edilmiş imperativ şərtə görə, kassasiya baxışının hədləri cinayət və cinayət-prosessual qanunvericiliyinin tətbiqi məsələlərinin araşdırılması ilə məhduddur. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları təkrar araşdırılmır, bu səbəbdən mövcud sübutların yenidən qiymətləndirilməsi, eləcə də yeni sübutların təqdim edilməsi yolverilməzdir.
21. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi prosessual cinayət-hüquqi normalarla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş işin faktiki hallarına maddi cinayət-hüquqi normaların tətbiqinin əsaslı olub-olmadığını, həmin halların müəyyən edildiyi, ümumiyyətlə cinayət təqibinin həyata keçirildiyi zaman cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
22. Yuxarıda qeyd edildiyi kimi isə, bir inci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq, qanunverici kassasiya instansiyası məhkəməsinə nəinki əlavə məhkəmə istintaqı aparıb yeni sübutların əldə edilməsi istiqamətində tədbir görülməsi, hətta cinayət işində mövcud olan sübutlara qiymət verilməsi səlahiyyətini verməmiş, cinayət işinin kassasiya araşdırmasını hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisəsi aparılan hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsinin yoxlanılması ilə məhdudlaşdırmışdır.
23. Qeyd edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət mə suliyyətindən azad edilməsini istisna edən halların mövcud olmasına dair məsələ zərərçəkmiş şəxs x tərəfindən apellyasiya instansiyası məhkəməsi qarşısında qaldırılmadığından, əksinə hazırda mübahisəsi edilən qərarın qəbul edilməsinə əsas verən sübutları məhkəməyə təqdim etməklə mötəbərliyini şəxsən təsdiq etdiyindən, kassasiya şikayətinin müvafiq dəlilləri mümkünsüz hesab edilməklə təmin edilməməlidir.
24. Belə qərara gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, zərərçəkmiş şəxs də daxil olmaqla proses iştirakçılarına öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Bununla belə məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, hazırki cinayət işi üzrə məsuliyyətdən azad edilməsi, Məhkum barəsində qəbul edilmiş qətnamə üzrə müəyyən edilmiş övladlarına yetkinlik yaşına çatanadək aliment ödəməsi öhdəliyindən azad etmir, bu öhdəliyin lazımınca icra edilmədiyi halda onun yenidən cinayət məsu liyyətinə cəlb edilməsi istisna edilmir.
27. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-767/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-767/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.